Erməni deputat: Azərbaycanlılar bizdən daha mədənidir

Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Hakop Aslanyan İrəvanda Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyanı və onu dəstəkləyənləri sərt tənqid edib.  Sozcu.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. Erməni deputat qeyd edib ki, azərbaycanlılar həmişə ermənilərdən daha mədəni olub.  “Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür”, - deyə siyasətçi bildirib.  Qeyd edək ki, aprelin 14-də İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Belə ki, səhnəyə çıxan erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. O, polisə aparılsa da, bir neçə saat sonra sərbəst buraxılıb. Rəsmi Bakı hadisəyə sərt reaksiya verib və təxribatçının cəzalandırılmasını tələb edib. 

Mahir Türkiyədə qol vurdu, sonra bunları yazdı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə superliqasında vurduğu ilk qolla bağlı paylaşım edib.  Sozcu.az xəbər verir ki, “Konyaspor”un hücumçusu 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra İnstaqram hesabında yazıb: “Çox söz söyləyə bilərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.  Qeyd edək ki, Mahir 40-cı dəqiqədə  gözəl qola imza atıb. Bu, onun Superliqa və “Konyaspor”da ilk rəsmi qolu olub. M.Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub. 

Arutyunyan qızına Xankəndidə toy etdi

Qarabağ separatçılarının lideri Araik Arutyunyan qızına toy edib. Sozcu.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Toya yalnız Arutyunyanın yaxın adamları və qohumlarının dəvət edildiyi bildirilib. Bundan öncə toyun İrəvanda keçiriləcəyi deyilsə də, mərasim Xankəndidə baş tutub.

Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,33 % azalaraq 87,42 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri isə 82,30 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Ukrayna Azərbaycanlıları Radası əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edib

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı Ukraynada yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Ukrayna Azərbaycanlıları Radası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərlərinə – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğluna və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Bu vandalizm aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu, Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Ukrayna Azərbaycanlıları Radası beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

ABŞ və İsrail nümayəndə heyəti Şuşaya səfər edib

ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər. Qonaqlar şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi və mədəni abidələrlə tanış olublar. Belə ki, qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abidələri ziyarət ediblər. Səfərdə məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır. Xatırladaq ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərində səfər ediblər.

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Toplantıda 12 məsələnin müzakirəsi nəzərdə tutulub. Həmin məsələlər aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı. 3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 4. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 10. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başlayıb

Bu gün saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb. Müsabiqə qaydalarına əsasən iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdirilib. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunan şəhid ailələrinin üzvləri şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

Oruc tutanların nəzərinə: Ramazandan sonra...

Ramazan ayı bitdikdən sonra oruc tutan şəxslər əvvəlki qidalanmaya qayıdır. Bir ay ərzində fərqli rejimə uyğunlaşan orqanizmdə normal qidalanmaya dönən zaman bəzi narahatlıqlar baş verə bilər. Narahatlığın olmaması üçün normal qida rasionuna qayıdarkən bəzi məqamlara diqqət yetirmək lazımdır. Sozcu.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin uzman həkim-terapevti Nuranə Əliyeva bildirir ki, bir aylıq Ramazan ayı müddətində metabolizmanın sürəti azalır. İnsanın uzun müddət ac qalıb qəfil normal qidalanmaya dönməsi sürətli olmamalıdır: “Zəifləmiş metabolizma ilə normal qidalanmaya keçmək, oruc tutan şəxslərdə çəki artımına səbəb ola bilir. Çəki artımı olmasın deyə gün ərzindən 2.5-3 litr maye qəbul etmək lazımdır. Səhər qidalanmaya ilıq su ilə başlamaq olar. Bu həm həzm sisteminə kömək edir, həm də insanların özlərini daha yüngül hiss etmələrinə, köp şikayətinin olmamasına şərait yaradır". N. Əliyeva bildirir ki, səhər yeməklərində yüngül qidalardan istifadə etmək, ağır yeməklərdən isə çəkinmək lazımdır: “Səhər yeməyində az yağ, az duzlu pendir, yumurtadan hazırlanmış omletlərdən istifadə etmək olar. Gün ərzində iki yemək vaxtı arasında da qida qəbulu vacibdir. Bu, meyvə, bir stəkan qatıq, əgər laktoza qarşı dözümsüzlük yoxdursa, süd ola bilər. Günorta daha çox tərəvəz yeməklərinə üstünlük verilməsi tövsiyə edilir. Axşam yeməklərində ət tərkibli yeməklərin olması vacibdir. Bu dövrdə mümkün qədər karbohidrat ağırlıqlı, şəkəri çox olan qidalardan istifadə edilməməlidir. Çünki şəkərli qidalar anidən qandakı insulini yüksəldir. Bununla yanaşı, axşam yeməyi gecə yatmazdan azı 4 saat əvvəl bitirmək lazımdır. Yatmazdan öncə yaşıl çay, çobanyastığı çayı, bitki çaylardan istifadə edə bilərlər. İlıq süd və ya su içmək olar”./APA

