Neft kəskin bahalaşdı

Dünya birjalarında neft qiymətləri kəskin bahalaşıb. Sozcu.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 76,02 dollara, yüngül neftin bir barreli isə 70,17 dollara təklif edilir.

Manafdan həbs edilən oğlu barədə yeni açıqlama

Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb. Sozcu.az xəbər verir ki, Manaf Ağayev Oxu.az-a açıqlamasında oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib. “Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”, - Müğənni vurğulayıb. Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail Məhkəməsinin qərarı ilə 5 sutka həbs edilmişdi.

Sülh müqaviləsi mütləq olacaq - Paşinyan

Sülh müqaviləsi mütləq olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib. “Sizin hamınıza və beynəlxalq ictimaiyyətə növbəti mesajı göndərmək istəyirəm: sülh müqaviləsi olacaq və o indiyə qədər ən yüksək səviyyədə əldə edilmiş yazılı sənədlər əsasında imzalanacaq”, – baş nazir vurğulayıb.

İran Sərhəd Qoşunlarının komandanı sərhədimizə gəldi

İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi Azərbaycan ilə həmsərhəd Xudafərin bölgəsinə səfər edib. Sozcu.az xəbər verir ki, o, “İran Tele” televiziyasına verdiyi açıqlamada səfərdə məqsədinin sərhəd bölgəsində təhlükəsizliyin təmini ilə bağlı məsələlərlə yerindəcə tanış olmaqdan ibarət olduğunu deyib. Qudərzi qeyd edib ki, real vaxt rejimində sərhəd monitorinqi yerli avadanlıqlardan istifadə etməklə həyata keçirilir.

20 yaşlı gənc xəstəxanaya gətirildi, orada öldü

Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, martın 22-də 2003-cü il təvəllüdlü Tunar Cəfərov Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə “dəqiqləşdirilməmiş koma” diaqnozu ilə daxil olub və orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Oqtay Əliyev dəfn olundu

11:50 Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub. Sozcu.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər. Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb. Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb. O, ötən gün Saray qəsəbəsi yaxınlığında baş verən qəzada dünyasını dəyişib.

Qəhrəmanmaraşda yenidən güclü zəlzələ oldu

10:56 Qəhrəmanmaraşda səhər saatlarında ard-arda 4,3 və 4,4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb. Zəlzələlər yerli saatla 08:45 radələrində yerin 6,94 və 12,2 km dərinliyində meydana gəlib. Bundan başqa Antakyada da 3,9 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntı qeydə alınmayıb. *** Qəhrəmanmaraşın Göksun rayonunda 5,3 bal gücündə zəlzələ olub. Məlumatı AFAD yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.

Sürücülərin qəniminə çevrilən Mərəzə postu

Son vaxtlar Dövlət Yol Polisi əməkdaşları arasında sürücülərlə davranış qaydasından xəbəri olmayan, özünü "yolların ağası" hesab edən polis əməkdaşları haqqında şikayətlər durmadan artmaqdadır. Ömründə bir dəfə də olsun polisin davranışı haqqında təlimatı açıb oxumayan bəzi DYP əməkdaşları, özlərini qanun keşikçisi kimi yox, "reket" kimi aparırlar. Bircə qalır, "mən bu ərazinin "polojeniya"sına baxiram" sözünü açıq şəkildə dillərinə gətirmələri.  Sürücülər üçün ən çox narahatçılıqlar yaradan postlardan biri də, Mərəzə postudur. Bu postda sürücülərin incidilməsi və DYP əməkdaşlarının polisin davranışı qaydalarından xəbərsiz olmaları ilə bağlı dəfələrlə saytımıza şikayətlər daxil olub. Növbəti şikayətçi Seyidzadə Zahid Ağarıza oğludur. Zahid Seyidzadə bildirir ki, Mərəzə postunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı ona saxlama səbəbinin kəmərlə bağlı olduğunu bildirsə də, onun kəmərdən istifadə etdiyini gördükdən sonra avtomobilidə led işıqların olduğunu bəhanə edərək, 150 manat cərimə yazıb.  Zahid Seyidzadə bildirir ki, DYP əməkdaşına, avtomobilində olan led işıqların standartlara uyğun olduğunu bildirdirsə də, DYP əməkdaşı ona qarşı kobudluq edərək, onu küçə uşağı səviyyəsində təhqir edib. Bundan sonra özündə halsızlıq hiss etdiyini deyən Zahid Seyidzadə, ona postda əl-üzünü yumağa da imkan verilmədiyini bildirib. Halbuki postda yorğun sürücülərin dincəlmək hüququ da var.  Zahid Seyidzadə qeyd edib ki, onu təhqir edən DYP əməkdaşı Xanalıyev İsaxan Səlahəddin oğludur. O, bu barədə Daxili İşlər Naziri Canab Vilayət Eyvazova müraciət edəcəyini bildirdikdən sonra, DYP əməkdaşı özünü "ara uşaqları" kimi apararaq, onunla "yaxşı oğlan", "pis oğlan" söhbəti etməyə başlayıb.  Xatırladaq ki, Mərəzə postunda DYP əməkdaşlarının  sürücülərə qarşı kobudluq etmələri ila bağlı verilən məlumatlar birinci dəfə deyil. Biz də öz növbəmizdə ümid edirik ki, özünü qanun keşikçisi kimi yox, "vor zakon" kimi aparan polis əməkdaşları haqqında ölçü götürüləcək. Ümumiyyətlə, hər gün vətəndaşlarla ünsiyyətdə olan polis əməkdaşlarının vaxtı-vaxtında psixoloji və narkoloji testdən keçirilməsi vacib olmalıdır.  Elşən Əlisoy  Sozcu.az

