Ermənilər NARAHATDIR: MN 48 yaşa qədər kişilərə ÇAĞIRIŞ GÖNDƏRDİ

“Bölgələrdə kişilərə Müdafiə Nazirliyindən bildirişlər gəlib”. Bu barədə “İravunk” qəzeti məlumat yayıb. Ermənilər göndərilən bildirişlərdən narahat olmağa başlayıblar. Qəzet yazır: “Bu günlərdə rayonlarda insanlar çox narahatdır. Dövriyyədə olan xəbərlərə görə, 48 yaşa qədər çoxlu sayda kişiyə hərbi təlimlərdə iştirak etmək üçün xəbərdarlıq edilib. Bu, çoxlarının tezliklə mümkün müharibənin olacağı qənaətinə gəlməyə səbəb olub. “İravunk” Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyandan təfərrüatları öyrənməyə çalışıb. O, bildirişlərlə bağlı xəbəri mahiyyətcə təsdiqləyib. O vurğulayıb ki, ehtiyatda olan hərbi hissələrdə qeydiyyatda olan vətəndaşlara təlim-məşq toplanışlarında iştirak etmək üçün bildirişlər göndərilir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi onu da əlavə edib ki, bundan əvvəl bu barədə Ermənistan hökuməti də məlumat verib. (konkret.az)

Moldova MN: Almaniyadan PUA-ların göndərilməsini gözləyirik

Moldova Müdafiə Nazirliyi Almaniyadan pilotsuz uçan aparatların (PUA) göndərilməsini gözləyir. Bunu Moldova müdafiə naziri Anatoli Nosatıy yerli “Jurnal TV” kanalına müsahibəsində bildirib. Nazirin sözlərinə görə, ölkəsi hərbi sahədə prioritetləri, eləcə də müharibə taktikalarını nəzərdən keçirir. Nosatıy qeyd edib ki, Almaniya Moldovaya “Piranha” zirehli transportyorları ilə birlikdə daha əvvəllər vəd edilmiş PUA-ları göndərəcək: “Moldova üçün nəzərdə tutulan PUA-lar istehsal prosesindədir”. Qeyd edək ki, daha öncə Almaniya Moldovaya hərbi yardım çərçivəsində 6 ədəd “Piranha” zirehli transportyoru tədarük edib.

Zelenski: "Rusiya nə qədər namərdliklər etsə də, dövlətimiz və xalqımız buxovlarda olmayacaq"

"Rusiya atom sahəsində vicdanlı iştirakçı ola bilməz..." "Rusiya şüurlu şəkildə Ukraynanın atom obyektlərində kritik vəziyyət yaratmağa can atır..." Martın 9-da səhər Ukrayna şəhərlərinə raket zərbələri nəticəsində altı nəfər həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara martın 9-da axşam müraciətində məlumat verib. Onun sözlərinə görə, terrorçu ölkənin bəşəri dəyərlərlə növbəti döyüşmək cəhdi təkcə bəzi regionlarda elektrikin, istiliyin, suyun müvəqqəti kəsilməsinə deyil, həm də insan qurbanlarına səbəb olub. "Bu gün Rusiya raketləri altı nəfər ukraynalının həyatına son qoyub. Onların ailələrinə başsağlığı verirəm", - Zelenski deyib. O, məlumat verib ki, enerji obyektlərində bərpa işləri davam edir. "Ən mürəkkəb vəziyyət Xarkov, Jitomirdədir. Odessada, Dnepropetrovsk vilayətində, Kiyevdə, Zaporojyedə vəziyyət çətindir. Təmir briqadaları, energetiklər, yerli hakimiyyət, mərkəzi hakimiyyət-hamı şəhər və rayonlara, problem yaşanan yerlərə enerjinin verilməsini bərpa etmək üçün nə qədər lazımdır işləyəcək. Mən bunun naminə işləyənlərin hamısına minnətdaram", - dövlət başçısı əlavə edib. "Rusiya süurlu şəkildə Ukraynanın atom obyektlərində kritik vəziyyət yaratmağa can atır" Martın 9-da işğalçılar Zaporojye AES-i qidalandıran sonuncu xətti zədələyib. Rusiya atom sahəsində hər hansı münasibətlərin vicdanlı iştirakçısı ola bilməz. "Zaporojye AES yenidən şəbəkədən ayrılıb. Bu, kritik vəziyyəyydir. Rusiya bilərəkdən bizim atom obyektlərimizdə belə kritik vəziyyətləri yaradır. Bu, sadəcə, o deməkdir ki, Rusiya atom sahəsində hər hansı münasibətlərin vicdanlı iştirakçısı ola bilməz", - o, deyib. Martın 9-da işğalçılar Ukraynanın enerji obyektlərini güclü raket hücumuna məruz qoyub, o cümlədən Zaporojye AES-i qidalandıran sonuncu xətti zədələyib. Stansiya işğal müddətində altıncı blekauta daxil olub və dizel generatorlarla işləyib. Saat 17:23-də "Ukrenerqo" şirkətinin mətbuat mərkəzi elektrik təchizatının bərpa edilməsi barədə məlumat verib. "Rusiya nə qədər namərdliklər etsə də, dövlətimiz və xalqımız  buxovlarda olmayacaq" Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinə martın 9-da Rusiyanın güclü raket hücumunun qarşısının alınmasına görə minnətdarlıq edib. O, Rusiyanın hücumlarının dəf edilməsində 138-ci Dnepr, 160-cı Odessa və 208-ci Xerson zenit raket briqadalarını xüsusilə qeyd edib. "Biz Ukraynanın nəyə qadir olduğunu artıq göstərmişik. Rusiya nə qədər namərdliklər etsə də, dövlətimiz və xalqımız buxovlarda olmayacaq. Rusiyanın nə raketləri, nə də vəhşilikləri ona kömək etməyəcək", - prezident deyib. O, həmçinin ölkə üzərində səmanın tam müdafiə edlməsinin vacibliyini anlayan və "insanların normal həyatlna zəmanət verilməsində kömək etməyə hazır olan" beynəlxalq tərəfdaşlara minnətdarlığını bildirib.

