Rusiya hərbi məhkəmələrinə rusların Ukraynadakı müharibəyə səfərbər olunduğu dövrdə hərbi hissənin icazəsiz tərk edilməsi ilə bağlı artıq 471 cinayət işi daxil olub.
Bu barədə Mediazona portalı məlumat yayıb.
Hərbi hissəni özbaşına tərk etmək maddəsi üzrə açılan işlər səfərbərlik dövründə qaldırılan işlərin 88%-ni təşkil edir. Onlardan 225 nəfərə artıq hökm çıxarılıb.
Cəza hərbçilərin bölməni hansı vaxta görə tərk etməsindən asılıdır. Səfərbərlik başlayandan sonra cəza daha da sərtləşdirilib. İndi bir aydan çox hərbi hissəyə gəlməyəni on ilə qədər həbs gözləyir. Mediazonanın topladığı statistik məlumatlara görə, əksər hallarda bu şərtlər realdır, cəzaların yalnız üçdə biri təxirə salınır.
Adı çəkilən maddə üzrə ən çox iş Moskva vilayətində başlanıb. Bundan başqa Kalininqrad, Samara və Çelyabinsk vilayətlərində iyirmidən çox belə hal qeydə alınıb. Eyni zamanda, Rusiyanın 25 vilayətində, o cümlədən Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində bu maddə ilə bir dənə də olsun iş açılmayıb.
“Səfərbərlik dövründə” cinayətlərin qalan 12%-i isə “əmrin icra edilməməsi”, “komandirə qarşı zorakılıq” və “fərarilik” kimi cinayət maddələri ilə açılıb. Nizamnamə qaydalarının pozulması və hərbi əmlakın itirilməsi ilə bağlı cinatət işlərinin sayında artma müşahidə olunur. Ümumilikdə araşdırmaçılar 536 belə iş aşkar ediblər.