Makron növbəti seçkilərdə namizəd olmayacaq

Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində aparılan islahatlar fonunda bildirib ki, daha bir müddətə seçilməyi planlaşdırmadığı üçün reytinqini Fransanın maraqları naminə qurban verməyə hazırdır. “Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən sonuncunu seçəcəyəm”, - Makron TF1 və “France 2” telekanallarına müsahibəsində deyib. “Qeyri-populyarlıqla üzləşməli olsam da, buna hazıram”, - o əlavə edib. Mənbə: TASS

Türkiyədə silahlı insident zamanı iki nəfər ölüb, 1-i yaralanıb

Türkiyənin Konya vilayətinin Ereğli rayonunda silahlı insident olub. Sozcu.az xəbər verir ki, bu barədə "Haber türk" məlumat yayıb. İki qrup arasında əkin sahəsi məsələsinə görə yaranan mübahisə atışma ilə davam edib. Hadisə nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq, polis və jandarma qrupları cəlb edilib. Polis hadisə yerindən qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlayıb.

KİV: Tehran uranı 60%-dən yuxarı zənginləşdirsə, İsrail İrana zərbələr endirəcək

“Tehran uranı 60%-dən yuxarı zənginləşdirsə, İsrail İrana zərbələr endirəcək”. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb. Qeyd olunub ki, İsrail Tehranın bu cür hərəkətlərinin Təl-Əvivi hərbi güc tətbiq etməyə təhrik edə biləcəyi barədə ABŞ və bir sıra Avropa ölkələrini xəbərdar edib. “Axios”un digər rəsmiyə istinadən verdiyi məlumata görə, İran bu məsələdə İsrailin mövqeyindən xəbərdardır.

Bakı və İrəvan tezliklə sülh sazişi imzalaya bilər - ABŞ

Azərbaycan və Ermənistan tezliklə sülhlə bağlı razılığa gələ bilərlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində çıxışında bunu deyib. "Mən hesab edirəm ki, bir fürsət var, onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var", - deyə Blinken bildirib.

"Rusiya uzun bir qarşıdurmaya hazırlaşır, biz də hazır olmalıyıq"

NATO ölkələri Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdırlar və buna görə də müdafiə xərclərini artırmalıdırlar. Sozcu.az xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib. "Rusiya uzun bir qarşıdurmaya hazırlaşır, biz də hazır olmalıyıq", - o bildirib. Kallas Alyans tərəfdaşlarını müdafiə xərclərini NATO rəhbərliyinin əvvəllər tövsiyə etdiyi səviyyəyə çatdırmağa çağırıb: "Estoniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırıb, 2024-cü ilə qədər o, ÜDM-in 3%-nə çatacaq. Müdafiə xərcləri üçün ÜDM-in 2%-i tavan deyil, minimum olmalıdır".

Ukraynaya uran tərkibli mərmilər göndərilir? - ABŞ

ABŞ Ukraynaya tərkibində tükənmiş uran olan sursatlar göndərmir. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib. "Adətən, göndərilən döyüş sursatları ilə bağlı təfərrüatı açıqlamırıq, lakin uran tərkibli sursatları tədarük etmirik", - Kirbi bildirib. Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini Baronessa Annabel Qoldi Ukraynaya “Çellenger 2” əsas döyüş tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla, döyüş sursatlarının tədarükünün planlaşdırıldığını bildirmişdi.