Qurban Yetirmişli: Azərbaycanda yaxın günlərdə dağıdıcı zəlzələ ehtimalı yoxdur

Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Elə gün olmur ki, Azərbaycanda 25-30, bəzən 50-60 zəlzələ olmasın. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl bir ərazidə 1 saat içərisində 20 xırda təkan olub: “Amma bunu heç kim hiss etmədi. Seysmogen bölgə üçün bu cür zəlzələlərin olması labüddür. Azərbaycanda yaxın günlərdə katastrofik, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Zəlzələnin hiss olunduğu da ola bilər, 5 ballıq da, 4 ballıq da, ancaq bunlar qorxulu bir şey deyil”. Azərbaycan özü ümumilikdə seysmogen bölgədədir: “Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı-İsmayıllı, şimal bölgəsi – Quba-Xaçmaz zonası, Zaqatala-Şəki, Gəncə, cənub bölgəsi, Naxçıvan – bütün Azərbaycan aktiv zonada yerləşir”.

Azərbaycan və Gürcüstan Candargöl su anbarından birgə istifadə edəcək

Azərbaycan və Gürcüstan arasında sərhəddə yerləşən Candargöl su anbarından birgə istifadəyə dair müqavilə imzalanıb. Sozcu.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələrinin Gürcüstana səfəri çərçivəsində imza atılıb. Səfər “Gürcüstan Meliorasiya” MMC-nin dəvəti ilə reallaşıb. Səfər çərçivəsində su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb, həmçinin Qardabani suvarma sistemlərinə baxış olub.

Messi "Barselona"ya qayıtmaq istəyir, amma...

PSJ-nin futbolçusu Lionel Messi sabiq klubu "Barselona"ya qayıtmaq istəyir. Sozcu.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.  Bildirilir ki, 35 yaşlı forvard "Barselona"ya keçmək istəyir, lakin kataloniyalılar keçmiş liderini geri qaytarmaq üçün heç bir addım atmayıblar. Qeyd olunur ki, vəziyyət hər an dəyişə bilər. Xatırladaq ki, Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Argentinalı hücumçu 2021-ci ildən Fransa klubunda çıxış edir. Bundan əvvəl Messi uzun müddət "Barselona"da oynayıb (2004-2021).

Elton Hüseynəliyevə ağır itki

Əməkdar artist Elton Hüseynəliyevə ağır itki üz verib.  Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müğənninin anası Şura xanım 63 yaşında dünyasını dəyişib.  Bu barədə ifaçının xanımı Tamilla Hüseynəliyeva instaqramda bildirib.

Pulun qədrini bilməyən bürclər - Xərcləməyi sevirlər....

