Məktəbin həyətində 18 yaşlı gənci “tok” vurub öldürdü

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.  Sozcu.az "Report"a istinadən məlumat verir ki, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.  Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.  Faktla bağlı araşdırma aparılır. 

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı – Sirlər açıldı

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı gözətçi ilk dəfə canlı yayıma çıxaraq məsələnin detallarını açıqlayıb.  Sozcu.az xəbər verir ki, Müsavat TV-nin canlı yayımında qonaq olan mühafizəçi Nurəddin Cəlilov günlərdir müzakirə mövzusuna çevrilmiş məsələnin təfərrüatları barədə danışıb:  “Çox adam deyir ki, mən səbrli olmalı idim. Videodan da görünür ki, mən 2 dəfə oradan qaçmağa çalışmışam. Hətta ondan uzaqlaşıb gedib xəstəxananın içinə girmişəm. Bunlar hamısı çəkilişdə var. Klinikamızda 350-400 nəfər adam işləyir, gedib onlardan maraqlana bilərsiniz ki, Nurəddin necə insandır. Bu günə qədər kiminləsə dava etməmişəm, kimisə vurmamışam. Düzdür, bəzən klinikanın qarşısında avtomobili saxlayıb yolu kəsən taksi sürücüləri ilə mübahisəmiz olub, amma bu, sözlü mübahisədən o tərəfə keçməyib. Mübahisə olub, bir-birimizi başa düşmüşük, amma dava olmayıb.  Mən Ağadadaş Ağayevin əlini tutmaq üçün ona yaxınlaşdım ki, kiməsə zərər verməsin. Ona yaxınlaşdıqca yumruqla məni vururdu, deyirdi ki, gəlmə, baltanın biri də var. Mən də düşündüm ki, bəlkə üstündə bıçaq olar.  Videoda da görünür ki, əlini arxaya atır. Düşündüm ki, baltanı atan adamda bıçaq da ola bilər, bıçaqla camaata hücum edər. Axı klinikanın içində işçilər var, mən həmin situasiyada mühafizəsindən məsuliyyət daşıdığım klinikanı qoyub qaçmalı idim?! Onda niyə mühafizəçiyəm? Mənə deyirdi ki, burada dayanma, sən çıxıb getməlisən. Ağadadaş Ağayevin özünü bu qədər təmizə çıxartmağı düzgün deyil.   56 yaşım var, ailəliyəm. 24-25 yaşlarında iki qızım var, ailəm də bu məsələyə görə məni qınadı ki, gərək belə etməyəydin”. 

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edildi

Müdafiə Nazirliyinin (MN) Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs edilib.  Sozcu.az xəbər verir ki, məlumatı Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib.  Bildirilir ki, Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.  Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyev sədrliyi ilə keçirilən istintaq orqanın təqdimatı təmin edilib və Rəhim Laçınov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  "Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - açıqlamada deyilir.  Qeyd edək ki, Rəhim Laçınovun həbs olunması barədə ilk xəbəri "bizim.media" saytı yayıb. 

Rolunu başqa aktrisaya verdilər, serialdan imtina etdi

Türkiyəli aktrisa Devrim Özkan "Deha" serialında rol almaqdan imtina edib. Sozcu.az xəbər verir ki, əvvəl baş rolu canlandıracağı deyilən aktrisaya daha sonra başqa obraz təklif olunub. Layihədə onun yerinə aktrisa Ahsen Eroğlu aktyor Aras Bulut İynemlinin tərəf müqabili olub. Bundan sonra Devrim ekran işindən ayrılıb. 

Təbriz bazarında tarixi abidə məhv olur

Təbrizin üstüörtülü bazarında yerləşən tarixi "Mirzə Mehdi" hamamı baxımsızlıq ucbatından tamamilə dağılmaq üzrədir. Bu barədə "mədəni fəallar məlumat yayıb. Bildirilib ki, Bu, Mədəni İrs Təşkilatının tarixi abidənin bərpasına vəsait ayırmaması ilə bağlıdır. Divar və sütunlarında nadir rəsm əsərlərinin olduğu abidə Qacarlar dövründə inşa edilib. Qeyd edək ki, Şərqi Azərbaycanda bu günə kimi tanınan və qeydə alınan tarixi abidələrin sayı 1800-dən çoxdur. Əyalət bu sahədə İranda ən çox tarixi abidəyə malik olan 5 əyalət arasında yer alır. Təbrizdə 600-dən çox tarixi tikili, abidə və evin mövcud olmasına baxmayaraq, onlardan bir çoxu dağıdılıb, baxımsız qalıb və ya dağılmaq üzrədir. Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.GünazTV

