"Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu"

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, sitat: "Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”. Cənab məmur, Sizin hədəfiniz taksi sayının azaldılması olmamalı idi, hökumətin məqsədi taksi xidmətinin keyfiyyətinin artması, müştəri məmnuniyyəti, bu xidmətin əmək məhsuldarlığının ölkədə artmasına tövhəsi olmalıdır.

Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

"Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu, qiymətlər 50%-ə yaxın artdı, keyfiyyət isə aşağı düşdü - əvvəl 4-5 dəqiqəyə gələn taksi, indi 20-25 dəqiqəyə gəlir. Yaxşı, Sizin məqsədiniz nədir ki, həm işsizlik yaratdınız, həm qiyməti artırdınız, həm də xidmət keyfiyyətini aşağı çəkdiniz?! Sizin hədəflər bu olmamalı idi axı! Hə, cənab məmur, onu da deyim ki, bizim millət kreativdir, SSRİ belə paralel taksi xidmətini qadağan, bu sahəyə nəzarət edə bilmirdi. İndi isə internet çağıdır, müxtəlif messenger-lər var, Siz rəsmi fəaliyyəti qadağan edəcəksiz, vətəndaşlar da heç bir rəsmi icazə almadan qohum-qonşuya, dost-tanışa zənglə, mesajla xidmət göstərəcək, o zaman nə edəcəksiniz?! Maşında sürücüdən başqa kimsə olsa, onları bir-bir saxlayıb sorğu-suala tutacaqsız?! Hətta Vasif Talıbovun zamanında Naxçıvanda belə sərt qaydalardan yan keçirdilər, özəl taksi xidməti müştəri maşına əyləşəndə 2-3 dəqiqə özü, kəndi, nəsli haqqında məlumat verirdi ki, birdən yolda saxlayıb soruşsalar “qohum”, tanış olduğunu sübut etsinlər. Siz də bu metoda keçəcəksiniz?! Bakıda 1 milyon avtomobil var, hər gün onları yoxlayacaqsınız?! Cənab məmur, insanlar kefindən taksi sürmürdü, bu iş çox ağır işdir, gündə 15-16 saat işləyirdilər, yəni, başqa qazanc, iş yerləri olsaydı, taksi sürməzdilər, indi bu 30-35 min vətəndaş nə etsin?! Siz məcbur edirsiniz ki, insanlar qanundankənar fəaliyyətə keçsinlər, bəli, məhz Siz onları bu addıma məcbur edirsiniz, yaxşı, tənzimləmələri (oxu - qadağaları) davam etdirib nəyə nail olacaqsınız? Bunu da açıqlayın, camaat işini bilsin..." - o qeyd edib.

Share on Facebook