Sabirabadda dəhşət: 8 yaşlı uşağın meyiti tapıldı

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Siyasət Əlisəfa oğlu Cəfərovun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Ukraynalı nazir Rusiyanın minlərlə yetim uşağı oğurladığını açıqladı: “Bununla açıq şəkildə lovğalanırlar”

“Rusiya bütün genişmiqyaslı müharibə dövründə işğal olunmuş ərazilərdən 16 207 uşaq çıxarıb, həmçinin tam və ya qismən yetim olan 4 390 uşağı oğurlayıb”. Bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk bildirib. Telemarafon zamanı o qeyd edib ki, Ukrayna prokurorluqdan, kəşfiyyat xidmətindən və digər mənbələrdən aldığı bu hallarla bağlı bütün məlumatları Beynəlxalq Cinayət Məhkəməsinə ötürür. Üstəlik, Vereşşukun sözlərinə görə, rusiyalılar özləri də Ukraynada oğurlanmış uşaqların Rusiyada övladlığa götürülməsi barədə məlumat verdikləri zaman faktiki olaraq törətdikləri cinayətləri etiraf etmiş olurlar. “Onlar uşağı qaytarmaq əvəzinə, övladlığa götürürlər və açıq şəkildə də bununla lovğalanırlar. Bununla da qeyd edilən faktları bütün dünyaya nümayiş etdirirlər ki, bu halda da əlavə sübuta ehtiyac qalmır”, - deyə Vereşşuk vurğulayıb. Vereşşuk əlavə edib ki, uşaqların Ukraynaya qaytarılması üçün beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiqini artırmaq, sanksiyaları gücləndirmək lazımdır. O qeyd edib ki, həmçinin Rusiya “soyqırımı cinayətini törədənləri məsuliyyətə cəlb etmək” ittihamı üzrə məsuliyyətə cəlb edilməlidir. Mənbə: ZN.ua

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Zelenski Polşaya gedir

Ukrayna Prezidenti Vladimir Zelenski yaxın günlərdə Polşaya səfər edəcək. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin Pavel Yablonski deyib. “Fikrimcə, bu, yaxın vaxtlarda baş verəcək, amma zamanı qabaqlamayaq. Təhlükəsizlik səbəbindən Zelenskinin səfərini əvvəlcədən anons etməyəcəyik”, - Yablonski bildirib.

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

“NATO üzvü olan Fransanın parlamentində əli qanlı PKK/YPG terror qruplaşması təmsilçilərinin qəbul edilməsi onun nüfuzuna kölgə salıb”.   Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Nazirlik Fransa parlamentinin bu addımını NATO-dakı müttəfiqlik ruhuna zidd olduğunu vurğulayıb: “Bu addım həm də NATO-nun terrorizmlə mübarizəsini heçə endirir. Bütün hallarda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəni fasiləsiz davam etdirəcək”.

Bakıda yaşayış binasında yanğın: ölən var

Bakıda yaşayış binasında yanğın olub, ölən var. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Nazir “Challenger” tanklarını şəxsən sınaqdan keçirdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Böyük Britaniyanın “Challenger” tanklarının test-drayv mərhələsində şəxsən iştirak edib.  Sozcu.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, təəssüratlarını bölüşüb.  “Ukraynanın ilk əsas döyüş tankı “Challenger 2”yə ​​minmək çox xoş idi. Böyük Britaniyanın tədarük etdiyi belə tanklar ölkəmizə bu yaxınlarda gəlib. Bu fantastik maşınlar tezliklə öz döyüş tapşırıqlarına başlayacaqlar”, - deyə Reznikov bildirib. 

Səfir komandamızı tənqid etdi: “Qızlardan danışır, yeyib-içirdilər...”

Futbol üzrə Azərbaycan milli komandasının səfərdə İsveç yığmasına 0:5 hesablı məğlubiyyəti (bundan əvvəl də Avstriyaya 1:4 hesıbı ilə uduzmuşduq) geniş müzakirələrə səbəb olub. Milli komandanın biabırçı məğlubiyyətini həzm edə bilməyən Azərbaycanın futbol ictimaiyyəti sosial şəbəkələrdə futbolçuları, məşqçi heyətini və AFFA rəhbərliyini tənqid atəşinə tutub.  Milli komandanı qınayanlar sırasında tanınmış simalar da az deyil. Sozcu.az-ın məlumatına görə, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev də biabırçı məğlubiyyətə görə əsəblərini cilovlaya bilməyib. Səfir Azərbaycan millisinin Polşa yığmasına 0:8 hesablı məğlubiyyətini yada salaraq bunları qeyd edib: “Deməli, milli komandamız dünən İsveçə 0:5 hesbı ilə uduzdu. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq. VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub: - Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər. Dördüncü qol vurulanda isə: - Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan. Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi. Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 0:8 hesabı ilə uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar. Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi: - Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox... - dedi. Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan... Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...”. 