"Traxtur"un loqosu dəyişdirilir

Təbrizin "Traxtur" Futbol Klubunun loqosunun yenidən dəyişdirilməsi qərara alınıb. Bu barədə "Traxtur" klubunun media hesabıbda məlumat yayılıb. Hazırkı loqoda "Traxtur"un təsis edildiyi 1970-ci il tarixi və Traktor fotosunun olmayacağı bildirilib. Son 4 il ərzində ikinci loqo dəyişikliyi "Traxktur" azarkeşləri tərəfindən etirazla qarşılanıb. İdman mütəxəssisləri də klubun təsis tarixinin ləğv edilməsi və yeni loqonun sadəcə bir rəngdən ibarət olmasını qüsur kimi qiymətləndiriblər.

16 milyonluq mənimsəmə – Ramin İsayevin məhkəməsi başladı

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə başlayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb. Qapalı keçirilən prosesdə anket məlumatları yoxlanılıb. Prosesdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Məhkəmə vəsatəti təmin etməyib. İş üzrə baxış iclası avqustun 2-nə təyin edilib. Qeyd edək ki, Ramin İsayev 16 milyonluq mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri üzrə ittiham verilib. R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirililib ki, bununla bağlı Xidmət tərəfindən sarı xəbərdarlıq verilib. "Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək", - deyə məlumatda qeyd edilib.

Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

İyulun 30-31-də, avqustun 1-də əsasən dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda suluğun artacağı ehtimalı var.

Kəlbəcərdə əsgər özünü öldürdü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ərşad Maarif oğlu Qəhrəmanovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Münaqişə səhifəsini bağlamaq istəyirik - Mirzoyan

Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir. Sozcu.az xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Nikosiyada keçirdiyi brifinqdə deyib. "Cənubi Qafqaz mühüm kəsişmədə yerləşir və iqtisadi inkişaf, rifah üçün ciddi perspektivlər var. Onlardan da istifadə etmək lazımdır", - nazir bildirib.

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Azərbaycanda məhkum həbsdə ölüb. Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İlqar Ağa oğlu Məmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

“3 nömrəli poliklinikadan şəkər dərmanlarımı ala bilmirəm, deyirlər ki, TƏBİB belə göstəriş verib” - ŞİKAYƏT

“3 nömrəli poliklinikadan 3 həftədir şəkər dərmanlarımı ala bilmirəm. Səbəb olaraq isə bunu deyirlər ki, 6 aydan bir gəlib həkim yoxlanışından keçməlisiniz. TƏBİB hər adama 10 min sığorta pulu verib. İndi bunları silmək lazımdır axı! Bütün şəkər xəstələrini 6 aydan bir məcburi şəkildə həkimdən keçirirlər ki, sığortanın pulları silinsin. Yoxlanışdan keçməyənlərə şəkər dərmanlarını vermirlər” Bunu Moderator.az-a açıqlamasında şikayətçi Raifə Səfərova deyib. O daha sonra poliklinikada növbə sisteminin olmamasından gileylənib. “3 həftədən sonra vaxt edib poliklinikaya getdim. 2 həkimdən keçdim. 3-cü həkim kardioloq Balakişi Quliyev orada canlı növbə yaradıb. Halbuki resepşında bizə növbə verilir. Mən 4-cü adam ola-ola, adını çəkdiyim həkim 12-ci, 8-ci adamı qəbul edir. Məni saxladır, gözlədir. Sonda əsəblərim dözmədi. Baş həkimin yanına qalxdım. Baş həkim yerində deyildi, onu müavini Füzuli Xəlilov əvəz edirdi. Vəziyyəti ona izah etmişəm. Mən şəkər xəstəsiyəmsə, dövlət bu dərmanları bizim üçün ayırıbsa, biz niyə gəlib onları vaxtlı-vaxtında götürə bilmirik?! Hələ də şəkər dərmanımı almamışam. Bir söz deyən kimi də deyirlər ki, TƏBİB bizə belə göstəriş verib. TƏBİB göstəriş verib ki, şəkər xəstələrini incidəsiniz?! Əgər mənim şikayətim varsa onsuz da həkimə gedəcəm. Yoxdursa mən niyə boş-boşuna həkimə getməliyəm ki? 6 aydan bir bu nə oyundur çıxarırsız? Niyə mənim sığortam boş-boşuna xərclənməlidir?!” deyə şikayətçi iddia edib. Problemlə bağlı adıçəkilən poliklinika ilə əlaqə saxladıq. Poliklinikadan “Rəhbərlik hazırda iş yerində deyil, çölə çıxıb. Siz nömrə verin əlaqə saxlayacağıq. Yaxud da yarım saat sonra özünüz zəng edərək rəhbərliklə danışın. Mən sizə kömək edə bilməyəcəm. Şikayətlərin olması əlbəttə ki, normaldır” deyildi. Yarım saat sonra, hətta bir gün sonra zəng edib problemə aydınlıq gətirmək istəsək də cəhdlərimiz boşa çıxdı. Poliklinikanın və adıçəkilən həkimin mövqeyini dərc etməyə hazırıq.

“Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”

“İşim-gücü şeir yazmaqdır. İlham pərisi gələndə yazıram, gəlməyəndə otururam evdə, oluram adi vətəndaş. Mən şeir yazanda şair oluram (gülür). İlham pərisi iştah kimi bir şeydir, bilmirsən nə vaxt gəlir? Gecə gəlir, gündüz gəlir.. Kefi istəyəndə gəlir. Şeir yazmayanda kitab oxuyuram, nəvələrlə gün keçirirəm, dostlarımla görüşürəm. Dost elə bir məvhumdur ki.. İllərlə onlarla görüşməsən də bilirsən ki, sən onlarla dostsan. Mənim dostluqda və düşmənçilikdə problemim yoxdur” Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib. O daha sonra əlavə edib. “Hər verilişə getmirəm. Tok-şoulardan xoşum gəlmir. Çünki orada gedib təlxəklik etməlisən. Bu mənlik deyil. Efirlər bərbad vəziyyətdədir. Ciddi 1-2 kanal var. Efirləri döndəriblər hərəmxanaya.. Adam getmək istəmir. Bütün telekanalların sanki vəzifəsi Azərbaycan ziyalısının və vətəndaşının səviyyəsini aşağı endirməkdir. Onlar mədəniyyəti yaymağın yerinə, mədəniyyətsizliyi yayırlar. Bu çox təəssüf doğuran bir məsələdir. Mənə elə gəlir ki, tək Vahid Əziz yox, Azərbaycanın bütün ziyalıları bunu deməlidir. Mən də deyirəm, Baba Vəziroğlu da deyir, Ramiz Rövşən də deyir, Anar müəllim də deyir.. Amma televiziya rəhbərləri neynir? Sağ qulaqdan alır, sol qulaqdan buraxırlar. Başa düşə bilmirəm. Bununla kimsə məşğul olmalıdır görək bunlar niyə belə edirlər?! Bir idealogiya olmalıdır. Azərbaycanın beynəlxalq, xarici siyasəti nə qədər güclüdürsə, daxili idealogiyası da o qədər zəifdir. Bu televiziyalarla, verilişlərin səviyyəsi ilə hansı idealogiyanı hazırlamaq olar?! Efirdə qız oturur, cüvəllağının biri gətirib sinəsinə pul tökür, o da dinqildəyir. Belə şey olar?! Mənim heç kəsin əxlaqı ilə işim yoxdur. Müğənniyə gətirib maşın bağışlayırlar. Adamdan soruşarlar ki, bunu hansı pulla almısan?! Heç eşitmisinizmi bir oliqarx, iş adamı şairin, yazıçının kitabının çapına kömək etsin?! Əlbəttə ki, etməz. Belə olan halda mən hansı kanala gedim? Hansı efirə çıxım? Hansı əxlaqdan gedib danışım?! Əgər çıxış etdiyim verilişi bağlayırlarsa hansı mədəniyyətdən danışım? Deyirlər ki, Vahid müəllim, sizin sözlərinizə ehtiyacımız var. Xalqın bizim sözümüzə ehtiyacı var, amma kanal rəhbərlərinin bizlərə ehtiyacı yoxdur. Mən başa düşə bilmirəm ki, bu telekanallara çıxan müğənni və aparıcılar erməni keşişinin tələbələridir?! Azərbaycanda görünür saqqal vergisi qoymaq lazımdır. Birinci Pyotr saqqal vergisi qoymuşdu. Bu nədir belə?! Hamı saqqallı efirə çıxır! Kimə yas saxlayırlar?! Başa düşə bilmirəm. Aparıcı da saqqal buraxar? Nazir də saqqal saxlayar?! Vahid Əziz deyir, sonra da olur pis adam” deyə xalq şairi deyib.