Bəzi insanlar pula heç önəm vermir. Bu insanların pul yığmaq, mal-mülk sahibi olmaq kimi xəyalları yoxdur. Bəzən pulsuz qalsalar da, veclərinə almırlar. Astrologiyada da pulun qədrini bilməyən bürclər var. Sozcu.az bakupost.az-a istinadən pul xərcləməyi çox sevən həmin bürcləri təqdim edir: Oxatan - Onlar düşünməkdən çox, anı yaşamağı üstün tuturlar. Bu da tez-tez maddi sıxıntıya düşmələrinə səbəb olur. Pul yığmaq və investisiya etməkdə uğurlu deyillər. Daha çox dünyanı gəzmək və hər şeyi təcrübə etmək istəyirlər Tərəzi - Alış-veriş etməyi çox sevirlər. Modanı yaxından izləyirlər. Ona görə də, həmişə pul xərcləyirlər. Söhbət maddiyyatdan gedəndə çox tənbəl olurlar. Tez-tez pul xərclədikləri üçün də çox zaman borclu qalırlar. Tərəzi bürcündən olan insanlar pulu sadəcə öz ehtiyacları üçün xərcləyir. Əkizlər - Sosial insanlardır. Əylənmək istədikdə çox göstərişli yerlərə gedirlər. Daim pul xərcləyirlər və buna görə peşiman deyillər. Onların da pul yığması mümkün deyil. Qoç - Qoç yox deməyi bacarmır. Ona görə də, özlərinə lazım olsa belə, yaxınlarının pula ehtiyacı olanda sevə-sevə verirlər. Köməklik etməyi çox sevdikləri üçün pulsuz qala bilərlər. Buna görə də, maddi sıxıntı yaşayırlar. Qoç bürcləri özlərinə investisiya etməyi də sevirlər. Bütün ehtiyaclarını qarşılamaq üçün məsuliyyətsiz şəkildə pul xərcləyirlər. Əqrəb - Bahalı zövqləri var. Həyatlarındakı insanlar üçün heç vaxt pul xərcləmirlər. Onlardan daha çox pul qazanan biri ilə münasibətdə olmağı qəbul edə bilmirlər. Onlar pulu bir güc olaraq görür. Buğa, xərçəng, şir, qız, oxatan, oğlaq, dolça və balıq bürcləri də pul xərcləyirlər. Lakin pul ehtiyyatlarının olmasını da sevirlər.

Uşaqlarda qarın sancısı NƏYİN ƏLAMƏTİDİR?

Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərsə, mütləq ərazi üzrə uşaq poliklinikasındakı sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Sozcu.az Medicina.az-a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 17 nömrəli Uşaq Poliklinikasının baş həkimi Gülər Paşayevanın sözlərinə görə, uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər: "Buna görə də biz - ilkin səhiyyə xidməti müəssisələri olaraq, uşaqlarda bu cür narahatlıq müşahidə edildiyi halda valideynlərin mütləq şəkildə ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etmələrini tövsiyə edirik. Uşaqlarda qarın ağrıları müxtəlif səbəblərdən baş verə bilər. Bu zaman valideyn sahə həkiminə (həkim-pediatra) müraciət etməlidir. Sahə həkimi müvafiq suallar verməklə, ağrının səbəblərini araşdırır və onu təyinatına uyğun ixtisas həkimlərinə və analizlərə yönəldir. Əgər uşaqda səhərlər ürəkbulanma, gecə yatanda dişlərini sürtmək, ağzından su axmaq kimi əlamətlər, anal-dəlik sahəsində qaşınma olursa, uşaq qurd analizinə yönləndirilir. Belə ki, göbək ərtafında, epiqastral nahiyədə, yemək qəbulu zamanı baş verən ağrılar mədə-bağırsaq xəstəliklərinin əlamətləri ola bilər. Bir çox hallarda qarında kəskin ağrılar təxirəsalınmaz cərrahi müdaxilərə gətirib çıxardır". Həkim-pediatrın sözlərinə görə, çox vaxt qarın ağrıları digər orqanların xəstəliklərində də özünü büruzə verir: "Məsələn, sidik kisəsi iltihabı, qəbizlik, kolit xəstəlikləri də qarın nahiyəsində dözülməz ağrılar verə bilər. Buna görə məsləhət görürük ki, vaxtaşırı sahə həkimlərində tibbi müayinələrdən keçsinlər". "Qarındır ağrıyır, keçər, heç nə olmaz" deyib, keçməyin. Bir daha qeyd edək ki, qarın ağrısı bir çox xəstəliklərin "carçı"sı ola bilər.

"Qaçqınkom"la bağlı QƏRAR

“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 yanvar tarixli 1 nömrəli Qərarında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Kollegiyanın üzvləri aşağıdakı kimidir: Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının I ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının II ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının III ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının IV ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının V ərazi şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə və təminat şöbəsinin müdiri Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru.

Kəmaləddin Heydərov polkovnik-leytenanta yüksək VƏZİFƏ VERDİ

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinə yeni rəis təyin edilib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant İlyasov Fuad Bəbir oğlu təyin olunub. Qeyd edək ki, bir müddət əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib. O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.

