Azərbaycanda narkomanların sayı KƏSKİN ARTIB

Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12904 nəfər istiqamətləndirilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Səhiyyə Nazirliyinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral ayları ərzində 1041 nəfər yeni qeydiyyata götürülüb. Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılıb.

Ən zəhmətkeş bürclər

İnsanların işə münasibəti heç də eyni olmurlar. Bəziləri həvəslə, bir çoxları isə məcburi çalışırlar. Elə şəxslər də var ki, heç vaxt işdən qaçmır, hər zaman işlərini inamla görürlər. Onların leksikonunda tənbəllik sözünə yer yoxdur. Bu özəllik insanın hansı bürc altında doğulmasından da asılıdır. Sozcu.az bizim.media-ya istinadən ən zəhmətkeş bürclərin siyahısını təqdim edir: Qoç Onların işə qarşı münasibəti heç də birmənalı deyil. Bir tərəfdən, onlar boş oturmağı bacarmırlar. Digər tərəfdən isə onları gündəlik işlərə cəlb etmək, demək olar ki, mümkün deyil. Yalnız onları maraqlandıran işlə məşğul olacaqlar. Onlar yeni bir şey öyrənmək, insanlarla ünsiyyət qurmaq, mentorluq etmək və ya səyahət etməkdə maraqlıdırlar. Özlərinə uyğun işini tapdıqdan sonra, bir qayda olaraq, aktiv fəaliyyətlə məşğul olurlar. Əkizlər Bu bürcün nümayəndələri qeyri-müntəzəm cədvəllər və çoxşaxəli işlərdən belə qorxmayan əla işçilərdir. Əkizlər yaxşı inkişaf etmiş emosional və intellektual zəkaya malikdirlər ki, bu da onlara yaradıcılıqda və insanlarla işləməkdə uğur qazanmağa imkan verir. Əkizlər hadisələrin mərkəzində olmağı xoşlayırlar, məqsədlərinə çatmaq üçün səylərini əsirgəmirlər və çox vaxt hətta onlardan tələb olunmayan işləri də görürlər.  Qızlar Onlar əsl zəhmətkeşlərdir. Bütün işləri diqqətlə və tam məsuliyyət hissi ilə yerinə yetirirlər. Qızlar rəhbərliyə, qaydalara və rəsmi göstərişlərə asanlıqla tabe olur, bəzən öz maraqlarını və asudə vaxtlarını belə unudurlar. Çətinliklər yalnız hər işi eyni vaxtda görmək istədikləri üçün yaranır. Ancaq bu, son nəticədə onlara uğur gətirir. Qız bürcləri tez-tez istənilən sahədə karyera yüksəkliklərinə çatırlar. Əqrəb Həmişə iş başındadırlar. Onlar tənbəllik edə bilər, amma bunu istəmirlər. Əqrəblər üçün işləmək mənfi düşüncələrdən xilas olmaq üçün yoldur. Eyni zamanda, əqrəblər üçün emosional komponent çox vacib amildir. Əqrəblər mehriban kollektiv naminə və ya əksinə, kimdənsə qisas hissi ilə əmək şücaəti göstərə bilərlər. Təbiətcə Əqrəblər tədqiqatçılardır, onlar psixologiyanı, əşyaların təbiətini öyrənməyi, işin mahiyyətinə varmağı xoşlayırlar. Oğlaq Təbii ki, zəhmətkeşlikdən danışırıqsa, oğlaqları siyahıdan kənarda saxlamaq olmaz. Məqsədli, israrlı, uğur qazanmağa imkan verən böyük daxili resurslara malikdirlər. Oğlaqlar demək olar ki, heç vaxt yorulmur və addım-addım zirvəyə doğru irəliləyirlər. Ancaq digər tərəfdən, əgər onlar özləri üçün tətil planlaşdırıblarsa, heç bir şey onları nəzərdə tutduqları məqsəddən kənarlaşdıra bilməz, onlar istədikləri vaxtda, istədikləri qədər istirahət edəcəklər.