Bakıda bank kartından 2000 manat pul oğurlandı

Vətəndaşın bank kartından 2000 manat pul oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 13-də Neftçala rayon sakininin bank kartından 2000 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Samux rayon sakini Kristina Miraşiçenko müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər - Svitan

Rusiyanın bir neçə şəhərində 9 May paradını ləğv ediblər, lakin Moskvada baş tuta bilər. Sozcu.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib. O bildirib ki, Qırmızı meydanda keçiriləcək paraddakı hərbi texnika Ukrayna ordusu üçün legitim hədəf sayılır. Svitan Ukrayna hərbçilərinin belə bir zərbə üçün mexanizm tapacağını vurğulayıb. “Düşünürəm ki, belə bir tapşırığın icrası üçün bizdə mexanizmlər kifayət edəcək. Hərbi obyektlər Qırmızı meydana çıxsa, onlar hədəfə çevriləcək”, - deyə o bildirib.

421-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 421-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 184 420 hərbçi, 3667 ədəd tank, 7120 ədəd zirehli döyüş maşını, 2825 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 285 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5707 ədəd avtomobil texnikası, 2386 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 332 xüsusi avadanlıq itirib.

Çanaqqala boğazı gəmilərin keçidi üçün bağlandı

Türkiyənin Çanaqqala boğazından gəmilərin keçidi qatı duman səbəbindən dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Boğaza şimal və cənub tərəfdən yaxınlaşan gəmilərin kapitanlarına duman səbəbindən yerli vaxtla saat 7.20-dən keçidin bağlandığı barədə xəbərdarlıq edilib. Duman çəkiləndən sonra hərəkətin bərpa olunacağı deyilib”, - məlumatda bildirilib.

Mayda 7 gün ardıcıl dərs olmayacaq

Mayın 1-dən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz tətili olacaq. Sozcu.az xəbər verir ki, tətil mayın 6-dək davam edəcək. Tətildən sonrakı ilk dərs günü mayın 8-də olacaq. Mayın 6-sı və 7-si şənbə və bazar gününə təsadüf edir. Qeyd edək ki, 2022-2023-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.

Bakının mərkəzində kafe yanır

Bakının mərkəzində kafe yanır. Sozcu.az Report-a istinadən xəbər verir ki, yanğın Xəqani bağında yerləşən kafedə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

Bakıda maşın qəza zamanı iki hissəyə bölündü - FOTO

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, VAZ markalı avtomobilin qəzaya uğraması nəticəsində maşın iki hissəyə bölünüb. Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən qəza zamanı sürücü həyatda qalıb.qafqazinfo)

CNN: “Rusiyanın tank ehtiyatı tükənir”

Rusiya hakimiyyəti Ukrayna ilə müharibədə getdikcə daha çox köhnə texnikadan istifadə etməyə başlayır. Moskva döyüş bölgəsində İkinci Dünya Müharibəsindən sonra istehsal edilən tankları yerləşdirir. Məlumata görə, Rusiya tank ehtiyatlarını köhnə nəsil texnika ilə doldurmağa çalışır. Ölkə müharibədə getdikcə daha öncəki tank modellərinə arxalanır. “Onlar T-80 və T-90-larla müharibəyə başladılar, sonra T-72-lərə keçdilər. İndi isə biz ilk T-55-lərin döyüşə girmək üçün təmirdən çıxdığını və artilleriya ilə də eyni vəziyyətin olduğunu görürük”, - deyə məlumatda bildirilir. Xatırladaq ki, T-90 tankı ilk dəfə 1992-ci ildə, T-80 tankı 1976-cı ildə, T-72 1972-ci ildə, T-55 isə 1948-ci ildə İkinci Dünya Müharibəsindən sonra istifadəyə verilib. Mənbə: CNN