Laçında sərhəd-keçid məntəqəsi: Azərbaycanlılar erməniləri necə yoxlayacaq?

Mart ayının əvvəlindən Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə intensiv olaraq silah-sursat daşınıb. Rəsmi Bakı bunun qarşısını almaq üçün Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının vacibliyinə təkid edir.  Əgər Azərbaycanın bu qanuni tələbi həyata keçərsə, onun işləmə mexanizmi necə olacaq? Ermənistanla hüdudda sərhəd-keçid və gömrük məntəqəsinin əməkdaşları Ermənistan vətəndaşlarını Azərbyacan ərazisinə buraxacaqmı? Axı formal olaraq bu ölkə ilə vizalı və ya vizasız gediş-gəlişin icazə verilməsinə dair heç bir sənəd yoxdur. Üstəlik, hazırda koronovirus pandemiyası ilə bağlı 3 ildən çoxdur ki, ölkənin quru sərhədləri bağlıdır. Bəs Qarabağın Azərbaycan vətəndaşı sayılan erməni sakinləri Ermənistana necə gedib-gəlməlidir? Həm də Azərbaycan pasportuna malik olmadıqları halda... Yenisabah.az-ın suallarını cavablayan politoloq Oqtay Qasımov deyib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması mexanizmi kifayət qədər araşdırma tələb edir və burada bir sıra spesifik məsələlər nəzərə alınmalıdır. O aydınlaşdırıb ki, beynəlxalq qaydalara görə, dövlətlərin sərhədlərində sərhəd-keçid məntəqələri qurulanda orada ölkənin sərhədçiləri və gömrükçüləri ölkə ərazisinə daxil olan bütün şəxs və yükləri istisnasız olaraq yoxlayır, eləcə də terrorçu, yaxud "qara siyahı"da olmayan şəxslərdən başqa hər kəs ölkəyə buraxılır: “Laçına dair məsələ isə bir az fərqlidir. Əlbəttə, orada əlavə tədbirlər görülə və bəzi istisnalar ola bilər. Amma böyük ölçüdə beynəlxalq qaydalar tətbiq olunmalıdır. Eyni zamanda, bu, ermənilərin öz ərazisində quracağı sərhəd-keçid məntəqəsindəki şərtlərə uyğunlaşdırılmalıdır”. Siyasi təhlilçi onu da xatırladıb ki, 10 noyabr anlaşmasında qeyd olunan Laçın və Zəngəzur kommunikasiya xətlərində eyni standartların tətbiqi nəzərdə tutulub: "Prezident İlham Əliyev 2021-ci il dekabrın 14-də Brüsseldəki üçtərəfli görüşdən öncə bu haqda belə bir bəyanat vermişdi: Zəngəzurda hansı status veriləcəksə, Laçında da həmin qaydalar tətbiq olunacaq və eyni status həyata keçiriləcək. 2020-ci ilin 10 noyabr bəyanatında nəzərdə tutulan məsələ Laçın yolundan humanitar məqsədlərlə istifadə edilməsi, eləcə də Qarabağda yaşayan erməni vətəndaşlarımızın Ermənistana gediş-gəlişinin rahat şəkildə həyata keçirilməsi ilə bağlı idi. Sərhəd-keçid məntəqəsi həmin bəyanatda qeyd olunmasa da, hazırkı şərtlər artıq bunu diktə etməkdədir. Bunun üçün əlavə müzakirələrə də ehtiyac qalacaq. Əlbəttə, birmənalı şəkildə silah-sursat, digər hərbi ləvazimatlar, o cümlədən terrorçulara xüsusi qaydalar tətbiq olunmalı və onlar filtrdən keçməlidir və şübhəsiz ki ölkəyə buraxılmayacaqlar. Habelə Azərbaycana düşmən mövqedə olmayan hansısa erməni ictimai-siyasi xadim, mətbuat nümayəndəsi və s. Azərbaycan ərazisinə daxil ola bilər.  Hazırda koronovirus pandemiyasına görə quru sərhədlər bağlı olduğundan Laçın yolundakı sərhəd-keçid məntəqəsinin işləmə mexanizmi fərqli şəkildə tənzimlənməlidir. Düşünürəm ki, Azərbaycan müəyyən istisnalar tətbiq edə, eləcə də ilkin dövrdə gərginlik olmasın və inteqrasiya prosesi fasiləsiz davam etsin deyə, orada müəyyən istisnalar nəzərdə tuta bilər”.