Kəskin baş ağrıları insultun xəbərçisidir - ƏLAMƏTLƏR

İnsult xəstəliyinə qarşı öncədən nə qədər tez müalicə alınıb, tədbir görülərsə, bir o qədər zədələnmə az olar. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, insult beynin bir bölgəsinə qan axını kəsildikdə baş verir. Bunun səbəbi qan laxtalanması və ya qan damarının yırtılması ola bilər. İnsulta ya arteriyalarınızdan birində qan laxtalanması (işemik) və ya beyni qidalandıran qan damarının yırtılması (hemorragik) səbəb olur. Qan tədarükü kəsilərsə, beyin hüceyrələri ölə bilər ki, bu da həyatı əhəmiyyətli dərəcədə dəyişdirə bilər. • Xüsusi simptomlar beynin təsirlənmiş bölgəsindən qaynaqlanır və geniş şəkildə dəyişə bilər, baxmayaraq ki, birtərəfli zəiflik daha çox olur. • Bədənin bir tərəfində zəiflik və ya tam iflic (ayaqlar, qollar və ayaqlar daxil olmaqla) • Bulanıqlıq və ya görmə itkisi - xüsusilə bir gözdə qəfil görmə itkisi halında. • Çətin nitq və ya nitq pozğunluğu və ya düzgün sözləri istifadə edə bilməmək - bu, başqalarının nitqini başa düşə bilməmə ilə birləşdirilə bilər. • Çaşqınlıq və yaddaş itkisi • Başgicəllənmə və balansın itirilməsi kimi təzahür edir. • Belə hallar insanlar arasında müxtəlif amillərə görə baş verir. Bu amillərə aşağıdakılar daxildir: • Yaş - 55 yaşdan yuxarı insanların insult keçirmə ehtimalı daha yüksəkdir. • Ailə tarixi - Əgər yaxın bir ailə üzvü daha əvvəl insult keçiribsə, riskiniz daha yüksəkdir. • Etnik mənsubiyyət - Araşdırmalar göstərdi ki, Cənubi Asiya, Afrika və ya Karib dənizi insanlarının insult riski artır.

Türkiyədə daşqınlarda ölənləri sayı artdı

Türkiyənin Şanlıurfa və Adıyaman ərazisində baş verən daşqında ölənlərin sayı artıb. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Məlumata görə, sel fəlakətində həyatını itirənlərin sayı 15-ə yüksəlib. Şanlıurfada itkin düşən 2 nəfərin axtarışları davam edir.

Benzema "Barselona"ya qarşı oynayacaq?

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la cavab oyununun (1:0) 82-ci dəqiqəsində niyə əvəzləndiyini açıqlayıb. Sozcu.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandasının yeganə qolunun müəllifi olan fransalı hücumçu deyib: “Meydanı tərk etdim, çünki baldırımdan pis zərbə aldım. Ancaq bu, sadəcə bir əzilmədir. Bazar günü "Barselona"ya qarşı oynamağa hazır olacağam" Qeyd edək ki, Madrid klubu La Liqanın 26-cı turunda martın 19-u səfərdə "Barselona" ilə qarşılaşacaq.

Sənəd qəbulu başa çatdı - Minlərlə abituriyent ərizəsini təsdiqləmədi

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 1 martda başlayıb və 15 mart saat 23:59-da yekunlaşıb. Son məlumatlara görə, 105 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. 7000-ə yaxın abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, onu təsdiq etməyib. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.

Uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib

Bakıda fəaliyyət göstərən uşaq bağçasında xoşagəlməz hadisə baş verib.  “Ayşənim” uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib.  Valideyn saytımıza bildirib ki, bu barədə rəhbərliyə məlumat verilsə də, heç bir tədbir görülmür. (oxu.az)

Bakıda iki yaşlı uşağı oğurlayan qadınla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gültəkin Muradova adam oğurluğunda təqsirli bilinib, lakin məhkəmə ittiham olunan şəxsə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Hökmə əsasən, Gültəkin Muradova 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Gültəkin Muradova son sözündə əməlindən peşman olduğunu deyib. Xatırlatma: 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin oğurlanması barədə polisə məlumat daxil olub. 2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib. İttihamda göstərilib ki, Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə də qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib. Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub. İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz etsə də o, Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib. Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyəti üzrə təhvil verilib. Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. Azyaşlı tapılandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yayıb. Məlumatda onun bu işdə iştirakının ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilib. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanıldığı açıqlanıb. Bununla belə, hazırda təqsirləndirilən şəxs qismində yalnız Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.

Ukraynada Rusiyanın daha 1040 hərbçisi, 1 qırıcısı MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 162560 (+ 1040) nəfər canlı qüvvəsi, 3504 (+12) tank, 6810 (+11) ədəd zirehli döyüş maşını, 2539 (+11) ədəd artileriya sistemi, 503 (+1)) reaktiv yaylım atəşi sistemi, 265 (+3) hava hücumundan müdafiə sistemi, 305 (+1) təyyarə, 289 (+0) helikopter, 2145 (+13) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5394 (+17) avtomobil texnikası və avtosistern, 257 (+0) xüsusi texnikası məhv edilib.