Ukraynaya gələn Putin yox, oxşarıdır - Danilov

Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərinə səfər edən şəxs Rusiya Prezidenti Vladimir Putin yox, onun oxşarlarından biri olub. Sozcu.az xəbər verir ki, bu qənaətə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov deyib. “Birincisi, Putin orada olmayıb. Bu, açıq-aydın məlum şeydir. Gerçək Putinlə ünsiyyətə girmək üçün azı 10-14 gün karantində keçirməlisiniz. Putin orada olmayıb. Adi oxşarı olub. Onların sayı bir deyil”, - o qeyd edib.

Rusiya mövqeyinə zərbə: mühüm hədəflər vuruldu

Ukrayna əsgərləri Rusiya qoşunlarına güclü zərbələr endirib, mühüm hədəfləri vurublar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib. Qərargahın məlumatına görə, raket qoşunları və artilleriyaçılar rusların iki sursat anbarını və hərbi texnika və canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub.

İlham Əliyev Olsonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlarla bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür və bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsip ölkəmiz tərəfindən təklif olunub. Erika Olson vurğuladı ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir. Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olundu. Söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

"Quru sərhədlər monopolistlərin daha da varlanması naminə bağlıdır" - Arif Hacılı

Arif Hacılı: "Quru sərhədlərin bağlı saxlanmasının nə pandemiya, nə də təhlükəsizliklə heç bir əlaqəsi yoxdur".  "Quru sərhədləri aviaşirkətlərin, xarici ticarətlə məşğul olan vəzifəli oliqarxların  monipolist maraqları, onların daha da varlanması naminə bağlı saxlanılır.  Çünki quru sərhədləri hakim zümrə üçün həmişə açıqdır. Hər gün bu sərhədlərdən yüzlərlə, bəlkə də minlərlə maşın keçir.  Azərbaycanda olan bütün qapılar kimi, quru sərhədlərin qapıları da yalnız zillət işində yaşamağa məhkum edilən xalqın üzünə bağlıdır".

"Əks-hücum əməliyyatları artıq aparılır, USQ ərazilərin tam azad edilməsinə hazırlaşır" - Anna Malyar

"Əks-hücum Ukraynanın bütün ərazilərinin azad edilməsi və düşmənin dayandırılması kimi strateji məqsədi özündə ehtiva edir..." "Ukrayna komandanlığının bir neçə hücum planları var və onlar düşmənin vəziyyəti və müdafiə qüvvələrimizin imkanlarından asılıdır..." Ukrayna komandanlığının bir neçə hücum planları var, onlar düşmənin vəziyyəti və Ukrayna müdafiəçilərinin imkanları barəsində informasiyadan asılıdır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar telemarafonun efirində məlumat verib. Məlumatı "unian.net" nəşri yayıb. Əkshücum əməliyyatları artıq aparılır, Ukrayna Silahlı Qüvvələri Ukrayna ərazilərinin tam azad edilməsinə hazırlaşır. Onun sözlərinə görə, əkshücum Ukraynanın bütün ərazilərinin azad edilməsi və düşmənin dayandırılması kimi strateji məqsədi özündə ehtiva edir. Ona görə də "əkshücum haqqında dar çərçivədə danışmaq korrekt deyil". "Əkshücuma texnika, insanlar və ehtiyat hazırlığı daxildir. Bu A, B, C müəyyən taktiki planlaşdırma deməkdir və bir fəaliyyət variantı ola bilməz", - o, deyib. Nazir müavini məlumat verib ki, Ukrayna komandanlığının bir neçə hücum planları var və onlar düşmənin vəziyyəti və Müdafiə Qüvvələrinin qabiliyyəti və imkanları haqqında informasiyadan asılıdır. "Anlamaq gərəkdir ki, Silahlı Qüvvələr dar istiqamətdə nəsə bir şey hazırlamır. USQ daima, hər gün ərazilərimizin tam azad edilməsinə hazırlaşır və bu, təkcə əkshücum deyil, böyük tədbirlər kompleksidir", - Malyar əlavə edib. O, qeyd edib ki, bu gün döyüş meydanında baş verənləri də əkshücum adlandırmaq olar. "Vurğulanır ki, nəsə baş verəcək, əslində isə bütün bunlar baş verməkdədir. Əkshücum əməliyyatları indi də baş verir", - o, izah edib. USQ-nin əkshücumu-son xəbərlər KİV-lərdə USQ-nin əkshücumu barədə şayiələr artıb. Rəsmən yalnız ümumi bəyanatlar səsləndirilir və anonslar verilir. Milli Təhlükəsizlik və Müfadiə Şurası qeyd edir ki, USQ-nin əkshücumu barədə qərar son məqamda qəbul ediləcək. Eyni zamanda, baş nazir Denis Şmıqal deyib ki, USQ işğal altında olan ərazilərin azad edilməsi üçün əkshücuma yayda başlaya bilər. "The Washington Post" nəşri Pentaqonun "sızan" sənədlərinə istinadən məlumat verib ki, qoşunların, döyüş sursatlarının və texnikanın toplanması ona gətirib çıxara bilər ki, hərbçilər gözlənilən əkshücumun ilkin məqsədlərindən "xeyli geri qala bilər". ABŞ müdafiə naziri Lloyd Ostin hesab edir ki, hazırda Ukraynanın əkshücum zamanı uğur qazanması üçün kifayət qədər imkanları var.

