Prezident İlham Əliyev İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Sozcu.az fərmanın mətnini təqdim edir:
1. “Bir pəncərə” informasiya sistemi (bundan sonra – Sistem) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:
2.1.1. tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;
2.1.2. nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;
2.1.3. sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;
2.1.4. yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;
2.1.5. daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;
2.1.6. ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi;
2.2. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti, operatoru funksiyalarını isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;
2.3. Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında Azərbaycan Respublikasının normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. doqquz ay müddətində:
3.1.1. Sistemin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.1.2. beynəlxalq təcrübə nəzərə alınmaqla, idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılmasının təmin olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifləri əsasında Sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görsün;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
4.1. Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün;
4.2. Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;
4.3. Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının mülkiyyətçilərinə (sahiblərinə və ya operatorlarına) təqdim etsin.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