DSX kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb

Dövlət Sərhəd Xidməti (DSX) kafedə qətlə yetirən əməkdaşı barədə məlumat yayıb. Məlumatda deyilir: Mart ayının 16-da saat 00:30 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat etmişdir. Baş Gizir Cəsarət Vəliyev, 44 günlük “Vətən Müharibəsi”ndə və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri kəskin ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,63 dollara, yüngül neftin bir barreli isə 68,42 dollara təklif olunur.

Maştağada qətl: evinin qarşısında öldürüldü

Martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Əli Seyidlinin ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Azərbaycanda bu nazir vəzifədən çıxarıldı - Yeni təyinat

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.

Urmiyada məhbusu işgəncə ilə öldürdülər

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında siyasi məhbus Şirzad Əhmədinejad işgəncə ilə öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Yaxınlarının bildirdiyinə görə, məhbusun cənazəsi ailəsinə təhvil verilməyib. Ölüm xəbəri yayıldıqdan sonra martın 15-i gecə saatlarında Şirzad Əhmədinejadın doğulduğu Bukan şəhərində etiraz aksiyaları olub.

Əsəd Ərdoğanla “görüş şərtini” açıqladı

Türkiyə qoşunları Suriya ərazisindən çıxacağı təqdirdə Ərdoğanla görüşməyə hazıram. Sozcu.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib. “Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin aydın formada və heç bir qeyri-müəyyənlik olmadan Suriya ərazisindən ordusunu tam çıxarmasına, vəziyyətin Suriyada müharibə başlamazdan əvvəlki vəziyyətinə qayıtmasına bağlıdır. Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır. Bundan başqa, belə bir görüş Suriyadakı müharibə üçün yekun nəticələrə gətirib çıxarmayacaqsa, onu təşkil etmək nəyə lazımdır?” - Əsəd bildirib. Onun sözlərinə görə, Türkiyə Suriyadakı müharibədə neqativ rol oynayıb, Dəməşqin terrorçu hesab etdiyi təşkilatları dəstəkləyib və ordusunu Suriya ərazisinə yeridib: “Türkiyə bizim üçün işğalçı dövlətdir”.

Ankarada TDT Nazirləri Şurasının iclası başladı

Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Sozcu.az xəbər verir ki, toplantını Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu açıq elan edib. O, zəlzələ ilə əlaqədər ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.

Rəqqasə Fatimənin köməkçisini maşın vurdu

Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni yolu keçərkən avtomobil vurub. Sozcu.az xəbər verir ki, rəqqasə Baku.vs-ə açıqlamasında hazırda Musa Nağıyev adına xəstəxanada müalicə alan Aytacın səhhətinin yaxşı olmadığını bildirib. “Köməkçimin vəziyyəti yaxşı deyil. Onu tezliklə 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) göndərəcəyik. Avtomobil vurduqdan dərhal sonra onu bura gətiriblər. Bir az burada qalmalıdır. Onu tərpətmək olmaz. Çünki kəllə-beyin travması alıb. İndi ümidimiz həkimlərin rəyinədir. İnşallah ki, ödəm olmaz. Gözləyirik ki, nəticələri yaxşı çıxsın. Hazırda hissiyyatı var, özündədir, amma danışmır. Yaxşı ki, qan daxildə qalmayıb. Daxildə qalsa idi, daha da pis ola bilərdi”. Məlumat üçün bildirək ki, bədbəxt hadisə Bakının Binəqədi rayonunda baş verib. Belə ki, Aytac "Kratos" restoranından çıxaraq əks tərəfə keçmək istəyəndə onu minik avtomobili vurub. Gənc xanım subaydır.

Bakıdan sülhlə bağlı yeni təkliflər almışıq - Paşinyan

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb: “Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.

