“Bu biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” - ETİRAZ

“Prezident Administrasiyasında sosial verilişlərlə əlaqədar söhbət oldu, tapşırıqlar verildi, nə dəyişdi? Əvvəla, heç nə dəyişmədi, dəyişməyəcək! Niyə? Çünki səviyyə budur! Həmin televiziyaların rəhbərlərinin də səviyyələri odur!”  Bu sözləri Yenisabah.az-a yazıçı-publisist Xeyrəddin Qoca deyib. Onun sözlərinə görə, telekanal rəhbərləri Prezident Administrasiyasına dəvət olunaraq verilişlərlə bağlı tənbeh olunsalar da, ciddi dəyişiklik müşahidə edilmir:  “Yenə Zaur Baxşəliyev uzun-uzadı danışır, həyat yoldaşına da əlavə bir veriliş tapşırıblar, şit, bayağı hərəkətlərlə, gülüşlərlə efir doldurur! Aparıcılar ekranları lağ-lağı yerinə çeviriblər, danışıqlarda savadsızlıq, məntiqsizlik baş alıb gedir! Sosial verilişlərin hamısı bu gündədir. Hamısı bir-birinə bənzəyir. Elə bilirsiniz, aparıcıların "Nömrə 1" adlandırdıqları həkimlər efirlərdə havayı reklam olunurlar? Ümumiyyətlə, həkimləri nə vaxtdan nömrələyiblər? Mən rayonda yaşayanda kəsim üçün verilən danaları, inəkləri, camışları nömrələyərdilər!.. Bu nömrələmək haradan çıxdı? Həmin həkimlər özləri necə razı olurlar ki, onları nömrələsinlər? Axı məşhur həkimlər özlərini "nömrə 1" hesab etmirlər...”  Yazıçı bildirib ki, telekanallar reklam üçün efirə çıxardıqları həkimlərdən xeyli pul alırlar: “Bəli, həkimlərdən televiziyalara çoxlu pul gəlir! Məlum məsələdir ki, həkimlərə daha çox pul gəlir. Həmin verilişlərə baxan "savadlı" tamaşaçılar da həmin həkimlərin kabinetlərinin qarşısında növbəyə düzülürlər! Nə olur-olsun, pul gəlsin!  Bütün sosial verilişlərin aparıcılarını bir yerə yığsanız, Türkiyənin "Şou" kanalının aparıcısı Didəm Arslan Yılmazın "Vazkeçmə" verilişinin bir süjetini belə hazırlaya bilməzlər! Didəm xanım müstəntiqlərə, prokurorlara, hakimlərə belə cinayət işlərinin açılmasında kömək edir. Yüzlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları da bütün Türkiyənin gözü qarşısında ona yardımçı olurlar. Hamı heyrət içindədir! Hanı bizdə elə aparıcılar? Bizdə sosial verilişlər əttökəndir, bayağıdır, çoxu da uydurma, boğazdan yuxarı, qeyri-səmimi danışıqlar toplusudur!  Onlar tamaşaçıları cəlb etmək, reytinq yığmaq üçün bilərəkdən-bilməyərəkdən min hoqqadan çıxmaqla tamaşaçıları efirlərdən uzaqlaşdırırlar! Artıq söhbətin, tapşırığın, yazmağın, deməyin  təsiri yoxdur, ciddi tədbirlər görülməsinin vaxtıdır! Televiziya efirləri evlənmək, ərə getmək məkanı deyil! Mavi ekranlarda savadsızlar, cahillər danışmalı deyillər! Mavi ekran bəzi qadınların baldırlarını, bədən quruluşunu nümayiş etdirmək yeri də deyil! Bir sözlə, biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” 

Bu ərazidən sel keçir

Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib. Hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.

Ərdoğan CHP-nin baş qərargahını ziyarət etdi - 18 ildən sonra

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 ildən sonra ilk dəfə Cümhuriyyət Xalq Partiyasının (CHP) baş qərargahını ziyarət edib. Sozcu.az xəbər verir ki, bu barədə "Trt Haber" məlumat yayıb. Məlumatda xatırladılıb ki, R.T.Ərdoğan CHP sədri Özgür Özellə bu il mayın 2-də Ədalət və İnkişaf Partiyasının (AKP Parti) baş qərargahında görüşüb. AK Parti lideri 18 il əvvəl baş nazir olduğu dövrdə CHP-nin ovaxtkı sədri mərhum Dəniz Baykalla görüşmək üçün oranı ziyarət etmişdi.

