Tabor komandiri məhkəmə zalında həbs edildi

Rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin hərbi-hissəsinin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində qərar qəbul edilib. Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdə həmçinin mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib. Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilib.

Ana özünü və üç uşağını ZƏHƏRLƏDİ

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib. Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib. Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər. Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşadırma aparılır. (Apa)

Qəzzalılar Rəisinin ölümünü bayram etdilər

İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması barədə xəbər yayılandan sonra Qəzza zolağında yaşayan bir qrup fələstinli bunu bayram edib. Bu barədə ərəbdilli sosial media kanallarında paylaşımlar edilib. Videolarda fələstinlilərin qəza xəbərindən sevindikləri və bu münasibətlə şirniyyat payladıqları əks olunub. "Qəzza iranlı cinayətkarın ölümünə görə təbriklər", "Qəzza müsəlmanların qatilinin ölümünə sevinir" məzmunlu plakatlar qaldırıblar.

İbrahim Çelikkol evlənir?

Türkiyəli aktyor İbrahim Çelikkol yazar sevgilisi Natali Yarcanla tədbirlərin birinə qatılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə aktyor jurnalistlərin “Evlilik təklifi etmisiniz” sualına "Hər şey ola bilər" cavabını verib. Qeyd edək ki, İbrahim Natali ilə iki ildir eşq yaşayır. O, 2022-ci ildə 5 illik həyat yoldaşı Mihre Mutludan boşanıb.

Ramos və Ronaldodan Kroosun qərarına reaksiya

“Real”ın sabiq müdafiəçisi Serxio Ramos Toni Kroosun Avro-2024-dən sonra karyerasını başa vurmaqla bağlı qərarına reaksiya verib.  Sozcu.az xəbər verir ki, “Sevilya”nın futbolçusu sosial şəbəkə hesasında bununla bağlı yazıb:  “Səninlə bu qədər özəl anları və uğurları bölüşmək mənim üçün xoş idi. Sən unikal bir oyunçu və fərqli bir insansan, ən yaxşılarındansan. Həmişə mənim komandamdasan, Antonio. Yeni həyatından və gözəl karyerandan həzz al”.  İspaniya çempionunun daha bir sabiq oyunçusu, hazırda Ərəbistanın “Əl-Nəsr” klubunun formasını geyinən Kriştiano Ronaldo da keçmiş komanda yoldaşının qərarına münasibət bildirib: “Hər şey üçün çox sağ ol, Toni! Meydanı səninlə birgə bölüşdürmək qürurdur. Gələcək həyatında ən yaxşısını arzulayıram!”. Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi karyerası ərzində “Bayer” və “Bavariya”da çıxış edib. O, "Real"la bütün turnirlərdə 463 matça çıxaraq 28 qol vurub və 98 qolun ötürməsini edib. 

AB Rusiya aktivlərini bu tarixdə Ukraynaya verəcək

Avropa Birliyi banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib. “İlk resurslar Ukraynaya dəstək üçün 2024-cü ilin iyulunda əlçatan olacaq, sonrakı ödənişlər ildə iki dəfə həyata keçiriləcək”, - deyə bildirilib.

Sumqayıtda bədbəxt hadisə: 62 yaşlı fəhlə iş zamanı öldü

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə iş zamanı ölüb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə “Bağça şəhər” yaşayış kompleksində aparılan tikintidə baş verib. Tikintidə fəhlə işləyən 1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Sabah saat 10-dan etibarən...

Yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə 22.05.2024-cü il tarixində saat 10:00-dan etibarən Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib. Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonu üzrə isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Çinə sanksiyalar davam etdiriləcək - Blinken

ABŞ və Avropa Birliyi Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə sanksiyaları davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə artıq sanksiyalar tətbiq edib. "Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb. Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə sanksiya tətbiq etmişdi.

Hər kəs Rusiya ilə qapını aralı saxlayır - Zelenski

Qərb dövlətləri Rusiya ilə əlaqələri tamamən kəsmək istəmirlər. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Nyu York Tayms”a müsahibəsində deyib. “Bizim tərəfdaşlarımız, prinsipcə, Rusiya Federasiyası ilə münasibətlərin tamamilə kəsiləcəyindən qorxurlar. Hər kəs öz səfirliyini bağladı? Xeyr. Hər kəs Rusiya diplomatlarını evinə göndərdi? Xeyr. Hər kəs Rusiya ilə qapıları bir az aralı saxlayır”, - deyə dövlət başçısı bildirib.