Faktlarımız var: Tehran Bakıya qarşı müharibəyə hazırlaşır – Şok

İranın PKK ilə əlaqələri uzun illərdir ki, mövcuddur və bu, hamıya məlumdur. Sözügedən əlaqələr dəfələrlə Türkiyə-İran münasibətlərinin əsas gündəm mövzularından olub. Bu sözləri Axar.az-a İranın terror təşkilatları ilə əlaqələri haqqında danışan Türkiyədə fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid deyib. Mütəxəssis İranın Azərbaycan və Türkiyə sərhədinə yaxın məsafədə yerləşən bir kəndi PKK-nın ixtiyarına verdiyini qeyd edib: “Son iki ildə daxili işlər naziri Süleyman Soylu da bir neçə dəfə İranı PKK məsələsində üzərinə düşənləri yerinə yetirmədiyinə görə sərt tənqid edib. Səbəb isə rəsmi Tehranın Qərbi Azərbaycan vilayətində Avacıq şəhərinin kəndlərindən birini PKK-nın ixtiyarına verməsidir. Sözügedən ərazi həm Türkiyə, həm də Azərbaycanın Culfa rayonu ilə sərhədə yaxındır. Bu addım Türkiyənin PKK-ya qarşı mübarizəsinə müəyyən əngəllər törədir. Yəni Şimali İraqda terror təşkilatına qarşı əməliyyat keçiriləndə terrorçular ordan qaçaraq Avacıqdakı kənddə gizlənirlər. Digər tərəfdən, biz Türkiyənin əməliyyat keçirmək istədiyi zamanlarda İranın və onun Qüds Qüvvələri Komandanlığının dəstəklədiyi Haşdi-Şabi qruplaşmasına bağlı Kataib Hizbullah və digər şiə milislər tərəfindən Başika hərbi bazasına hücumlar təşkil edildiyinin şahidi oluruq. Hətta oradakı bəzi İrana yaxın müctehidlər “kafirə qarşı vuruşmaq” haqqında cihad fitvası verə biləcəklərini də vurğulayıblar”. Babək Şahid İranın Qüds qüvvələrinin Suriyada ermənilərdən ibarət terror qruplaşmalarının qurulmasına və fəaliyyətinə ciddi dəstək verdiyini qeyd edib: “İrana bağlı qruplar ilə ermənilər arasında əlaqələrin doğurduğu terror qruplaşmalarından ən məşhuru Masis Mutanyanın başçılıq etdiyi Nübar Ozanyan Briqadasıdır. Briqada İranın Qüds qüvvələrinin dəstəyi ilə 2019-cu ildə Suriya ermənilərindən təşkil olunub. Terror təşkilatının hazırda 500-ə yaxın üzvü var. Belə “könüllü”lər vasitəsilə İran, Bəşər Əsəd və ermənilər arasında körpü qurulur və koordinasiya edilir. Digər qruplaşma Suriyadakı müharibə zamanı YPG terror təşkilatının tərkibində Süryani Birliyinin qolu kimi fəaliyyətə başlayan Suturo Briqadasıdır. Briqada 2014-cü ildə YPG-dən ayrılıb və İranın Qüds qüvvələri ilə yaxınlaşıb. Qarşılıq olaraq isə Qüds qüvvələri Qamışlı kəndindəki təlim düşərgələrindən birini sözügedən terror dəstəsinə verdi. Düşərgənin adını “Ağa Petros” qoydular. Ağa Petros 1918-ci ildə Cənubi Azərbaycanda Cilovluq faciəsini törədən ermənilərin başçısıdır. Hazırda Ermənistanda Daşnaksütyun Partiyasının sədri olan Hrant Markaryan bu ölkə ilə İranın Qüds qüvvələri arasındakı əlaqələrin qurulmasında vasitəçilik edir. Qeyd edim ki, Markaryan 1958-ci ildə İsfahan şəhərində Culfa məhəlləsində dünyaya gəlib, orada universitetdə erməni dili üzrə təhsil alıb, 1992-ci ildə isə Ermənistana gedib. Haşdi Şabiyə bağlı digər bir terrorçu dəstə isə Kataib Babiliundur. Tərcüməsi “İncil Briqadaları” deməkdir. Bu terrorçu qruplaşma rəsmi şəkildə Qüds qüvvələrinin tərkibindəki Bədr Ordusu ilə sıx əlaqədədir. Rəhbəri Rayan əl-Kəldani isə ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır. Kataib Babiliun Haşdi Şabi içərisində “50-ci Briqada” kimi də tanınır və təqribən 1000 nəfərlik terrorçudan ibarət olduğu bildirilir. Siyahıya Kataib Babiliuna yaxın olan Sehl-i Ninova terror qruplaşmasını da əlavə etmək olar”. Ekspert bildirib ki, VOMA terror təşkilatı haqqında Azərbaycan mətbuatında da çoxlu yazılar gedib. Bu terror təşkilatının başçısı Vladimir Vartanov Ermənistan vətəndaşıdır və onun PKK ilə çox yaxın əlaqələri var: “Vartanovun ən az 300 nəfər PKK terrorçusunu Ermənistana apardığı haqqında dəqiq məlumat var. Bunların hərəkət marşrutu isə böyük ehtimalla İran ərazisindən keçir. Terrorçuların İrana məxsus təyyarələr ilə daşınması da mümkündür”. Babək Şahid İranın sözügedən terror təşkilatlarından da istifadə etməklə Cənubi Qafqazda müəyyən dəyişikliklərə ciddi hazırlaşdığını vurğulayıb: “İranın yuxarıda sadaladığımız terror təşkilatlarına verdiyi dəstəyi dəqiq bilirik. Onların PKK ilə əlaqəsini də əksər hallarda İran qurur. Rəsmi Tehran cidd-cəhdlə Cənubi Qafqazda müəyyən dəyişikliklərə hazırlaşır. İki-üç gün əvvəl də SEPAH yayımladığı videoda Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandırdı və bunun üçün lazım olarsa, vuruşacağını bildirdi. Bütün əlimizdə olan məlumatlar əsasında İranın nəzarətində olan terror təşkilatlarından və PKK-dan terrorçuları bölgəyə daşıdığını, Türkiyə və Azərbaycana qarşı müharibə hazırlığı gördüyünü iddia edə bilərik”.

