“Qiymətlərin bahalaşmasına səbəb tikinti şirkətləri olub. Əgər mənzil tikintisi əvvəlki qaydada qalsa, qiymətlər qalxacaq. “Böyük Qayıdış” prosesi daşınmaz əmlak bazarına ciddi təsir etməyəcək”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov söyləyib. O, “Böyük Qayıdış”la bağlı verilən proqnozlardan söz açıb:
“Əslində bu kimi fikirlər səsləndirilir. Dövlət ehtiyacları üçün inşa olunan mənzillərin bir qisminin bazara çıxarılması səbəbindən daşınmaz əmlak qiymətlərinin aşağı düşməsi barədə proqnozlar var. Lakin bunlar əsassızdır. İlk olaraq, belə layihələr şəhərin əlverişsiz yerində, dövlət əhəmiyyətli sifariş olduğu üçün ucqar yerlərdə inşa olunub və onlara tələbat çox azdır. İkinci məsələ isə bundan ibarətdir ki, dövlət sifarişli olduğu üçün tenderlərə daxil olan şirkətlər bu mənzillərin təmirin həyata keçirir. Bu təmir oxşar tikinti şirkətlərinin, yəni kommersiya layihələrinin gördüyü işlərlə bir deyil, zəifdir. Qiymətləndirmə isə müstəqil ekspertlər tərəfindən aparılıb və burada bazarın orta qiyməti əsas götürülərək təyin olunub”. SEO Xidməti
Ekspert onu da əlavə edib ki, bu siyahıya daxil olan əmlaklar kütləvi coğrafi mövqedə yerləşir:
“Ticarət və yol infranstrukturu çox zəifdir. Məktəb, bağça, iaşə obyektləri sözügedən evlərin yerləşdiyi ərazidən olduqca uzaq məsafədədir. Faktiki olaraq, onların qiyməti də yüksəkdir. Bu kimi səbəblər həmin mənzillərə olan tələbi azaldır. Bir coğrafi nöqtədə yerləşməsi yalnız bu tip əmlakların satışına qismən təsir edə bilər. Amma ümumilikdə bu prosesin mənzil bazarına heç bir təsiri yoxdur və ola da bilməz”.