Türkiyədə növbəti zəlzələ baş verdi

Türkiyənin Gümüşxanə şəhərinin Kelkit ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin 15,68 km dərinlikdə meydana gəldiyi bildirilib. Bundan əlavə, Ərzincanın mərkəzində də 3,7 maqnitudalı təkanlar qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qafqazda müsəlman qadınlar

Qafqazda müsəlman qadınları cəhalət dənizində boğulmaqdadır. Ümumiyyətlə elm yox, maarifə həvəs yox, millətə xidmət heç yox. İşləri xalça toxumaq, corab hörmək, paltar tikmək, aşbazlıq, qulluqçuluq və yaxud işsiz-gücsüz yaşamaqdır. Evladlarını tərbiyə edə bilməzlər, işləri çığırmaq, bağırmaq, qarğış, söyüşdür. Nizam-intizam nədir bilməzlər, nəzakət nədir onuda bilməzlər, nəzafət(təmizlik) onu heç bilməzlər. Qafqazlı müsəlman qadınların bildikləri qızıl zinətlər, qumaş paltarlardı. Ayaqyalın gəzərlər, rütubətli, qaranlıq yerdə oturarlar. Buna görə xəstə olarlar. Bir çoxları baş ağrısına, bəziləri romatizmə düçar olarlar. Əcayib-qərayib bəlalara rast gəlirlər, qorxunc yaralar çıxarırlar. Gəncikən həyatları boşa gedər. Yeyib-içmək üsulunu bilməzlər, buna görə bənizləri saralmış, qaralmış halda olar, bəd rəng halına düşərlər. Yazıqların məişət və həyatları fəna olduğu halda bunlarına halına baxan yox, çarə axtaran yox. Bunların əhvalına hərkəsdən əvvəl özləri arasında yetişmiş nüfuzlu, məlumatlı, maarifli xanımlar qalmalıdır. Heyhat !... Belələrini tapmaq ikinci müşkül bir məsələdir. Bizdə elə xanımlar yoxda deyil. Rusca bildikləri halda öz dillərində yazmaq, oxumaq dursun, hətta elələri var ki, danışmağı bilməzlər. Adları da bütün əcnəbi adlar kimi. Bunlardan bir neçəsi Bakıdadır: Təbibə Batırşinadır ki, Bakıya gəldikdən sonra müsəlmanlar "Bahadır şahzadə" demişlər. Biri daha vardır ki, həqiqi adı olan Kəbə deyilməyə razı deyilmiş. Ana Tamara demək lazım gəlirmiş. Bir neçəsini də bilirəm ki, müəllimdirlər türkçə bilmirlər, müslimədir müsəlmanca bilmirlər. Bilmək də istəməzlər.   Öz aralarında söhbət edərkən rusca danışırlar. Türkçəyə rəğbət etmək istəmirlər, istəsə idilər bilərdilər, öyrənərdilər. Məramın əlindən bir şey qurtulmaq... İnsan hər istədiyinə nail ola bilər. "İstəyirəm, amma vaxtım yoxdur" boş sözlərdi. Hərgah bizim ziyalı, maarifli xanımlarımız bizim əhvalımıza yansa idilər, əvvəlcə öz ana dillərini öyrənməyə, oxuyub-yazmağa səy göstərərdilər. Ondan sonra bütün növ yaxşılıqları görə bilərdik. Yoxsa bu hal üzrə həm analar, həmdə bizlər davam edərsək qorxuram sonumuz fənadır. İşlər belə gedərsə bir tərəfdən millətimizin mədəni və maarifli olmasına bizim cahil, qafil, tərbiyəsiz bacılarımız maniyə olacaqlar, digər tərəfdən də maarifli xanımlarımız bu gün ki, halətləri, məişətləri, millət və şəriətə etinatsızlıqları, uzaqdan baxan atalarıda qız evladlarını məktəblərə verməməyə, tərbiyəli və maarifli analar yetişdirməməyə vadar edəcəkdir. O zaman vay halımıza... Aləmi Nisvan jurnalı 1906, Say 4, səh: 49-50 Təqdim etdi: Ceyhun Nəbi

