Su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq" - Arif Hacılı

"Su problemi yalnız Saatlı rayonuna deyil, ölkənin əksər kənd rayonlarına aiddir".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı ölkədə yaradılan su probleminə münasibət bildirərkən deyib.  "Su qıtlığı təbii fəlakət nəticəsində yox, gözü doymayanların 10 minlərlə hektar torpaq sahələrinə əl qoyması, bütün su ehtiyatlarını bu sahələrdəki əkinlərə, bağlara yönəltmələri ilə bağlıdır" - deyən Müsavat başqanı qeyd edib ki, su problemi ilə bağlı narazılıqlar və etirazlar getdikcə artacaq: "Gürcüstan ərazisində aşıb-daşan Kür çayının Azərbaycan ərazisində qurumasının başqa izahı yoxdur.  Sonuncu tikəsi də əlindən alınan əhalinin etirazlarının qarşısını güllə atmaqla, həbslərlə almaq yox, qlobal xarakter almış su problemini həll etmək lazımdır.  Qarşıdan su tələbatını artıran fəsillər gəlir. Saatlı hadisələri anonsdur. Narazılıqlar və etirazlar getdikcə artacaq".

Bakıda maşın aşdı: qadın öldü

Bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də KİA markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Namiq Mirqasım oğlu Seyidovun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova ölüb. "Dəfələrlə xəbardar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar", - DYP rəsmisi vurğulayıb. Faktla bağlı araşdırma aparılır.

Əliyevin Almaniya prezidenti ilə təkbətək görüşü başladı

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Dələduz “DTX işçisi“ “Kamaz“ sürücüsü imiş

Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edərək dələduzluq əməli törətmiş şəxs həbs edilib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cəlilabad rayonunda qeydiyyatda olan, paytaxtın Yeni Yasamal qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Farid Qədirovun 2 nəfəri dələduzluq yolu ilə aldatdığı məlum olub. Qaradağ rayonundakı daş karxanasında "Kamaz" markalı yük maşınınn sürücüsü işləyən həmin şəxs barəsində Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rüşvət verməyə təhrik etmə maddələri ilə açılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Farid sosial şəbəkədə bir neçə xanımla tanış olub və aralarında münasibət yaranıb. Daha sonra həmin qadınlar arasında pul məsələsinə görə mübahisə düşüb. Günay (şərti) adlı tanışı Faridə Nazilə (şərti) adlı digər qadının ona 80 min manat verməli olduğunu, lakin ödənişdən boyun qaçırdığını deyib. Özünü DTX-nin vəzifəli əməkdaşı kimi tandan Farid Günaya məsələni həll edəcəyini söz verib. O, Binəqədi Rayon Polis İdarəsində müstəntiq işləyən və bibisioğlunun tələbə yoldaşı olan polis əməkdaşı ilə əlaqə saxlayaraq Günaya köməklik etməsini xahiş edib. Polisdəlki araşdırmadan sonra Nazilə pulun bir hissəsini Günaya qaytarıb. Farid bu işə görə müstəntiqə pul verilməli olduğunu deyərək Günaydan 4300 manat alıb. Bununla yanaşı, 36 yaşlı Farid Günayın tanışı olan Cəfəri (şərti) də DTX-nin Xətai Rayon Şöbəsində işə düzəldəcəyini vəd verərək ondan 5 min manat alıb. Lakin bir müddət sonra Günay Binəqədi RPİ-də işi araşdıran müstəntiqin qəbulunda olarkən Faridin yalan danışdığını öyrənib. Belə ki, müstəntiq ona Faridin pul vermədiyini bildirib və onun, ümumiyyətlə, DTX-də işləmədiyini, "Kamaz" sürücüsü kimi yükdaşıma fəaliyyəti göstərdiyini deyib. Bundan sonra dələduzluqla üzləşdiklərini görən Günay və Cəfər Farid barəsində şikayət ediblər və cinayət işi başladılıb. İstintaq müddətində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Farid bu zaman kəsiyində aldığı pulları geri qaytarıb. Məhkəmə prosesində Günay və Cəfər ondan şikayətçi olmadıqlarını bildiriblər. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi Faridin əməllərini və daha əvvəl də məhkumluq həyatı yaşamasını nəzərə alaraq, ona 5 il həbs cəzası verib. Farid Qədirov məhkəmə zalındaca həbs edilib.