Ərəbistan İsrailin tanınması üçün şərtləri açıqladı

Səudiyyə Ərəbistanı mülki nüvə proqramının həyata keçirilməsi üçün yardım alacağı, həmçinin Vaşinqtondan təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə İsraili tanımağa hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrinə istinadən məlumat yayıb. “Ər-Riyad Təl-Əvivlə diplomatik münasibətlərin qurulması istiqamətində İsrail və ABŞ-la üçtərəfli məsləhətləşmələr aparır. Əsas şərt uranın zənginləşdirilməsi texnologiyasının ona ötürülməsini əhatə edən nüvə enerjisi proqramının inkişafına kömək, həmçinin ABŞ-dan təhlükəsizlik və müdafiə yardımı təminatlarıdır. İki ölkə arasında münasibətlərin normallaşması Vaşinqton və İsrail üçün nüvə proqramının həyata keçirilməsinə görə İranla qarşıdurmanın kəskin artmasından sonra xüsusilə aktuallaşıb”, - məlumatda deyilir.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerin 7 km dərinlikdə meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qaradağda 27 yaşlı gənc öldürüldü

Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elburus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987-ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Urmiyalı aktyor həbs edildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindən olan sənətçi və aktyor Rza Purcəfər həbs edilib. Sozcu.az xəbər verir ki, aktyor təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və naməlum yerə aparılıb. Həbs səbəbi barədə açıqlama verilməyən Purcəfərin sosial media hesabları da bağlanılıb.

380-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 380-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 156 990 hərbçi, 3448 ədəd tank, 6742 ədəd zirehli döyüş maşını, 2475 ədəd artilleriya sistemi, 491 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 256 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5337 ədəd avtomobil texnikası, 2 107 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 240 xüsusi avadanlıq itirib.

İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi üçün Forumun yaxşı imkan yaratdığı vurğulanıb. Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Prezident İlham Əliyevin Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edilib. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, Ukrayna ordusunun baş əsgəri İlkin Hacıyev iki gün əvvəl Donbas istiqamətində həlak olub. Əslən Azərbaycanın Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.

Tel-Əvivdə atışma: yaralılar var

2023.03.09 - 23:27 İsrailin paytaxtı Tel-Əvivin mərkəzində silahlı atışma baş verib, iki nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. *** Təl-Əviv şəhərindəki kafelərin birində baş verən silahlı insident terror aktı kimi dəyərləndirilib. Bu barədə ölkənin hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib. “Təl-Əvivdə terror aktı: şübhəli şəxs iki mülki şəxsi yaralayıb. Terrorçu zərərsizləşdirilib”, - məlumatda qeyd olunub.

Gürcüstanda etirazçılar hökumətin istefası TƏLƏB EDİR

Gürcüstanda etiraz aksiyaları axşam saatlarına kimi davam edib. Sozcu.az xəbər verir ki, "xarici agentlər haqqında" qanun layihəsinə qarşı başlayan aksiyalarda əsas tələb hakimiyyətin istefasına yönəlib.  Müxalif siyasətçilər növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini irəli sürüblər. Bildirilib ki, tələbləri təmin olunmayana qədər etirazları davam etdirəcəklər.  Növbəti aksiyanın sabah saat 11-də keçiriləcəyi anons edilib. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.

Kəramət Böyükçöldən Bəxtiyar Hacıyevə ağır ittihamlar:"Onun mənsub olduğu çevrə Türkiyədə çevriliş elədi"