ABŞ Ukraynada həlak olan əsgərlərin sayını açıqladı

Ukraynadakı müharibə zamanı 100 mindən çox ukraynalı hərbçi həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti ABŞ rəsmilərinin bəyanatlarına istinadən məlumat yayıb. “Müharibədə il ərzində ən təcrübəli əsgərlər də daxil olmaqla, 100 mindən çox ukraynalı əsgər həlak olub”, – məlumatda deyilir. Qeyd olunur ki, bu itkilərin əksəriyyəti Artyomovskda baş verib.

Rusiyaya məxsus PUA məhv edildi

Martın 15-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın ZALA pilotsuz uçuş aparatını (PUA) vurub. Sozcu.az xəbər verir ki, bu barədə "RBC Ukrayna" məlumat yayıb. PUA Ukrayna ordusunun 58-ci briqadası tərəfindən məhv edilib. Qeyd olunur ki, bu model havadan kəşfiyyat və müşahidə üçün nəzərdə tutulub. Kamera və termal görüntü sistemi ilə təchiz edilən sistem 4 saat uça bilir. PUA-nın çəkisi 7,5 kq, qanadlarının uzunluğu 2,8 metrdir.

Rüfət Səfərova hücum edildi

Müdafiə Xətti” İnsan Hüquqları Mərkəzinin rəhbəri Rüfət Səfərov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün sosial şəbəkə hesabında yazıb.

Azərbaycanda broyler yumurtaları bahalaşdı

Son günlər hamının “ferma yumurtası” dediyi broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpikdir. Amma mövsüm olaraq toyuqların yumurtladığı dövrdür. Bəs hansı səbəbdən bahalaşma indi baş verib? Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov yumurtanın qiymətinin artmasını inhisarçılıq amili ilə əlaqələndirib: “Yumurtanın bahalaşmasında heç bir iqtisadi amil yoxdur. Son illər elektrik enerjisi, su təchizatı, nəqliyyat vasitələri və dizel yanacağının qiymətində kifayət qədər artım baş verib. Bu fonda bəzi digər məhsullar kimi, yumurtanın da qiymətində artımın olması başadüşüləndir. Ancaq bu heç də o anlama gəlmir ki, yumurtanın qiyməti son 15 ildə iki dəfəyə qədər bahalaşsın. 2007-ci ildən üzü bəri yumurtanın qiyməti iki dəfədən də çox artıb. Bu isə anormal haldır və belə vəziyyətin yaranması birmənalı şəkildə inhisarçılıqla bağlıdır. Yumurta istehsalı tənzimlənmir. Bunun üçün dövlət orqanları müdaxilə etməli, bazar araşdırmaları aparmalı, səbəblər öyrənilməlidir”. Digər ekspertlərin fikrincə isə bu, bayramla əlaqədardır. Adətən, Azərbaycanda dünya ölkələrindən fərqli olaraq, hər şey bayramqabağı bahalaşır. Quşçuluq Cəmiyyətindən verilən məlumatda isə bildirilir ki, düzdür, toyuq yemlərində dünyada baş verən böhrandan dolayı müəyyən bahalaşma baş verib. Amma dövlətin gördüyü tədbirlər nəticəsində yemin də kəskin bahalaşmasının qarşısı alınıb: “Elə də ciddi böhran halı baş verməyib. Eyni zamanda, Cəmiyyət tərəfindən bazara çıxarılan yumurtalar topdansatış qiymətinə əvvəlki şəkildə satılır. Sadəcə, bu işlə məşğul olan ticarətçilər süni artıma gedirlər. Amma bu, müvəqqəti xarakter daşıyır, indi yumurtanın daha çox istehsalı dövrüdür”.