İbtidai sinif müəllimlərinin NƏZƏRİNƏ - Suallar açıqlandı

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb. Təhsil İnstitutundan Sozcu.az-a verilən məlumata görə, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib. İmtahanın təfərrüatları: • Müddət: 120 dəqiqə • Ümumi sual sayı: 60 Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25 Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25 Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10 İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: İbtidai sinif – Azərbaycan dili İbtidai sinif – Riyaziyyat Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Dörd yaşlı uşağı maşın vurdu

Biləsuvarda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 2020-ci il təvəllüdlü İ.Rəhmətlini avtomobil vurub. Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ucuz taksi dövrü başa çatır - Qiymətlər bu tarixdən daha da ARTACAQ

Artıq bir neçə gündür ki, Bakıda və onun ətraf yaşayış məntəqələrində əvvəlki kimi ucuz taksi tapmaq mümkün olmur. Sfera.az xəbər verir ki, buna səbəb taksi xidməti göstərən ucuz avtomobillərin sayının azalmasıdır. Bir ay öncəyə qədər taksi xidmətində çoxlu sayda 2006-2009-cu illərdə istehsal olunan, istehsal tarixindən 15 il və daha çox müddət ötən ucuz “Prius” avtomobillərindən istifadə olunurdu. Bu avtomobillərlə ən ucuz 2,5 manata, orta hesabla isə 4-5 manata səfər etmək mümkün idi. Lakin son günlərdə taksi sifarişləri qəbul edən operator şirkətlər həmin avtomobillərin bir çoxuna informasiya xidməti göstərməkdən imtina ediblər. Buna görə də ucuz avtomobillərlə taksi xidməti göstərən şəxslər sifariş qəbul edə bilmir. Ucuz taksiləri, əsasən, sərnişin sıxlığı az olan vaxtlarda tapmaq mümkündür. Bu vaxtlarda ekonom taksiləri seçməklə getmək istədiyiniz ünvana az pul ödəməklə çatmaq olur. Amma günün sərnişin sıxlığı yüksək olan vaxtlarında ekonom taksilər tapmaq müşkülə çevrilir. Həmin vaxtlarda operatorlar ya sifarişləri avtomobilin sürücüsünə yönəltmir, ya da sifariş qəbul edilsə də sərnişin taksinin gəlməsini dəqiqələrlə gözləməli olur. Bəzən gözləmə müddəti 10-15 dəqiqəyə qədər uzanır ki, bu vəziyyətdə də insanlar həm xeyli vaxt itirir, həm də əsəb gərginliyi keçirir. Mövcud vəziyyətdə operatorlar sərnişinlərə alternativ variantlar təklif edirlər. Sifariş zamanı sərnişinlərə ekonom deyil, komfort avtomobilləri seçmələri tövsiyə edilir. Bu avtomobillərlə bir gedişin qiyməti isə ekonomlarla müqayisədə ən azı 50 faiz yüksəkdir. Yəni ekonom taksilərlə 4-5 manata gedilməsi mümkün olan yolu, komfort taksilərlə 6-7 manata getmək mümkündür. Yaranan yeni vəziyyətdən belə anlaşılır ki, artıq taksi bazarında ekonom xidmətlər tədricən ləğv edilir, yalnız komfort xidmətlər qalıb. Bu isə o deməkdir ki, əvvəlki kimi ucuz taksi xidmətləri tədricən azalır. Bəs ucuz taksilərin olmaması nə ilə nəticələnəcək? 2024-cü ilin iyulun 1-dən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” qüvvəyə minəcək. Yeni qaydalara əsasən, istehsal tarixindən 15 il keçən avtomobillərlə taksi xidməti göstərmək mümkün olmayacaq. Buna görə də taksi xidməti göstərmək istəyən fiziki və ya hüquqi şəxslər ən azı 2009-cu ilin istehsalı olan avtomobillərdən istifadə etməlidir. Gələn il ən azı 2010-cu ilin, 2026-cı ildə 2011-ci ilin avtomobilləri ilə xidmət gəstərmək tələb olunacaq. Əgər iyulun 1-dən sonra taksi xidməti üçün avtomobil idxal ediləcəksə, o halda avtomobillərin istehsal tarixindən maksimum 8 il ötməlidir. Yəni avtomobillərin istehsal tarixi ən azı 2016-cı il olmalıdır. Bu tələblər fiziki və hüquqi şəxslərdən komfort avtomobillərlə xidmət göstərməyi tələb edir. Avtomobillər komfort olduğundan təbii ki, qiymətlər də buna uyğun olmalıdır. Başqa sözlə, iyulun 1-dən əvvəlki kimi aşağı qiymətə taksi xidməti olmayacaq. Həmin tarixdən indiki komfort taksilər ekonom taksilərin yerini tutacaq. Qiymətlərə təsir edən əsas amillərdən biri də taksi sayı olacaq. Müvafiq qurumlar Bakıda taksi xidməti göstərən avtomobillərin sayını 20 min ədədlə məhdudlaşdırmaq istəyir. Bir ay əvvəl Bakıda 60 min avtomobilin taksi xidməti göstərdiyini nəzərə alsaq, belə aydın olur ki, bir aydan sonra paytaxtda taksi sayı ən azı 3 dəfə azalacaq. Taksi sayının azalması isə taksi xidmətlərinin bahalaşması ilə nəticələnəcək. Beləliklə, Bakıda ucuz taksi dövrü tədricən sona yaxınlaşır. Bir aydan sonra taksidən istifadə etmək şəxslər ən azı 4-5 manat ödəməklə səfər edə biləcək.

