Baharın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması bütün millətlərdə olduğu kimi türklərə də dərin təsir etmiş və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Dünyanın bir çox xalqlarında Yaz ayının gəlişi müxtəlif formalarda keçirilib, eləcə də Türklərdə. Yeni gün adlanan bu bayramı Zərdüştilik yarandıqdan sonra çalışdı ki, bu ərazidə yaşayan etnosların düşüncəsindən bu atəşə-oda sitayişi çıxarıb zərdüşt görüşlər ilə bağlasın. Bu mümkün olmayanda, Zərdüşt bu adətlərə atəşpərəstlik rəngi verdi. Novruz adlandırmağa başladı.Novruz bayramını Zərdüştlüklə əlaqələndirənlər bunu sübut edəcək heç bir yazılı qaynaq mövcud deyil. Sadəcə bu bayramda od yandırılmasını əsas götürmüşdürlər. Mənbə kimi göstərilən Firdovsinin əsəri də sadəcə poetik bir təssəvürdür.
Qədim Türk inanc sistemlərindən biri də od mədəniyyətidir. Türklər dünyanın yaradılışı ilə od və bahar arasında bir bağlılıq qurmuşlar. Novruz bayramında yandırılan tonqalın Atəşpərəstliklə heç bir əlaqəsi yoxdur, tamamilə Şamaizmə aid olan arınma və təmizlənmə mədəniyyətidir. Od Günəşi təmsil edir, buna görə də qədim türklərin alaçıqlarının qapısı birbaşa Günəşin çıxdığı tərəfə qurulurdu.
Sonra gələn dinlər də çalışıb ki, Novruzu özününkiləşdirsin. İslamda da bu hal baş verib. Novruz bayramı günü xəlifəni taxta çıxarıblar ki, bunu İslamın adı ilə bağlasınlar. Bir çox mənbələrdə bu bayramı dinlə də bağlayaraq, Novruzu “Adəmin yaradıldığı gün”, “Atəşpərəstlikdən qalan bir bayram”, “Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün”, “Həzrəti Məhəmmədin peyğəmbərlik xələtini geydiyi gün”, “İmam Əlinin xilafətə gəldiyi gün”, “İmam Əlinin doğum günü”, “Küsülülərin barışması üçün imam Əli tərəfindən elan edilən bayram”, “İmam Əli ilə Fatimayi-Zəhranın evləndikləri gün kimi qələmə verməyə çalışırlar.
Yunanlar da, farslar da, digər xalqlar da qədim türklərin bu bayramını özününküləşdirmək cəhdləri ediblər. Buna görə də bəzən alimlər bu bayramı farslara, bəzən yunanlara, bəzən misirlilərə, bəzən də çinlilərə bağlamağa cəhd edirlər.
Əslində isə bu bayram ilk dəfə olaraq Qədim Türklərdən yaranaraq ümumbəşəri bir bayrama çevrilibdir.
Qədim türklərdə bayramın çox elementləri olub, xüsusilə Keçəl və Kosa obrazı.
Əslində bu gün bizə "pay" almağa gələn, yaxud bəzilərinin iddia etdikləri " qış və yazın" sözcüsü adlanan Keçəl və Kosa obrazı bizə sonradan əlavə edilən elementlərdir.
Əslində isə Kosa obrazı qədim türklərdə Yeni Günün gəlişini müjdələyən, insanların evinə ruzi, bərəkət və sağlamlıq gətirilməsini təmin edən Şamanların prototipidir. Fikir verin Şamanın üz quruluşuna, saqqalına və onun hərəkətlərinə. Eyni ilə Kosanın etdiyi kimidir. Sadəcə indi Kosa yerində dövrə vurmur, amma Şamanlar yerlərində 7 dəfə dövrə vurub ritual icra edirdilər. Qədim Şumerlərin "Bilqamış" dastanında da Yeni Günün əsas obrazı kimi Şamanlar olduğu qeyd edilir, elə də qədim Urmiya hövzəsi ətrafı, Lulubbilər, Kutilərdə də şamanlar 21 martın, ilin təhvil olmasında Şamanların əsas obraz olduğunu qaynaqlar yazır.
Qədim türklər qəbilə və soyda xüsusi biliyi, fərasət və hərəkətləri ilə seçilənlərə şaman deyiblər. Şamanlar dəf çalır, nəğmə oxuyur, rəqslər edir və Yazın gəlişini xüsusi ayinlə icra edirdilər. Şamanların geyim şəkli də ritualları qədər çox fərqlidir, xüsusi baş örtükləri, kəmərlər, rəngli parçalardan hazırlanmış əbadan istifadə edirlər. Bu gün Kosanın geyimində olan rəngli çalarlar məhz Şamanların geyimində olan elementlərin bir hissəsidir.
Kosa-Şaman odu qorumaq üçün, pis ruhları qovmaq üçün mütləq qara qüvvəni ordan uzaqlaşdırmaq ayini icra etməli idi. Bu qara qüvvələr isə Keçəl obrazında formalaşmış idi. Keçəl hiyləgər, pis ruhların daşıyıcısı kimi Odu söndürməyə gəlirdi, Kosa isə Günəşin, odun qoruyucusu kimi onunla mübarizə aparırdı. Ona görə də Kosa-Keçəl mübarizəsində Şaman qalib çıxıb, "Keçəli" öldürüb tonqal qalamaqla Yeni Günün başlandığını elan edirdi. Bu günün özündə də Cənubi Azərbaycanda Kosa xeyir, Keçəl isə şər qüvvə olduğu kimi bu bayramı qeyd edirlər.
Kosa obrazı o qədər müqəddəs sayılırdı ki, qədim türklərdən düz orta əsrlərə qədər belə inanc var idi ki, övladı olmayan şəxş Kosa rolunda çıxış edirdisə, inanılırdı ki, onun övladı olacaq.
Buna görə də Kosa obrazını və Keçəli ilk öncə farslar, sonralar isə ruslar "dilənçi" formatına salıb qədim türk şamanizmini insanların folklorundan və adət ənənələrindən tamam çıxarda bildilər.
Yeni gün bayramı, sonradan Novruz adı ilə bütün türk dünyasına yayılandan sonra qədim şamanizm elementləri yoxa çıxdı, yerində isə pay uman Kosa və onun köməkçisi Keçəl meydana gəldi .
Əli bəy Hüseynzadənin də qeyd etdiyi kimi, bu gün türklərin, o cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasimlərin kökü, mənşəyi zərdüştiliyə deyil, şamanizmə, tanrıçılığa gedib çıxır.
Azərbaycanın Rusiya tərəfindən işğalına (1813, 1828) qədər ölkəmizdə təzə il martın 21-dən başlanırmış. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) zamanında da yeni ilin Novruz bayramından başlanması haqqında qərar verilmişdir. 1920-ci il bolşevik Rusiyası işğalı yeni ilin Novruz bayramından başlanmasını yasaq etmişdir.
Bu gün Azərbaycan müstəqil dövlətdir və heç bir kənar təsir altında deyil, ona görə biz Yeni Gün bayramını azad insanlar olaraq qeyd edirik. Tanrı Azərbaycanın Od-Su-Hava-Torpağını daima qorusun. Dörd ünsür xalqımızın süfrəsini daima bərəkətli eləsin. Arzularımızın Şuşa sərhədləri artıq reallaşıb, İrəvan, Təbriz, Borçalı, Dərbənd sərhədləri də inşallah reallaşar.
Bayramımız mübarək əziz Azərbaycan xalqı..
Ocağımız daima yansın
Bayrağımız Uca, millətimiz Güclü olsun
Zaur Əliyev, dosent