Bakıdakı məşhur ticarət mərkəzində YANĞIN

Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində yanğın olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycan Ermənistanı COP29 sammitinə dəvət edib - Hikmət Hacıyev

Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Sozcu.az The National-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Ermənistana dəvət göndərilib. “Deyirəm... bu, beynəlxalq media üçün ilk dəfədir”, - o, işğal altında olan Şuşidə keçirilən II Qlobal Media Forumunda deyib. “(COP29-un prezidenti təyin edilmiş) Muxtar Babayev... Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik”. Hacıyevin sözlərinə görə, rəsmi diplomatik münasibətlərin olmadığı bir şəraitdə bu dəvətin göndərilməsi Azərbaycanın xoşməramlılığının və inklüziv yanaşmasının nümunəsidir. Prezidentin köməkçisi əlavə edib ki, COP29 qlobal hadisədir və ən mühüm danışıqlar Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxıb. "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - Hacıyev bildirib.

Siyasətin “qızıl qaydası” iddialı olmaqdır

İddiasızsansa, seçimlərində və hərəkət trayektoriyalarında özünə, gücünə görə haqlı ola bilərsən ki, bu, çox doğru qərardır – hər kəs gücünü bilməli, buna görə addım atmalıdır. Sən seçkiyə qəti getmə. Amma bunu qəbul etmək lazımdır ki, siyasət birmənalı olduğu halda hər təşkilatda fərqli rənglərdə ola bilir. Bu da təşkilatların fərqli siyasət mexanizmləri, xüsusilə strukturlarda güc fərqi, qərarların fərdi deyil, kollegial verilməsi ilə bağlıdır. -Müsavat gücünə inanır – anormal seçki mühitinin mövcudlugunun fərqindədir, ölkədə mitinq keçirməyə imkan verilmir, 3-5 adam bir yerə toplaşıb ölkədəki siyasi mühiti müzakirə edə bilmir, öncəki seçki biyabırçılıqlarını bilir, siyasi məhbus, fundamental insan haqlarının vəziyyətindən xəbərdardır və bununla yanaşı unutmamalı olduğu yuxarıda dediyimiz qızıl qaydanı əsas tutaraq siyasətlə məşğuldur. Bu məqamda müxalif siyasi partiya nə etməlidir? -Seçkidə iştirak seçimindən asılı olmayaraq siyasətlə məşğul olan hər kəs bilməlidir ki, siyasi uğurun qızıl qaydası seçki qutusuna kimin atılmasının vacibliyidir. Əgər hazırkı çətin dövrdə Müsavat Partiyası Məclis üzvlərinin əksəriyyəti seçkidə iştiraka meyillidirsə, gücünü ortaya qoymağı vacib görürsə, həm partiya olaraq, həm sıravi müsavatçı olaraq bu siyasəti dəstəkləməliyik. Bu həm də demokratiyanın aliliyinə xidmət edir. Azlıq çoxluğa tabedir. -Vəziyyət kifayət qədər aydındır, nəticələri öncədən təxmin edirik. Bəli, bu ən maraqsız olanıdır. Ancaq namizəd olaraq hər seçicidən aldığımız səs qazandığımız bir vətəndaşdır, bunu unutmuruq, fürsət dəyərləndirməsi etməyə calışırıq. Hədəfimiz gələcəyə hesablanıb. Seçkiyə qatılma səbəbimiz hər bir halda bu gun və ya gələcək üçün elektorat qazanmağımıza xidmət edir. İştirak növbəti dövrün nəticələrini proqnozlaşdırmağa kömək edəcək. -Siyasət elə bir sahədir ki, burada “gözlənilməz nəticələr” tüğyan edir. Nə qədər bacarıqlı, praqmatik düşüncə sahibi olsanız da, qarşılıqlı əlaqənin istiqamətini və nəticələrini müəyyən edə bilməzsiniz. Çünki insanların iradəsi var və bu, mütləq bir gün ortaya qoyulacaq. Siyasətin bu qızıl qaydasını həmişəlik pozacaqlarını düşünənlər əslində vətəndaşı iradəsiz olduğuna inandıranlardır, bu siyasəti aparanları gələcək seçkilərdə yaxşı heç nə gözləmir. Müsavatın seçkiyə qoşulan üzvlərini izləsəniz, müşahidə edərsiniz ki, onların hər biri seçici ilə görüslərində müəyyən hesablama aparır, güclərindən istifadə edir, seçkidə qutudan kimin çıxacağından asılı olmayaraq gələcək dövr üçün həm güclərini hesablayır, həm də ümumilikdə elektoratını müəyyənləşdirirlər. Bu seçkidə onların gözlədiyi nəticə müsbət mənada yoxa bərabər olsa da təqdirəlayiqdir, seçki prosesində maksimum saxtakarlıq ifşa edəcəklər, rejimin əsl simasını yenidən ortaya qoyacaqlar. Bununla da dövlətçilik üçün ən əhəmiyyətli missiyanı yerinə yetirərək hakimiyyətin demokratik don geyindirmək istədiyi seçki şousunun mahiyyətini faktlarla tarixə yazacaqlar. Siyasət çoxlu aktorların iştirak etdiyi oyundur Bütün ziddiyyətli və ya bitişik iradələr hərəkətə keçir və bilyard şarları kimi bir-birinə dəyir, yeni istiqamətlər alır. Bununla belə, siyasətin bilyarddan böyük fərqi var. Nə qədər bacarıqlı olsanız da, qarşılıqlı əlaqənin istiqamətini və nəticələrini müəyyən edə bilməzsiniz. Çünki insanların iradəsi var və bu, nə qədər məhdudlaşdırılsa da, bir mərkəzdən müəyyənləşəcək bir şey deyil. Bilyard şarlarının iradəsi yoxdur. Buna baxmayaraq, ən təcrübəli bilyardçılar da bilirlər ki, hər zaman qalib gələ bilməzlər. Bu gün bu döyüşdən qalib çıxdığını hesab edənlər tarixdə öz adları, yanlışları, doğruları ilə qalacaqlar. Kozların paylaşıldığı bu qarışıq və həlledici məqamda boykot ən asanıdır. -Bəs isti yay günlərində istirahət etməyi, təzyiq, təqiblərdən uzaq boykotu seçənlər bu məşəqqətli prosesdə iştirakdan imtinalarına necə haqq qazandırsınlar? -Elektoratı itirmək bu yolun yolçusu olanlar üçün çox pis nəticə verəcək. Bu məqamda özlərinə rəqib hesab etdikləri təşkilatları qaralamaq işə yaraya bilərmi? Boykotu seçənlər bunu seçərkən heç uf da demirlər. -Ancaq siyasətin ən çox yayılmış, sınanmış və effektiv hesab olunan yolu mövcud elektoratı əlində saxlamağı qənimət bilib başqalarını qaralamaq yox, zoru (seçkidə iştirakı) seçib yeni elektorat toplamaqdır. Təəssüf ki, boykot deyənlər ilk ağıllarına gələn bu bəsit taktikanı sınamaqdan usanmırlar. Asanı yox, zoru seçəni qaralamaqla buna nail olmağa çalışırlar – bunun adı başqadır. Könül Alı