Nəşi tapılan hərbçimizin atası: “Adını daşıdığı əmisi də şəhid olub”

“Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib, evə gələcəkdi”. Sozcu.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən və bu gün nəşi tapılan hərbçimizin atası Tofiq Hüseynov deyib. O, oğlunun ali təhsilli olduğunu bildirib: “Ceyhun 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdu. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi. Hərbiyə də könüllü olaraq getdi”. Tofiq Hüseynov qardaşının da şəhid olduğunu deyib: “Ceyhun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub. Oğlum dəfələrlə beynəlxalq müsabiqələrdə qızıl, gümüş medallar əldə edib. Hətta zamanında Ceyhunla bağlı AZTV, ATV telekanalı da veriliş hazırlamışdı . O görüntülər indi də bizdədir. Çox təəssüf edirəm”. Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında tapılıb. Onun Ordubad rayonunda dəfn olunacağı bildirilib.

Ətin qiyməti ilə bağlı bədbin proqnoz: Bahalaşması qaçılmazdır!

“Yaxın vaxtlarda ətin qiymətində kəskin artım müşahidə olunacaq”.  Bu sözləri “Yeni Sabah”a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ətin qiymətindəki artım gözləniləndir:  “Çünki bir çox örüş sahələri fermerlərin əlindən alınıb. Demək olar ki, 52-54 aqropark yaradlıb və hamısı da bələdiyyələrin əlindədir. Kəndlilərin əlindən alınaraq, onlara verilib. Hazırda kəndlinin heyvan otarmaq üçün heç bir şansı yoxdur. Bu gün nəinki qurban kəsməyə heyvan tapmaq və münasib qiymətə ət almaq mümkündür, hətta kənddə yaşayanların da heyvanı yoxdur. Örüş sahələrinin azalması öz nəticəsini göstərir və bu nəticələr heç də kiçik statistika deyil. Təkcə keçən ilin hesablamalarına görə, 700 mindən çox xırdabuynuzlu, 125 min baş iribuynuzlu heyvan sayında azalma var idi. Azərbaycana əsasən, Rusiya və Gürcüstandan diri heyvanlar gətirilir. Artıq keçən aydan etibarən isə, Rusiyadan gətirilən heyvanların idxalına bu canlılarda xəstəlik aşkar olunduğu üçün məhdudiyyət qoyulub. Ehtimal var ki, bu məhdudiyyət Gürcüstan idxal olunan heyvanlara da bu tətbiq olunacaq”.  Ekspert bildirib ki, fermer samanın bir bağlamasını 5 manata, yemin kilosunu isə 60-70 qəpiyə aldığı təqdirdə, ucuz qiymətə ət satmaq mümkün deyil:  “Kənd təsərrüfatı yarmarkaları təşkil olunur və kəndlinin məhsulu ucuz qiymətə satışa çıxarılır. Lakin indiyə kimi heç vaxt illərə görə kənd təsərrüfatı məhsullarının maya dəyəri hesablanaraq, elan olunmur. Əslində, satış bu hesablamaya əsasən aparılmalıdır. Bu kimi səbəblərdən dolayı, kənd təsərrüfatı getdikcə tənəzzülə uğrayır. Baxmayaraq ki, dövlət ciddi dəstək verir, subsidiyalar ödənilir, vergidən azad olunub. Bütün bunlara rəğmən dəyər zənciri düzgün formalaşmadığı üçün məsələ daha ağır vəziyyət alacaq.  Örüş sahələrini məhv edib, yerində taxıl, qarğıdalı, buğda əkildiyi üçün heyvandarlığa ciddi ziyan dəyib. Artıq mayasından aşağı qiymətə ət almaq dövrü bitib. Qiymətlərin daha da bahalaşması qaçılmazdır. Azərbaycan vətəndaşı daha baha ət almağa hazır olsun. Xaricdən dondurulmuş ətlər gətirilir və həmin səbəbdən hazırkı qiymətlər qüvvədədir. Ancaq ümidimiz təkcə daxili imkanlara qalsa, gələcəkdə dəhşətli qiymət artımı ilə üz-üzə olacağıq”. 

İtkin düşən əsgərimizin nəşi tapıldı - Son dəqiqə

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bayram namazı bu tarixdə qılınacaq

Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub. Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək: "Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər".

Azərbaycanda III kurs tələbəsi vəfat etdi

Azərbaycanda tələbə vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə onun təhsil aldığı Azərbaycan Texnologiya Universitetinin sosial şəbəkə hesabında məlumat verilib.  Qeyd olunub ki, universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev dünyasını dəyişib. 

Obrayen İrəvandadır: Mirzoyanla görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayenlə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Mirzoyanla görüşdən sonra Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun görüşü baş tutacaq.

"Azəriqaz" İB-nin Ağsu Rayon Şöbəsinin Işçiləri kütləvi şəkildə işlərindən azad olunurlar

Ölkədə işsizliyin artmasına rəvac verən hansı qurumdur? Məqsəd? Müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. Aldığımız məlumatda yazılıb ki: -Azəriqaz İB Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu xidmət sahəsində çalışan (ictimai işlər üzrə) işçiləri kütləvi şəkildə işlərindən azad olunurlar. Həmin işçilər fəhlə köməkçisi işləyirdilər. 2016 cı ildə işə daxil olan işçiləri çıxarıblar. Heç bir səbəb göstərmədən işçilərlə bağlanmış Əmək Müqaviləsinin müddəti  artırılmayıb. İşçilərlə müqavilə 1 aydan bir bağlanırdı. Əmək müqaviləsi hər ay  avtomatik yenilənirmiş. Məndə olan məlumata görə 20- yə yaxın işçi, işindən azad olunub. Hal hazırda rəsmi olaraq 14 nəfər çıxarılıb. İşdən azad olunanlar arasında şəhid ailələri də var. Bu say 110 nəfərə kimi artacaq.   Siyahi Dost Mərkəzindən göndərilib və bu hər ay davam edəcək.  Sonda: sözün ,insafın ,ədalətin və qanunun bitdiyi yer. Mirvari Qəhrəmanlı, Hüquq müdafiəçisi "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri

Dayı bacısı oğlunu ağacla döyüb öldürdü

Ağcabədi rayonunda qətl hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, rayonun Pərioğullar kəndinin ərazisində yerləşən fermada çoban işləyən İmişli rayon sakini 1985-ci il təvəllüdlü Natiq Babayev bacısı oğlu 2017-ci il təvəllüdlü Anar Əhmədovu ağacla döyərək öldürüb. N.Babayev polislər tərəfindən saxlanılıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Bakıda kişi sirkə turşusu içib özünü öldürdü