Ermənistan ordusu əməliyyat təlimi keçirir

Ermənistan ordusunun rəhbər heyəti Müdafiə Nazirliyində əməliyyat təlimi keçirir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təlim bu gün başlayıb və üç gün davam edəcək.

Bakıda kişini bıçaqla hədələyib 45 manatını aldılar

Martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub.  Sozcu.az xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Ricat Cəfərov və əvvəllər məhkum olunmuş Turan Alıyev müəyyən olunaraq saxlanılıblar.  Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Xurmanın tumunu atmayın - İnanılmaz faydaları var

Ramazan ayının gəlməsi ilə bərabər xurma da süfrələrin keçilməz nemətidir. İftarı xurma ilə açanlar, onun faydalarını da bilmək istəyir.  Bakupost.az bu qidanın faydalarını təqdim edir. Xurmanın faydaları saymaqla bitmir. Bir çox önəmli vitamin, mineral və lif qaynağıdır. 100 qram xurmada 2.5 qram protein, 656 milliqram kalium, 75 qram karbohidrat, 43 milliqram maqnezium mövcuddur. Bu bitki beyin və sümük sağlamlığını dəstəkləyir, içərisində güclü antioksidantlar var. Xüsusilə, pəhriz saxlayan və şəkərdən uzaq durmağa çalışanlar üçün xurma ideal bir qidadır. Şirniyyat kimi yeyilən, şəkər ehtiyacını sağlam şəkildə qarşılayan xurmanın tumu da çox faydalıdır. Xurmanın tumu qaraciyər və böyrəkləri qoruyur. Bununla yanaşı, bədəndəki bütün toksinləri atır. Eyni zamanda, böyrək daşının düşməsinə də kömək olur. Öd daşının müalicəsi üçün də istifadə olunur. Bu həm də sızanaq izi, qara nöqtə kimi dəri problemləri yaşayanlar üçün faydalıdır. Bu maskanı hazırlamaq üçün xurma tumunu əzib bal ilə qarışdırın. Daha sonra bir fırça, ya da nəm pambıq ilə dərinizə vurun. 5 dəqiqə keçdikdən sonra ilıq su ilə durulayın. 

