Siqaret bahalaşır - Hansı problemlər yaranacaq? - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanda siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb.

Belə ki, ölkəyə gətirilən, tərkibində tütün və tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün aksiz dərəcəsi 43 manatdan 45,5 manata qaldırılıb. Aksiz dərəcəsi tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərın 1000 ədədi üçün isə 46,5 manatdan 53,5 manata qaldırılıb.

Bəs aksiz dərəcəsinin artırılması siqaretlərin qiymətinə necə təsir edəcək?

Sozcu.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, siqaretin qiymətində artım müşahidə olunacaq.

O qeyd edib ki, istənilən vergi, aksiz dərəcəsi artırılan kimi ona tətbiq olunan məhsulun da qiyməti qalxır:

"Çox güman ki, siqaretin də qiymətində artım baş verəcək. Siqaretin qiymətinin hökumət nümayəndələri bu yolla daha rahat şəkildə artırırlar”.

Ekspertin sözlərinə görə, aksiz dərəcəsinin artmasını bahanə edən sahibkarlar dərhal məhsulun qiymətini qaldıracaqlar:

“Qeyd edim ki, tütün bazarında kifayət qədər inhisarçılıq var. Tütün məmulatlarını bazara çıxaran və satan şirkətlərin sayı barmaqla sayılacaq qədərdir. Onlar bazarda inhisarçı mövqeyindən istifadə edərək, sərbəst şəkildə qiymət artımına gedə bilirlər. Bununla bağlı heç bir qadağa, ən azından hüquqi əngəllər yoxdur. Ona görə də, bu addımın əsas səbəbi onlar tərəfindən belə izah olunur ki, son zamanlar yükdaşıma bahalaşıb. Azərbaycan tütün məmulatlarının idxalından kifayət qədər asılıdır. Logistikanın bahalaşmasından qiymət artımı üçün bir bəhanə kimi istifadə edirlər. Tütün məmulatları sosial məsələ olmadığına görə açığı, onun bahalaşması cəmiyyət tərəfindən bir o qədər narazlıqla qarşılaşmır. Ona görə də, bu sahədə rahat şəkildə addımlar ata bilirlər".

Natiq Cəfərli qeyd edib ki, siqaretlər bahalaşacağı təqdirdə, qaçaqmal hallarının sayı artacaq.

Share on Facebook