"Bizim millət kökdən şöhrətpərəst və eqoistdir" - Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Son günlər yenidən parlament seçkilərində iştirak etməyi düşünən bir sıra deputatlarla bağlı müxtəlif iddialar səslənir.   Maraqlı məqam isə ondan ibarətdir ki, onların arasında 78-80 yaşda olsa da, yenidən namizədliyini irəli sürmək istəyənlər var. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ümumiyyətlə, Azərbaycanda bir çox sahədə insanlar yaşlansa da, təqaüdə çıxmaq istəmir və bunu qəbullanmırlar. Bəs görəsən, bu vəzifə ehtirası, unudulmaq qorxusu, yoxsa psixoloji problemdir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bir çox azərbaycanlıda “qəbulanmama sindromu” var: “Onsuz da hamı Milli Məclisi "Qocalar evi" adlandırır. Bizim millət kökdən şöhrətpərəst və eqoistdir. Üstəlik, qəbulanmama kimi sindromu var. Çöküşü, yaşlılığı, ayrılığı, ölümü, təqaüdü və sairə kimi həyat içində baş verən, insana xas olan mərhələləri qəbullanmamaq kimi psixoloji xəstəliklə yaşayırlar. Çoxunun içində özünü, gücünü hamıya sübut etmək hissi yatır. Kreslo, vəzifəsi ilə sanki ətrafı qorxutmaq sığortası qazanmaq istəyir. Xalqa xidmət etməyi kimsə düşünmür”. Psixoloq yaşlı şəxslərin vəzifəsindən getmək istəməməsinin səbəbini açıqlayıb: “Eləcə də yaşlılar, qohum-əqrəbasına, digər tanış yaşlı ətrafına vəzifə sayəsində sübut etmək istəyir ki, hələ də sözü keçən gücə sahibdir. Di gəl ağzını açıb danışır baxırsan ki, dünyabaxışı nə qədər geridir.  Təbii ki, bu hamıya şamil olunmasa da, çoxluq təşkil edən məsələdir. Bu yaxınlarda keçmiş millət vəkillərindən və yenidən seçkilərdə iştirak etmək istəyini irəli sürən biri ilə söhbət edirdim. Söhbət əsnasında s adamı dinləyirdim və düşünürdüm ki, insan necə belə boş düşünə, boş danışa bilər? Danışdığı söhbətlər, sürdüyü ideyalar 30 il öncə bəlkə də maraq doğura bilərdi. Düşünürəm ki, Milli Məclisdə əməlli-başlı, hərtərəfli təmizlik etmək zamanı çoxdan çatıb. Bu Milli Məclisə sərf edərmi? Orası məlum deyil”.

Rəsmən təsdiqləndi, sayğacların 74 faizi düz işləmir – ALDADILIRIQ?