Bakıda intihar hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. 48 yaşlı R. Səfərov yaşadığı evdə sirkə turşusu içib. O, dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

"Ukrayna Putini cavabsız olaraq alçaldır..." – "The Telegraph"

Kreml diktatoru Vladimir Putin zəifliyini nümayiş etdirdi... Ukrayna Rusiya tərəfindən yaradılmış və guya ciddi nəticələrə səbəb olmalı olan “qırmızı xətləri” pozmaqda davam edir. Lakin reallıq bunun əksini göstərir: Ukraynanın hərəkətləri Rusiya Federasiyasının ciddi qisas almasına səbəb olmur ki, bu da Kreml diktatoru Vladimir Putinin və onun hakimiyyətinin qətiyyətini şübhə altına alır. Sozcu.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazır. Ukrayna bu yaxınlarda Rusiya ərazisindəki hədəflərə, o cümlədən Rusiyanın ən yeni SU-57 qırıcısının məhv edildiyi Həştərxan vilayətindəki Axtyubinsk aerodromuna zərbələr endirmək üçün Amerika silahlarından istifadə edib. Bu hadisə “qırmızı xəttin” pozulmasının bariz nümunəsi oldu və Rusiya Federasiyasının öz ərazisində belə strateji obyektlərini effektiv müdafiə edə bilmədiyini nümayiş etdirdi. Kreml bundan əvvəl Rusiya hədəflərinə qarşı Amerika silahlarından istənilən istifadənin ciddi nəticələr verəcəyini bildirsə də, Rusiya tərəfinin faktiki hərəkətləri inandırıcı deyil. Bu, Putinin ölkə daxilində və beynəlxalq arenada nüfuzunu sarsıdır ki, bu da Rusiya Federasiyasının hazırkı münaqişədə zəifliyini bir daha vurğulayır. Ekspertlər qeyd edirlər ki, Ukraynanın taktiki uğurları və Rusiyanın çağırışlara adekvat cavab verə bilməməsi Moskvanın mövqeyinin əhəmiyyətli dərəcədə zəiflədiyini və Kremlə beynəlxalq təzyiqi artırdığını göstərir.moderator)

“Yenə nağıl istəyirəm”

