Azərbaycanda yanğınlar: Günahkar kimdir? FHN, yoxsa...

Son günlər ard-arda baş verən yanğınlar obyektlərdə yanğın və təhlüksizlik tədbirləri ilə bağlı məsələni gündəmə gətirib. Sosial şəbəkələrdə bir çox insan əksər yaşayış və qeyri-yaşayış obyektlərinin təhlükəsizlik baxımından ciddi mühafizə olunmadığını düşünürlər. 

Mütəxəssislər hesab edirlər ki, paytaxtda və ölkənin digər şəhər və rayonlarında ölümlə nəticələnən yanğın hadisələrinin baş verməsinə görə obyekt sahibləri ilə yanaşı, həm də əlaqədar dövlət qurumlarının rəhbərləri məsuliyyət daşıyırlar. 

Son illər ölkədə yanğın və partlayış hallarının intensiv xarakter alması, xüsusilə ötən gün paytaxtda baş verən partlayış nəticəsində 9 nəfərin ölməsi gözləri yenidən bu sahəyə mənsub olan dövlət qurumlarına çevirib. 

Fövqəladə Hallar Nazirliyi nədən effektiv nəzarət mexanizmi yarada bilmir? 

Obyektlərdə, idarə və müəssisələrdə təhlükəsizlik qaydalarının lazımi səviyyədə təmin olunmaması yeni faciələrə yol aça bilərmi?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, analoji halların qarşısını almaq üçün rəsmi qurumlarla yanaşı, sahibkarlar, idarə və müəssisə rəhbərləri də diqqətli olmalıdırlar. 

Ekspert Yenisabah.az-a açıqlamasında deyib ki, xüsusilə yanğın potensialı daha yüksək obyektlərin bu məsələyə daha diqqətli yanaşılmalı olduğunu qeyd edib. 

“Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair normativləri, standartları, o cümlədən obyektin yanğın təhlükəsizliyi ilə bağlı təchizatları təmin etməlidir. Obyektdə çalışan işçilərin yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının formalaşması olduqca vacibdir. Alışabilən, yanma qabiliyyəti yüksək olan avadanlıq və qurğularla yanğın təhlükəsizliyinin tələblərinə uyğun şəkildə rəftar etməklə bağlı qaydalar tətbiq edilməli, işçilərin də bu qaydalara riayət etməsi təmin olunmalıdır. Mütləq qaydada bütün obyektlərin yanğın təhlükəsizliyi normalarına və standartlarına uyğun olaraq ehtiyat su çəninin, yanğınsöndürmə dolablarının, xəbərdaredici siqnalizasiya qurğularının, ilkin yanğınsöndürmə vasitələrinin olması vacibdir. Bütün bu sadalanan qayda və təchizatlar düzgün şəkildə təşkil olunarsa, yanğınların qarşısı daha tez və effektiv şəkildə aradan qaldırılar. Xüsusilə təhlükə riski daha yüksək olan obyektlərdə tezalışan, partlamayameyilli maddələrin saxlanması, daşınması zamanı təhlükəsiz istismar olunmasına diqqət yetirilməlidir. Bunlar hamısı kompleks şəkildə görülməli olan tədbirlər planıdır. Ona görə bütün müəssisələrdə yanğın təhlükəsizliyi rejimi yaradılmalı, işçilərin bu barədə bilik və bacarıqlarının təmin olunmasına, yanğın və partlayış riski yüksək olan avadanlıqlarla, qurğularla düzgün davranış qaydaları öz əksini tapmalıdır”.

Share on Facebook