“İmtahana dərslikdən kənar sualların salınması düzgün deyil” – Keçmiş nazirdən etiraz

Martın 12-si 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi. Əlli mindən çox şagird öz biliyini bu imtahanda yoxladı. Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşmədi. Bəzi abituriyentlər imtahandan sonra sualların çətin olduğunu iddia etdilər. Bu iddia nə dərəcədə əsaslıdır? DİM-in abituriyentləri çətin suallarla sınağa çəkməsi nə dərəcədə doğrudur? Mövzu ilə bağlı Yenisabah.az-a danışan sabiq Təhsil naziri, professor Misir Mərdanov bildirib ki, bəzi nüanslar nəzərə alınaraq imtahana çətin suallar salınmamalıdır: “Mən imtahanla bağlı suallara cavab verməkdə bir az çətinlik çəkirəm, çünki o işin içində deyiləm. Ancaq mən hesab edirəm ki, sualların hər biri orta məktəb proqramı daxilində olmalıdır və proqrama daxil olan orta səviyyəsi suallar hazırlanmalıdır, yüksək səviyyəli yox.  Eyni zamanda, sualları hazırlayarkən o da nəzərə alınmalıdır ki, ötən il şagirdlər pandemiya şəraitində dərsə gəlib-gediblər, onlayn təhsil alıblar. Ona görə də mən imtahan suallarında çətinləşmənin tərəfdarı deyiləm.  Mənə elə gəlir ki, suallar orta səviyyəli şagirdin cavablaya biləcəyi tipdə olmalıdır. Mən özüm də ordan-burdan eşidirəm ki, suallar çətindir, amma işin içində oladığıma görə konkret bir fikir söyləməkdə çətinlik çəkirəm”. M.Mərdanov qeyd edib ki, imtahana orta məktəb dərsliklərdən əlavə, Dövlət İmtahan Mərkəzinin ümumi dərs vəsaitlərindən də sualların salınması qətiyyən doğru deyil: “Sualların orta məktəb dərsliklərindən kənar, DİM-in əlavə vəsaitlərindən tərtib edilməsi, dərslikdə olmayanların imtahana salınması qətiyyən düzgün deyil. Bu qəti doğru yanaşma deyil. Suallar hazırlandıqda orta məktəb proqramı əsas olmalıdır, başqa sualların salınması doğru deyil”.

Ermənilər Bakıya niyə gəlmək istəmir? – “Bunlar uzun çəkməyəcək”

“Prezident Administrasiyası ikinci görüş üçün Qarabağın erməni icmasını Bakıya dəvət etdi. Çünki faktiki olaraq bu adamlar Azərbaycan ərazisində yaşayırlar. Cənab Prezident də hər yerdə qeyd edir ki, bizim imtiyazlardan onlar da istifadə edə bilər. Yəni qaynayıb qarışsınlar və separatçı qüvvələrdən uzaq qalsınlar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili ötən gün Prezident Administrasiyası tərəfindən Qarabağ erməniləri ilə ikitərəfli danışıqların növbəti raundu üçün onların Bakıya dəvət olunması, habelə Qarabağın erməni icmasının təmsilçilərinin bu dəvətdən imtina etmələri məsələsinə münasibət bildirib. V. Əhmədova görə, bölgədə bu gün separatçı qüvvələr kifayət qədər çoxdur: “O cümlədən Ermənistandan onlara müəyyən göstərişlər gəlir. Bu tərəfdən də təhdidlər var, sərhəddə mütəmadi atəşkəs pozulur. Bunlar belə bir xülyalara qapılıblar. Amma Azərbaycan qarşılıqlı əlaqələr yaratmaq istəyir. Lakin təəssüf ki, bunlar ona getmirlər və Bakıya da gəlmək istəmirlər. Ola bilər ki, onlar Bakıya gəlməkdən də narahatdırlar, çünki əhalinin çoxu bunu birmənalı qarşılamır. Lakin ideya çox normal idi”. Deputat diqqəti ona yönəldib ki, onsuz da bu görüşlər və təmaslar gec-tez yaranacaq: “Ərazidəki sülhməramlılar da müvəqqətidir, çıxıb gedəcəklər, sərhədlər qurulacaq, bir-birimizin ərazi bütövlüyünü tanıyacağıq. Bunlar uzun çəkməyəcək, həll olunacaq. Ondan sonra da bir yerdə yaşayacağıq”. “Onların ayrıca dövlət olmaq ideyaları və s. artıq getdi, qurtardı. Prezident bunların hamısını arxivə göndərdi. Ermənilər artıq bunu anlamalıdır. Ona görə də buradakı əsas rolu Ermənistan və separatçılar oynayır”, – söyləyib.

Günün qoroskopu: Tərəfdaş və ya həmkarlarla münasibəitlərdə impulsiv qərarlar ola bilər

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - yeni variantlar arayın, imkanları dəyərləndirin. Heç nəyi mürəkkəbləşdirməyin, problemləri həll edin, çətinlikləri yoluna qoyun. Nasazlıq, münaqişə, arzuların puç olması əslində ilk baxışdan göründüyü təki qorxulu deyil. Tam əksinə, bütün bunlar indi yeganə dürüst qərarın qəbuluna rəvac verə bilər. Qəfil şanslardan istifadə edin, işi təxirə salmayın. Buğa - qəfil xəbərlər, maraqların yenilənməsi, hadisələrdə təxminlənməyən dönüşlər günüdür. Səfər və ya aviauçuşlar məsləhət deyil. Uzaqdan maraqlı, qəribə, bəlkə də, əcaib informasiya gələcək. Hələ çox məqam məlum olmasa da, artıq intriqa var. İntellektual fəaliyyətlə məşğul olmaq, çətin həllər aramaq üçün yaxşı gündür. Qəza riski olsa da, unikal tapıntılar mümkündür. Əkizlər - Yalan danışmayın, yaxın ətrafınızda olan adamların sevmədikləri mövzularda danışmayın, qeyri-konstruktiv addımlar atmayın. Sevimli işlə məşğul olun, xoşagəlməz hadisələrin təşəbbüskarı olmayın. Günün ikinci yarısında daha önəmli sürpriz ola bilər.  Xərçəng - fiziki iş mənəvi və ruhi balansı bərpa edəcək. Siz bir, tərəfdaş isə başqa plan qura bilər: həyat isə sizdən çərçivəyə salaraq nə deməyi və ya etməyi tez müəyyənləşdirməyi tələb edəcək. Məsafə saxlayın, hadisələri tezləşdirməyin. Şəxsi münasibətlərdə diqqətli, təmkinli olun. Şir - təklif və təşəbbüsləriniz yetərincə dəyərləndirilməyəcək. Ağır, mürəkkəb gündür. Məşğul olduğunuz məsələlərlə bağlı qeyri-müəyyənlik, anlaşılmazlıq yarana bilər. Təhrif olunmuş informasiyaya aldanmayın. Yaxın ətrafınızdakı insanların sizi anlamamaları və ya əlavə iş tapşırmaq istəyində olmaları ilə bağlı fikirləriniz emosional "partlayış", münaqişəyə səbəb ola bilər. Qız - uzunmüddətli məsələlər sınağa çəkilə bilər. Sizi dinləməyən adama nəyisə başa salmağa çalışmayın. Əldə etdiyiniz mövqeləri qorumaq üçün neqativ təmaslardan boyun qaçırın. Səhhətinizi qoruyun, çox yeməyin. Axşam saatlarında dincəlin. Tərəzi - maraq dairənizə müdaxilə etməyə, mövqelərinizdən məhrum etməyə çalışacaqlar. Müqavimət göstərin, ağır olsa da, geri çəkilməyin. Situasiyanı sürətlə dəyərlərdirərək dəyişən şərtlərdə müsbət yönlər tapmağa çalışın. Əlaqə və ünsiyyət dairələrini genişləndirin, qarşılıqlı maraq kəsb edən əməkdaşlıq yolları arayın, cari məsələləri həll edin. Əqrəb - yeni xəbərlər gözləyin, amma həqiqət axtarışlarında izafi aktivlik göstərərək bütün suallarınıza cavab aramayın. Axına qarşı getməyin. Yaşam qarşınızda çox ciddi məsələlər qoymursa, bir qədər gözləyin. Səhhətinizi qoruyun. Axşam saatlarında dincəlin. Dəyişə bilmədiyiniz nəsnə ilə bağlı nigaran olmayın. Oxatan - aktiv, impulsiv yaşam günüdür. Tərəfdaş və ya həmkarlarla münasibəitlərdə impulsiv qərarlar ola bilər. İşgüzar münasibətlərə son qoya biləcək sözlər deməyin. Ümumi maraq və ya problemin həlli ilə bağlı birləşməyə can atın. Başqa işlərlə məşğul olmaq gərəkdir. Fəaliyyət və əməkdaşlığın yeni variantalarının gerçəkləşməsi prosesini sürətləndirin. Oğlaq - həll olunmamış maddi problemlər və hövsələsizlik işdə partlayış həddinə çatan vəziyyət yarada bilər. İndi və dərhal həll edilməsi mümkün problemi seçərək onun çözümünə başlayın. Ən çətin, mürəkkəb işlərə də enerji və təşəbbüskarlığınızın çatmasına çalışın. Emosional yüksəlişin məqsədəuyğunluğunu düşünün. Qətiyyət və imkanlar artsa da, qəza və travma riski də güclənir. Dolça - Risk üçün əlverişli vaxt deyil. Ətrafınızdakı mühitdə romantika hiss olunsa belə, sayıqlığı əldən verməyin. Problemlər yaranarsa, onları tez, dəqiq və sürətlə həll edin. Yeni işlərə başlamayın, mühüm qərarları açıqlamayın. Səhhətinizə fikir verin. Ürək-damar sistemini qoruyun. Balıqlar - yaxın ətrafınızdakı insanlar sizin davranış qaydalarına riayət etmək istəmirlər, çünki qaydaların özü real səbəblər olmadan dəyişə bilər. Mühüm situasiyalarda istiqaməti mütləq şəkildə dəyişmək gərəkdir. Çətinliklər sizi narahat etməsin: problemləri sizin əqli qabiliyyətiniz və bacarıqlarınıza çağırış kimi qəbul edin. Güc və qüvvənizi önəmli məsələlərin həllinə səfərbər etmək üçün emosional olmayın.

Bu xəstəlik tualetdən yoluxur: Hepatit A - yaranması, əlamətləri

Hepatit infeksiyası, əsasən çirklənmiş qida və su vasitəsilə baş verir. Xəstə ilə birbaşa əlaqə zamanı, həmçinin bir qabdan və ümumi tualetdən istifadə zamanı bu virus orqanizmə keçə bilər. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, virus insan əlində bir neçə saat, hətta otaq temperaturunda yeməkdə daha uzun müddət yaşaya bilir. Virus həmçinin əvvəllər kanalizasiya ilə çirklənmiş suda yaşayan qabıqlı balıqlar və ya emal zamanı çirklənmiş meyvə və ya çiy tərəvəzlər vasitəsilə də ötürülə bilər. Yüksək temperatur, istilik hepatit A virusunu tamamilə öldürür, lakin yemək bişirildikdən sonra çirklənə bilər. Virus kifayət qədər gigiyena bacarıqlarının olmaması və sanitar şəraitin zəif olduğu yerlərdə olur. İnsanların sıx olduğu yerlərdə sıx təmas nəticəsində insanlar arasında yayıla bilər. Hepatit A 4-10 gün davam edən hərarət, zəiflik və pis hiss, iştahsızlıq, ürəkbulanma və qusma, əzələ ağrıları ilə başlayır. Xəstəliyin növbəti mərhələsində qaraciyər prosesə qoşulduqda sidik qaralır. Daha bir-iki gün sonra gözlərin və dərinin ağları saralır (sarılıq), nəcis rəngsizləşir. Bu zaman ilkin qızdırma və ürəkbulanma yox olur. Xəstə ümumi qaşınma və qarın ağrısı hiss edə bilər. Bəzi insanlarda, xüsusən də uşaqlarda hepatit A asomptomatik ola bilər və buna görə də xəstəliyə səhv diaqnoz qoyula bilər.

“Floradan qorxdum, uşaq düşdü” - Afətdən şok açıqlama

Mamed Nanacanov adlı iş adamı ilə ailə quraraq Moskvaya köçən müğənni Afət Fərmanqızı qeyri-adi açıqlaması ilə gündəmə gəlib.  Sozcu.az xəbər verir ki, bir müddət əvvəl hamilə olduğunu deyən ifaçı daha sonra bətnindəki övladını itirdiyini açıqlamışdı.  Bu barədə sosial şəbəkə hesabında ona sual ünvanlayan izləyicisinə cavab verən Fərmanqızı hər kəsi təəccübləndirib. Belə ki, sənətçi “Floradan qorxdum, uşaq düşdü” - deyə izləyicisinin sualına cavab verib. Qeyd edək ki, xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə verib. Kərimova Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir. 

Naxçıvanda ətin qiyməti kəskin bahalaşdı

“Naxçıvanda ətin qiyməti son günlər kəskin bahalaşıb. Buna səbəbin muxtar respublikadan ət ixracına qoyulan qadağanın aradan qaldırılması olduğu bildirilir”.  Sozcu.az xəbər verir ki, yerli sakinlərin Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, mal ətinin qiyməti 9 manatdan 14 manata, quzu əti isə, 13 manatdan 18-ə qaldırılıb. Şərur rayon sakini Zaur Nəsirov deyir ki, Naxçıvanda ətin qiyməti Bakıya nisbətən həmişə ucuz olub. Lakin, sonuncu dəfə ət almağa gedəndə, gözlərinə inanmayıb: “İndiyə kimi bu cür qiymət qalxımı olmamışdı. Əvvəl qalxanda 1-2 manat qalxırdı. Naxçıvanda həmişə 3-4 manat ucuz olub ət. İndi isə bir neçə günün içində haradasa Bakı ilə eyni olub.  Son zamanlara qədər bazarda ən yaxşı mal əti 10,11 manat idi. Topdan daha da ucuz ala bilirdik. Yas yerimiz var idi, topdan həmişə aldığım yerdən ət almağa getdim. Əvvəllər topdan 8 manata aldığım dana ətini 13 manata dedilər. Pərakəndə qiymətini isə 14 manat olub. Pərakəndə satılan yaxşı quzu ətinin qiyməti 18 manatdır”.  Naxçıvanda on ildən artıqdır ki, qəssab işlədiyini deyən Rizvan Tağıyev bildirir ki, ətin qalxmasında onların heç bir günahı yoxdur: “Əvvəllər Naxçıvandan ət və bir sıra məhsulların çıxarılmasına qadağa qoyulmuşdu. Buna görə də, qiymətlər Bakıdan fərqli olaraq sabit qalırdı. Yeni hakimiyyət qurulandan, bu qadağa götürülüb. Bakıda da ətin qiyməti baha olduğu üçün bəzi alverçilər buradan kütləvi şəkildə bizim aldığımızdan baha qiymətə sahibkarlardan ət alır, Bakıya göndərirlər. Bu səbəbdən də qıtlıq yaranır. Sahibkarlar bizə deyil, əti baha qiymətə o işbazlara satırlar. Ona görə də, biz də onlardan baha qiymətə almalı olduq. Bu isə qiymət qalxımına səbəb oldu”.

Emreli "Qalatasaray"la oyuna hazırlaşır

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Konyaspor" bu həftə lider "Qalatasaray"la qarşılaşacaq. Sozcu.az xəbər verir ki, komandalar Türkiyə superliqasının 25-ci turunda üz-üzə gələcək. Konya şəhərində keçiriləcək turun bu açılış matçı martın 17-i Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. M.Emrelinin görüşdə iştirakı gözlənilir. "Konyaspor" martın 13-də bu vacib oyunun hazırlığına başlayıb. Məşqlərdə M.Emreli də fəal iştirak edib. Hazırlıq prosesi bu gün davam etdiriləcək. Qeyd edək ki, 24 turdan sonra "Qalatasaray" 60 xalla 1-ci, "Konyaspor" isə 31 xalla 8-ci yeri tutur. Əlavə edək ki, M.Emreli ötən tur "Giresunspor"la görüşdə (0: 0) debüt edib. Start heyətdə meydana daxil olan 25 yaşlı hücumçu 56-cı dəqiqədə əvəzlənib.

Separatçılar Azərbaycanın ikinci görüşün Bakıda keçirilməsi təklifindən İMTİNA ETDİLƏR

“Azərbaycan nümayəndələri ilə görüşlər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ola bilər”. Sozcu.az xəbər verir ki, Qarabağdakı qondarma qurumun “xarici işlər nazirliyi” Azərbaycan Prezidenti Administrasiyasının bir gün əvvəl mətbuatda dərc olunmuş təklifi ilə bağlı “bəyanat” yayıb. “Azərbaycan Respublikası Prezidentinin Aparatının Azərbaycan və Qarabağ nümayəndələri arasında görüşün keçirilməsi təklifinə cavab olaraq bildiririk ki, bu cür görüşlərin həyata keçirilə biləcəyi barədə əvvəllər bəyan etdiyimiz mövqeyə sadiqik. Rusiya Federasiyası sülhməramlılarının vasitəçiliyi ilə bu il martın 1-də olduğu kimi görüş keçirilə bilər. Laçın dəhlizinin “bağlanması” və davam edən humanitar “böhran” qəbuledilməzdir və danışıqlar üçün əlverişli atmosfer yaratmaq üçün heç bir iş görmür”, – “bəyanat”da deyilir. Bir sözlə, Erməni separatçıları Azərbaycan tərəfinin ikinci görüşün Bakıda keçirilməsi təklifindən imtina ediblər.konkret

ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı təxribatına münasibət bildirib

ABŞ Dövlət Departamenti İran İslam Respublikasına məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub: “Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”.

Gürcüstan Prezidenti Şarl Mişellə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Bu barədə məlumat Aİ Şurasının saytında dərc edilib. Görüşdə müzakirə edilən məsələlərlə bağlı məlumat verilməyib.

Prezident: Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir

Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib. “Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, - deyən dövlət başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.

Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - Foto

Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsinin əməkdaşları olub. Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil agentliyin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Yaqubəliyev Elçin Abdı oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə etdiyi xidməti avtomobil idarəetmədən çıxaraq aşıb. E.Yaqubəliyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sərnişini olan idarənin bölmə komandiri vəzifəsində xidmət edən gizir Kərimov Vüsal Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Fotoda qəzada həyatını itirən Elçin Yaqubəliyev (qafqazinfo)

Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar xidmətdən məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin anası tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Kahramanmaraşda 4,8 maqnitudalı zəlzələ olub

Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda 4,8 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkan bu gün səhər saatlarında qeydə alınıb. Təbiət hadisəsi nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ məlumat yoxdur.

Rusiyanın itkiləri 160 mini keçdi

Ukrayna müharibənin 384-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 160 540 hərbçi, 3484 ədəd tank, 6789 ədəd zirehli döyüş maşını, 2519 ədəd artilleriya sistemi, 495 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 260 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5367 ədəd avtomobil texnikası, 2 120 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 256 xüsusi avadanlıq itirib.

Bakıda iki yük maşını toqquşdu: ölən var

Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, Ramin Xaqani oğlu Kazımovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan Aqil Arif oğlu Rəhmanovun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə A.Rəhmənov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 79,93 dollara, yüngül neftin bir barreli isə 73,99 dollara təklif olunur.

Ordumuz 19 dəfə atəşə tutuldu

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Arvadını öldürən şəxs saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Y. Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən E. Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Axar.az-a bildirib ki, bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini 1993-cü il təvəllüdlü G. Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.

İran şagirdləri zəhərləməyə davam edir

Son aylar İran məktəblərində zəhərlənən şagirdlərin sayı 13 minə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Səid Kərimi açıqlama verib. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan bu günə kimi İranın 28 əyalətinin 100 şəhərinin 250 məktəbində şagirdlərin zəhərlənməsi qeydə alınıb.