İyun ayının 8-də Moskvada gözəl həkim və  şairə-tərcüməçi, Rusiya, Azərbaycan və Avrasiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin katibi Afaq Şıxlının rus dilinə tərcümə etdiyi, S. Rəhimlinin “Мне вновь хочется сказки” adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Moskva və Moskva vilayətini üzrə fəaliyyət göstərən diaspora təşkilatlarının sədrləri və nümayəndələri, o cümlədən AYB Moskva bölməsinin üzvləri,  Banu Azərbaycan İctimai birliyinin qadın kollektivi iştirak etdi.  O qədər yadda qalan və rəngarəng bir gün oldu ki, hətta dünənki günü qürbətin soyuğundan buz kəsmiş ürəklərimizi,  içində vətən sevgisindən parlayan bir günəşin hərarərinə əritdik desəm, əsla yanılmaram.   “Yenə nağıl istəyirəm”  Özü nağıl istəyən səbəbkar, hər birimizi xoş xatirələrlə dolu qayğısız uşaqlıq illərinə qədər aparıb gətirdi. Hər birimizin yaddaşında sehirli izlər buraxan şirin nağılların taleyimizlə bağlılığından söhbət açıldı.  Uşaq dünyamızın sevimli anası, mərhum Ə.Cəfərzadənin və sözün qüdrətindən qala hörmüş bir çox klassiklərimizin ruhu yad edildi. Poeziyanın qələm əhlinə bəxş etdiyi gücün nələrə qadir ola biləcəyindən və sözün qılıncdan iti bir qüdrəti olduğundan bəhs edildi. Şifahi xalq ədəbiyyatımızın  yüksək pilləsi sayılan folklorlorumuzun, Burla xatun analarımızın, nənələrimizin bizə bəxş etdiyi şirin nağıllar və laylalar sayəsində  insanlığın, kamilliyin maddiyyat deyil, mənəviyyat olduğunu kitabın tərcüməçisi, redaktoru və ön sözün müəllifi – sevimli şairəmiz  Afaq xanım sayəsində bir daha əyani olaraq görmüş olduq. Öz nəvəsinin şirinliyindən dadmış kimi sevincini və həyacanını o xatun simasında görməmək mümkün deyildi. Elimizin gözəl məsəllərindən birində deyildiyi kimi:  “nəvə baladan şirin olur”. Bu bir mənəviyyat göstərici idi və bunu hazırki zamanda göstərə bilən xatunumuz –  Afaq xanıma da bu mənəviyyata sahib bir Azərbaycan qadını adına öz təşəkkürümü bildirirəm.  Afaq xanım çıxışında da sadəcə rus dilinə deyil, başqa dillərə də tərcümə olunmağımızın vacibliyindən, tərcümənin bir xalqın inkişafındakı rolundan söhbət açdı. Bizə miras qalan bu gözəl və mübariz ənənəmizin başqa dillərə tərcüməsinin vacibliyini vurğulayaraq, böyük mədəniyyətimizin göstəricisi rolunu xüsusi bir məharətlə dilə gətirdi.  Hər kəs öz nağılını yazır. Boşuna deməyiblər:  “insanın qədəri öz əlindədir”.  Hamılıqla Səidə xanıma: Allah öz qüdrətindən ən gözəl pay versin, deyirik. Çünki onun yolu haqq yoludur. Bizlər – tarix boyu başı bəlalar çəkmiş odlar diyarının qəlbi Kür, Araz kimi coşğun törəmələriyik!  Tomrislərin, Burla xatunlarımızın davamçılarıyıq.  Səidənin şeirlərində tarixi gerçəkliyi, kimliyimizi, dilimizin, mədəniyyətimizin zənginliyini görür və duyuruq. Bir qadının gözəlliyi onun simasında deyil, eşqə və ulu köklərinə olan dərin düşüncələrində, içində bəslədiyi sevgiyə olan dönməz sədaqətindədir!   Bizim qaynaqlandığımız Azərbaycan qadınına xas ən böyük xüsusiyyətdir – körpəsini nağıl dolu laylalarla bəsləmək. Məhz laylayla! Radikalizmin zəhərli hüceyrələriylə övladının körpə beynini zəhərləyib, onu insanlıqdan qoparan ağıyla-şüvənlə deyil! Bu baxımdan, ürəyini şam edən iki işıqlı insanın qəlbinin közündən daha böyük ocaqların yanması diləyilə,  S.Rəhimlinin nağıl dünyasına rəng qatan hər kəsə ayrı ayrılıqda çox sağ ol, deyirəm!  Arzu edirəm ki, onun nağıl dünyasından bəhrələnən   gül balalar insanlığa, torpağa, kainata sevgi və məhəbbətlə böyüsünlər. Bizə gözəl anıları yaşadan hər iki səbəbkara kitabın anası, Səidə xanıma və ana nənəsi Afaq xanıma minnətdarlığımızı bildirir və daha böyük yaradıcılıq uğurları arzulayırıq. Onlarla bərabər, qarşıda yeni imza atacaqları kitabların işığına yığılmağı diləyirik.  Sonda tədbirin təşkil olunmasında, başda Moskva şəhəri Qərb bölməsi azərbaycanlılarının Milli Mədəni Muxtariyyatının sədri Əli Kazımov olmaqla, əməyi keçən hər kəsə minnətdarlğımızı bildiririk!