“Tərtər işi”: Mübariz İbrahimovun xain olmasına dair ifadə alıblar

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi davam edir. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Səbəb Bakı Hərbi Məhkəməsində məhkəmə zallarının geniş olmamasıdır. Sozcu.az xəbər verir ki, hazırda prosesdə zərərçəkənlər ifadə verir. Prosesə Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayev sədrlik edir. Məhkəmə iclası başlayan kimi zərərçəkmiş Bəhruz Novruzovun anası Aygün Novruzova məhkəmədə oğlunu təmsil etmək üçün etibarnamə təqdim edib. Ana 5 il əvvəl oğluna verilən işgəncələrdən psixi durumunun yerində olmadığını deyib: “İşgəncələr vaxtı oğlumu şikəst ediblər. 5 il keçib, 5 il ərzində oğlum 20 dəfə Gəncədəki və Bakıdakı ruhi xəstəxanalarda müalicə alıb. Hələ də müalicələri davam edir. Ona görə də oğlumu hər yerdə mən təmsil edirəm”. Məhkəmə etibarnaməni qəbul edib və hakim izahat verməsi üçün Aygün Novruzovanı tribunaya dəvət edib. A.Novruzova sözə oğlunun peşəkar tankçı olmasından başlayıb: “10 il tankçı kimi hərbidə xidmət edib. Ölkədəki tank yarışlarının qalibi olub. Aprel döyüşlərində iştirak edib. Ana əlindəki fotoları uzaqdan hakimə göstərməklə hakimə - belə bir oğulu görün nə günə qoyublar, kalyaskadadır deyib. Hakim: - Danışın. Oğlunuzun başına nə gəlib? Aygün Novruzova: - 2017-ci ilin may ayının 3-də tutub əl-qolunu, gözünü bağlayıb aparıblar Hikmət Həsənovun yanına. Hikmət Həsənov da deyib ki, boynuna al, sən erməniyə getmisən. Oğlum da deyib, cənab general, mən satqınlıq etməmişəm. Hikmət Həsənov da orda olan maskalılara deyib, aparın bunu, ağlı başına gəlsin. Oğluma o qədər işgəncə veriblər... Bədəninə o qədər tok veriblər ki, gözləri pırtdayıb, həqəsindən çıxıb, biz 5 ildir müalicə etdiririk, pul tökürük, gözlərini yerinə oturda bilmirik”. Aygün Novruzovanın tələbi oğlunun müalicəsi ilə bağlı olub: - Evimizi də satıb, ölkədaxili müalicələrə xərcləmişik. 5 ildir ki, yollarda qalmışam. Şikəst elədikləri oğluma tək baxıram. Oğlum işgəncələr nəticəsində 95 kilodan 45 kiloya düşmüşdü. Onun demək olar ki, ölüsünü bu vəziyyətdə Tərtər məhkəməsinə xərəkdə aparıblar, 4 ay həbs sanksiyası veriblər. Sənədinə yazıblar ki, guya hündürlükdən yıxılıb, xəsarətlər də ondandır. 10 ay türmədə qaldı. Hakim özü də görürdü ki, məsələ hündürlükdən yıxılmaq deyil, ancaq göz yumurdu. Aldığı işgəncələrdən psixikası pozulub. 5 ildə 20 dəfə müalicə alıb, Bakıda, Gəncədə ruhi xəstəxanalarda yatıb, hələ də müalicə alır. Tələb edirəm ki, onu bu günə qoyanlar sağaldıb, özümə qaytarsınlar. Türkiyədə müalicəsi var, ancaq aparmağa pulumuz yoxdur. Xərcini çəksinlər, aparsınlar, müalicə etdirsinlər. Zərərçəkmişin nümayəndəsi deyib ki, oğluna dəymiş maddi və mənəvi zərərə görə Nəsimi rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə 20 min manat təzminat kəsib: - Nəsimi məhkəməsi 20 min manat kompensasisya kəsdi. Maliyyə Nazirliyi apellyasiya şikayəti verdi, Bakı Apellyasiya Məhkəməsinin hakimi oğlumu kalyaskada gördü, ağlamaq tutdu. Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Ancaq Maliyyə Nazirliyi götürüb Ali Məhkəməyə kassasiya şikayəti verdi. Hakim: - Siz məhkəmə çıxışları başlananadək məhkəməyə mülki iddia təqdim edə bilərsiz. Sonra hakim Bəhruz Novruzovun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Bəhruz Novruzov öz ifadəsində yazıb ki, siqareti bədənində söndürüblər, kauçuku əridib ayaqlarına töküblər, bədənini toka veriblər, başına dəsmal bağlayb, suda boğublar, dizlərinə hər iki tərəfdən dəmir parçası soxublar. İşgəncələr Hikmət Həsənovun yanında verilib. Sonra zərərçəkən Rəfael Emçiyev ifadə verib. Deyib ki, onun və hərbçi yoldaşlarının əl-qolunu, gözlərini bağlayaraq hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına aparıblar. Qarşısında bizi diz çökdürdülər. Vüsal Ələsgərov ondan “neytralda nə gəzirdin” deyə, soruşub. O isə neytral zonada olmadığını deyib. Bundan sonra işgəncələr başlayıb: - Məni “çaynı” deyilən otağa aprdılar. Rəşid Niftəliyev (təqsirləndirilənlərdən biri) yanıma gəldi, dedi, nə olubsa, aç de ki, sənə kömək edə bilək. Mənsə bildirdim ki, axı heç nə olmayıb, nəyi açım deyim? Ondan sonra dəhşətli işgəncələr başladı. Orda hamıya işgəncəni “Dəniz pişikləri” verirdi. Üzlərində maska vardı. Zərərçəkən üzünü şüşə qəfəsdə əyləşən Vüsal Ələsgərova tutub: - Burda deyirsən ki, əmr yerinə yetirmisən. Mən də sənə deyirəm ki, sənə əmr vermişdilər ki, araşdırasan, daha deməmişdilər ki, adamlara işgəncə verəsən. Hikmət Həsənov da işgəncə yerindəydi, hərbi prokuror Xanlar Vəliyev gəldi, şəxsən mənə dedi ki, boynuna al ki, sən vətən xainisən. Sənədlərə qol çək. İşini yüngülləşdirərik, sənə rüşvət ittihamı ilə 2 il iş verərik, 2 ildən sonra azadlığa çıxarsan. Dedim, axı vətən xaini olar uzağı 100- 200 nəfər. 1000-2000 nəfər vətən xaini olar? Vəkillər zərərçəkənə suallar verəndə məlum olub ki, o və hərbçi yoldaşları əl-qolu bağlı aparılmamışdan bir müddət əvvəl başqa tabora gedib-qayıdıblarmış: - Vüsal Ələsgərov bizi hardasa 1 ay əvvəl başqa tabora göndərmişdi. Turan İbrahimlinin olduğu tabora... Təxminən 10 gün orda qaldıq, sonra bizi geri – öz taborumuza qaytardılar. Sonra da xəbər çıxdı ki, getdiyimiz həmin taborda hadisə baş verib, bütün taboru yığıb aparıblar, işgəncə verirlər. Həmin tabora gedib-qayıtmışdıq deyə, bildik ki, bizi də gəlib aparacaqlar. Elə də oldu. Zərərçəkən ifadəsində onu da deyib ki, Mingəçevirdəki N saylı hərbi hissədə işgəncələr veriləndən sonra ona və işgəncə görmüş başqa hərbçilərə bir kağıza qol çəkdiriblər ki, 5 il ölkədən çıxmaq, müayinə üçün harasa müraciət etmək olmaz. O, hakimin “tələbiniz nədir” sualına “daha yüksək rütbəli şəxslərin cəzalandırılmasını tələb edirəm”, - deyə cavab