"Sabaha kimi səhhəti yaxşılaşarsa, dəfndə iştirak edəcək”

Dilarə Əliyeva hazırda şok vəziyyətindədir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib. “Gəlmək istədi, həkimlər icazə vermədi. Ağlayır, Oqtayı soruşur. Sabaha kimi səhhəti yaxşılaşarsa, dəfndə iştirak edəcək” – deyə, o bildirib. Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə daha yüngül xəsarətlər alıb.

"Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik!"

Rusiyanın bütün zərbələrinə hərbi, siyasi və hüquqi cavab veriləcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Kramatorskda demək olar ki, daimi hava hücumu sirenası, davamlı atəş təhlükəsi, daimi həyat təhlükəsi var. Məhz orada, Donbasda, Xarkov vilayətində aydındır ki, terror dövlətini başqa heç nə dayandıra bilməz. Amma biz bunu təmin edəcəyik. Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik. Bu gün Rusiyanın Zaporojyeyə zərbələri, Kiyev vilayətinə gecə hücumu... Rusiyanın bütün zərbələrinə həm hərbi, həm siyasi, həm də hüquqi cavab veriləcək. Moskva bu müharibədə itirir", - o bildirib.

Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı

Bu ün Ramazan ayının birinci günüdür. Sozcu.az xəbər verir ki, imsak vaxtı 05:14, iftar isə 19:09-a təyin olunub. Birinci günün imsak vaxtı üçün duasını: “Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!” Tərcüməsi “Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Oqtay Əliyevin ölümü ilə bağlı gerçəklər üzə çıxdı

Oqtay Əliyev ürəyindən əməliyyat olmayıb. O, ümumiyyətlə ürək xəstəsi olmayıb. Bu haqda mediada və sosial şəbəkələrdə yayılan xəbər doğru deyil. Sozcu.az xəbər verir ki, bu fikirləri Globalinfo.az-a SOY prodakşının rəhbəri Oqtay Əliyevin yaxınlarından biri deyib. Onun sözlərinə görə, Oqtay Əliyev təzyiqdən müalicə alıb, amma heç vaxt ürəyindən şikayətçi olmayıb: "Özünə baxan adam idi. İdmana gedirdi, sağlığına diqqət edirdi. Qəzaya səbəb qəfil ürəktutması olub. Ürəyini tutub, bu zaman maşın idarəetmədən çıxıb və qəza baş verib". Neçə gün imiş O.Əliyev ailəsi ilə birgə Novruz bayramını qeyd edirmiş. Bu gün onlar ailəliklə bağ evində toplaşmaq qərarına gəliblər. Aktrisa Mehriban Zəkini özləri ilə qonaq aparırlarmış. Yaxınlarının saytımıza bildirdiyinə görə, ailənin digər üzvləri – mərhumun qızı, kürəkəni və nəvəsi taksi ilə onların arxasınca gedirmişlər. Onlar qəzanın üstünə çıxıblar. Saytımıza verilən məlumata görə, qəzadan sonra Oqtay Əliyev nəfəs alırmış, amma huşu üstündə olmayıb. O, hadisə yerində keçinib. Qeyd edək ki, bu gün Saray yolunda "Luksus" markalı avtomobilin yoldan çıxaraq, aşması nəticəsində sürücü, tanınmış prodüser və rejissor Oqtay Əliyev dünyasını dəyişib, onun xanımı, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Azərbaycanda Ramazan ayı başladı

Azərbaycanda Ramazan ayı başlayıb. Sozcu.az xəbər verir ki, Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür. Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib. QMİ fətvada bəyan edib ki, İdarənin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edir. İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”. Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Oqtay Əliyevin öldüyü, Dilarə Əliyeva və Mehriban Zəkinin xəsarət aldığı qəza ilə bağlı cinayət işi başlanıldı

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev öldüyü, həyat yoldaşı əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, qəza bu gün saat 18 radələrində Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb. Oqtay Əliyevin idarə etdiyi “Toyota" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza zamanı Oqtay Əliyev ölüb. Avtomobildə olan Xalq artisti Mehriban Zəki və əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarətlər alıb. Hazırda yaralılar Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.APA

Rusların məşhur PUA-sı məhv edildi

Ukrayna ordusu Rusiyaya məxsus "Orlan-10" pilotsuz uçuş aparatını (PUA) məhv edib.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.  PUA-nın ölkənin şimalında vurulduğu bildirilir. Sistemin zenit-raket bölmələri tərəfindən məhv edildiyi qeyd olunur.  Qeyd edək ki, bu gecə ruslar İrana məxsus 21 pilotsuz uçan aparatı ilə Ukraynaya hücum edib, onlardan 16-sı vurulub. 