Müsavat başqanı ATƏT müşahidə missiyasının nümayəndələri ilə görüşdü

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT-in DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) müşahidə missiyasının nümayəndələri doktor Martina Barker Tsiqanikova və Qoran Petrov ilə görüşüb. Görüşdə Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində ölkədəki durum müzakirə edilib. Arif Hacılı Müsavat Partiyasının seçkilərdə iştirakdan imtinasının səbəbləri barədə məlumat verib. Qeyd edək ki, Müsavat Partiyası Azərbaycan hakimiyyətini seçkiqabağı demokratik mühit yaratmağa, bütün siyasi məhbusları azad etməyə, sərbəst toplaşma, söz və ifadə azadlığınını təmin etməyə, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməyə çağırsa da, bu çağırışlar cavabsız qalıb. Əksinə, növbədənkənar seçkilər təyin olunduqdan sonra ölkədə repressiyalar davam edib. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.

Cəlilabadda məktəbdə qanunsuzluq: cinayət işi açıldı

Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Cəlilabad rayon prokurorluğundan Sozcu.az-a bildirilib ki, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və ya israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cəlilabad rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

“Braqa”dan “Qarabağ”la bağlı paylaşım: Yolumuz Bakıyadır

Portuqaliya təmsilçisi “Braqa” UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”la bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, klub bu barədə rəsmi X hesabında bildirib. “Yolumuz Bakıya doğrudur, pley-offdakı rəqibimiz “Qarabağ”dır”, - paylaşımda bildirilib. UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.

2023-cü ilin ən yaxşı məşqçisi - Qurban Qurbanov!

Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub. Sozcu.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb! Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova səs verib. Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb. “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasında, daha sonra Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu mövsüm Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə və “Pelikan” İdman Fəaliyyətləri Klubunun maliyyə dəstəyi ilə dekabrın 19-da keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Nizami Gəncəvi zalı”nda təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq. Kim kimə səs verib? İdman mediası Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov Mahir Rüstəmli (Futbol+) – Qurban Qurbanov Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov Əli Sahib (“Fanat.az”) – Qurban Qurbanov Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov Vüsal Mahmudov (“Futbolinfo.az”) – Qurban Qurbanov Günay Xəlil (“Offsideplus.az”) – Qurban Qurbanov İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov Natiq Muxtarlı (“Aut.az”) – Qurban Qurbanov Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov Ruslan Mikayıllı (“Azerisport.com”) – Qurban Qurbanov İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Murad Musayev Mirbağırağa Cəfərli (“Sportal.az”) – Qurban Qurbanov Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov Elvin Əhəd (“Mediasport.az”) – Elmar Baxşıyev Anar Şabanoğlu (“Sports.az”) – Qurban Qurbanov İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov Daşqın Əziz (Pressinq.az) – Qurban Qurbanov Komanda.az Rəşad Ergün – Qurban Qurbanov Pərviz Eltürk – Qurban Qurbanov Akif Əhmədov – Murad Musayev Nəzrin Kazımlı – Murad Musayev Vüsal Qəmbərov – Qurban Qurbanov Televiziya – Radio Şəmsəddin Abbasov (“CBC Sport”) – Qurban Qurbanov Gəray Qiyasov (“Real” TV) – Murad Musayev Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov Qulam Səfərli (“Xəzər” TV) – Qurban Qurbanov Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov Fərid Ramazanov (“İdman” TV) – Qurban Qurbanov Tural Xudiyev (“Space” TV ) – Qurban Qurbanov İlkin Baba (“Azərbaycan radiosu”) – Elmar Baxşıyev Cavid Neymətzadə (“Radio Space”) – Murad Musayev Mehri Qurban (Baku TV) – Rəşad Sadıqov İctimai-siyasi media İlham Quliyev (“Kaspi” qəzeti) – Qurban Qurbanov Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov Kənan Həsənov (“Report.az”) – Qurban Qurbanov Ozal Məmmədov (“Sfera.az”) – Qurban Qurbanov İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Qurban Qurbanov Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Qurban Qurbanov Amal Abuşov (“Qaynarinfo.az”) – Qurban Qurbanov Heybət Məmmədov (Publika.az”) – Qurban Qurbanov Fidan İlqar (“Lent.az”) – Qurban Qurbanov Aytən Məmmədova (“Azadliq.info”) – Rəşad Sadıqov Əziz Elxanoğlu (“Turan”) – Qurban Qurbanov Anar Rəsullu (“Sozcu.az”) – Qurban Qurbanov Natiq Cavadlı (“Meydan” TV) – Qurban Qurbanov Zahid Nurəliyev (“Bakupost.az”) – Qurban Qurbanov Fərəc Aslanov (“Azeripress.az”) – Qurban Qurbanov Səxavət Məmmədov (“Yenicag.az”) – Qurban Qurbanov Ağa Dadaşzadə (“Operativ24.az”) – Elmar Baxşıyev Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov

Lənkəranda 3 yaşlı uşaq qızılcadan öldü

Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb. Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb. Təcili tibbi yardım xidmətinə müraciət olunub. İlk tibbi yardımdan sonra uşağın xəstəxanada müəlicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Ailə üzvləri razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadə də hərarət müşahidə olunduğundan Bakıya xəstəxanaların birinə göndərilib.

"Yaşayış minimumu ən azı 500 manat olmalıdır" - Ekspert

Məlum olduğu kimi, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Ölkədə yaşayış minimumunun hesablanma qaydaları sovet dövründən qalıb. Hesab edirəm ki, bu qaydalar dəyişdirilməlidir. Minimum istehlak səbətinin tərkibi isə yenidən təsdiq edilməlidir”. Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır. O zaman ölkədə minimum pensiya, minimum əmək haqqı da buna uyğun artırılmalıdır. Yeni hesablama qaydaları tətbiq edilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola bilər: “Nazirlər Kabineti mütəxəssislərdən ibarət komissiya təyin etməli və bu qərarı dəyişməlidir. Biz illərdir deyirik ki, komissiya təyin edilsin, parametrlərə baxılsın. Heç olmasa, Türkiyə təcrübəsi öyrənilsin. Türkiyədə olan yanaşma tətbiq olunsa, bizdə minimum istehlak səbəti ən azı 500 manat olmalıdır. Belə olarsa, minimum təqaüd və əmək haqqı ondan daha yüksək olmalıdır. Məhz bu səbəbdən Nazirlər Kabineti istehlak səbətini köhnə parametlərlə hesablayır”.

Saxta tibbi sənədlər verən vəzifəlilər ifşa edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsinə, bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

Parisdə “Erməni Dağlıq Qarabağı” adlı foto-sərgi keçirilir...-FOTO

“Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir...” Fransa paytaxtında “Erməni Dağlıq Qarabağı” adlı foto-sərgi keçirilir. Sozcu.az xəbər verir ki, bu haqda məlumat və foto sosial şəbəkələrin erməni seqmentində yayılıb. Dekabrın 14-dən başlanan və 2024-cü il yanvarın 15-dək davam edəcək foto-sərgi Parisin Bastiliya meydanında, Paris meriyasında və muzeylərdən birində keçirilir. P.S. Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir...moderator)

Əsirlikdən azad edilən Hüseyn və Aqşin yenidən hərbi xidmətə cəlb ediləcək?

Dekabrın 7-də Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub. Dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Nəticədə, Azərbaycan Ordusunun hərbi qulluqçuları-Hüseyn Axundov və Aqşin Bəbirov ölkəmizə təhvil verilib. Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü. Aqşin Bəbirov və Hüseyn Axundov həqiqi hərbi xidmətdə olarkən əsir düşüblər.  Maraqlıdır ki, hərbçilər yenidən hərbi xidmətə cəlb ediləcəkmi? Modern.az məsələni aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Qurumun mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, hərbçilərin əsirlikdə olduğu dövr də onların xidmətinə daxildir: “Hərbçi əsir düşdükdə həmin müddət ərzində onun xidmətini dondurmaq deyə bir məsələ yoxdur. Əsirlik müddəti də hərbçinin müddətli həqiqi hərbi xidmətinə daxildir”. Qeyd edək ki, bu müddəa "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda da nəzərdə tutulub. Qanunun 27-ci maddəsinə görə, düşmən tərəfinə könüllü keçmə hallarından başqa hərbçi əsirlikdə olarsa, həmin müddətə hərbi qulluqçular hərbi xidmət vəzifələrinin icrasında sayılırlar.

Vətən müharibəsi qazisi vəfat etdi – FOTOLAR

Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib. Sozcu.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, 24 yaşlı qazi axşam saatlarında dünyasını dəyişib. O, bu gün torpağa tapşırılacaq. Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib. O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra isə təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub. O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib. Allah rəhmət eləsin!