Şəhid sərhədçilərin vida mərasimi keçirildi

İyunun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtər rayonunda, əsgər Əli Elşən oğlu Nağıyev ilə Gəncə şəhərində vida mərasimi keçirilib. DSX-nin mətbuat mərkəzindən Sozcu.az-a verilən məlumata görə, vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, DSX-nın rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb. Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub. Sonda məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Yevlaxda 24 yaşlı gənci öldürən şəxs saxlanıldı

İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Hikmət Hacıyev Cevdet Yılmazla görüşdü

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında bildirib. “Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, - C. Yılmaz qeyd edib. Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

Radikal sağ Avropa Parlamentində və Avropa Komissiyası rəhbərliyinin formalaşdırılmasında yenə söz sahibi ola bilməyəcək

Avropa Parlamentinə seçkilərlə əlaqədar dünən axşamdan bəri hay-küy var, amma yekun nəticəyə baxanda ciddi dəyişiklik olmadığını görürük.  Sağ mərkəz və sol mərkəzdən ibarət 2 ana blok – Avropa Xalq Partiyası (EPP) ilə Sosialist və Demokratların Proqressiv Alyansı (S&D) öz gücünü qoruyur. Hətta EPP alman xristian-demokratların qələbəsi sayəsində yerlərinin sayını artırıb. Yəni radikal sağ Avropa Parlamentində və Avropa Komissiyası rəhbərliyinin formalaşdırılmasında yenə söz sahibi ola bilməyəcək.  Doğrudur, milli səviyyələrdə ifrat sağın yüksəlişi var, xüsusən Fransada Milli Birlik (keçmiş Milli Cəbhə) Partiyasının qələbəsini (31,5%) ayrıca qeyd etmək lazımdır. Lakin bu, dəhşətli bir sürpriz deyil, çünki Milli Cəbhə hələ 10 il əvvəl Fransada Avropa Parlamentinə seçkilərin qalibi olmuşdu. Partiyanın lideri Marin Le Pen sonuncu (2022) prezident seçkilərində 41,5% kimi çox yüksək səs almışdı Bir az da keçmişə getsək, xanım Le Penin atası və partiyanın qurucusu Jan Mari Le Pen 2002-ci prezident seçkilərində 2-ci tura çıxmışdı. Milli Cəbhə Fransa siyasətində 70-ci illərdən bəri mövcud olan realitedir və seçkidən seçkiyə bəzən səs artırır, bəzən yerində sayır. Onun ənənəvi dəyərlərin, milli identikliyin, fransız mədəniyyətinin qorunmasına, milli suverenlik, antiqlobalizasiya və avroskeptisizmə əsaslanan proqramı və islamofobik fikirləri Fransa toplumunda hər zaman özünə dəstək tapıb.  