verib. Sonra zərərçəkən Faiq Əhmədov ifadə verib. O, N saylı hərbi hissənin tağım komandiri olub. Deyib ki, Goranda təlimdə olarkən ona məzuniyyətə çıxdığı bildirilib. O da silahını təhvil verib: - Silahı təhvil verib “UAZ”a mindim. Gördüm ki, arxada maskalılar oturub. Gördüm ki, yol da dəyişdi, başqa yerə sürürlər. Bir az getmişdik ki, maşını saxlayıb, məni yerə atdılar, təpiklədilər, əl-qolumu bağladılar. Qərargahın qabağına apardılar. Dedilər, Hikmət Həsənov gələcək, ona cavab verəcəksən. Sonra Hikmət Həsənov da gəldi, dedi, vətənə xəyanət eləmisən. Mən vəkil tələb etdim. Dedi, aparın bunu, başa salın, ağlı başına gəlsin. Məni içəri aparanda insanların ah-naləsini eşidirdim. Orda Mehman Hüseynovu gördüm. (İşgəncələrdən dünyasını dəyişmiş manqa başçısı Mehman Hüseynov nəzərdə tutulur – E.M). Deyəsən ona butulka edirdilər, çünki “ay ana, öldüm” deyib, bağırırdı. Faiq Əhmədov deyib ki, ona işgəncə verib, hərbçi yoldaşı Sultan Zeydullayevin üzünə durğuzublar. Sultan Zeydullayevə də işgəncə verib, onun üzünə durğuzublar: - Deyirdilər ki, ikiniz birlikdə erməniyə getmisiz. Zərərçəkən ifadə verərkən məhkəmə salonundakı başqa zərərçəkən Bariz Cəfərov yerindən qışqırdı: - Bu adam and içdi ki, düz danışacaq, amma səhv danışdı. Mən də daxil, çox adamın üzünə durub. Kazımov Süleyman bu adamın üzündən işgəncələrdən öldü. Faiq Əhmədov: - Süleymanı orda görmüşəm, çox işgəncə verilmişdi, ancaq mən onun üzünə durmamışam. Bariz Cəfərov: - Bu adam bizim üzümüzə durub, ona görə Süleyman ölüb. İndi gəlib bizimlə burda, bizim yanımızada oturub. Necə olur ki, mən də zərərçəkən sayılıram, o da. Faiq Əhmədov: - Orada hamı bir-birinin üzünə dururdu. Elə işgəncələr verirdilər ki, dözmək olmurdu. Mən xoşluqla heç kimin üzünə durmamışam. Heç kim xoşluqla bir-birinin üzünə durmayıb. Amma DTX-də yazdıranda demişəm ki, o ifadələr nə yolla alınıb. Mənim də üzümə duran çox olub. Faiq Əhmədov ifadəsinin sonunda deyib ki, işgəncə verənlərə Hikmət Həsənov əmr verib, işçgəncələrdə müstəntiqlər də olub. Onların da məsuliyyətə cəlb olunmasını tələb edib. O, bununla bağlı məhkəməyə vəsatət də verib. Hakimsə deyib ki, indiki mərhələdə vəsatətə baxıla bilməz: - Vəsatəti rədd etmirik, ancaq baxılmasını təxirə salırıq. Sizin vəsatətdə göstərdiklərinizə münasibət bildirmək üçün gərək əvvəlcə bütün ifadələr alınsın. Sonra Bariz Cəfərov zərərçəkən kimi ifadə vermək üçün tribunaya dəvət olundu. O, tribunaya yaxınlaşsa da, ifadə vemək istəmədi: - Mən 6 ildir ki, əziyyət çəkirəm. Verilmiş işgəncələrin izi hələ də bədənimdədir. Bura gəlməmişdən sizi də (hakimi) araşdırdım. Siz də Tərtərdə müstəntiq işləmisiz, sizə də inanmıram. Heç kimə inamım qalmayıb. Hakim: - Siz düz araşdırmamısız. Mən bircə gün də müstəntiq işləməmişəm. Bir az da təmkinli olun, bura məhkəmədir. Bariz Cəfərov: - Mən bu adamları tanımıram. Maşıyevgilin