Azərbaycanda SEL DƏHŞƏTİ - 6 kənd...

Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlikçayın üzərindəki körpü uçub.  Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.  Körpünün uçmasına səbəb kimi güclü leysan yağışlarının gətirdiyi sel göstərilir.//APA 

Bu siqaretlər 2 manat BAHALAŞACAQ

“Məlum olduğu kimi, ölkədə siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir. Sözsüz ki, qiymət artımı olacaq. Lakin siqaret məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaretшт qiymətində ciddi artım gözlənilirmir. Lakin elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki, bu da sözügedən siqaretlərin qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Ümumilikdə, qiymətlərdə 1,75-2 manat aralığında artım gözlənilir”.  Bunu iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a deyib.  O bildirib ki, bu məhsulların hər ədədi üçün aksiz vergisinin 0,25 manatdan 2 manata qaldırılması sahibkarın xərcinin artması deməkdir:  “Bu isə əhəmiyyətli artımdır. Ona görə də bu artım qiymətlərə mütləq şəkildə təsir göstərəcək. Belə məhsullar adətən tam qiymətə satıldığına görə güman edirəm ki, bu siqaretlərin qiyməti ən azı 2 manat bahalaşacaq”. 

Müstəqil Həmkarlar Birliyinin Şabranda şöbəsi açıldı – Foto

MHB rəhbərliyi Şabran rayon təşkilatın təsis iclasında iştrak edib. Toplantıda çıxış edən MHB sədri Fuad Əliyev, sədr müavinləri Xəzər Teyyublu və Əhməd Rəhimov Müstəqil Həmkarlar Birliyinin Nizamnaməsi və fəaliyyət istiqamətləri haqda məlumat veriblər. Toplantıda MHB sədri Şabran rayon təşkilatının üzvlərinə üzvlük vəsiqələri təqdim edib.

Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş

Xəbər verildiyi kimi, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Sumqayıt şəhər prokurorluğundan Sozcu.az -a verilən məlumata görə, istintaqla 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilin ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ahmet Turan Yeşilə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İntiharların sayı durmadan artır - Ekspertdən dəhşətli səbəblər

“20-30 il əvvələdək Azərbaycanda intihar hadisələri çox nadir hallarda baş verirdi. Dəyərlərin dəyişməsi, psixoloji gərginlik, mənəvi böhran, sosial problemlər kimi faktorlar bu prosesdə əsas rol oynayır. Ölkədə mənəvi deqradasiyanın, psixoloji təzyiqin güclənməsində özəl televiziyaların çox böyük və əvəzedilməz rolu var. Adamlar televiziyada daha çox qan-qırğın, terror, qətl, intihar hadisələri ilə rastlaşırlar. Bu hallar adiləşir və sonda insanlar hansısa problemi yarananda çıxış yolunu intiharda görür”. Bunu Bakupost.az -a açıqlamasında sosioloq Elçin Bayramlı ölkədə günlərdir baş verən intihar hadisələri haqda danışarkən deyib. Onun sözlərinə görə, mənəvi dəyərlərin açınması, tərbiyə və əxlaq problemi, ünsiyyət ənənəsinin itməsi, hansısa ağır xəstəlikdən əzab çəkmə, təklənmək, şəxsiyyətin sındırılması, başqaları tərəfindən başa düşülməmək, cəmiyyətdə gözlənilmədən baş verən hadisələrə uyğunlaşa bilməmək, fərdin qayğısına qalan və onu sevən birinin olmaması, sevdiyi şəxsin xəyanəti, narkotik maddələrdən asılılıq kimi problemlər intiharların əsas səbəbidir. E.Bayramlı faciənin ən dəhşətlisinin azyaşlıların intiharı olduğunu bildirib: “Valideynlərin çoxu uşaqlarının tərbiyəsini buraxıb televiziyanın, internetin öhdəsinə. Hər uşağın əlinə yekə bir smartfon alıb verib canlarını qurtarıblar. Onların yerinə uşaqlarını kimlər tərbiyə edir, kimlər yönəldir, bu, onlar üçün maraqlı deyil. Elm sübut edib ki, televiziya və internet materialları insan psixikasına hər şeydən güclü təsir edir. Bu vasitə ilə onu istədiyi istiqamətə yönəldə bilirlər. Subliminal mesajlarla, 25-ci kadrlarla dolu olan videomateriallar, xüsusi frekansda və yüksək tonlarda mahnılar şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir”. O, sosial problemlərin də bu hadisələrə səbəb olduğunu bildirib: “İşsizlik, evsizlik, ağır xəstəlikdən əziyyət çəkib müalicə oluna bilməmək kimi sosial problemlər də güclü stress yaradır və bəziləri bunlara dözə bilməyib intihara əl atır. Bu səbəbdən sosial ədalətin bərqərar, insanların normal həyatının təmin edilməsi intiharların azalmasına səbəb ola bilər. Ona görə də mənəvi-psixoloji cəhətdən sağlam cəmiyyət formalaşdırmaq vacibdir”.