Bəxtiyar Hacıyev həbs edilən kimi ictimai simalar, siyasətçilər, fəallar onu müdafiə etməyə başladı. Həqiqəti sosial şəbəkələrdən öyrənən sadə adamlar da onlara qoşuldu. Elə bir vəziyyət yarandı ki, bir-iki istisnaları çıxmaq şərti ilə heç kim əks bir fikir deməyə cəsarət etmədi. Çünki virtual kütlə qızışıb onun kimi düşünməyən və bu fikirləri bölüşməyən adama ağzına-gözünə gələni deyəcək, ölülərini, dirilərini ağ yuyub qara sərəcəkdi. İctimai rəy liderləri psixoloji terrorçu, bolşevik zehniyyəti ilə heç nəyi mübahisələndirməyə imkan vermədən özlərini həqiqət elan etdi və bu həqiqətin adını da demokratiya qoydu. Mən isə baxdım, izlədim, mümkün qədər kənar qalmağa çalışdım. Yazdılar ki, Bəxtiyar zülm çəkir, niyə dinmirsən? Ən səmimi hesab etdiyim adamlar da məni qınadı ki, niyə Bəxtiyardan az-az paylaşım edirsən? Dedim, qardaşlar, etməyin, eləməyin. Valla, bu işin içində oyun var. Soruşdular ki, nə bilirsən? Dedim, hiss eləyirəm ki, bu müdafiədə rol ifa edənlər var, bir də küyə düşənlər. Nolsun ki, tərəkəmə balasıyam? Nolsun ki, siyasəti bilmirəm? Fəhmim var, duyumum var, iy bilmlə qabiliyyətim var. Əvəz Zeynallıdan söz düşəndə ortada heç bir fakt, sübut olmadan deyirsiniz ki, onun hökumətlə əlaqələri olub, həlləmqəlləm adamdır. Deyirsiniz ki, Əvəz bizim adam ola bilməz! Ancaq Bəxtiyar Hacıyevin Kəmaləddin Heydərovla əlaqələrini sübut edən səs yazıları yayılır, deyirsiniz ki, Bəxtiyar bizim adamdır. Belə çıxır ki, Kəmaləddin də sizin adamdır? Və yaxud, siz də Kəmaləddinin adamısınız? Belə çıxır ki, Kəmaləddinin bağlı olduğu yer də sizin adamdır? Axı burada oyun var, məni niyə gic yerinə qoymusunuz? Etiraf edirəm ki, toplumun reaksiyasından qorxub bildiklərimi yazmadım, susub qaldım. Elə orda-burda danışıb özümü sakitləşdirməklə kifayətləndim. Dedim, dəli ilə dəli olmayım. Ağılsızla mübahisəyə getməyim. Havayı yerə özümü də, yaradıcılığımı da belə boş-boş söhbətlərin içərisində xərcləyib bitirməyim. Əksinə, kültənin basqısından mən də məcbur qalıb az da olsa müdafiəyə qoşuldum, küyə düşənlərdən oldum. Dedilər, bəs niyə məhkəməsinə də getmirsən? Belə yazıçı olar? Bir qələmim var. Onun itirməyin qorxusundan məhkəməyə də getdim. Dedim, azadlıq! Dincəldilər? Yox! Bu səfər başladılar ki, azadlıq sözünü niyə yavaş deyirsən? Dedim, adam içəridən məktub yazır ki, məmurlarla islahata gedibmiş. Bu islahatların nəticəsində bir klana qoşulub o biri klanı vurmağa başlayıbmış. İllərin siyasətçiləri, naşirləri, fəalları, salam verdiyim adamlar qışqırdılar ki, sənə düşünmək olmaz, gözünü yum, ancaq azadlıq qışqır.  Bəxtiyar aclıq etməyə başladı. Aclıq 50 gün çəkdi. Özümə də maraqlı gəlirdi ki, bir gün bazlıqsız dayana bilməyən adam 50 gün necə ac qalır? İstədim yazam ki, Bəxtiyar 50 gündür bazlıq eləmir. Ölməyə qoymayaq! Dedim, lənət şeytana! Onsuz da yavaş-yavaş cəmiyyətin özü deməyə başlayıb ki, bu qədər olmaz. Mən düşündükcə, kələfin ucunu axtarmağa çalışdıqca yoldaşlar deyirdi ki, sənə düşünmək olmaz, ancaq azadlıq qışqır, azadlıq bağır. Deyirəm, qardaş, valla, mən bilmirəm, amma fəhmimlə hiss eləyirəm ki, xalqa yalan danışıram. Gedib şəhid general Polad Həşimovun anasını işə qoşurlar. Anadır. Hamımızın anası var. Övlad itirib. Dedim, onun övlad acısından bu məsələdə kampaniya kimi istifadə eləmək olmaz! Xeyri olmadı. Söhbət Elman Nəsirov kimi əyilə-əyilə davam elədi. Sonra məlum yazışmalar üzə çıxdı və bəzi fəallar Bəxtiyarı söyməyə başladı, onu müdafiə etdiklərinə görə camaatdan üzr istədilər.  