Bu məktəblər LƏĞV EDİLƏCƏK

"2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub". Bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir".

Rusiya öz qırıcısını vurdu

Rusiyanın Su-25 qırıcısı özünün hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk teleqramda bildirib. “Əminliklə deyə bilərəm ki, Rusiyanın Su-25 qırıcısını Ukraynanın HHM-i vurmayıb! Bu, Rusiya zenitçilərinin dəqiq və yüksək səviyyədə icra olunmuş işidir ki, buna görə bütün Ukrayna xalqından onlara təşəkkür düşür!”, – hərbçi qeyd edib.

İsrail terror törədir - Roma Papası

Roma Papası Fransisk Təl-Əvivin Qəzzada terror taktikalarından istifadə etdiyi, o cümlədən İsrail hərbçilərinin kilsə binasına sığınan iki xristian qadını öldürməsi xəbərindən təəssüfləndiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. "Qəzzadan çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki şəxslər bomba və atışmaların hədəfindədir. Bu, hətta terrorçuların olmadığı, ailələrin, uşaqların, xəstələrin, əlillərin, rahibələrin olduğu kilsə kompleksində baş verib. Bəziləri deyəcək: "Bu, müharibədir, bu terrorizmdir". Bəli, bu müharibədir. Bu terrorizmdir",- o bildirib.

İclasa qumbara atan deputat həbs edildi

Zakarpatya vilayətinin məhkəməsi dekabrın 15-də Keretskovski kənd şurasının iclası zamanı üç qumbara partladan yerli deputat Sergey Batrinin barəsində həbs qətimkan tədbiri seçib. Sozcu.az xəbər verir ki, bu barədə Ujqorod rayon məhkəməsinin səhifəsində deyilir. “Keretskov kənd sovetinin hazırkı deputatı olan 54 yaşlı Ukrayna vətəndaşı barəsində girov imkanı olmadan həbs qətimkan tədbiri seçilib”, - deyə bildirilib. Məhkəmə qeyd edib ki, deputat və vəkilləri prokurorun şübhəlinin həbs olunması ilə bağlı vəsatətinə etiraz etməyiblər. Qeyd edək ki, dekabrın 15-də adıçəkilən deputat Kereçkov kənd şurasının iclasının keçirildiyi zala daxil olaraq özü ilə gətirdi 3 qumbaranı partladıb. Hadisə nəticəsində deputat da daxil olmaqla, 26 nəfər yaralanıb.

Qəzzada atəşkəs bərpa edilir?

İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsi bərpa etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Misirin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, danışıqların detalları ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır.

Almaniya bu ölkədə 4 min hərbçi yerləşdirəcək

Almaniya silahlı qüvvələri Litvada daimi briqada yerləşdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb. Bildirilir ki, briqada 2025-ci ildə fəaliyyətə başlayacaq. Birləşmənin ilkin komandanlığı 2024-cü ilin ikinci rübündə Litvada yerləşdiriləcək. Məlumata görə, 2024-cü ilin sonunadək birinci briqada komandirinin başçılıq etdiyi tam hüquqlu dislokasiya qrupu Litvaya gələcək. Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın 2023-cü ilin iyununda Litva ərazisinə silahlı qüvvələr briqadası yerləşdirmək planlarını açıqlayıb. O, briqadaya 4 minə yaxın hərbçinin daxil olacağını bildirib.

Zalujnının kabinetində dinləmə cihazı tapıldı

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının kabinetində dinləmə cihazı tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə RBC-Ukrayna agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, qurğu şənbə günü aşkar edilib. Dinləm cihazı naməlum tipli elementlərlə təchiz olunub, ona görə də onların quraşdırıcısı müəyyən edilməyib.

FHN-dən əhaliyə XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".