Deputat haqqında şok faktlar: Saxta diplom, dini təhsil, fərarilik…

Milli Məclisin deputatı Cavid Osmanov haqda sensasiyalı hesab edilə biləcək və onun qanunverici orqanda fəaliyyət göstərməsini sual altına salacaq məlumatlar ortaya çıxıb. Demokrat.az-ın redaksiyasına daxil olan məlumatlar onu deməyə əsas verir ki, Cavid Osmanovun təhsili saxta, özü isə fəraridir. 06.02.1975-ci ildə anadan olmuş Cavid Həmid oğlu Osmanovun orta məktəbi 1992-ci ildə bitirdiyi, universitetə isə 5 il sonra 1997-ci ildə qəbul edildiyi onun tərcümeyi-halında qeyd olunur. Lakin redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Cavid Osmanov orta məktəbi bitirdikdən 5 il sonra – 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına heç bir imtahan vermədən qeyri-qanuni yolla daxil olub. Həmin universiteti isə 2000-ci ildə, yəni cəmi 3 il ərzində bitirib. Azərbaycanda bakalavr pilləsi 4 ildir, necə olur ki, Cavid Osmanov bu təhsil pilləsini 3 il ərzində bitirir və diplom ala bilir?! Ortaya başqa bir sual da çıxır ki, bəlkə Cavid Osmanovun bundan əvvəl hansısa təhsil müəssisəsinin saxta diplomunu əldə etmiş, Dövlət İdarəçilik Akademiyasına ikinci təhsil almaq adı ilə daxil olubdur?! Əgər belədirsə, Cavid Osmanov özünün niyə Wikipediya səhifəsində və Milli Məclisin elektron səhifəsində birinci təhsili haqqında məlumat vermir?  Bizi də maraqlandıran elə budur. Çünki redaksiyamıza daxil olan məlumatlarda qeyd edilir ki, Cavid Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra ərəb ölkələrinin birinə dini təhsil almaq adı ilə getmiş, 1 ildən sonra oradan qovulmuş və geri qayıtmışdır.  1993-cü ildə hərbi xidmətə çağırılmış Cavid Osmanov saxta arayışlar əldə etməklə hərbi xidmətdən yayınıb. Bu həmin dövr idi ki, ermənilər torpaqlarımızın işğalına davam edirdi və xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Vətən oğullarını Qarabağın müdafiəsi üçün orduya yazılmağa çağırışlar edirdi. Qarabağda erməni işğalçılarına qarşı ölüm-dirim savaşı gedən vaxt Cavid Osmanov saxta sənədlərlə Vətənin müdafiəsindən yayınmış, Ordudan fərarilik etmişdi. Diplomu saxta, keçmiş fərarinin qanunverici orqanda fəaliyyət göstərməsi, deputat kimi xalqın və dövlətin maraqlarından danışması gülünc, həm də ziyanlıdır. Məhz bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin spikeri, hörmətli Sahibə xanım Qafarovaya müraciət edir və ondan bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə köməklik etməsini xahiş edirik. 1. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra hansı xarici ölkəyə dini təhsil almaq adı ilə getmişdir? 2. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1993-cü ilin aprel ayından hərbi mükəlləfiyyətçi olduğu halda hansı əsaslarla Vətənin müdafiəsində iştirak etməmiş və Ordudan yayınmaq üçün hansı saxta arayışlar əldə etmişdir? 3. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov orta məktəbi bitirdikdən  5 il sonra 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına necə və hansı əsaslarla qəbul olunmuşdur? Bu əsaslar Azərbaycan Respublikası qanunları ilə ziddiyyət təşkil edirmi? 4. Niyə həmin Akademiyadakı təhsil müddəti 3 il olmuşdur? (1997-ci ildə daxil olub 2000-ci ildə bitirdiyini özü rəsmi sənədlərdə qeyd edir )  5. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanovun 1-ci Ali təhsili varmı? Harada və qanuni əsaslarla təhsil almışdırmı? Əgər həqiqətən o 1-ci təhsilini qanuni şəkildə almışsa, nə üçün bütün rəsmi sənədlərdə 1-ci təhsilini gizlətməyə üstünlük vermiş və heç bir yerdə bunu qeyd etmək istəməmişdir? Ümid edirik ki, hörmətli spiker Sahibə xanım Qafarova bu məsələlərin araşdırılması üçün təcili göstəriş verəcək və nəticəsi barədə də Milli Məclis tərəfindən bizə məlumat veriləcəkdir. Çünki Milli Məclisin hər bir üzvü Vətəni canından çox sevən, pak və təmiz, savadlı və əqidəli şəxslərdən ibarət olmalıdır. Xalq namizədi haqqında həqiqəti bilməlidir ki, seçdiyi namizədin kimliyini dəqiq bilsin. Eyni müraciəti Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqova da ünvanlayır və bu məsələlərin araşdırılmasını xahiş edirik. Çünki YAP təkcə ölkəmiz və regionumuzun yox, dünyanın ən böyük və nüfuzlu partiyalarından biridir. Ulu Öndərin qurduğu, Prezident İlham Əliyevin sədrlik etdiyi bir partiyada təhsili və hərbi xidməti haqqında şübhəli məqamlar olan bir şəxsin təmsil olunması və bu partiyanın üzvü kimi qanunverici orqanda da təmsil olunması qəbuledilməzdir. P.S. Bu yazıda adıçəkilən deputat Cavid Osmanov əvvəlcədən ona ünvanladığımız İnformasiya Sorğumuzu cavabsız qoyub. 