İndi mən nə deyim? Deyim ki, düz eləmisiniz? Deyim ki, bilmirdiniz? Deyim ki, xəbəriniz yox idi? Axı bütün bunların hamısından lap əvvəlcədən xəbəriniz var idi. Mən bilirdimsə, illərin siyasətçiləri, illərin fəalları bunu bilməyə bilərdimi? Bəxtiyarın artıq hamımıza məlum olan zəif tərəflərini bilə-bilə onu müdafiə edirdilər. Niyə? Çünki həmin zəiflikləri səhər onun başına qaxmaq, özündən asılı vəziyyətə gətirmək lazım idi. Digər qism isə Bəxtiyarın beynəlxalq təşkilatlara, səfirliklərə verdiyi referanslara adını salmaq, imkanlarından istifadə etmək üçün onu müdafiə etməkdə israrlı idilər. Yadıma gəlir ki, mən milli dövlətçilikdən bircə cümlə yazdığıma görə Altay Göyüşov və onun kimilər üstümə dartınırdı ki, milli dövlətçilik Qərb dəyərlərinə ziddir. İndi Bəxtiyar Qərb dəyərlərini də, demokratiyanı da, müxalifətçiliyi də elə bir hala gətirib ki, Lukaşenko toplum üçün daha cəlbedici görünür. Son illər ictimai-siyasi həyatda Qərb dəyərlərinə Bəxtiyarın vurduğu zərbədən daha böyük zərbə vuran olubmu? Sual verirəm. Bəs Qərb təəssübkeşi idiniz. Niyə susmusunuz? Azərbaycan xalqının gözündə Corc Vaşinqtondan tutmuş Lüterə, Volterə, Con Loka qədər hamı bu dəqiqə Bəxtiyarın prinsipsizliyi ilə assosasiya olunur. Caspian Plaza və onun fövqəl gücü ictimai rəydə Qərbə elə bir qol vurdu ki, qapıçıların hamısı susmaq orucu tutub. Siz indi azad adamsınız? İsrarla müdafiə etdiyiniz adamın cəmiyyətə məlum olmayan tərəfləri üzə çıxandan sonra niyə bu barədə nəsə demirsiniz? Bəs sabah başqa bir adamı müdafiə edəndə insanlar sizi necə ciddiyə alacaq? Axı biz də bu ölkədə yaşayırıq və həqiqətən azad adamların hansı məhrumiyyətlər içərisində yaşadığını hamımız yaxşı bilirik.  Heç kimi ittiham etməyəcəm. Sadəcə, sual verirəm. Siz doğrudanmı müdafiə etdiyiniz şəxsin idealist olmadığını bilmirdiniz? Müdafiədə israrlı görünənlər bilmirdilər ki, qadın Bəxtiyar üçün əşya ilə müqayisə olunacaq səviyyədə aşağılıq bir məxluqdur? Bəxtiyarın məmurlarla dost olduğunu, məmurlarla oturub-durduğu, klan savaşına girdiyini doğrudanmı bilmirdiniz? Axı bu barədə özü həbsxanadan ictimaiyyətə ünvanladığı məktubunda da yazmışdı. Müsavat TV-nin canlı yayımına zəng edib korropsioner qohumu Vilyam Hacıyevin üstündə Sevinc Telmanqızı ilə dil-dil ötdüyünü də görməmişdiniz? Bu sualları elə-belə vermirəm. Çünki Bəxtiyar məsələsi ilə toplumun bütün problemləri üzə çıxdı. Çünki qırmızı-qırmızı bir-birinin üzünə yalan danışıb, üzdə guya müttəfiq olan, ancaq bir-birinin arxasınca ən iyrənc sözlər danışan adamlar hələ də siyasətdədirlər. Sonra da deyirlər ki, xalq qorxub bizi dəstəkləmir. Xalq qorxmur. Xalq tanıyır. Ona görə də inanmır. Bəs bu saxta mütəşəkkilliyi nəyə borcluyuq? Hansı stimul adamları Bəxtiyarla bağlı realda bir cür, virtualda başqa cür danışdıra bilər? Və ya hansı maraq insanı fərdi söhbətlərdə Bəxtiyarın əleyhinə, ictimai söhbətlərdə lehinə danışdıra bilər? Sual verə bilərsiniz ki, Kəramət, bəs sən niyə demirdin? Bütün bunları mən bir ay əvvəl desəydim, axı məni Hafiz Hacıyev çıxaracaqdınız. Axı deyəcəkdiniz ki, Kəramət hökumətə satılıb, mənə trol deyəcəkdiniz, ölümü-dirimi qoymayacaqdınız. Azərbaycan xalqının bir az tanımış sadə nümayəndəsi olaraq sizdən qorxub demirdim. Etiraf edirəm ki, bu çevrələr məni də psixoloji əsarətlərinə salıblar. Hərdən elə hala gəlirəm ki, profilimi yerli-dibli silib kəndimizə getmək istəyirəm.  Valla, belə olmaz! Ən əvvəl söyüşü, təhqiri yığışdırmaq lazımdır. Müzakirə mədəniyyəti yaratmaq lazımdır. Onda hamının hər şeydən xəbəri olacaq, heç kim aldanmayacaq, heç kim qurban olmayacaq. Məhz belə olduğumuz üçün Bəxtiyarlar bizi dolaya biləcəklərinə əmindirlər. Hakimiyyətlə mübarizə aparmaq heç bir məsuliyyət daşımadan ağlına gələni etməyə haqq qazandıra bilməz. Yaxud, hökuməti sərt şəkildə tənqid edirsən deyə sənə demokrat demək məcburiyyətində deyilik. Bu zehniyyətdə olan adamlar təəssüf ki, hələ də var. Əgər hakimiyyətlə mübarizə aparırsansa, başa düşməlisən ki, onun əlində resurs var, gücü var, texnologiyası var, topu var, topxanası var. Sənin isə heç olmasa vicdanın, əxlaqın, dürüstlüyün olmalıdır, ya yox? Bu da yoxdursa, bəs ortalıqda nə gəzirsən? İnsanların niyə vaxtını alırsan, niyə aldadırsan, bütün ölkəni niyə sənlə məşğul olmağa vadar edirsən? O yazışmaları mən də bilirəm ki, hakimiyyət üzə çıxardı. Çıxarmsaydı, xəbərsiz olsaydıq, Bəxtiyar zehniyyəti hakimiyyətə gəlsəydi, bu gün hökumətin təqib etdiyi siyasi partiyaların qapısını qayırmazdımı? Həqiqəti eşitmək istəməyən toplumun qarşısında vicdanlı insanlar