Noyabrda məktəblərdə 10 yox, 17 gün tətil olacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sozcu.az xəbər verir ki, sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək. Noyabrın 25-i dərs günü olacaq. Qeyd edək ki, noyabrda həftəsonlarını da hesablasaq, cəmi 10 gün dərs olacaq.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Yaxın Şərqə yollandı

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla avqustun 3-də Yaxın Şərqə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, CENTCOM-un rəhbəri bir sıra Körfəz ölkələrinə, İordaniyaya və İsrailə səfər edəcək və İranın potensial zərbəsini birgə dəf etmək üçün beynəlxalq və regional müttəfiqləri səfərbər etməyə çalışacaq. Nəşr bildirib ki, Kurillanın səfərinin əsas istiqaməti İordaniya olmalıdır, çünki bu ölkə aprelin 13-də İsrailə doğru uçan İran PUA-larının tutulmasında böyük rol oynamışdı.

Rusiyada yüzlərlə ev su altında QALDI

Rusiyada Çelyabinsk vilayətində su basmış evlərin sayı 219-a çatıb. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib. Məlumata görə, həmçinin 329 həyətyanı sahə su altında qalıb. “219 şəxsi yaşayış evi və 329 həyətyanı sahənin su altında qalması nəzarətdə saxlanılır”, – məlumatda deyilir. Qeyd olunub ki, nəzarət olunan hidrotexniki qurğularda axıdılma göstəriciləri artmayıb. Qurumun məlumatına görə, üç müvəqqəti yerləşdirmə məntəqəsində 26 nəfər, o cümlədən 9 uşaq qalır. Qeyd edək ki, avqustun 1-də Çelyabinsk vilayətində yağışların həcmi bir neçə ərazini su basmış daşqın yağış sularının normasını iki-üç dəfə keçib. Bəzi su hövzələri su ilə dolub və sahillərindən çıxmağa başlayıb.

Bakıda 51 yaşlı kişi qətlə yetirildi

Bu gün paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 893-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 582 910 hərbçi, 8 411 ədəd tank, 16 255 ədəd zirehli döyüş maşını, 16 276 ədəd artilleriya sistemi, 1 138 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 911 hava hücumundan müdafiə sistemi, 363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 22 006 ədəd avtomobil texnikası, 13 103 ədəd PUA, 2412 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 734 xüsusi avadanlıq itirib.

Polad Həşimovun oğlu xaricdə 7 universitetə qəbu oldu

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb. Sozcu.az xəbər verir ki, o, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin “Purdue” universitetində davam etdirəcək. Qeyd edilib ki, Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.

Razim Əmiraslanlının deputatlığa namizədliyi qeydə alındı - "Mən qələbə üçün əzmlə bu yola çıxmışam”

Müsavat Partiyasından növbədənkənar parlament seçkilərinə qatılan 6 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Sozcu.az xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınanlardan biri başqan müavini Razim Əmiraslanlıdır. Belə ki, onun deputatlığa namizədliyi 10 saylı Binəqədi üçüncü seçki dairəsindən qeydə alınıb. “Qeydə alındığım dairədə maraqlı bir seçki olacaq. Mən qələbə üçün əzmlə bu yola çıxmışam”, - R.Əmiraslanlı deyib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Hümbət Rəhim oğlu Hüseynovun namizədliyini irəli sürüb. Böyük Azərbaycan Partiyası sədri Elşad Musayev də 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb və qeydə alınıb.

Bakıda kişi binanın qabağında sirkə turşusu içib öldü

Bakıda intihar hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə səhər saat 8 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 54 yaşlı R.R. yaşadığı binanın qarşısında sirkə turşusu içərək intihara cəhd edib. O, dərhal Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna daha 8 uşağı Rusiya işğalındakı bölgədən geri alıb

Ukraynanın Xerson vilayətinin Rusiya işğalındakı hissəsindən 8 uşaq rəsmi Kiyevin nəzarət etdiyi ərazisinə qaytarılıb. Sozcu.az xəbər verir ki, Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bu gün Rusiyanın işğalı altında olan bölgənin sol sahil hissəsindən 6-17 yaş arası 8 uşağın Ukraynanın nəzarətində olan bölgə ərazisinə qaytarıldığını açıqlayıb. Prokudinin sözlərinə görə, uşaqlar valideynlərinin yanında təhlükəsizlikdədirlər. O, uşaqların geri qaytarılmasında göstərdiyi köməyə görə “Ukraynanı xilas et” xeyriyyə təşkilatına təşəkkür edib. Səlahiyyətlilərin məlumatına görə, bu ilin əvvəlindən 162 uşaq Ukraynanın nəzarətində olan ərazilərə qaytarılıb.