Dövlət Agentliyində yoxlama aparılıb, materiallar Baş Prokurorluğa göndərilib

Hesablama Palatası 2022-ci il üzrə İş planına uyğun olaraq Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində olan qurumlara ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb. Bu barədə Hesablama Palatasından bildirilib. Qeyd edilib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi (Agentlik) və tabeliyində olan qurumlarda (seçmə qaydada) 2022-ci ilin iş Planına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri peşə təhsilinin təşkili, təlim fəaliyyətinin həyata keçirilməsi, həmçinin qəbul edilmiş strategiya və planların icrası istiqamətində ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, eləcə də mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının tərtibinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb. Audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir elan amillər təhlil olunub. Müvafiq əmrlərlə publik hüquqi şəxs formasında yaradılan peşə mərkəzlərinə məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı hüquqi aktların tələblərinə əməl edilməyərək dövlət sifarişinə dair müqavilələrin bağlanılması təmin edilməyib, sifariş və hesabat formaları tərtib olunmayıb. Bu isə öz növbəsində, dövlət büdcəsindən ayrılmış vəsaitlərin peşə mərkəzləri tərəfindən hüquqi formasına uyğun olmayaraq büdcə təşkilatları ilə analoji şəkildə idarə olunması ilə nəticələnib, eyni zamanda vəsaitlərin istifadəsinə nəzarət mexanizmlərinin tətbiqinə çətinlik yaradıb. Nəzərə çatdırılıb ki, bir sıra peşə təhsili müəssisələrinin zəruri müvafiq avadanlıqlarla təchiz edilmədiyi və emalatxanalar yaradılmadığı halda, bəzi ixtisaslar üzrə tədrisin təşkil olunduğu müəyyən edilib ki, bu da, öz növbəsində tələbələrin davamiyyət səviyyəsinə təsir göstərib. Müəllimlərin hüquqi aktların tələblərinə tam amal edilmədən tədrisə cəlb olunması, əvəzetmə qaydasında tədris olunan dərslərin qeydiyyatının aparılmaması və faktiki olaraq digər şəxslər tərəfindən tədris olunması keyfiyyətli peşə təhsilinin təqdim edilməsi, səriştəli kadrların yetişdirilməsi və əmək bazarına inteqrasiyası ilə bağlı hədəflərin tam və vaxtında reallaşdırılmasına təsir göstərən amil kimi qiymətləndirilib, artıq ştatlar saxlanılmaqla dövlət vəsaitinə əlavə tələbat yaradılıb. Eləcə də, büdcədənkənar fəaliyyət məhdud sayda müəssisə və istiqamətlər üzrə təşkil edilməklə daha çox əlavə gəlir əldə etmək imkanlarından istifadə olunmayıb, peşə təhsili müəssisələri tərəfindən fəaliyyətin düzgün həyata keçirilməməsi, bu istiqamətdə nəzarət mexanizmlərinin tətbiq edilməməsi birgə fəaliyyət müqavilələrinin əlverişli olmayan şərtlərlə bağlanılmasına, dövlət əmlakının bəzi hallarda birgə fəaliyyət müqavilələri çərçivəsində faktiki olaraq, bəzi hallarda isə hüquqi aktların tələblərini pozmaqla icarəyə verilməsinə səbəb olub. Nizamnamələrdə müəyyən edilmiş vəzifələrin icrasının, eləcə də vəsaitlərin idarə edilməsi ilə bağlı zəruri nəzarət sisteminin təmin olunmaması vəsaitin təyinatının dəyişdirilməsi ilə yanaşı, bir sıra hallarda büdcədənkənar vəsait hesabına ödənilməli olan xərclərin büdcə vəsaiti hesabına maliyyələşdirilməklə xərclərin maliyyələşmə mənbələrinin dəyişdirilməsinə şərait yaradıb. Auditin əhatə etdiyi tədris illəri üzrə bəzi hallarda dərs saatlarının normalarına əməl edilməməsi artıq dərs saatlarının nəzərdə tutulması, eləcə də siniflərin düzgün kompleksləşdirilməməsi artıq və əlavə vəsait ödənişi ilə nəticələnib. Agentliklə yanaşı peşə təhsili müəssisələrinin vəsaitlərinin əsas hissəsinin əməyin ödənişi xərclərinin təşkil etməsinin bu istiqamətdə analitik prosedurların daha geniş tətbiqinə yaratdığı zərurət diqqətə alınaraq ödəniş müəssisələri tərəfindən təqdim edilmiş məlumat bazaları üzrə hesablanmış əmək haqqı və ödənilmiş məbləğlərin müqayisəsi həyata keçirilib, bir sıra hallarda bu məlumatlar uyğunsuz olub və artıq vəsait sərf edilib. Dövlət büdcəsi xərclərinin nəticə əsaslı yanaşma tətbiq edilməklə proqnozlaşdırılması və icrasına keçid məqsədi ilə tətbiq edilən Ortamüddətli Xərclər Çərçivəsində peşə təhsili ilə bağlı müəyyən olunmuş hədəf indikatorlarının əsaslı şəkildə müəyyənləşdirilməməsi bəzi hallarda nəzərdə tutulmuş və icra edilmiş göstəricilər arasında nəzərəçarpacaq fərqlərə səbəb olub, bir sıra hallarda isə inkişaf meylinin keyfiyyətini təqdim etmək imkanları məhdudlaşıb, bəzi hallarda monitorinq indikatorlarının müəyyənləşdirilməməsi məqsəd- nəticə uyğunluğunun qiymətləndirilməsinə şərait yaratmayıb. Təhsil müəssisələrinin fəaliyyətinin, bu müəssisələrin maddi-texniki təminatının, eləcə də tədrisin təşkili ilə bağlı yol verilmiş nöqsanlar məzunların öz ixtisasları üzrə çalışma göstəricilərinə təsir göstərib, bəzi ixtisaslar üzrə ümumilikdə, eləcə də bir sıra peşə təhsili müəssisələrində tədris olunan ixtisaslar üzrə məzunların məşğulluq səviyyəsi çox aşağı olub, özəl sektorla əməkdaşlıq çərçivəsinin dar istiqamətlər üzrə müəyyənləşdirilməsi bu sahəyə təsir edən əsas amillər olaraq qiymətləndirilib. Dövlət ehtiyaclarının ödənilməsi məqsədilə satınalmaların keçirilməsində rəqabətli metodların tətbiqinə üstünlük verilməməsi fonunda planlaşdırma düzgün və vaxtında aparılmayıb, tələbatın dəqiq müəyyənləşdirilməməsi öhdəliyə götürülməyən kreditor borcların yaranması ilə nəticələnib. Ehtimal olunan qiymətin hesablanılması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyətin təşkil edilməməsi fərqli qiymətlərin tətbiq olunması ilə eyni işlərin illər üzrə daha baha qiymətə alınmasına və yerinə yetirilməyən işlərə vəsait ödənilməsinə şərait yaradıb. Mühasibat uçotunun aparılması ilə bağlı hüquqi aktların tələblərinə tam əməl edilməməsi, aktivlərinin uçotunun düzgün təşkil olunmaması və müvafiq qaydada xərcə silinməməsi bəzi hallarda əsas vəsaitlərin faktiki mövcudluğunun təsdiqlənməsi imkanlarını məhdudlaşdırıb, eyni zamanda hesabatlarda təhriflərə də səbəb olub. Uçotun düzgün qurulmaması, bağlanmış müqavilə şərtlərinin icrasının təmin edilməməsi və dövlət maliyyəsinə cari nəzarət mexanizmlərində nöqsanlar gəlirlərin tam toplanmaması ilə yanaşı, qanunvericiliyin tələblərinə zidd olmaqla cari ilin xərclərinin növbəti ilin dövlət vəsaiti hesabına ödənilməsi ilə nəticələnib. Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda əməyin ödənilməsi ilə bağlı xərclərdə cinayət ehtimalı diqqətə alınaraq müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildiyi, artıq ödənilmiş əmək haqları, təqaüdlər va təhsil haqqı üzrə 206,8 min manat məbləğində artıq icra olunmuş vəsaitin və 22.3 min manat dəyərində çatışmazlığın bərpa edildiyi, 14,3 min manat dəyərində aktivlərin müvafiq qaydada uçota götürüldüyü nəzərə alınıb. 481,0 min manat vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyənləşdirilib. Eləcə də, qərarın icrasının təmin edilməsi məqsədilə peşə təhsili ilə bağlı hüquqi aktlarda müəyyən edilmiş uyğunsuzluqlarla bağlı Nazirlər Kabinetinə, digər maliyyə pozuntu halları üzrə Maliyyə Nazirliyinə məlumat verilib./APA