həmişə susacaq. O insanları isə təkcə hakimiyyət yox, həm də xalqın senzurası qismində çıxış edənlər susdurub. Toplumu elə bir hala gətirmisiniz ki, insanlar acı həqiqətləri özünün vicdanlı adamlarının dilindən eşidəndə onu satqın çıxarır, hakimiyyətin yaratdığı teleqram kanalında görəndə isə mat qalır. İndi gəlin düşünək. Vicdanlı insanlarını psixoloji qorxu altında saxlayan çevrə, siyasətçilər, ictimai simalar, fəallar bu addımları ilə əslində, hakimiyyətin informasiyasını legitimləşdirməklə məşğul olmurmu? Yəni niyə imkan vermirsiniz ki, hamı haqqında real, həqiqi informasiyanı vaxtı gələndə açılan teleqram kanalı yox, bəri başdan, məsələn, mən deyim?  İndi əsas məsələyə, yəni bu sifətlərin vicdanlı insanları susdurmaq əzmi, özlərinin yaratdığı çevrəni əllərində saxlayıb qaralama vasitəsi kimi istifadə etmək imkanlarına gələk. Onların bunu etmək üçün gücü nədədir? Niyə geydirmə ictimai fəallar, siyasətçilər, jurnalistlər ölkə siyasətini məişət söhbətlərinə, vitrual seks müzakirəsinə, küçə səviyyəsinə endirə bilib? Çünki bunların əlində referans vermək, siyahı təqdim etmək, Azərbaycanda guya real və irreal ictimai-siyasi fəalları müəyyən etmək hüququ var. Bu hüququ onlara kim verib, bilmirəm. Amma səfirliklərin, beynəxlaq təşkilatların Azərbaycanla bağlı bütün diqqətini, hadisələrin gedişini və kimlərin ciddi olub-olmadığını, kimlərlə partnyorluq etmələrini, hətta kimlərə salam vermələrini belə bu adamlar - Bəxtiyarlar müəyyənləşdirir. Ona görə də əgər xaricə getmək, xaricdə oxumaq istəyən bir qız varsa, onların bir qismi mütləq Bəxtiyarın əlindən keçməlidir. Bəxtiyar ümumiləşmiş addır. Əslində, bunların çoxu belədir. Ona görə də bunların özünün trol dəstəsi, bütün əxlaqsızlıqlarına, riyakarlıqlarına, ikiüzlülüklərinə heç vaxt sorğulamadan itaət edəcək adamları var. Başıboş adamın məqsədi nə olar? Guya siyasi fəal, təqibə məruz qalmış jurnalist olub xaricə getmək! Bu əlçatmaz xəyalı gerçəkləşdirməyin yolu da Bəxtiyarların sosial şəbəkələrdəki istənilən cür həqiqəti deyəcək adamlara psixoloji terror tətbiq etmələridir. Bu cür adamların oyuncağına çevrilən Qərb intitutlarına vicdanlı insanların səsi, mənim əlim çatmır, amma Bəxtiyarın şeyi də çatır. O Qərb institutları demokratiya, insan haqları, bərabər rəqabətlilik bir tərəfə, təmsil etdiyi ölkələrin öz xalqlarının vergisini Bəxtiyarların bazlığına sərf edirlər. Buna görə də Qərbin Azərbaycanda nüfuzu yerlə birdir.  Bəxtiyar hardan cəsarət alıb? Sizcə, bütün bu əməlləri törədən, xalqa qırmızı-qırmızı yalan danışan, klanlararası oyunda rol alan, İlham Əliyevi tənqid edib İTV-yə çıxan, qız, gəlin, siyasi fəal, aktivist, yaxın və uzaq ətraf qoymayan, telefonunda şəkil, yazışma, skrin toplayan və üstəlik də ifşa olunmaqdan qorxmayıb ölkənin Daxili İşlər Nazirliyinə ağzına-gözünə görünəni demək cəsarətini hardan almaq olar? Demokratik ölkədə yaşayırıq? Qida, stimul, təkan olmadan bunu etmək mümkündür? O zaman növbəti sual ortaya çıxır? Məqsəd nə idi?  Hamı yaxşı bilir ki, Bəxtiyar litseydə oxuyub. Seçilən tələbə olub. O vaxtkı litseylərin də böyük şəbəkəsi var idi. Buraxılan nöqtə isə budur ki, Bəxtiyarın mənsub olduğu məlum şəbəkə seks kompramatlar, materiallar toplamaqla məşhur olan bir çevrədir. Və həmin çevrə həm də bu üsullardan istifadə edib Türkiyədə dövlət çevrilişinə cəhd etmişdi.  Mən Bəxtiyara azadlıq arzulayıram. Amma əvvəlcə onu tanımadan inanan sadə insanlardan, Azərbaycan xalqından üzr istəsin. Və azadlığa çıxmağını gözləmədən ömründə heç olmasa bir dəfə səmimi olub etdiyi hərəkətlərdən peşiman olduğunu göstərib ictimai-siyasi həyatdan birdəfəlik getsin. Bundan sonra Bəxtiyarın Azərbaycan xalqı qarşısında göstərə biləcəyi yeganə xidmət budur: Xalqı aldadanların ictimai-siyasi həyatdan getmək ənənəsini başlamaq! Amma bütün bu baş verənlərə baxmayaraq Bəxtiyar Hacıyevi müdafiə etməkdə israrlı olanların komanda işi, müətəşşəkkiliyi göstərir ki, Bəxtiyarın da, onların da cəmiyyətdən üzr istəmək deyə bir niyyətləri yoxdur.  Kəramət Böyükçöl