Son prezident seçkilərindən sonra M.Le Pen sədrliyi 27 yaşlı (indi 29) Jordan Bardellaya ötürdü və o vaxtdan partiyanın siyasətində müəyyən korrektələr gözə çarpır. Məsələn, vaxtilə Rusiya bankından kredit almış və Putinə simpatiyasını gizlətməyən Le Pen Ukraynada müharibə başladıqdan sonra Rusiyanı birmənalı qınadı. Ötən həftə Zelenski Fransa parlamentində çıxış edərkən onu ayaqda alqışlayanlar arasında Le Pen də var idi. Atası əlcəzairli, anası italyan olan fransız millətçisi mösyö Jordan Bardella Ukraynaya hərbi yardımın əleyhinə olmadıqlarını deyir, sadəcə, onun fikrincə, bu siyasəti ehtiyatla aparmaq lazımdır ki, Fransa nüvə dövləti Rusiya ilə üz-üzə gəlməsin. Bütün bunlar Milli Birliyin müəssəs-nizamla mümkün qədər uyum içərisində çalışmaq niyyətindən xəbər verir.  Şübhəsiz ki, son illər kəskinləşən illeqal miqrasiya məsələsi və onun yaratdığı çeşidli problemlər (o cümlədən asayiş və təhlükəsizliklə bağlı) Fransa başda olmaqla, qitə Avropasında bəzi əhali təbəqələrinin millətçi-mühafizəkar qüvvələrə yönəlməsini şərtləndirən başlıca faktordur. Almaniya da bu baxımdan istisna deyil. Orada radikal sağçı AfD (Almaniya üçün Alternativ) 16%-lə ikinci oldu. Bu partiyanın yüksəlişinin yeganə səbəbi miqrant problemi deyil. AfD-nin əsas elektoral bazası şərq torpaqlarıdır, yəni keçmiş ADR coğrafiyası. Birləşmədən sonrakı dövrdə ölkənin şərqi ilə qərbi arasındakı sosial-iqtisadi inkişaf fərqləri hələ tam aradan qaldırılmayıb. İki fərqli sistemdə uzun müddət yaşadıqları üçün insanlar arasında mentalitet fərqi də var - şərq liberal dəyərlərə daha məsafəlidir. Bu sosial-iqtisadi və mental disbalans qeyri-sistem partiyalarını böyüdən amillərdən biridir. Amma AfD-nin aldığı nəticəni də tükürpədici sensasiya kimi təqdim etməyə ehtiyac yoxdur. Bir neçə ay əvvəlki sorğularda bu partiya hətta 22%-ə yüksəlmişdi, sonda 16%-lə kifayətləndi.  Onu da qeyd etmək lazımdır ki, Şröderin 5 illik, Merkelin 17 illik idarəçiliyi nəticəsində “Deutschland”dən “Gazpromland”ə çevrilmiş ölkə ötən 2 ildə radikal dönüş yaşadı (Zeitenwende) və Rusiyadan enerji asılılığına son qoymaq istiqamətində siyasət apardı. Uzun illər ucuz rus qazından faydalanan alman sənayesi və ev təsərrüfatları bu “iynə”dən vaz keçilməsinin fəsadlarını yaşadı. Qiymət artımları və inflyasiya baş verdi, bu da əhalinin narazılığını artırdı. Nəticədə qırmızı-sarı-yaşıl koalisiyanın səsləri azaldı.     Son olaraq, Macarıstanda Viktor Orbanın partiyası “Fidesz”in ötən seçkilərlə müqayisədə 9% səs itirməsi də diqqətəlayiq nəticələrdən biridir. Belə görünür ki, Orbanın və partiyasının qarşısına nəhayət ki, ciddi rəqib çıxmaqdadır. Daha əvvəl “Fidesz”in üzvü olmuş və müxtəlif vəzifələrdə çalışmış, həyat yoldaşı isə ədliyyə naziri olmuş 43 yaşlı Peter Madyar son aylar ölkədə sürətlə populyarlıq qazanıb. Onun faktiki lideri olduğu “Tisza” Partiyası dünən 30% səs aldı. P.Madyar Orban hökumətini sərt tənqid edir və Avropa Birliyi ilə münasibətlərin təkrar istiləşməsinə tərəfdardır. Şahin Cəfərli, politoloq