Şakira qayınanası ilə əlbəyaxa oldu

Məlum olub ki, Kolumbiyalı müğənni Şakira bir dəfə hətta Jerar Pikenin yeni sevgilisi ilə münasibətdə olarkən yaxalayıb. Bu, təkcə Pike ilə deyil, oğlunun xəyanətlərini gizlədən anası ilə də qalmaqala səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Sports.ru yazır. Bildirilir ki, qayınanası Şakira ilə mübahisə edib, sonra isə müğənni yaşlı qadını üzündən vurub. İfaçının Bernabeu ilə davası ilə bağlı yayılan məlumatlara nə müğənni, nə də onun keçmiş sevgilisi münasibət bildiriblər. Sosial şəbəkə istifadəçiləri, bu məlumatı aktiv şəkildə müzakirə edirlər: - “Yaxşı ana olmaq o deməkdir ki, siz uşaqlarınıza səhv bir şey etdikdə həqiqəti söyləməlisiniz.” - "Mən Şakiranı sevirəm, amma pərəstişkarları bunu anladılar." - "Səhv idi? Bəli, amma yaxşı ana idi, oğluna kömək etmək üçün hər şeyi edirdi". - "Vay... başqa qadınlara hörmət etməyəndə, sənin oğlunun da qadınlara hörmət etməməsi heyrətamizdir, elə deyilmi?"./Publika.az

