“Rusiya Azərbaycana qarşı bütün siyasi, diplomatik və mədəni təsir vasitələrini itirib. Azərbaycan özünün müstəqil siyasətini yürüdür. Artıq bölgədə regional gücə çevrilib. Ən əsası, Zəngəzur dəhlizi açılan kimi Azərbaycan ümumiyyətlə Rusiyanı bütün tranzit yollarından məhrum edəcək. Artıq heç kim Avropaya Rusiya vasitəsi ilə yük daşımayacaq”.
Bu sözləri “Yeni Sabah”a Azərbaycan Jurnalistlər Birliyinin (AYB) sədri Elçin Şıxlı deyib.
O, Rusiyada Azərbaycan diasporuna qarşı növbəti zorakılıq hallarını şərh edib:
“Ruslar belə düşünür ki, Azərbaycan diasporunun üzvlərini, Rusiyanın azərbaycanlı vətəndaşlarını sıxışdırmaqla Bakını qorxuda bilərlər. BUndan bir qədər əvvəl münasibətlərədə guya yumşalma olmuşdu. Əslində, heç bir yumşalma yoxdur.
Dekabrın 24-də "Ural Azərbaycan" Cəmiyyətinin sədri Şahin Şıxlinskinin məhkəməsi keçriləcək. Əsası olmayan ittihamlara görə, ona ən azı 25-30 il iş kəsilə bilər. Bu, onun üçün ömürlük həbs kimi bir şeydir. Şahinə, oğlu Mutvalıya və digər həbs edilmiş şəxslərlə bağlı əsas ittiham 2001-2002 və 2011-2012-ci illərdə guya baş verən cinayət və qətl hadisələridir. Həmin illərdə Mutvalının 1 yaşı olub.
Təsəvvür edin, bu ittihamların sırasında uşağı da günahlandırırlar. Şahin Şıxlinskini həbs etdikdən sonra Mustafayev soyadlı birini Sverdolvsk vilayətində onun yerinə diaspor rəhbəri təyin etdilər. Həmin adam Şahinin əleyhinə saxta ittihamlar irəli sürürdü. Sonra ruslar gördü ki, həmin adamın heç bir nüfuzu yoxdur və əsl kriminal elə özüdür, onu da həbs etdilər”.
E. Şıxlı vurğulayıb ki, Voronejdə Azərbaycan disaspor nümayəndələrinə qarşı keçirilən əməliyyat Aktauda baş verən təyyarə qəzasına dair yekun istintaq nəticəsi ilə əlaqədardır:
“Rusiya qəza ilə bağlı yekun istintaq nəticəsini bu ayın sonu elan edəcək. Nəticənin elan olunmasından sonra Azərbaycanın özünü necə aparmasından xeyli mətləb asılı olacaq. Lakin Azərbaycan belə addımlardan qorxmur. Ruslar hesab edir ki, azərbaycanlılar Rusiyada çalışıb, öz ölkələrinə külli miqdarda pul vəsaiti köçürür.
Orada çalışan azərbaycanlı öz ailəsinə 100 dollar göndərirsə, ən az 300 dollar Rusiyada qalmağına xərcləyir. Soydaşlarımız o pulu oturduqları yerdə qazanmır. İşləyir, əziyyət çəkir. Rusiyanın işçi resursuna ciddi ehtiyacı var. Ona görə də Moskvanın hay-küy salması əsassızdır”.
Xatırladaq ki, dekabrın 14-də Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində bir neçə soydaşımız saxlanılıb.
