İlk oxuduğum kitablardan biri "Eladanın qhrəmanları" olub. Balaca nəfis kitab idi. Üstündə balaca Heraklın iki böyük ilanı boğan yerdə rəsmi var idi. Həm də beşikdə. Soruşmuşdum "Ellada" nə deməkdir? Demişdilər Yunanıstan. İlk dəfə "Ellada" sözünə o əfsanə kitabında rast gəlmişdim və heç vaxt unutmadım.
Amma bu lap çoxdan olub. Onda mən balaca Herakıldan 8-10 bahar böyük olardım...
***
Toyuna getmişdim. Bilməmişdi orada olduğumu. Toydan bir neçə gün sonra idi. Çəkilişlərə baxanda görmüşdü iştirak etdiyimi. Mən olan parçanı kəsib mesencerimə atdı. Təşəjkkür elədi. Sevinmişdi toyunda olduğumu biləndə. Allah sizi qorusun - dedi. Sağlam, çox yaşamağım üçün dua da etdi. Minnətdarlıq elədim. Bu bizim axırıncı söhbətimiz oldu.
TOYDAN ƏVVƏLLƏR
Qağayılı dənizin fonunda bir şeirimi səsləndirib mənə atmışdı. Fikrimi bilmək istəmişdi, - şeir səsləndirməkdə davam edim, ya yox?- deyə. Dedim davam eləyin əlbəttə. Səsi xoşuma gəlmişdi. Səsləndirmək də zamanla püxtələşəcək ifalardan idi. Sonra bir şeir də atdı. Sonra birini də...
Sonra toyu oldu. Sonra özü olmadı...
Çox təəccübləndim. Xəstəymiş dedilər. Bilmirdim deyə, qəfil oldu mənimçün. Hiss etdiyim kədərdən çox narazılıq idi. Bilmədim kimdən ya nədən? Amma narazı qaldım...
***
İki nəfərin izdivacından gəlir insan dünyaya. Həm də vaxtında. Amma o qədər təkbnaşına gedən var ki dünyadan. Həm də vaxtından tez. Amma bu qədər tez olmamalıdır əslində. Həm də toyundan sonra. Adamlara etibar qalmayıb. Adamlarda günah olmasa belə...
***
Bu çoxdan olmayıb. Bir gün əvvəlin söhbətidir. Onun olmaması yəni. Bu əfsanə deyil, gerçək bir həyat, gözəl bir insan, hörmətli bir həmkar taleyi idi.
Yəqin ki, bu mənim həmişə yadımda qalan sonuncu "Ellada" olacaq.
Bilsəydim belə olar yəqin ki, toyuna getməzdim. Dekabrda xoşbəxtlik arzuladığın insana fevralda rəhmət oxumaq nəsə dolaşıq məsələdi. İllah da o zaman ki, adam təkcə həmkar yox. həm də ailəvi dostdur. Əslində Allah onu qorumalı idi. Nə yaşamışdı ki?
Amma kim bilir, bəlkə belə qoruyur?...
P.S
Bu şeir idi səsləndirdiyi:
DÜNYANIN ƏN GÖZƏLİ
Uşaq da olmuruq, Ana öləndə
Desinlər, ölməyib, xalangildədir.
Desinlər, nasazdır xalan bu gün də,
Anan da gəlməyib, xalangildədir.
Desinlər, analar ölmür, balası,
Qəfildən harasa gedirlər bir gün.
Desinlər, onu da bir gün anası,
Çağırır yanına, boyunu görsün.
Sən də inanasan yarışübhəli,
Gözün qapılarda qala bir ömür.
Dünyanın ən gözəl, ən gözləməli
Xəyalı könlünü ala bir ömür...
İlqar Rəsul