879-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 879-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 566 710 hərbçi, 8 266 ədəd tank, 15 963 ədəd zirehli döyüş maşını, 15 586 ədəd artilleriya sistemi, 1 121 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 896 hava hücumundan müdafiə sistemi, 362 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 036 ədəd avtomobil texnikası, 12 402 ədəd PUA, 2 401 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 616 xüsusi avadanlıq itirib.

Ukraynadan şok addım: Macarıstan böhranla üz-üzə

Ukraynanın Rusiya neftinin öz ərazisindən tranzitini dayandırması səbəbindən Macarıstan enerji böhranı ilə üzləşib. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb. “Centre for Eastern Studies” analitik mərkəzinin Macarıstan üzrə eksperti İlon Qizinski nəşrə açıqlamasında deyib ki, Ukraynanın gördüyü tədbirlər çətin vəziyyət yarada bilər: “Budapeşt cəmi bir neçə həftə ərzində artan enerji qiymətləri və elektrik çatışmazlığı ilə üzləşə bilər. Ölkə yalnız üç ay davam edəcək strateji enerji ehtiyatlarından istifadə etməyə başlamalı olacaq”.

ABŞ nüvə başlıqlarının sayını AÇIQLADI

2023-cü ilin sentyabr ayına olan məlumata görə, ABŞ 3 min 748 nüvə başlığına malikdir. Sozcu.az xəbər verir ki, bu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının saytında dərc olunan məlumatlarda göstərilib. Qeyd olunub ki, ABŞ-nin nüvə silahı ehtiyatları 1967-ci ildən bəri təxminən 88 faiz ixtisar olunaraq 31 255 nüvə başlığına, Berlin divarının çökdüyü 1989-cu ildə isə daha 83 faiz ixtisar edilərək 22 217 başlığadək azaldılıb. ABŞ 1994-cü ildən 2023-cü ilə qədər ümumilikdə 12 088 nüvə başlığını, o cümlədən 2020-ci ildən bu yana 405 nüvə başlığını məhv edib. Eyni zamanda, təxminən 2 min döyüş başlığı istifadədən çıxarılıb. Həmçinin 1991-ci il sentyabrın 30-dan bəri qeyri-strateji taktiki nüvə başlıqlarının sayı 90 faizdən çox ixtisar olunub.

