Rusiya ordusuna məxsus A-50 havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi Qara dəniz üzərində vurulub.
Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, İl-22M11 komanda-idarəetmə təyyarəsinə ziyan dəyib. Məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk və Ukrayna hökumətindəki mənbələr qismən təsdiqləyib.
"Militarniy" nəşri mənbələrə istinadən Rusiyanın RF-50601 qeydiyyat nişanlı A-50 təyyarəsinin Ukrayna hava məkanı üzərində itdiyini bildirib. RBC-nin məlumatına görə, A-50 yanvarın 14-də saat 21:10-21:15 radələrində Kirilivka yaxınlığındakı patrul zonasına daxil olduqdan az sonra vurulub. Təyyarə radardan itib və taktiki aviasiya tələblərinə cavab verməyi dayandırıb. Daha sonra Rusiyanın Su-30 pilotu naməlum təyyarənin yandığını və enişini müşahidə edib.
Rusiya hakimiyyətinə yaxın teleqram kanalları və rus hərbi blogerlər də məlumatı təsdiqləyib. Rusiyanın Müdafiə Nazirliyi hadisə ilə əlaqədar şərh verməyib.
Qeyd edək ki, A-50 təyyarəsi olduqca nadir hava vasitəsidir. İl-76 nəqliyyat təyyarəsi əsasında yaradılan platforma Rusiyanın havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi kimi xidmət edir. Təyyarə uzaq mənzilli hava hədəflərini aşkar edə, qanadlı və ballistik raketlərin buraxılışını, hava hücumundan müdafiə əməliyyatlarını izləyə və qeydə ala bilər.
Azı 350 milyon dollar dəyərində olan bu təyyarələr Rusiyada çox məhdud sayda – cəmi 9 ədəd idi. Daha bir A-50 ötən ilin fevralında Belarusun Maçulişşi aerodromunda ukraynalı diversantlar tərəfindən sıradan çıxarılmışdı.
İl-22M isə döyüş əməliyyatları zamanı qoşunların idarə edildiyi hava komandanlığı məntəqəsidir. Ötən ilin iyununda Priqojinin qiyamı zamanı bir İl-22 vaqnerçilər tərəfindən Voronej üzərində vurulmuşdu.