Bakı və Abşeronda sənədsiz evlərə çıxarışların verilməsi ilə bağlı məsələ neçə illərdir gündəmdədir. Ötən ilin oktyabrında qəbul olunan qərara görə, yeni fərdi yaşayış evlərinə kommunal xidmətlərin göstərilməsi, yəni qaz, su və işıq enerji şəbəkələrinə qoşulması məhdudlaşdırılıb. Bu, sənədsiz evlərlə bağlı problemi daha da qəlizləşdirib.
2024-cü ildə məsələnin həlli istiqamətində irəliləyi olacaqmı? Sənədsiz əmlaklara çıxarışların verilməsi gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qonşu Gürcüstanı nümunə çəkərək, ölkəmizdə də bununla bağlı aministiyanın tətbiq olunmasını mütləq sayır:
“Bu ayın əvvəlində qonşu Gürcüstanda daşınmaz əmlaklarla bağlı aministiya tətbiq olundu. Çıxarışı olmayan daşınmaz əmlaka çıxarış verilməsinə start verildi. Bununla bağlı ölkəmizdə də ötən ilin əvvəlində dövlət başçısı birbaşa icra hakimiyyəti orqanlarına ərazilər üzrə monitorinqlərin aparılması, torpaqların təyinatının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıq verib.
Bir çox evlərin çıxarış ala bilməməsinin başlıca səbəblərindən biri həmin ərazilərdəki torpaqların fərqli təyinatlı olmasıdır. Təəssüflər olun ki, bu məsələ ilə bağlı hələlik ciddi addımlar atılmayıb. Bəzi rəqəmlərə görə, Bakı və Abşeronda 500 min civarında çıxarış ala bilməyən fərdi yaşayış evi var. Bu evlərin demək olar ki, hamısına kommunal xidmətlər göstərilir. Bircə, onların sahiblərinə çıxarış verilməsi qalır”.
Ekspert bu məsələdə ən böyük ziyanın məhz elə dövlətə dəydiyini qeyd edib:
“Elementar olaraq, təkcə Bakı və Abşeronda dövlət 500 min əmlakın vergisindən məhrum olur. Üstəlik, regionlarda da çoxlu sənədsiz əmlak mövcuddur. Onlara çıxarış verilsə, sahibləri torpaq və əmlak vergisi verəcəklər.
Ötən il təxminən 50 min qeyri-yaşayış obyektinə aminitiya tətbiq olundu. Həmin obyektlərin sahibləri sənədlərini mərhələli şəkildə aiddiyyəti orqanlara yönləndirir və çıxarışların verilməsinə start verilir. Düşünürəm ki, qadağan olunmuş ərazilər xaric, digər ərazilərdə olan əmlaklara çıxarışların verilməsi vacibdir”.