İki dost dənizdə boğuldu

Bilgəh çimərliyində ölüm hadisəsi qeydə alınıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib. 2003-cü il təvəllüdlü Alıxanlı Nicat Elman oğlu və hələlik kimliyi bilinməyən dostu dənizdə boğularaq ölüb. N.Alıxanlının meyiti sudan çıxarılaraq morqa təhvil verilib. Digər şəxsin də meyiti artıq tapılıb. Onun kimliyi müəyyənləşdirilir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarışlara Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

SON DƏQİQƏ: Ermənilər Kəlbəcəri atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.  Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib.  "İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", – hərbi qurumun məlumatında diqqətə çatdırılıb. 

Antalyada yanğın: təyyarə və helikopterlər müdaxilə edir

Türkiyənin Antalya bölgəsində meşə yanğını baş verib. Sozcu.az xəbər verir ki, meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir. Yanğının söndürülməsinə 3 təyyarə, 2 helikopter, 5 su tankeri, 2 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürən qüvvə cəlb olunub.

Fransa Almaniya ilə “sərbəst giriş”i dayandırır

Bu gündən Almaniya və Fransa arasında sərhəd nəzarəti tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi qərar verib. Bildirilir ki, sərhəd nəzarəti Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar tətbiq olunur. Qərar iyulun 20-dən sentyabrın sonuna qədər qüvvədə olacaq. Oxşar sərhəd nəzarəti hava limanı sərnişinlərinə də şamil olunacaq.

Bank kartlarından oğurluq edən dəstə TUTULDU

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar. Bu barədə Sozcu.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb. Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər. Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb. Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Daşqına görə 30 nəfər itkin düşdü

Çinin Siçuan əyalətində şiddətli yağışların yaratdığı sel və daşqın 40-dan çox evi dağıdıb, 30-dan yuxarı sakin itkin düşüb. Sozcu.az xəbər verir ki, təbii fəlakət gecə saatlarında Hanyuan rayonunun Sinhua kəndində baş verib. Rayonun fövqəladə hallarla mübarizə qərargahından verilən məlumata görə, sel və daşqın avtomobil yollarına və kommunikasiya xətlərinə də böyük ziyan vurub. Hazırda itkin düşənlərin axtarışları əlverişsiz hava şəraitində davam edir.

Prezident: Seçkidən sonra ABŞ-da və Avropada Azərbaycana dair daha yaxşı rəy olacaq

Biz bəzən açıq ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməlidir, kimsə bizim maraqlarımızı görməməzliyə vurmağa çalışsa, əlbəttə ki, onlar yanılacaq və uğursuzluğa düçar olacaqlar. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında ifadə edib. “Mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin (ABŞ-da – red.) bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini istəyirdilər, onlar onu təmin etmək istəyirdilər. Zənnimcə, bu, mənim fikrimdir ki, bəlkə də məqsəd məhz bundan ibarət idi”, - söyləyən dövlətn başçısı seçkilərdən sonra Vaşinqtonda və Avropada Azərbaycan, bizim potensialımız, bizim rolumuz haqqında daha yaxşı anlayışın olacağına ümid etdiyini vurğulayıb.

Leysan xarakterli yağış, şimşək- Hava proqnozu

Saat 11:00-a olan məlumata görə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub. Lerik, Şahdağ, Qrızda duman müşahidə olub. Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