“Ölkədə mövcud olan ölçmə vasitələrinin 74 faizi düz işləmirmiş. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti maraqlı bir rəqəm açıqlayıb. Qurum deyir ki, yoxlamalar nəticəsində ölkədə mövcud olan ölçmə avadanlıqlarından 74,2 faizində nöqsanlar aşkarlanıb”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial media hesabında bildirib. Ekspert qeyd edib ki, bununla da bir sıra rəsmi və özəl qurumlarda hansısa xidməti, sərfiyyatı, çəkini və sairəni ölçən cihazların əksəriyyətində problem yaşandığı ortaya çıxır: “Anlaşıqlı desək, bu o deməkdir ki, “Azərişığ”ın, “Azərsu”nun sayğaclarında, eləcə də digər dövlət qurumlarında hansısa xidməti, sərfiyyatı, çəkini və sairə ölçən cihazların əksəriyyətində problem varmış. Tərəzinin də problemli olması o deməkdir ki, düz çəkmirmiş. Antiinhisar konkret hansı quruma məxsus hansı ölçmə vasitələrinin düz ölçmədiyini, düz ölçməyənlərlə bağlı hansı tədbirlərin görüldüyünü, səhv ölçmə ilə bağlı vətəndaşlara hansı kompensasiyanın ödənildiyini açıqlamayıb”. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev Milli Metrologiya Forumunda deyib ki, Azərbaycanda 2023-2024-cü illərdə 201 dövlət idarə və müəssisələrində metroloji nəzarət tədbirləri aparılıb: “Onların 156-da metroloji tələblərin pozulması faktı aşkar edilib. Eyni zamanda bu nəzarət tədbirləri zamanı 25 615 ölçü cihaz və avadanlıqların nəzarətə cəlb edilməsi təmin edilib. Nəzarət tədbirləri zamanı 19 018 cihazda nöqsanlar aşkar edilib ki, bu da, 74,2 %-ni təşkil edir”. Bəs görəsən, vətəndaşların mənzilləri də yoxlanılırmı? Araşdırma aparılarsa, evlərdə nə qədər nöqsan olar? Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Musavat.com-a fikirlərini bildirib: “Azərbaycanda nəinki yüz minlərlə, milyonlarla ölçü cihazları var. Belə olan halda 19 min ölçü cihazında aşkar edilən nöqsan 74 faiz təşkil edə bilməz. Bu o deməkdir ki, burada yalnız dövlət idarə və müəssisələrində aparılan və eyni zamanda baxış keçirilmiş cihazlara aiddir. Açıqlama qısa olduğundan bir çox sualların cavabı yoxdur. Yəni bu nasazlıq hansı istiqamətdədir, mənfiyə, yoxsa müsbətə doğrudur. Yəni istifadəçinin xeyrinə, yoxsa zərərinədir. İstənilən halda bu, tərəflərdən birinə zərər gətirir. Daha az hesablamaya gətirib çıxaran bir nasazlıqdırsa, bu, digər tərəfə zərər verir. Əgər daha çox ölçü göstərən bir nasazlıqdırsa, o zaman istifadəçinin özünə zərər verir. Hər bir halda bunun məsuliyyəti var. Bütün hallarda 74.2 faizlik həddən artıq böyük nöqsandır. Bir daha vurğulayıram, bu, vətəndaşa yönəlmiş məsələ deyil. Bu, bilavasitə müəssisə və təşkilatların cihazları ilə bağlıdır. Bütün hallarda oxşar yoxlama bütün vətəndaşlara şamil olunmalıdır. Düzdür, əhalinin yaşadığı yerlərə on milyona yaxın cihaz quraşdırılıb, bunların hər birini yoxlamaq mümkün deyil, amma seçmə metodu ilə hər bir istiqamətdə mövcud vəziyyətin öyrənilməsi daha doğru olardı”.

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Hacıqabulda 6-cı sinif şagirdi həyatını itirib. "Medicina" xəbər verir ki, F.Süleymanov adına 3 nömrəli tam orta məktəbin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib. Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.

Şəhriyar Məmmədyarov: "Qadınlar kişilərdən çox daha zəifdirlər” - Video

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”. Sozcu.az xəbər verir ki, bunu “Persona” verilişinin qonağı olmuş Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov deyib. O bildirib ki, qadın şahmatçılar kişilərlər bərabər mübarizə apara bilmirlər: “Düzdür, bu fikirlər qadınların xoşuna gəlməyəcək. Bəlkə də deyəcəklər, o deyil, amma bu gün dünyanın 100 ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə bərabər mübarizə apara bilmirlər. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”, - deyə şahmatçı bildirib. Onun bu fikirləri sosial şəbəkəlrədə müzakirə mövzusuna çevrilib və bir çoxları tərəfindən tənqid edilib.

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə qızılın 1 qramının qiyməti 133,7 manata bərabər olub. Sozcu.az xəbər verir ki, 1 qram qızılın qiyməti bu ilin yanvar ayının əvvəli ilə müqayisədə 19,2% və ya 21,5 manat bahalanıb. Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl –2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub. Məlumat üçün onu da qeyd edək ki, zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalanır. Bu ilin yanvar ayında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 598,5 manat olduğu halda, aprel ayında bu məbləğ 629 manata yüksəlib. Nəticədə son 4 ay ərzində 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 5% bahalanıb.

Un bahalaşdı: Çörəyin qiyməti artacaq?

Azərbaycanda unun qiyməti son bir ayda bahalaşıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, aprel ayının 25-nə qədər 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb. Belə olan halda çörəyin qiyməti artırılacaqmı? Məsələ ilə bağlı açıqlama verən Sarı Sünbül MMC unun bahalaşmasını təsdiq edib: “Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”. “İsrafiloğlu” MMC-dən isə bildirilib ki, NUR çörəyi hələ ki, köhnə qiymətlə satılır: “Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”.

