Sentyabrın 7-də saat 16:30-da Bakı-Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sozcu.az "Teleqraf"a istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, "Mercedes-Benz" markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə girib. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Həmin maşınla toqquşmadan son anda xilas olan digər nəqliyyat vasitəsində məşhur pediatr Günay Rəsulova olub.
O, vəziyyətinin yaxşı olduğunu bildirib:
"Hadisə zamanı sükan arxasında idim. Bacım da yanımda idi. Yaxşı ki, təhlükəsizlik kəmərləri hər ikimizdə bağlı idi. O an düşündüm ki, digər maşınlarla toqquşmadan çıxmalıyam. TIR-ın arxa hissəsinə çırpılmaqdan yayınmaq üçün sağa döndüm, ani əyləcə basdım. Maşının sistemi də kömək etdi. Xoşbəxtlikdən nə maşında, nə bizdə xəsarət oldu. Arxa yolun boş olması da bir şans idi".