İran Qarabağı Suriyaya çevirmək istəyir — "4 min silahlı göndərir"

Tehran may ayına qədər İran İnqilab Keşikçiləri və şiə silahlı birləşmələrindən ibarət 4000 nəfərlik qüvvəni Qarabağa köçürməyi planlaşdırır. Bu sensasional iddia "Türkiyə” qəzetində nəşr edilən Yılmaz Bilgənin "İran Qarabağı ikinci Suriyaya çevirmək istəyir” adlı məqaləsində qeyd edilib. O yazısında qeyd edib ki, Ermənistanın təhlükəsizliyini əsas prioritet, İrəvanı isə qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. İddialara görə, Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə milislərindən ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani ötən fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan Asaeb Əhlil Haq, Hərəkat ən-Nüceba və Hizbullah kimi qruplaşma komandirlərinə 4000 nəfərlik təlim keçmiş və səhra təcrübəsi olan qüvvə hazırlamağı tapşırıb. Qarabağı Suriyalaşdırmaq planına PKK-nı da daxil edən İran yezidilərlə birlikdə Suriya və İraqdan minlərlə PKK silahlısını Azərbaycan ərazisinə qatmaq üçün Qarabağa gətirməyi düşünür.//Azxeber.com

Biləsuvarın kəndlərində su qıtlığı yaşanır

Biləsuvar rayonunun bir neçə kəndində su problemi yaşanır. Sozcu.az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məlumat veriblər. Belə ki, Cənub-Muğan kanalının rayondan keçən hissəsində suyun azalması sakinlərdə ciddi narahatlıq yaradıb. Onların sözlərinə görə, kanalda suyun quruması Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Sakinlər deyir ki, kanal əvvəllər yay aylarında qurusa da, bu dəfə fevral ayından etibarən qurumağa başlayıb. Yerli əhali içməli su ilə yanaşı kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda da çətinlik çəkirlər. Məsələ ilə bağlı Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, problemin yaranmasına səbəb son günlər Araz çayında suyun kəskin azalmasıdır. Qeyd olunub ki, sabahdan etibarən suyun səviyyəsinin artması gözlənilir. Xatırladaq ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.

Rüşvət alan gömrük polkovnikləri azadlığa buraxıldı - Dəymiş ziyanı ödəyiblərmiş...

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər. Bildirilib ki, bu əsasla cinayət işlərinə xitam verilib, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Qeyd edilib ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ötən ilin iyul keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.