İki şirkət "Azərişıq" ASC-ni məhkəməyə verdi

“Orxan UN” MMC və "Sumqayıt-ağac-kağız" ASC "Azərişıq" ASC ilə bağlı məhkəməyə müraciət edib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə hər iki şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub. Belə ki, MMC ilə ASC sair işlər - maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Azərbaycanda iş başında yaxalanan sabiq məmura cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd: 2021-ci ildə Şəmkir rayon sakini Aliyə Kazımovanın rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin qanunsuz hərəkətləri barədə rayon prokurorlug‌una daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla müəyyən edilib ki, Vazeh Vəliyev MTİS-in rəisi vəzifəsində işləyərkən həmin idarədə kargüzar işləyən Aliyə Kazımovanın idarədaxili intizam qaydalarını pozmadığı halda söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb ona ağırlıq dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə və zor tətbiq edib öldürəcəyi ilə hədələməklə, həmçinin idarənin normal iş fəaliyyətini pozmaqla sonuncunun hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurub. Vazeh Vəliyev Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.pravda

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 171 730 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 602 tank, 6 966 zirehli maşın, 2 653 artilleriya sistemi, 525 reaktiv yaylım atəşi sistemi, 277 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 2 235 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 502 avtomobil texnikası və avtosistern, 287 xüsusi texnikadan ibarətdir.

Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq. Bu barədə AMB məlumat yayıb. Xatırladaq ki, fevralın 1-dən Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,25 %-dən 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,25 %-dən 9,5 %-ə çatdırılıb.

200 minə civə satmaq istəyərkən saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla respublika ərazisinə gətirilmiş insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Araşdırmalar zamanı məlum olub ki, Hacıqabul rayon sakini İbrahim İbrahimovun sosial şəbəkə vasitəsi ilə tanımadığı əcnəbi vətəndaşla cinayət əlaqəsinə girərək Şirvan rayonu ərazisində gizlədilmiş civəni Şəmkir rayonuna gətirməsi və orada 200 min manata satmaq istəməsi məlum olub. Şübhəli şəxs saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib və üzərindən 2 ədəd şüşə qabda ümumi çəkisi 1 kq 700 qram olan civə aşkarlanaraq götürülüb. Aşkar edilən maddi sübut müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Rusiyanın 10-cu alayı tanklarının çoxunu itirdi

Ruslar şəhəri mühasirəyə almaq üçün Avdeyevkaya hücumu gücləndiriblər. Amma onlar zirehli texnikanın böyük itkiləri hesabına yalnız cüzi irəliləyə biliblər. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub. “Rusiyanın 10-cu tank alayı Avdeyevkanı cənubdan mühasirəyə almağa çalışarkən tanklarının çoxunu itirib. Alay 3-cü Ordu Korpusuna daxildir və 2022-ci ilin avqustundan bəri yaranan ilk böyük yeni birləşmədir”, - kəşfiyyat bildirib.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi: “Əla oyun göstərdik”

“İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi”. Sozcu.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 0:5 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis ikinci qolun həlledici olduğunu bildirib: “İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız oldu. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi”. 67 yaşlı mütəxəssis sona yaxın gənc oyunçulara şans verdiyini vurğulayıb: “Birinci hissədə rəqibi çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci hissədə gənclərə şans verdim. Başa düşürəm ki, nəticə acınacaqlıdır. Amma uşaqlara deyiləcək heç nə yoxdur”. Baş məşqçi futbolçularının buraxılan qollardan sonra həvəsdən düşməməsini istəyib: “0:2 hesabından sonra ruhdan düşməməliyik, əmin olmalıyıq ki, nəticəni dəyişmək olar. Bunu etməyi bacarmalıyıq”. O, 60-cı dəqiqəyə qədər komandalar arasında səviyyə fərqinin hiss olunmadığını düşünür: “Bizə qarşı hamıda yaxşı alınır. Yesper Karlsson bu gün cərimə zərbəsindən qol vurdu. Bizim canlı sədd də buna şərait yaratdı. İsveç fiziki cəhətdən çox güclü komandadır. Amma bir saatın tamamına qədər meydanda fərq elə də görünmürdü”.