Rusiya ordusunda hərbi hissəni özbaşına tərk etmə halları artıb

Rusiya hərbi məhkəmələrinə rusların Ukraynadakı müharibəyə səfərbər olunduğu dövrdə hərbi hissənin icazəsiz tərk edilməsi ilə bağlı artıq 471 cinayət işi daxil olub. Bu barədə Mediazona portalı məlumat yayıb. Hərbi hissəni özbaşına tərk etmək maddəsi üzrə açılan işlər səfərbərlik dövründə qaldırılan işlərin 88%-ni təşkil edir. Onlardan 225 nəfərə artıq hökm çıxarılıb. Cəza hərbçilərin bölməni hansı vaxta görə tərk etməsindən asılıdır. Səfərbərlik başlayandan sonra cəza daha da sərtləşdirilib. İndi bir aydan çox hərbi hissəyə gəlməyəni on ilə qədər həbs gözləyir. Mediazonanın topladığı statistik məlumatlara görə, əksər hallarda bu şərtlər realdır, cəzaların yalnız üçdə biri təxirə salınır. Adı çəkilən maddə üzrə ən çox iş Moskva vilayətində başlanıb. Bundan başqa Kalininqrad, Samara və Çelyabinsk vilayətlərində iyirmidən çox belə hal qeydə alınıb. Eyni zamanda, Rusiyanın 25 vilayətində, o cümlədən Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində bu maddə ilə bir dənə də olsun iş açılmayıb. “Səfərbərlik dövründə” cinayətlərin qalan 12%-i isə “əmrin icra edilməməsi”, “komandirə qarşı zorakılıq” və “fərarilik” kimi cinayət maddələri ilə açılıb. Nizamnamə qaydalarının pozulması və hərbi əmlakın itirilməsi ilə bağlı cinatət işlərinin sayında artma müşahidə olunur. Ümumilikdə araşdırmaçılar 536 belə iş aşkar ediblər.

Qarabağda müharibə bitməyib, dayandırılıb...