Kamala Harris Barak Obamaya təşəkkür etdi

ABŞ prezidentliyinə namizəd Kamala Harris keçmiş Prezident Barak Obama və xanımı Mişel Obamanın dəstəyini yüksək qiymətləndirdiyini bildirib. Sozcu.az məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. Qeyd edək ki, Barak Obama bu həftənin əvvəlində həyat yoldaşı ilə birlikdə Harrisə zəng edərək dəstəklərini ifadə ediblər.

Siqaret bahalaşır - Hansı problemlər yaranacaq? - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanda siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Belə ki, ölkəyə gətirilən, tərkibində tütün və tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün aksiz dərəcəsi 43 manatdan 45,5 manata qaldırılıb. Aksiz dərəcəsi tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərın 1000 ədədi üçün isə 46,5 manatdan 53,5 manata qaldırılıb. Bəs aksiz dərəcəsinin artırılması siqaretlərin qiymətinə necə təsir edəcək? Sozcu.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, siqaretin qiymətində artım müşahidə olunacaq. O qeyd edib ki, istənilən vergi, aksiz dərəcəsi artırılan kimi ona tətbiq olunan məhsulun da qiyməti qalxır: "Çox güman ki, siqaretin də qiymətində artım baş verəcək. Siqaretin qiymətinin hökumət nümayəndələri bu yolla daha rahat şəkildə artırırlar”. Ekspertin sözlərinə görə, aksiz dərəcəsinin artmasını bahanə edən sahibkarlar dərhal məhsulun qiymətini qaldıracaqlar: “Qeyd edim ki, tütün bazarında kifayət qədər inhisarçılıq var. Tütün məmulatlarını bazara çıxaran və satan şirkətlərin sayı barmaqla sayılacaq qədərdir. Onlar bazarda inhisarçı mövqeyindən istifadə edərək, sərbəst şəkildə qiymət artımına gedə bilirlər. Bununla bağlı heç bir qadağa, ən azından hüquqi əngəllər yoxdur. Ona görə də, bu addımın əsas səbəbi onlar tərəfindən belə izah olunur ki, son zamanlar yükdaşıma bahalaşıb. Azərbaycan tütün məmulatlarının idxalından kifayət qədər asılıdır. Logistikanın bahalaşmasından qiymət artımı üçün bir bəhanə kimi istifadə edirlər. Tütün məmulatları sosial məsələ olmadığına görə açığı, onun bahalaşması cəmiyyət tərəfindən bir o qədər narazlıqla qarşılaşmır. Ona görə də, bu sahədə rahat şəkildə addımlar ata bilirlər". Natiq Cəfərli qeyd edib ki, siqaretlər bahalaşacağı təqdirdə, qaçaqmal hallarının sayı artacaq.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Yağış və sel gözlənilir

Azərbaycanın rayonlarında iyulun 27-də əsasən dağlıq və dağətəyi rayonlarda, 28-dən 29-u axşamadək isə bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.  Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

"Barselona" böyük transferlər edə bilər"

"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubunun maliyyə vəziyyətini şərh edib. Sozcu.az "La Vanguardia"ya istinadən xəbər verir ki, o deyib:  “Maliyyə durumumuz xeyli yaxşılaşıb. Normala yaxınıq. Artıq bu gün "Barselona" böyük oyunçularla müqavilə imzalaya bilər. Yaxın vaxtlarda biz sizə maliyyə vəziyyətimiz haqqında daha ətraflı məlumat verəcəyik”. "Barselona" La Liqanın son mövsümünü 2-ci yerdə başa vurub.

Antalya SİLKƏLƏNDİ

Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Alanya rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.2 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 26.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.