Xalq artisti Ağadadaş Ağayevin balta atdığı gözətçi ilk dəfə canlı yayıma çıxaraq məsələnin detallarını açıqlayıb.
Sozcu.az xəbər verir ki, Müsavat TV-nin canlı yayımında qonaq olan mühafizəçi Nurəddin Cəlilov günlərdir müzakirə mövzusuna çevrilmiş məsələnin təfərrüatları barədə danışıb:
“Çox adam deyir ki, mən səbrli olmalı idim. Videodan da görünür ki, mən 2 dəfə oradan qaçmağa çalışmışam. Hətta ondan uzaqlaşıb gedib xəstəxananın içinə girmişəm. Bunlar hamısı çəkilişdə var. Klinikamızda 350-400 nəfər adam işləyir, gedib onlardan maraqlana bilərsiniz ki, Nurəddin necə insandır. Bu günə qədər kiminləsə dava etməmişəm, kimisə vurmamışam. Düzdür, bəzən klinikanın qarşısında avtomobili saxlayıb yolu kəsən taksi sürücüləri ilə mübahisəmiz olub, amma bu, sözlü mübahisədən o tərəfə keçməyib. Mübahisə olub, bir-birimizi başa düşmüşük, amma dava olmayıb.
Mən Ağadadaş Ağayevin əlini tutmaq üçün ona yaxınlaşdım ki, kiməsə zərər verməsin. Ona yaxınlaşdıqca yumruqla məni vururdu, deyirdi ki, gəlmə, baltanın biri də var. Mən də düşündüm ki, bəlkə üstündə bıçaq olar.
Videoda da görünür ki, əlini arxaya atır. Düşündüm ki, baltanı atan adamda bıçaq da ola bilər, bıçaqla camaata hücum edər. Axı klinikanın içində işçilər var, mən həmin situasiyada mühafizəsindən məsuliyyət daşıdığım klinikanı qoyub qaçmalı idim?! Onda niyə mühafizəçiyəm? Mənə deyirdi ki, burada dayanma, sən çıxıb getməlisən. Ağadadaş Ağayevin özünü bu qədər təmizə çıxartmağı düzgün deyil.
56 yaşım var, ailəliyəm. 24-25 yaşlarında iki qızım var, ailəm də bu məsələyə görə məni qınadı ki, gərək belə etməyəydin”.