Rəisinin qəzaya uğradığı helikopter şirkətindən açıqlama

Şirkətimiz İranda heç bir bizneslə məşğul olmur və İranın helikopter parkını dəstəkləmir. Sozcu.az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin istehsalçısı “Bell Trekstron” şirkətinin yaydığı bəyanatda bildirilib. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Qəzaya uğrayan helikopter ABŞ istehsalı olan “Bell-212”-dir.

DİN əhalini xəbərdar etdi: virtual soyğunçuluq pik həddə çatdı

Daxili İşlər Nazirliyi (DİN) virtual soyğunçuluqla bağlı əhaliyə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, dünəndən bununla bağlı polisə 16 müraciət daxil olub: "Dünəndən polisə 16 müraciət daxil olub ki, bank kartımdan pulumu oğurlayıblar. Məbləğlər - 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat təşkil edib. Hamısı eyni üsulla - əlavə bank kartı məlumatları verilməklə oğurlanıb".

Azərbaycanda müştərilər ən çox bu banklardan şikayət edirlər – Tam siyahı

2024-cü ilin aprel ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank səhmləri Rusiya hökumətinə məxsus olan “Bank VTB Azərbaycan” ASC olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Şikayət olunan bankların siyahısında “Bank of Baku” ASC ikinci (4,94 indeksi), “Yapı Kredi Bank Azərbaycan” QSC isə üçüncü (4,79 indeksi) olub. Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC (0,24 indeksi) olub. Digər banklar üzrə göstəricilər aşağıdakı kimi olub:

Rusiyanın Ukraynadakı itkiləri 500 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1380 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 495 070 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 15 tank, 34 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

Fələstinli fəal: Rəisinin ölümü bizi maraqlandırmır

O, heç vaxt bizi dəstəkləməyib, verdiyi vədlərə əməl etməyib, atəşkəsə çağırmayıb və yanımızda olmayıb. Sozcu.az xəbər verir ki, bu sözləri Qəzzanın Deyr əl-Bələh bölgəsindən olan media fəalı Naci Xəzir AFP-yə (Fransa xəbər agentliyi) İbrahim Rəisinin ölümü ilə bağlı müsahibəsində deyib. “Onun bizimlə heç bir əlaqəsi yoxdur”. Başqa fəal Bilal Xidri isə bildirib ki, Rəisi hakimiyyətdə olduğu müddətdə Qəzzaya ancaq iztirab və dağıntı gətirib: “Rəisinin bizim üçün - Qəzza üçün heç bir əhəmiyyəti yoxdur”. Qeyd edək ki, İranın dəstəklədiyi HƏMAS qruplaşması İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı versə də, fələstinlilər hadisəyə laqeyd yanaşıblar.axar)

Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb

"USQ öz döyüş qardaşları ilə birlikdə bizi Qələbəyə yaxınlaşdırmaqda davam edir..." Mayın 19-na keçən gecə rusiyalılar tərəfindən işğal edilmiş Sevastopolda Rusiyanın Qara dəniz Donanmasının "Kovrovets" 266-M minaatan gəmisi batırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Hərbi-Dəniz Qüvvələri rəsmi məlumat verib. Məlumatı "nashaniva.com" nəşri yayıb. "USQ Hərbi-Dəniz Qüvvələri öz döyüş qardaşları ilə birlikdə bizi Qələbəyə yaxınlaşdırmaqda davam edir", - məlumatda deyilir. Sevastopol sakinləri gecə "İnjenernaya buxta" rayonunda ciddi partlayışlar barədə yazıb.  O zaman rusiyalıların hərbi gəmisinə hücum və nəticədə partlayış və güclü tüstülənmə barədə şayiələr dolaşıb. "Kovrovets" 266-M layihəli minaatan gəmidir. Onun başlıca vəzifəsi dəniz minalarının axtarışı və məhv edilməsidir. Bu, 61 metrlik gəmidir və aşağıdakı xüsusiyyətlərə malikdir: -  tam hərəkət sürəti 30 km/saatdır; - üzmə məsafəsi 1500 mildir; - avtonom üzmə 10 sutkadır; - ekipajı 68 nəfər (6 zabit, 8 miçman olmaqla); - su tutarı: standart 745 ton, tam 800 tondur. Rusiyalı mənbələrə görə, gəminin göyərtəsində aşağıdakı silahlar yerləşdirilib: - "Strela-2" 9K32 zenit-raket kompleksi üçün iki buraxılış qurğusu; - 30 mm AK-23 topu üçün iki qurğu; - 25 mm 2M-3M topu; - "Uraqan" reaktiv-bombaatan qurğusu; - "Jalo" 14, 5 mm MTPU pulemyotu; - 7 KMD-100 mina. Bəllidir ki, bu gəmi 1974-cü ilin dekabrında SSRİ-nin Qara dəniz Donanmasının bir hissəsi olub. O zaman "Navodçik" ("Topçu") adlanıb. Hərbçilər bir neçə dəfə gəminin adını dəyişib. O cümlədən 1982-ci ildən "Kurskiy  komsomolets" adlanıb, Sovet İttifaqı dağılandan sonra isə əvvəlki adına dönüb. Lakin 1999-cu ildə sovet minaatan gəmisinə yeni "Kovrovets" adı düşünülüb. Rusiyalıların özləri "Kovrovets" gəmisini dəniz minaatan gəmiləri divizionu və Qırmızı Bayraqlı briqada gəmiləri arasında ən yaxşılarından biri adlandırıb. Xatırladaq ki, bu ilin aprel ayında Sevastopolun "Saxarnaya buxta"sında USQ "Kommuna" nadir gəmisini batırıb. Bu, Rusiya Hərbi-Dəniz Donanmasının Qara dəniz Donanmasının tərkibində sualtı qayıqların çoxdankı, bir növ yeganə xilasedici gəmisidir. 1915-ci ildə istismara verilib.

ABŞ kəşfiyyatı qəzanın səbəbini açıqladı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb. Bunu ABŞ Senatındakı Demokratlar Partiyasının rəhbəri Çak Şumer deyib. O, ABŞ kəşfiyyatının qəzaya dair başqa dəlil tapmadığını deyib: "Dumanlı hava olub. Belə görünür ki, bu, bədbəxt hadisədir"./metbuat.az

DİQQƏT! Ətin qiyməti artacaq

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 36 milyon 698 503 min dollar dəyərində 16 min 739 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 milyon 567 min dollar və ya 46,4% , miqdar ifadəsilə 2 min 477 ton və ya 17,4% artıb. 1 kq ətin orta idxal qiyməti 2024-cü ilin dörd ayında 3,70 manata başa gəlib ki, bu da illik müqayisədə 0,73 manat (26%) bahalaşma deməkdir.  Ötən ilin eyni dövründə ətin orta idxal qiyməti 2,97 manata başa gəlib. Bəs görəsən idxal prosesində özünü göstərən bahalaşma bazara təsir edəcəkmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu tendensiya hər bir halda bazara da təsirsiz ötüşməyəcək:  “Bahalaşma varsa, aydındır ki, bu öz növbəsində piştaxtalarda əksini tapır. Əlbəttə, istehlak artdıqca, nəzərə almaq lazımdır ki, təkcə qida məhsullarında deyil, digər satış məmulatlarında da bahalaşma nəzərə çarpır. Ümumən son 10 ildə BMT protokollarına da nəzər yetirsək, müxtəlif məhsullarda dinamik bahalaşma baş verir. Əlbəttə, bunun fonunda müddətli şəkildə müəyyən bahalaşma müşahidə ediləcək. Ət və ət məhsulları ilə bağlı bahalaşmanın səbəbləri arasında isə bu sahədə olan inhisarlaşmanın ciddi təsiri var”.  Ekspert hazırki vəziyyətdə idxalın bazar üçün müsbət nüans olduğunu qeyd edib:  “Nəzərə almaq lazımdır ki, ölkəyə ət idxalında da inhisarçılıq izləri müşahidə olunur. Belə olan təqdirdə şəffaf qiymət formalaşması mümkün olmur. Əgər idxalda hər hansı bir liberal yanaşma baş verərsə, onda biz bunun əksini, yəni ucuzlaşmanı da görə bilərik. Amma faktiki olaraq, vəziyyətə uyğun şəkildə bahalaşma ehtimalı daha çoxdur. Hazırki mərhələdə ölkəyə ət idxalı bazarda qiymət stabilliyinə, bolluğa səbəb olur. Çünki yerli istehsal tələbatı ödəmir. Belə olan halda indiki vəziyyətdə idxal müsbət rol oynayır”.