Qarabağın azad edilməsi uğrunda başlanan müharibə 44-cü günündə-2020-ci ilin 10 noyabrında dayandırıldı. Bəli, müharibə bitmədi, dayandırıldı və bu dayanma Azərbaycanın təşəbbüsü, istəyi ilə olmadı. Ona görə savaşın 44-cü günündə müharibə “bitmədi”, məhz “dayandırıldı” demək, daha doğrudur və bu günün də reallığına uyğundur.  Məhz bu məntiqlə də, “bütün müharibələrin sonu sülhlə yekunlaşır” klassik deyimi, 44 günlük müharibə üçün hələlik keçərli deyil, çünki sülh müqaviləsi yoxdur, ümumiyyətlə tərəflər arasında sülh yoxdur. Sülh olmadığına görə də “müharibə bitdi” yox, “müharibə dayandırıldı”, reallığı əks etdirir. Həmin gün imzalanan üçtərəfli razılaşma Ermənistan Respublikasının geri çəkilməsi hesab edilə bilər, amma yenə də sülh deyil, çünki müharibənin bitməsinə mane olan, yəni onu dayandıran Rusiya, Azərbaycana ərazi bütövlüyünü tam həyata keçirməyə imkan vermədi, bu gün də vermir.  Müharibənin dayandırılmasından keçən 2 il dörd aydan çox müddətdə məğlub tərəf revanş götürmək məqsədilə silahlanır, Qarabağda yeni hərbi istehkamlar yaradır, havadarları-İran, Rusiya, Fransa tərəfindən hərbi-siyasi, bəzi Qərb ölkələrindən də diplomatik dəstək alır, sülh təkliflərini qəbul etmir. Deməli, dayandırılmış müharibənin yenidən davamı gözləniləndi. Təəccüblüsü odur ki, müharibəyə hazırlaşanlar “münaqişənin hərb yolu istisnadır” bəyanatlarını verir və bundan məhz bizə təzyiq vasitəsi kimi istifadə edirlər. 26 il ərzində Minsk Qrupu da, işğal etdiyi torpaqlarda rahatlanan Ermənistan da belə deyib problemi həll etmədilər, amma 44 günlük müharibə ilə çox şey həll oldu. Maraqlıdır ki, hərbi yol istisnadır deyən Rusiya da, Qərb də Ukraynada müharibəni öz maraqları naminə davam etdirirlər, amma bizə “istisnadır” bəyanatlarını ünvanlayırlar.  Üç aydan sonra Moskvaya səfər edən Ararat Mirzoyan geri qayıdandan sonra, Smolensk meydanından aldığı gücdən ruhlanaraq, dünən Ermənistan XİN-in kəskin bəyanatını yayıb.  Bəyanatda “ Artsax xalqının öz müqəddəratını təyin etməsi onun tam haqqıdır.. və öz müqəddəratını təyinetmə hüququnun inkarı və zorla boğulması, habelə münaqişənin həlli vasitəsi kimi danışıqlardan imtina edilməsi ( guya ki, bütün bu sadalananları Azərbaycan edir-red), xalqın müstəqil dövlət qurmaq hüququnun tanınması üçün əsasdır”- deyilənlərlə, dünənə qədər Paşinyanın vurğuladığı : “ ..beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağın statusu məsələsində plankanızı bir az endirin.., əks halda, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik", - fikirləri arasında fərq nədən qaynaqlandı?  Zaman keçdikcə düşmən iddiasını yenidən ortaya qoyur və Rusiyanın tormozladığı sülh, onu ruhlandırır. İlk baxışdan bu gün Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olduğu təəssüratı yarana bilər, amma bu dərinə işləməyən gərginlikdir. Ermənistanın Qərbə meyillənməsi Rusiyaya təzyiq vasitəsidir. Rusiya da “günahkar” kimi “günahını” yuyur və Ermənistandan Laçın yolu vasitəsilə separatçılara silah-sursat, humanitar yardım, ərzaq və sairə daşımaqla məşğuldur. Rusiya hərbi kontingenti Laçın yolunda tam formal nəzarət funksiyasını həyata keçirir. Dinc etiraz aksiyasının onlara mane olmadığı Xəlfəli-Turşsu yolu ilə daşınan hərbi yüklərin müşayət olunması kadrları ilə sübut olundu.  Ermənistanla sülh müqaviləsi nə üçün lazımdır? Bu işin Qarabağ probleminə təsiri nədir? Tutaq ki, sabah Ermənistanla sülh müqaviləsi imzalandı, Qarabağdakı separatçı rejim və onu qoruyan Rusiya Xankəndini bizə təhvil verəcək? Son iki gündə Ermənistan rəsmilərinin açıqlamaları yalnız Qarabağla əlaqədardır. Onları delimitasiya, demarkasiya işləri, anklav kəndlərin problemi maraqlandırmır, yalnız Qarabağ ermənilərinin müstəqilliyi barədə bəyanatlar səsləndirirlər. Guya vəzifədən çıxarılan Vardanyan fəaliyyətini dayandırıb? Bu gün FB səhifəsində “Azərbaycanın uğursuz Qarabağ siyasəti” barədə geniş paylaşım edib. Vardanyan 100 günlük “blokadanı” qəhrəmancasına dəf etdiklərini və Artsax məsələsinin Azərbaycanın daxili problemi olmadığının sübut edildiyini paylaşıb. Qarabağ separatçıları Rusiyanın dəstəyilə o qədər fəallaşıblar ki, hətta qondarma rejimin keçmiş xarici işlər naziri Masis Mailyan “nikbinliyə böyük əsaslarımız var” deyə bilir.  Biz Ermənistanla sərhədimizi  və harada dayandığımızı bilirik. Ermənistan öz problemi ilə deyil, bizim daxili işimizlə -Qarabağla məşğuldur. Deməli, biz də bütün siyasi, hərbi fəaliyyətimizi Qarabağa istiqamətləndirməliyik. Ermənistanla 31 oktyabr 2022-ci ildən sonra rəsmi danışıqlarımızı dayandırmışıq, amma daxili işimiz olan Qarabağa hələ real təsir edəcək siyasətə nail olmamışıq. Xankəndi və Ermənistan arasında alternativ yolun olduğunu və bu yoldan hərtərəfli istifadə edildiyini video materiallarla sübut etdikdən sonra Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qoyulmasını bu qədər ləngitmək olmaz. Ermənistan silahlı qüvvələrin Qarabağdan çıxarılmasını sözlə yox, əməldə həll etmək artıq zərurətdir. Biz nə qədər sərt bəyanatlar versək belə qarşı tərəflərə təsir etməyəcək, necə ki, bu günə kimi təsir etməyib. Biz hərəkət etməliyik, düşməni fakt qarşısında qoymalıyıq. Müharibə bitməyib, dayandırılıb.  İlham İsmayıl, Moderator.az 

Erməni hərbçi sərhəddə məhv edilib? - MN-dən açıqlama

19:39 Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir. "Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür", - Nazirlik qeyd edib.