CHP sədri azərbaycanlı şəhid övladları ilə görüşdü - FOTO

Azərbaycan "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada olub. Sozcu.az xəbər verir ki, Qarabağda şəhid olan hərbçilərin övladlarına dəstək olmaq və onların təhsilinə töhfə vermək kimi vacibfəliyyətləri olan İctimai Birlik həm Kipr Sülh Hərəkatının ildönümü, həm də şəhid övladlarının iştirakı üçün hazırlanmış yaz düşərgəsi çərçivəsində Şimali Kipr Türk Respublikasında olub.  174 Kipr veteranı və Şimali Kipr Türk Cümhuriyyətində olan Cümhuriyyət Xalq Partiyasının (CHP) heyəti azərbaycanlı şəhid övladlarının qaldığı otelə gəlib, onlarla görüşüblər. CHP-nin sədri Özgür Özəl, sabiq sədrlər Murat Karayalçın, Hikmət Çətin ve eks-katib Önder Sav, eləcə də müdafiə siyasətindən məsul sədr köməkçisi təqaüddə olan kontr-admiral Yankı Bağcıoğlu və xarici siyasətdən məsul köməkçi İlhan Üzgelin də olduğu heyət Şimali Kipr Türk Cümhuriyyəti qaziləri və azərbaycanlı şəhid övladları ilə bir araya gəlib. Bu vacib görüşdə CHP sədrinin ardınca "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Sevinc Əlizadə çıxış edib. Görüş fərqli coğrafiyalarda oxşar əməllər uğrunda verilən mücadilələrin birgə yad edilməsini təmin etmək baxımından olduqca mənalı olub. CHP rəsmiləri bir daha həm Şimali Kipr türklərinin, Azərbaycan türklərinin  yanında olmağa davam edəcəklərini vurğulayıblar.modern)

"Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu"

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, sitat: "Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”. Cənab məmur, Sizin hədəfiniz taksi sayının azaldılması olmamalı idi, hökumətin məqsədi taksi xidmətinin keyfiyyətinin artması, müştəri məmnuniyyəti, bu xidmətin əmək məhsuldarlığının ölkədə artmasına tövhəsi olmalıdır. Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib. "Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu, qiymətlər 50%-ə yaxın artdı, keyfiyyət isə aşağı düşdü - əvvəl 4-5 dəqiqəyə gələn taksi, indi 20-25 dəqiqəyə gəlir. Yaxşı, Sizin məqsədiniz nədir ki, həm işsizlik yaratdınız, həm qiyməti artırdınız, həm də xidmət keyfiyyətini aşağı çəkdiniz?! Sizin hədəflər bu olmamalı idi axı! Hə, cənab məmur, onu da deyim ki, bizim millət kreativdir, SSRİ belə paralel taksi xidmətini qadağan, bu sahəyə nəzarət edə bilmirdi. İndi isə internet çağıdır, müxtəlif messenger-lər var, Siz rəsmi fəaliyyəti qadağan edəcəksiz, vətəndaşlar da heç bir rəsmi icazə almadan qohum-qonşuya, dost-tanışa zənglə, mesajla xidmət göstərəcək, o zaman nə edəcəksiniz?! Maşında sürücüdən başqa kimsə olsa, onları bir-bir saxlayıb sorğu-suala tutacaqsız?! Hətta Vasif Talıbovun zamanında Naxçıvanda belə sərt qaydalardan yan keçirdilər, özəl taksi xidməti müştəri maşına əyləşəndə 2-3 dəqiqə özü, kəndi, nəsli haqqında məlumat verirdi ki, birdən yolda saxlayıb soruşsalar “qohum”, tanış olduğunu sübut etsinlər. Siz də bu metoda keçəcəksiniz?! Bakıda 1 milyon avtomobil var, hər gün onları yoxlayacaqsınız?! Cənab məmur, insanlar kefindən taksi sürmürdü, bu iş çox ağır işdir, gündə 15-16 saat işləyirdilər, yəni, başqa qazanc, iş yerləri olsaydı, taksi sürməzdilər, indi bu 30-35 min vətəndaş nə etsin?! Siz məcbur edirsiniz ki, insanlar qanundankənar fəaliyyətə keçsinlər, bəli, məhz Siz onları bu addıma məcbur edirsiniz, yaxşı, tənzimləmələri (oxu - qadağaları) davam etdirib nəyə nail olacaqsınız? Bunu da açıqlayın, camaat işini bilsin..." - o qeyd edib.

İcra başçısı ilə bağlı qalmaqal: Şəhid anasının problemini...

Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdan şikayətçidir. Şəhid anası Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Ağstafa rayonunun Eynallı kəndində yaşayan qızı Həmayə Mustafayevanın yaşadığı ev təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşüb. Nabat Rzayevanın sözlərinə görə, qızının Birinci Qarabağ savaşının veteranı olan həyat yoldaşı dünyasını dəyişib. Bu baxımdan, onun maddi vəziyyəti çətinləşib. “Qızımın maddi vəziyyəti çətinləşdiyindən yararsız hala düşmüş evini təmir etmək imkanı yoxdur. Digər tərəfdən, təbii fəlakət nəticəsində evləri zərər çəkmiş vətəndaşlara dövlət yardım edir. Biz digər bölgələrdə bunun şahidi olmuşuq. Mən də düşündüm ki, yardım üçün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova müraciət edim. Amma müraciətimə cavab gəldi ki, imkanımız yoxdur. Mən icra hakimiyyətindən qızıma dəbdəli imarət, villa tikməyi xahiş etmirəm axı. Bir evi sadəcə yaşamaq üçün normal hala gətirmək nə böyük işdir ki?”, – şəhid anası müraciətində yazıb. Şikayətçi hesab edir ki, Ağstafa Rayon İcra Hakimiyyəti sadəcə məsələyə biganə yanaşıb: “Düşünürəm ki, imkanın olmaması barədə deyilənlər sadəcə bəhanədir. Bir daha təkrar edirəm ki, mən yeni ev tikilməsini, qızıma villa verilməsini istəmirəm. Zədələnmiş evin təmirini istəyirəm ki, bu da o qədər böyük xərc aparmaz”. Nabat Rzayeva sonda qeyd edib ki, icra hakimiyyətinin məlum cavabından sonra yuxarı instansiyalara müraciət etməyi düşünür: “Mən şəhid anasıyam. Qızımın mərhum həyat yoldaşı isə Birinci Qarabağ savaşının iştirakçısı olub. Ümid edirəm ki, ölkə rəhbərliyi Ağstafanın icra başçısı Seymur Orucovdan fərqli olaraq müraciətimə biganə qalmaqacaq”. Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.

Bakıda oğuldan ŞOK əməl: Anasını...

İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Aybəniz Məhəmməd qızı Şükürzadənin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu - 1991-ci il təvəllüdlü Kamran Etibar oğlu Şükürzadə saxlanılıb. O, polisə könüllü gəlib.

Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ

Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır: "Bu günə qədər ümumilikdə 122 min uşaq I sinfə qəbul edilib. 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir". "Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - deyə məlumatda qeyd edilib.

700 bal toplayan Şəbnəmin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Sozcu.az-ın məlumatına görə, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb. Qeyd edək ki, o, ilk cəhddə 393.9 bal toplamışdı.

Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər üç zabitin məhkəməsi davam edir. Sozcu.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda 20 cilddən çox sənəd tədqiq edilib. Cinayət işləri isə ümumilikdə 128 cilddən ibarətdir. Sənədlərdən birində yazılıb ki, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə 4 milyon manatdan çox dövlət vəsaiti təyinatı üzrə xərclənməyib. Həmin vəsait maliyyə xidmət rəhbərlərinin əli ilə mənimsənilib. Bundan əlavə, digər hərbi hissələrdə vəzifə və xüsusi rütbələr üçün ayrılan pullar da tamah niyyəti ilə mənimsənilib. Hərbi qulluqçulara ayrılan vəsaitlərin mənimsənilməsi və digər bir neçə sənədə də baxış keçirilib. Sənədlərin hamısında külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən söhbət gedir. Prosesin davamında təqsirləndirilən polkovnik Cəlal Kazımovun vəkili müvəkkili ilə istintaq vaxtı üzləşdirilən şahidlərin dediklərinin sübut kimi qəbul edilməsini istəyib. Hakimlər həmin şahidlərin məhkəmədə dindirildiyini qeyd edərək vəsatəti müzakirəyə çıxarmayıblar. Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri əmək məzuniyyətinə getdiyinə görə proses 1 aylıq təxirə salınıb. Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. İş üzrə çoxsaylı zabitlər cinayət məsuliyyətinə cəlb edilib. Nazirliyin birgə ittiham olunan Maliyyə və Büdcə idarəsinin rəisi olmuş general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin eks-maliyyə rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə rəisi işləmiş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin eks-rəisi kapitan Vüsal Əlizadə 3 ilə yaxındır həbsdədirlər.

"Növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm" - Tahir Kərimli

"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm". Sozcu.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. "Yorulmuşam, bir qədər istirahət etmək istəyirəm", - deyə Kərimli qeyd edib.  Xatırladaq ki, Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası seçkilərdə iştirak edəcək.

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

55 yaşlı Xəlifə Hüseynov Həsən oğlu Kəlbəcər rayon Ağdaban kəndində minaya düşüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Kürdə batan Səidin meyiti tapıldı - Video

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları davam etdirilir.  Bu barədə Sozcu.az-a FHN-dən bildirilib.  Hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir.