Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(1)

Qaçaq Dəli Alı

Müəllif: Nağı bəy Şeyxzamanlı (Keykurun)

Dəli Alı Gəncənin Qarasuçu kəndindəndir. Gəncliyi çobanlıqda keçmişdir. Çobanlıq etdiyi sürünün sahibi Gəncə şəhərinin əşrəfindən Cəfəroğlu Rüstəm ağadır. Rüstəm ağanın qoyun sürüsü artdıqca çobanlarıda çoxalır və Dəli Alı baş çoban olur. Ağası ona vilayətdən tüfəng daşımaq icazəsi alır. Alı çiynində tüfəng bəzən kəndlərə, bəzən isə xırdavat almaq üçün şəhərə gedir. Dəli Alının çobanlardan, qoyunlardan, sürü itlərindən qat-qat çox sevdiyi, daşıdığı tüfəngi olmuşdur. Şəhərdə iki tərəfli fişənglik düzəltdirdiyi kimi, məşhur dəvə şalıdan arxalıq düzəltdirmişdir. Bəslədiyi ən yaxşı at ilə, silahlı xalq arasında keçərkən hər kəsin nəzər-diqqətini çəkir və insanlar Dəli Alıdan çəkinməyə başlayırlar. Alının bu halından kəndlərdə çəkinməyənlər də peyda olurdu.

Aradan bir müddət keçir ətraf kəndlərdən bir varlının evinə basqın edilir, ev soyulur və basqınçılar kənddən uzaqlaşırlar. Dəli Alının adı bədxahlar tərəfindən hallandırılır.

Bir gün jandarma çavuşu bir neçə jandarma ilə Alının qoyun yatağına gəlir və Alını tüfəngi ilə polis idarəsinə aparırlar. İstintaqda ifadəsi alınır, Alını həbsxanaya göndərirlər və təhqiqat başlayır. Rüstəm ağa var qüvvəsi və pulu ilə Alını qurtarmağa çalışır, sonda azad olunur, ancaq Alı günahsız yerə 4 ay həbsxanada çilə çəkir.

Böyük vilayət həbsxanası məhbuslarla doludur. Alının 4 ay həbsxana həyatı təhqiqat ilə keçir, bir dəfə nə qədər ölüm cəzası verilmiş qaçaq varsa hamısı ilə görüşür, etdikləri işlərdən, həbslərinin səbəblərindən, haqlarında oynanılan oyunlardan, qurulan tələlərdən məlumat toplayır və onlara deyir ki, görürəm ki, qaçaqlıq həyatınızda sizdən əvvəlki qaçaqların həyatlarını, hərəkətlərini və necə tələyə düşürülüb həbs edildiklərini öyrənmisiniz.

Dəli Alı 4 aylıq həbs müddətində, həmin vaxt və ondan əvvəllər bir sıra qaçaqların Rus idarəsinə qarşı etdiklərini həbsxanada olan yaşlı məhbuslardan təfsilatı ilə öyrənir.

Dəli Alı həbsxanadan çıxır, kəndinə gəlir və öz işləri ilə məşğul olmağa başlayır. Ziyarətinə gələnlərə: Həbsxana zindandır, orada günəş işığı belə azdır, dustaqları həmişə bağlı otaqlarda saxlayırlar. Gündə bir-iki saat çölə çıxarırlar, oda həbsxana nəzarətçilərinin nəzarəti altında. Oradakı məhbuslar məni çox sevdilər, həmişə mənə qulaq asardılar. Mən orada qəhrəmanlıqlar etmiş igidlər gördüm, onlarla danışdım. Bir neçəsini edam etdilər, onlara yas tutduq, dualar oxuduq. Həbsxananın ən ağır, dəhşətli tərəfi hər gün səhərdən axşama rusların üzünü görməkdir. Mən onlar qədər sevimsiz məxluq görmədim. Onları görməmək üçün şəhərə belə getmirəm. Tanrının yaratdığı dağlar, qayalar, sevimli çiçəklər, otlar, qoyunlar, quzular və sadiq itlər mənim həyatım və nəşəmdir.

Dəli Alı təkrar sevimli kəndinə qayıdır. Məsud yaşarkən bir gün axşam tərəfi kənddəki evinin önünə silahlı yad adam gəlir, Alını soruşur, adamı evə alırlar, ağırlayırlar, rahat edin biz indi adam göndərər Alını çağırarıq, qoyun yatağındadır. Yad adam, Alının yanına gedən adamla qoy məndə gedim deyir. Dəli Alının yanına gəlirlər. Alı ilk baxışda onu tanımır, diqqətlə baxır, həbsxana dostu Hüseyn olduğunu görür.

 Hüseyn ağa məhkum olaraq Sibirə sürgün edilmiş və oradan bir yolunu taparaq qaçmışdı. Məmləkəti olan Naxçıvana getmiş, yaz aylarını qaçaq olaraq yaşamış və qış yaxınlaşanda sıxışmış və qışı səssiz keçirmək üçün Dəli Alının yanına qonaq gəlmişdir. Alı, Hüseyn ağaya dəstək olmuş və yazda o, öz yurdu Naxçıvana dönəcəkmiş. Bundan xəbər tutan jandarma rəhbəri göstəriş vermiş və nahiyə müdiri 4 jandarma ilə yatağa gəlmişdir. Jandarmaların gəldiyini görən Hüseyn ağa hərəkət etmək istəmiş və gec qaldığını görüb müqavimət göstərməmişdir. Dəli Alı onlara qoyun kəsmiş, yemək yedizdirmiş, Hüseyn ağaya dəyməməyi rica etmiş və buna uyğun olaraq hamınızı məmnun edəcəm demişdir. Rəd cavabı alan kimi Dəli Alının gözü dönmüş və vəhşi bir aslan kimi hücuma keçmiş və nahiyə müdirini vurmuş, jandarmalara meydan verməmiş, silahlarını alaraq şəhərə yola salmışdır.

Qoyunları çobanlara buraxaraq, Qaçaq Hüseyn ilə bərabər yoxa çıxmışdır. Bir neçə gün sonra bir kənddə kənar evlərin birində Dəli Alı ilə Qaçaq Hüseynin yanına Alının qardaşı Aslan, yeznəsi Məmməd gəlirlər və görüşdükləri əsnada jandarma bölüyü evi mühasirəyə alır, atışma başlayır, bir yüzbaşı ilə 6 jandarma vurulur. Axşam olur, qaranlıq düşür jandarmalar dağılışır və 4 qaçaq isə oradan uzaqlaşır. Bu atışmadan sonra Aslan və Məmməd rəsmən qaçaq elan olunurlar. 1897-ci ildə baş verən bu hadisə Dəli Alını rus idarəsinə qarşı tam 14 il döyüşməyə sövq etmişdir. Ətrafına topladığı igidlərlə dastanlar yaradaraq mübarizə aparmışdır.

Dəli Alının dəstəsi bir neçə dəfə mühasirəyə düşüb, qurtulmuşdur. Hər dəfə jandarma alayından bir neçə kişi tələf olur, ertəsi gün Gəncəyə gətirilərək rus məzarlığında dəfn edilirdilər. Bir tərəfdən Dəli Alı adamları ilə qalib gəlir, digər tərəfdən də Azərbaycan xalqı şənlik edirdi. Rus məzarlığının bir küncündə sıra ilə məzarlar, baş tərəfdə eyni yazı: Gəncə qaçağı Dəli Alının dəstəsi tərəfindən öldürülən falan-filan yazılırdı.

Təbii ki, ilk sırada zabitlər, məmurlar, nahiyə müdirləri, arxa sırada jandarma nəfərlərinin məzarları yer alırdı. Dəli Alı mühasirəyə düşəndə Gəncə əhli Dəli Alıya zəfər arzulardı. Biz savaşın nəticəsini axşamüstü şəhər klubunda jandarma alayının atışmada iştirak edən zabitlərindən təfsilatı ilə öyrənərdik. Atışmanın dəhşətini unuda bilməyən zabitlər, Dəli Alının qorxulu nərəsini və əllərindəki silahları makinalı tüfəng kimi istifadə etmələrini, 30 nəfər deyil, 300 nəfər ilə döyüşürmüş kimi bizə danışardılar. Hamısının xüsusi olaraq üzərində dayandığı Alının qorxunc nərəsi idi. Təsirini soruşduqda:

“Bağırma deyib, keçməyin. Dəli Alı bizə bağırıb atəş açarkən həmin an əsgərlərin əlindən silah düşür və qaçaqlar bu məqamda çəmbəri yararaq uzaqlaşırdılar. Biz onları təqib edə bilmirdik, yaralılarımızı, ölülərimizi toplayıb şəhərə dönürdük”, cavabını verirdilər.

Bu döyüşün necə cərəyan etdiyini sonra şəxsən Dəli Alıdan dinlədim.

Dəli Alı belə deyirdi:

“Biz evimizə gəldikdə hamımız bir otaqda qalırıq, ancaq kəndin hər iki girişinə növbətçi qoyarıq, rus əsgəri kəndə girərkən növbətçilər işarət silahını atarlar, bizdə tez hazırlanıb, toplu halda döyüşmədən kənddən uzaqlaşardıq. Bir gecə jandarmalar kəndə girmiş, bizim evi mühasirəyə almışlar, sonra bildik, sabahdan günortaya qədər atışdıq. Ruslar bir ara atışmaya son verdilər, yarım saat sonra bacım Zeynəb evin balkonuna çıxdı, qapını açdıq, Zeynəb ağlayaraq içəri girdi və: Qardaş vəziyyət çox ağır və təhlükəlidir. Mindən çox Rus jandarması və kazakı ətrafı mühasirəyə alıb, içində olduğumuz evin 3 tərəfinə arabalarla ot yığıblar və jandarma komandanı mənə “Vəziyyəti görürsən, əgər təslim olmasalar evi yandıracağıq, hamısı yanacaq. Əgər təslim olarlarsa da bəlkə İmperator onları edam etdirməz, həbs cəzası verər”, dedi, indi məndən cavab gözləyir, “tez de, geri gəl”, – əmri verdi.

Zeynəbi geri göndərdim və dedim ki: “Yarım saat gözləsinlər, müzakirə edək, əgər qərar versək, təslim olarıq”. Zeynəb çıxdı, dostları ətrafıma topladım. Vəziyyətin ciddi və ağır olduğunu hamımız bilirdik, vəhşi rusun bizi silahla deyil, yanğın ilə təslim alacağını düşünməmişdik. Zatən biz onları seyrək atışma ilə yola verib, axşamı gözləyirdik. Yanğın məsələsi çıxınca tez hərəkətə keçib və nə olarsa olsun Allahımıza və silahımıza güvənərək savaşa başlamağın zamanı gəlmişdi. Biz 25 nəfər idik. Aramızdan balaca boylu 9 nəfər ayırdım. Onlara evin bacasını genişlədərək damın üstünə çıxmalarını və oradan ətrafı yaylım atəşinə tutmalarını dedim. Bizdə, digər dostlar ilə hamımız çölə çıxacaq dedim və tənbeh etdim ki, bura bizim evimizdir, bir dənə rusun burnu qanamasın. Evin üstünə çıxanlar yaylım atəşi ilə ətrafı tararkən bizdə qapını açaraq çölə çıxdıq. Əvvəl mən çıxdım, bağıraraq havaya atəş açdım. Rus əsgərləri sipərlərə sinmişlər, başlarını qaldıra bilmirdilər, çəmbərə yaxınlaşmadan rusların silahsız olaraq qaçdıqlarını gördük, bir neçəsinin tüfəngi yerə düşmüşdü. Jandarmalar qaçırdılar, biz yerdə gördüyümüz silahları topladıq, arxamıza baxa-baxa yavaş-yavaş kənddən uzaqlaşdıq. O andan rus əsgəri görmədik, heç bir rusda vurulmadı. Nəticədə biz 12 tüfəng qənimət almış olduq, Ruslar isə kənddə qalan 21 atımızı biz uzaqlaşdıqdan sonra götürüb aparmışdılar.

Bu atışmadan sonra Dəli Alı bir daha öz kəndinə getmir, ailəsi ilə birlikdə 5 ay yaylada qalır. Kənddə tarlasına, heyvanlarına, sürüsünə, ilxısına bacısı Zeynəb xanım baxırdı. Dəli Alıya qəhrəmanlığı ilə sevindirdiyi xalqımız tərəfindən çox qiymətli hədiyyələr göndərilirdi. Olduqca çox geniş ərazisi, bir neçə min qoyunu, bir neçə yüz inəyi olduğu kimi buğda və pambıq tarlası var idi. Gəliri bir kənd ağasının sərvətini keçməkdə idi. Kasıb kəndliləri qoruyurdu, kəndlilər Dəli Alıya baba deyirdilər. Kənd toylarına gedər, toy sahibinə nəmər, aşıqlara hədiyyələr verər, xalqın dərdini dinləyərdi. Alının təhsili yox idi, ancaq tanrı ona kəskin bir ağıl və zəka vermişdi. Danışmasında, fikir və mühakiməsində yetkinlik var idi, kimsə ona cahil deyə bilməzdi. Dəli Alının xalqla münasibəti elə dərəcəyə çatmışdı ki, kənd ağalarının qəhrinə və zülmünə məruz qalan kəndlilər rus idarəsinin məhkəmələrinə deyil, dərdlərini, məruz qaldıqları haqsızlığı kənd toylarında Dəli Alıya şikayət edərdilər. Dəli Alı həmin an dostlarından Cəfər bəyə (Dəli Alının təhsil almış silahdaşlarından) qeyd etdirərmiş “İlk fürsətdə sizin kəndinizə gələr, səni məmnun edərəm”, deyərmiş, kəndlinin Dəli Alıya şikayətini duyan kənd ağası, Alı kəndə gəlməmiş kəndlini məmnun edərmiş. Yerli rus idarəsi Dəli Alı ilə bacarmayacağını əvvəldən anlamışdı və bu səbəblə mücadilə formasını dəyişdirərək hiyləyə baş vururdu. Bütün xalqımız tərəfindən himayə görən Dəli Alının ruslara qarşı mücadiləsi asanlaşırdı. Rus ajanları Dəli Alının gecələyəcəyi kəndi müəyyən edir, gecə yarısı hərəkət edən jandarma alayı səhərə yaxın kəndi mühasirəyə alır, fəqər Dəli Alını tapa bilmirdilər. Dəli Alı əvvəldən xəbərdar edilmiş və kənddən uzaqlaşmışdı.

Bir dəfə Gəncə Gənclik Təşkilatı polisin izləməsi ilə bağlı zamanında xəbər almış və məlumatı Dəli Alıya çatdırmışdı. Hər vasitə ilə Dəli Alını məhv etməyə çalışan rus idarəsi bir yolla kəndlinin birini aldatmağa müvəffəq olur. Həm çoxlu pul verir, həm də böyük vədlər verirlər. Ruslar aldatdıqları kəndliyə zəhər verirlər, aldadılmış kəndli fürsət gözləyir. Bir gün Dəli Alı 9 nəfər ilə kəndə gəlirlər, həmin kəndli onları qarşılayır və evinə aparır. Yemək hazırlanır, boşqablara qoyulmadan gizlicə zəhəri cibindən çıxarır və yemək qazanına atır. Bunu görən həyat yoldaşı çığırtı qoparır. Kəndlinin anası məsələni anlayır və oğluna “Allah bəlanı versin oğul, bu canlara necə qıyacaqdın?”, deyə çığırır. Dəli Alı baş verənləri xəbər alır, yaxınlaşır ağlayan gəlini, özündən gedən ananı sapsarı kəsilmiş görür və kəndlini tüfəngin arxası ilə vurub yıxır. Gəlin və ana ağlayaraq: “Bu xaini, sizləri qurtaran bizlərə bağışlayın!”, deyib, yalvarırlar.

Alı yıxılan kəndliyə bir təpik vurub evdən uzaqlaşır. Hadisə xalq tərəfindən nifrətlə qarşılanmışdı. Nəticə sevindirici olduğu üçün kimsə xainə cəza verilməsini ağlına gətirməmişdi.

Çar idarəsi Dəli Alı ilə qarşılaşmanın və atışmaların mənfi nəticələrində əhalini qəbahətli bildiyindən təzyiqini xalqın üzərinə çevirirdi. Hər kəndin bir neçə öndə gələni qubernatorun əmri ilə 1 ay həbsə məruz qalırdılar. Xalqımız bu qanunsuz və ədalətsiz idarənin basqısına dözürdü. Ancaq Dəli Alı xalqa edilən bu təzyiqlərə sinirlənir və çox narahat olurdu.

Dəli Alı bir dəfə düşünür, götür-qoy edir, Gəncə şəhərinə yaxın bir kənddə gizlənir və şəhər ilə təmasa girir. Gəncə qubernatorunun fayton ilə Qazax şəhərinə gedəcəyini öyrənir. Mövqe alaraq qubernatorun dönüşünü gözləyir. Qubernator Qazax şəhəri ilə Gəncə arasında bir dərədən keçərkən Dəli Alı 25 silahdaşı ilə qubernatoru dayandırır. Qubernatoru mühafizə edən bir neçə jandarmanı əhatəyə alır və hərəkət etməyə imkan vermir. Jandarmaların tüfənglərini əlindən alır. Bu mənzərəni seyr edən qubernator, məmur və tərcüməçi saralmış halda müqəddəratlarını düşünürlər. Dəli Alı üzünü tərcüməçiyə çevirərək: “qubernatordan soruş, bizdən nə istəyir? Nə üçün bizdən əl çəkmir, mən və dostlarım bu 10 ildə hər hansı bir cinayətimiz, soyğunçuluğumuz və yaxud qeyri-qanuni hərəkətimiz idarəniz tərəfindən qeyd edilmişmidir, kəndlər arasında rast gəldiyim jandarmalara bir pislik etdiyim məlumdurmu, mən rus idarəsini təqib etmirəm, idarəniz məni məhv etmək istəyir, mən yalnız nəfsimi müdafiə edirəm!”. Tərcüməçi bunu qubernatora dedikdən sonra, qubernator hiss edir ki, Alı intiqam hissi ilə yaxınlaşmayıb, gileylənir. Qubernator dedi:

“Mən qanunun tətbiqi ilə mükəlləfəm, qanun sizi qovalayır, siz qanundan qaçırsınız, mən başqa cür hərəkət edə bilmərəm!”. Alı qubernatora: “Sizin müsəlləh qüvvəniz məni sıxışdırır, qarşılaşırıq, istəməyərək bir neçə nəfərinizi öldürürük, bunun günahı sizin üzərinizdədir. Mən sizə heç bir pislik etməyəcəm, jandarmaların tüfənglərini arabaçının ayaqları altına qoydururam, bizdən ayrıldıqdan sonra irəlidə yenə silahlarını özlərinə verərsiniz, yenə onlar sizə Gəncə şəhərinə qədər mühafizlik etsinlər, ancaq sizdən bir ricam var (Əli ilə faytonun arxasındakı qarpızı göstərərək) o qarpızdan bir dilim mənə verin, deyir. Qubernator, bütün qarpızı götürün deyir. Dəli Alı, öz əliniz ilə verin, deyir. qubernator əli ilə qarpızı Alıya uzadır. Alı qarpızı alır və “qubernator, gördünüzmü, bu qarpızı siz mənə sevdiyinizdən deyil, vəziyyətə görə verirsiniz. Bir kərə bilmiş olun ki, bizləri evlərinə alanlar, bizə yemək verənlər, bizi istirahət etdirənlər sizin kimi məcbur qalırlar, onlarda sizin kimi edirlər. Sizin qanuna qarşı nə qədər günahlarınız varsa, onlarınkı da o qədərdir. Sizdən çox rica edirəm, Gəncə şəhərinə gedər-getməz məni qoruyurlar deyə həbsə atdıqlarınızı sərbəst buraxdırın, sizə uğurlar olsun !”. Arabaçıya: “Çək arabanı, jandarmalara, haydı atlarınızı sürün, qubernatorunuza çatın, silahlarınızı alın, qubernatoru Gəncə şəhərinə qədər mühafizə edin!”, deyir. Vali Gəncə şəhərinə gələr-gəlməz Dəli Alıdan ötrü həbsə atdığı kəndliləri azad edir.

“Azərbaycan Türk Kültür Dərgisi”, 1961-ci il, 115-116-117-ci saylar, səh. 15-19

Təqdim etdi: Ceyhun Nəbi

Share on Facebook