Canavar qocalıb əldən düşmüşdü. Daha əvvəlki gücü də yox idi. Gözlərinin işığı da azalırdı. Gücü azaldığına görə ov edə bilmirdi. O, hərdən qarnını doyuzdurmaq üçün dağın ətəyində otlayan qoyun sürüsünə hücum edir, ancaq əlinə bir şey keçmirdi. Qoyunlar əvvəlki cəldliyi qalmayan canavarı görəndə, mələşib bir-birlərini və çoban itlərini xəbərdar edirdilər. Bu isə onun asan olmayan işini bir qədər də çətinləşdirirdi. Bir tərəfdən də çobanın itləri canavarı taqətdən salırdı. Canavar başa düşürdü ki, belə davam edərsə bir gün çobanın itləri onu parça-parça edəcəklər. İtlərin əlindən xilas olsa belə yaxında aclıq onun axırına çıxacaqdı. Canavar bunun üçün uzun-uzun fikirləşir, çıxış yolu axtarırdı. Günlərin bir günündə onun ağlına dahiyanə bir fikir gəldi və o dərhal bunu həyata keçirməyə başladı. Belə ki, o gizli şəkildə birtəhər sürünün yaxınlığındakı qayaların yanına qədər gələ bildi və planını icra etmək üçün əlverişli fürsətin gəlməsini gözlədi. Tezliklə onun gözlədiyi fürsət ələ düşdü. Budur e.e.e bir qoç otlaya-otlaya qayaya yaxınlaşır. Canavar qoçun qarşısına keçərək ədəb-ərkanla: “Salam canavar, necəsən?” - dedi. Özünü itirmiş qoç nə edəcəyini bilməyib donub qaldı. Canavar bu fürsətdən istifadə edərək şirin dilini işə saldı və “Bəli, sən də mənim kimi canavarsan. Ancaq çoban səni qoyun kimi sürüyə qatıb otarır. Həm də bilirsənmi, mən canavar əti yemirəm, qoyun əti yeyirəm sən məndən niyə qorxursan ki? Sən mənim əsl dostumsan. Sənin əsas düşmənin elə o çobandır. O, səni qoyun kimi otarır, axırda da ətini kəsib kabab edib, yeyir. Dərini isə soyub əlinə keçəni yığır dərinin içinə”- dedi. Canavarın sözləri qoçun yaman xoşuna gəlmişdi. O, kefi kök halda otlamağa davam etdi. Canavar planının işə yaradığını görüb bunu sürüdəki digər heyvanların üzərində də sınaqdan keçirtməyə başladı. O, qoyunlardan bəzilərini şir, pələng adlandırır, digər birinə “ayı” deyə müraciət edir, hamısına da oxşar sözlər deyir, çobanı əsas düşmənləri olaraq qələmə verirdi. Maraqlısı orasındadır ki, qoyunlar bu sözlərə inanır, özlərini bənzədildikləri heyvanlar kimi güclü hiss edirdilər. Bunun nəticəsidir ki, onlar artıq canavardan qaçmır, itləri köməyə çağırmırdılar. İndi onların əsas düşməni və nifrət etdikləri çoban idi.
Canavarın işləri düzəlmişdi. Artıq onun qoyunları tutub yeməsi üçün xüsusi əziyyət çəkməsinə ehtiyac qalmamışdı. İndi o, yemək istədiyi qoyunu çağırır, gəzmək və söhbətləşmək adı ilə sürüdən uzaqlaşdırır və yeyirdi. İş o yerə gəlmişdi ki, bəzən bu işdə ona qoyunların elə özləri kömək edirdilər. Bununla belə bəzən sürüdəki hansısa qoyun bundan duyuq düşür, digərlərinə də bunu izah etməyə çalışırdısa da, bunun faydası olmamışdı. Qoyunlar həmcinsinə inanmır, onu canavara elə özləri təslim edirdilər. Onlar əlbəttə sıranın bir gün onlara da gəlib çatacağını anlamırdılar. Özlərini “şir”, “pələng”, “canavar” adlandırsalar da qoyun kimi davranmaqdan əl çəkmirdilər.
İndi gəlib çatdıq məsələnin əsas məğzinə! Bir gün, bir qoyun canavarın hiyləsini yerli-yataqlı dərk edib, qoyunların arasında gəzib, öz fəlsəfi fikirlərini yaymağa başlayır. Onun fikirlərinin əsasını “Özünü tanımaq” anlayışı təşkil edirdi. O qoyun həmcinslərinə deyirdi ki: - “Özünüzü tanıyın, həqiqəti dərk edin. Mən sizə heç nə öyrədə bilmərəm, sizləri yalnız düşündürə bilərəm”.
Filosof qoyunun fikirləri heç də digər qoyunların xoşuna gəlmirdi. Bir çoxları hətta onu dəli hesab edirdilər. Filosof qoyun, canavarla mübarizəni daha da sərtləşdirmək qərarına gəlir və canavarın izinə düşür. Canavar da boş dayanmır. Öz qoyun tərəfdarlarına filosof qoyunu izləməyi tapşırır. Hiyləgər canavar, həmən bu qoyunu tələyə salmaq üçün, bir neçə dəfə aldadıcı fənn işlədərək, güya hansısa qoyunu yenə parçalayırmış görüntüsü yaradır. Hər dəfəsində də, həmən bu filosof qoyun mələşərək, cobanı köməyə çağırır. Coban hadisə yerinə çatanda heç nə baş vermədiyini görüb, filosof qoyunu kötəkləyir.
Bu hal bir neçə dəfə baş verir və bir gün, qoyunlar öz aralarında sözləşib, hamısı bir ağızdan susur. Canavar da yenə iş başındadır. Canavar öz hiyləgər planını təkrarlayır. Çoban görür ki, bütün qoyunlar susub, köpəklərdən də səs gəlmir. Ayağa qalxıb atına tərəf getmir, çomağını əlinə almır. Yumuru qarnını sığallayan çoban öz-özünə deyinir:
- Qoyunun əcəli çatanda başını çobanın çomağına sürtər!
Əminəm ki, indi bu hekayəni oxuyan kəslərdən bir neçəsi, qoyun ətinin necə dadlı olduğunu çox yaxşı bilir...
Əbil Həsən