ABŞ vətəndaşlarını təcili Livanı tərk etməyə çağırdı

Bir neçə aviaşirkət Livandan uçuşları təxirə salıb, lakin hələ də adı çəkilən ölkədən bəzi istiqamətlərə təyyarə reysləri mövcuddur. Vətəndaşlarımızı istənilən reys üzrə bu ölkəni tərk etməyə çağırırıq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Beyrutdakı Səfirliyi “X” hesabında paylaşım edib. O da qeyd edilib ki, təhlükəsizliklərinin təminatı üçün ABŞ vətəndaşları Livandan çıxmaq məqsədilə bütün mövcud imkanlardan istifadə etməlidir.

Mina partlayışında yaralanan şəxs Xankəndiyə təxliyə edildi

Laçın rayonunda mina partlaması nəticəsində yaralanan şəxs Xankəndiyə təxliyə edilib. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. "03.08.2024-cü il tarixində Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub", – məlumatda diqqətə çatdırılıb. Bildirilib ki, hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.

Sumqayıtda qardaş qardaşını BIÇAQLADI

Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Rusiya donanmasına məxsus gəmi vuruldu

Krımda Rusiya Hərbi Donanmasına məxsus “Rostov-na-Donu” gəmisinə raket zərbəsi endirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, əməliyyat S-400 raket kompleksi ilə həyata keçirilib.

Professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadə ilə bağlı kitabı İranda çap edildi

İranda Tehranın "Nəbati" nəşriyyatında tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" kitabı nəşr edilib. Kitab Tehranda keçirilmiş kitab sərgisində də böyük maraqla qarşılanıb."Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" İran da daxil olmaqla nəşr edilən 4- cü ölkədir.Bundan əvvəl həmin ensiklopediya Azərbaycan,Türkiyə,Rusiyada nəşr edilib. Ensiklopediyanın ərəb dilində nəşrinə də hazırlıq görülür. Sonradan isə alman, fransız dillərində də nəşri planlaşdırılır.Ensiklopediya qısa məzmunda ingiliscə də nəşr edilib.  Sözcü.az

İsmayıllıda Müsavata imza verən seçicilərə təzyiq olunur

İsmayıllı rayonunda Müsavat Partiyasının namizədi Dünyaxanım Cahanın deputatlığa namizədliyinin qeydə alınması üçün imza verən seçicilərə təzyiq olunur. Bu haqda namizəd özünün feysbuk səhifəsində məlumat paylaşıb. “Aşıqbayram kəndindən mənə imza verən kənd sakinləri  bildirdilər ki, kənd icra nümayəndəsi qapı qapı düşərək, niyə Müsavat Partiyasının namizədinə imza verdiklərini soruşur. Bu hadisə dünən başqa bir kənddə də baş vermişdi. Bu gün səhər mən MSK-nın sədri M.Pənahova teleqram göndərdim. Sonra 89 saylı İsmayıllı seçki dairəsinin sədri Namiq Kərimovla görüşdüm və icra strukturlarının seçkiyə müdaxilə etməsinə son qoyulmasını tələb etdim”- deyə, D.Cahan bildirib. “Burdan MSK sədri M.Pənahova səslənirəm. İcra strukturlarının seçkiyə müdaxiləsinə son qoyulsun!” – namizəd vurğulayıb.

Deputatlığa namizədlərin qeydiyyatı: Sənədlərin təqdimatı müddəti bitdi

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb. Sozcu.az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir. Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edib.

Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat: 99 nəfər...

Türkiyədə İŞİD terror təşkilatının ölkədəki üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. Məlumata əsasən, “Gürz-4” kod adı altında İstanbul, Ankara və İzmir kimi böyük şəhərlər də daxil olmaqla ölkənin 26 vilayətində həyata keçirilən əməliyyat nəticəsində İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 99 nəfər saxlanılıb. Əməliyyat üç gün davam edib.

Qazaxıstandan çağırış: İsrail və Livana səfər etməyin!

Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına regionda vəziyyət sabitləşənə qədər İsrail və Livana səfərlərdən müvəqqəti olaraq çəkinməyi tövsiyə edib. Sozcu.az xəbər verir ki, hazırda sözügedən ölkələrdəki qazax vətəndaşlara ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək, sayıq və ehtiyatlı olmaq, son xəbərləri izləmək, həmçinin Xarici İşlər Nazirliyi və Qazaxıstanın İsrail və Livandakı səfirlikləri ilə əlaqədə qalmaq tövsiyə edilib.

Rəsmi Bakıdan Fransaya tələb - ÜZR İSTƏYİN!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib. Bu barədə Sozcu.az-a XİN-dən bildirilib. "Qeyd etdiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb. Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - məlumatda vurğulanıb.

Fransadan bəyanat: İranı tərk edin! - Təcili

Fransa hərbi eskalasiya riski ilə əlaqədar vətəndaşlarını İranı qısa müddətdə tərk etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. “Regionda hərbi eskalasiya riskinin yüksək olması ilə əlaqədar İrandakı fransalıların mümkün qədər tez bir zamanda ölkəni tərk etmələrini qətiyyətlə tövsiyə edirik”, - bəyanatda qeyd olunub.

Ucarda ağır qəza: yaralılar var

Ucarda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində maşınlardan biri yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı hər iki avtomobildə olan sürücü və sərnişinlərin ağır bədən xəsarəti aldıqları bildirilir. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda 5 nəfər sirkə turşusundan öldü

2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə zəhərlənmə səbəbi ilə 74 nəfər qəbul edilib. Sozcu.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Şöbəyə qəbul edilən xəstələrdən 32 nəfəri dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrindən, bir nəfər qidadan zəhərlənən şəxslərdir. Həmçinin, 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

Bayden Haniyənin ölümündən danışdı: Kömək etmədi...

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzzada barışıq əldə etmək səylərinə töhfə vermədi. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. “Bu, kömək etmədi”, - Bayden bildirib.

Səbəbkar Nəcməddin Sadıkovdur - “Şlyapa Zahid”in məhkəməsində şok ifadələr

Müdafiə Nazirliyinin “Şlyapa Zahid” ləqəbli məşhur zabiti Zahid Niftəliyevin məhkəmə istintaqı başlayıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Niftəliyevin vəkili bir sıra vəsatətlə çıxış edib. Vəsatət aydın olsun deyə, qısa olaraq xatırladaq ki, Zahid Niftəliyev “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə, 24 milyondan çox kredit götürüb. O, götürdüyü krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan vurub. Müdafiə tərəfi hesab edir ki, bu cinayət işində əsas fiqur Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur. Bu səbəbdən vəkil Sadıkovun məhkəməyə çağırılıb dindirilməsini istəyib: “Zahid Niftəliyevin burada oturmasının baş səbəbkarı Nəcməddin Sadıkovdur. Silah alınması ilə bağlı kiminsə adına şirkət açılmalı imiş, Nəcməddin Sadıkov da müvəkkilimdən istifadə edib. “Şahin Co” MMC onun adına açılıb. Şirkətin fəaliyyəti üçün də Baş Qərargah rəisi ilə mərhum vergilər naziri Fazil Məmmədov arasında razılaşma olub. 2017-ci ildə Fazil Məmmədov işdən çıxarıldı, ondan sonra da yavaş-yavaş hər şeyin üstü açıldı. Zahid Niftəliyevdə şirkətin nə möhürü, nə sənədi olub. Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün Nəcməddin Sadıkov məhkəməyə gəlməlidir”. Vəkil Sadıkovdan başqa, “AtaBank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Dəyanət Quliyev və xəzinədar Barat Heydərova da suallarının olduğunu deyib, onların da məhkəməyə çağırılmasını xahiş edib. Müttəhim Niftəliyev şüşə qəfəs arxasından başını yelləyərək müdafiəçisinin dediklərini təsdiq edib. Məhkəmə hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıb. Sədrlik edən hakim Novruz Kərimov bəyan edib ki, vəsatətlərə indiki vaxtda baxıla bilməz. Ona görə ki, qaldırılan məsələlər sübutların araşdırılması mərhələsinə aiddir. Zərərçəkmiş bankın nümayəndəsi isə “Şlyapa Zahid”ə qarşı mülki iddia qaldırıb. Nümayəndə banka dəymiş ziyana görə 24 milyon 234 min manat tələb edib. Mülki iddia icraata qəbul edilib. Prosesin davamında ilk baxış iclasının predmetinə uyğun olaraq ittiham aktı elan olunub. İttihamda deyilir ki, Zahid Niftəliyev məqsədyönlü şəkildə külli miqdarda kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb. O, şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit götürüb və təyinatı üzrə istifadə etməyib. Həmin kreditə dair çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyib. Bu əməllərinə görə Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Hakim deyib ki, verilmiş ittihamlar məhkəmədə sübut olunarsa, təqsirləndirilən şəxsə 17 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilə bilər. Amma dəymiş ziyan ödənildiyi halda bu, yumşaldıcı hal hesab edilə bilər. “Şlapa Zahid” özünü təqsirli bilməyərək “mən təqsirli deyiləm, ittihamları da qəbul etmirəm”, - deyib. O, istintaq materialları ilə tam tanış olmaq üçün vaxt istəyib. Məhkəmə onun istəyini nəzərə alıb. Hakimlər əmək məzuniyyətinə getdiyi üçün növbəti proses sentyabrın 25-nə təyin edilib. Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, hələ də istintaq təcridxanasında saxlanılır.