Azərbaycan millisi İsveçə darmadağınla uduzdu

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb. Sozcu.az xəbər verir ki, yığmamız F qrupunda 2-ci turda İsveçin qonağıdır. Solna şəhərindəki "Frends Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Qrupun digər matçında Avstriya  Estoniyanı qəbul edir. Qeyd edək ki, Azərbaycan bu turnirdə ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub. F qrupu 22:45. İsveç - Azərbaycan - 5:0  Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65-avtoqol, Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89 22:45. Avstriya - Estoniya - 2:1  Qol: Sappinen, 25 (0:1), Florian Kaynz, 68 (1:1), Mixael Qreqorits, 88 (2:1)

Mingəçevirdə şəhid anası evsiz qalıb – Video + Açıqlama

Mingəçevir sakini Rzayeva Kamilə Bəkir qızı oğlu, 44 günlük Vətən müharibəsinin şəhidi Rzayev Əli Nəsib oğlu şəhid olandan sonra evsiz-eşiksiz qalıb. Sozcu.az xəbər verir ki, şəhidin həyat yoldaşına Göygöl rayonundan iki otaqlı mənzil verilib. Kamilə ana isə iki ildir bacısı Zöhrə xanımın evində yaşıyır. Öz evi H.Əliyev prospektində, yataqxanada olub. K.Rzayevanın sözlərinə görə, şəhidin həyat yoldaşı və anası ayrı-ayrılıqda ev qeydiyyatındadırlar. Mənzil növbəsinə də ayrı-ayrılıqda durublar. Şəhidin yoldaşı evlə təmin olunandan sonra anaya deyiblər ki, şəhidə düşən mənzil həyat yoldaşına verilib, ona mənzil düşmür. Bildirilib ki, o, yaşadığı yataqxanadan qeydiyyatdan çıxıb, Bakı şəhərində qeydiyyata düşməlidir. Kamilə ana da Abşeronda bir tanışının evinə qeydiyyata düşüb. İndi ana nə yenidən öz yaşadığı yataqxanaya qeydiyyata düşə bilir, nə də Bakı şəhərindən ona mənzil verirlər. Şəhid anasının problemi ilə əlaqədar Mingəçevir Şəhər İcra hakimiyyətindən Yeniavaz.com-a açıqlama verilib: “Mingəçevir şəhər Günəş küçəsi ev 62 ünvanında yaşayan şəhid anası Rzayeva Kamilə Bəkir qızının ona mənzil verilməsi barədə müraciəti ilə əlaqədar bildiririk ki, onun oğlu, şəhid Rzayev Əli Nəsib oğlu 09.09.2020-ci il tarixdən müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə çağırılmış, 06.10.2020-ci il tarixdə şəhid olmuşdur. Şəhər İcra Hakimiyyəti başçısının 07.04.2021-ci il tarixli 42 saylı Sərəncamı ilə Rzayeva Kamilə Bəkir qızı mənzil növbəsinə götürülmüş və növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. 27 dekabr 2022-ci il tarixdən Abşeron rayonunda qeydiyyatdadır və mənzil növbəliliyi oraya köçürülüb. Əlavə olaraq bildiririk ki, K.Rzayevanın gəlini Rzayeva Gülü Sərdar qızına (2 nəfər) Samux rayonunun Seyidlər kəndində şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş binadan 2 otaqlı mənzil verilib. Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidin qəbrinin üstü götürülmüş, ətrafında abadlıq işləri görülmüş, ona 1000 manat, ötən ilin dekabr ayında 31 dekabr Həmrəylik Günü ilə əlaqədar isə şəhidin həyat yoldaşı G.Rzayevaya 200 (iki yüz) manat vəsait ayrılıb. Ötən ilin sonlarında 2 dəfə, cari ilin Novruz və Ramazan bayramları ilə əlaqədar şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ailəyə ərzaq yardımı edilib. Bəzi şirkətlərə isə şəhid ailəsi kimi ailənin adı verilib və müvafiq olaraq ərzaq köməkliyi edilib. 2021-ci ildə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar K.Rzayevaya şəhər İcra Hakimiyyəti tərəfindən 60 manat məbləğində maddi köməklik edilib. 2022-ci ilin Novruz, Zəfər bayramlarında  və Həmrəylik Günündə şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması, Qurban bayramında isə qurban payı verilib”.