Aşotyandan ağlasığmaz iddia: “3 maddə var, Qarabağı bu tarixdə qaytara bilərik”

“Biz Qarabağı qaytara bilərik, lakin ağlımızda, qəlbimizdə, yaddaşımızda ondan imtina etsək, itkisi qaçılmaz olacaq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının vitse-prezidenti Armen Aşotyan deyib. Dünyanın, o cümlədən Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması reallığını unudan Aşotyan iddia edib ki, guya “artsax” problemi qlobal siyasi əhəmiyyət kəsb edir: “Mənim üç maddəlik şərtim var. Birinci şərt “artsax”ın qaytarılmasını arzu, məqsəd, ümumxalq ideyası kimi qəbul etməkdir. İkinci şərt bu məqsədə çatmaq üçün kompleks səylər göstərmək, erməni potensialını tam üzə çıxarmaq və istiqamətləndirmək, dövləti gücləndirməkdir. Üçüncü şərt əlverişli beynəlxalq vəziyyət, geosiyasi iqlimin yaranmasıdır. Tarix sübut edir ki, bu da mümkündür. Mən öz yanaşmamı qısaca xülasə etsəm, “artsax”ı qaytarmaq üçün biz işləməli və əlverişli şəraitdə istəyimizi həyata keçirməyə hazır olmalıyıq. Bunun mümkün olduğunu yəhudilər sübut etdilər: təxminən 2000 ildən sonra Qüdsü geri aldılar. Mənim təsvir etdiyim alqoritmlə Paşinyan bir araya sığmır. Ona görə də ilk növbədə Ermənistanda hakimiyyətin dəyişdirilməsinə ehtiyac var”. Qeyd edək ki, A.Aşotyanın bu iddiası erməni müxalifətinin Nikol Paşinyanı qaralamaq cəhdindən başqa bir şey deyil. Ermənistan əhalisinin sürətlə azaldığı bir vaxtda hansısa “yəhudi düsturu”ndan danışan Aşotyan Qüdsün 2000 il sonra “qaytarılması”na işarə edir. Onun məntiqi ilə ermənilər Qarabağı 4023-cü ildə qaytara bilərlər. Lakin əhalisinin sürətlə azaldığı bir vaxtda ermənilərin o tarixə qədər varlığını davam etdirməsi mümkünsüz görünür.globalinfo)

“Bakıda tıxacların artmasının iqtisadi bir səbəbi də var”

“Bakıda artıq tıxacın günü, saatı yoxdur”. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, tıxacların artmasının, həmçinin mühüm bir iqtisadi səbəb də var: “Bakı-Sumqayıt yolunda şənbə-bazar, hətta axşam saat 10-11 arası belə tıxac insanları boğur. Şəhərin mərkəzində də oxşar vəziyyətdir. Ağır tıxacın olmamalı olduğu günorta saatlarında belə küçələrdə fəlakət yaşanır. Bunun xaotik məskunlaşmadan və qeyri-effektiv ictimai nəqliyyatdan qaynaqlanan çox səbəbləri var və sahə mütəxəssisləri, blogerlər bunları zaman-zaman dilə gətirirlər. Amma güman ki, burada mühüm bir iqtisadi səbəb də var: paytaxtda normal iş şəraitinə, iş intizamına malik iş yerlərindən daha çox, insanları hüquqa uyğun normal məşğulluq şərtlərilə təmin etməyən iş yerləri üstünlük təşkil edir. Söhbət o iş yerlərindən gedir ki, qeyri-formaldır, iş saatları normadan artıqdır, səhərdən gecəyə kimi davam edir, yaxud layiqli əmək haqqı olmadığındına insanlar gün içində yarımçıq iş saatları ilə fərqli iş yerlərinin arasında ora-bura qaçır və s.”

Rusiyanın itkiləri 346 mini ötdü

Ukrayna müharibənin 662-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 346 070 hərbçi, 5 739 ədəd tank, 10 692 ədəd zirehli döyüş maşını, 8137 ədəd artilleriya sistemi, 923 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 609 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 766 ədəd avtomobil texnikası, 6278 ədəd PUA, 1 610 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 194 xüsusi avadanlıq itirib.

ABŞ-ın növbəti nüvə sualtı qayığı Koreyaya çatdı

Amerikanın “Virciniya” sinfinə aid “Missuri” nüvə sualtı qayığı Cənubi Koreyanın Pusan şəhəri sahillərinə yan alıb. Sozcu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, noyabrın 22-də ABŞ-ın “Los-Anceles” sinfinə aid “Santa Fe” nüvə sualtı qayığı Cənubi Koreyanın Ceju adasındakı hərbi dəniz bazasına çatmışdı.