HADİSƏBakıda 10 yaşlı uşaq faciəli şəkildə öldü - FOTO

Bakıda azyaşlı oğlan faciəli şəkildə ölüb. Sozcu.az Publika.az-istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. 157 saylı orta məktəbin 3-cü sinif şagirdi Tuncay Nurlan oğlu Məmmədzadə 7-ci mərtəbədən, yaşadığı evin pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Azərbaycanda azyaşlı çipsdən zəhərlənərək ölüb? - YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) azyaşlının ölümü ilə bağlı məlumat yayıb. Sozcu.az xəbər verir ki, birgə məlumatda deyilir: Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır. İlkin araşdırma zamanı məlum olub ki, hadisə 08.06.2024-cü il tarixində baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub. 09.06.2024-cü il tarixində saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, 09.06.2024-cü il tarixində saat 03:40 radələrində T.Cavadzadə vəfat edib. Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb. Baş verən hadisə ilə bağlı ailəyə, azyaşlının yaxınlarına başsağlığı veririk. *** 12:07 Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, hadisə Qobustanda baş verib. Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur. Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq. AQTA-dan "oxu.az"a araşdırma başladıldığı bildirilib: "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Anasının evini, bacısının maşınını yandırdı

Abşeron rayonunda oğul anasının evini yandırıb.  Sozcu.az Trend-ə istinadən xəbər verir ki, iyunun 9-u gecə saatlarında baş verib.  Belə ki, 1969-cu il təvəllüdlü Azər Tağıyev Masazırda anasının yaşadığı evi yandırıb.  O, daha sonra Xırdalan şəhərinə gedərək, bacısının idarə etdiyi “İnfiniti” markalı avtomobili də yandırıb. Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.  Hər iki yanğın hadisəsini törətmiş A.Tağıyev polis tərəfindən saxlanılıb.  Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.