işi gəlib bura. Onda çağırarsız, gəlib ifadə verərəm. Mənə onlar işgəncə verib. Hakim: - Siz bu iş üzrə də zərərçəkmiş kimi tanınmısız, ifadə vermisiz. İndi buyurun, burda da ifadə verin. Bariz Cəfərov: - Mən indi də xidmətdəyəm. Burda ad çəkə bilmərəm. Kim zəmanət verir ki, burdan çıxanda maşınla üstümdən keçməyəcəklər? Hakim: - Narahat olmayın, məhkəmədir, danışın. Bariz Cəfərov: - Nə danışım? Əhmədov Faiq üzümə dayanıb. Ona görə işgəncələr görmüşəm. İndi gəlib mənimlə eyni cərgədə zərərçəkən kimi oturub. 2017-ci ildə həmlə taborunun komandiri olmuşam. Eşitmişdik ki, belə bir məsələ var, əsgər və zabitlərə işgəncə verilir. Qiyas Abbasov zəng eləyib, hərbi hissəyə çağırdı. Orda da tutub gözümü, əl-qolumu bağladılar, işgəncələr verdilər, guya xəyanət eləmişəm. İşgəncələrdən sağlamlığımı itirmişəm, 6 ay arabada, 9 ay yataqda olmuşam. İndi də xidmətdəyəm. Mənimlə bağlı yuxarı təqdimat gedir, ancaq yazırlar ki, məqsədəuyğun deyil. Hansını deyim?.. Maraqlı ifadələrdən biri Yusif Əsədovun idi. Çünki “Tərtər işgəncələri” adlı səhifə onun olduğu bölükdən açılıb. Zərərçəkən özü də bu barədə danışıb: - Bilirsiniz ki, hər şey bizim bölükdən başlayıb. Mənim tabeliyimdə olan əsgər Turan İbrahimli aprelin 28-də gecə saat 12-də silahı da götürüb döyüş postunu tərk eləmişdi. Mən həmin vaxt istirahət edirdim. Xəbər verdilər ki, əsgər yoxdur. Axtarışa başladıq, qərargaha xəbər verdik. Onu minalanmış ərazinin yaxınlığından tapdıq. Soruşduq ki, niyə o tərəfə keçmək istəyirdin? Gah dedi, leytenant yoldaşımızın intiqamını almaq istəyirdim, gah dedi, başımdan vurdular, məni havayla apardılar o tərəfə... Sabahı gün mənə hərbi hissədən zəng gəldi, dedilər ki, əsgər İbrahimlini guya incitmişəm. Sonra da onun üçün məzuniyyət kağızı yazmağımı tapşırdılar. Sabahı gün Mehman Hüseynovun manqasına gəlib axtarış apardılar, onları yığıb apardılar. Sonra gəlib bizim taboru da mənimlə birlikdə döyüş postundan aşağı düşürtdülər. Məni qırmızı maşında aparırdılar. Yarı yolda düşürüb, “UAZ”a mindirdilər. Bizi köhnə briqdaya apardılar. İçəri girən kimi Mehmanın manqasını gördük. Onun manqasındakı əsgərlərin hamısını çılpaq soyundurmuşdular. Sonra həkimlər bizi də müayinə etdilər. Hərbi polisin rəisi, hərbi prokuror, general Hikmət Həsənov - hamısı orada idi. Hikmət Həsənov mənə dedi ki, xainsən. Məni təpiklədi. Mehmana o qədər işgəncə verilmişdi ki, demək olar, ölmüşdü. Hikmət Həsənov Mübariz Rzayevə tapşırdı ki, apar bunu. Mübariz Rzayev məni aparanda Mehman yerdə işgəncələrdən hərəkətsiz vəziyyətdə qalmışdı. Dedim, Mehmanı niyə bu günə qoyublar? Mübariz Rzayev dedi, darıxma, səni də o günə qoyacaqlar. Məni maskalılara verdi, işgəncələr başladı, başıma dəsmal keçirdib, suda boğdular, toka verdilər. Qonşu otaqda Babək Əliyevə işgəncə verilirdi. Səsi gəlirdi. Babək milli qəhrəman Mübariz İbrahimovun xalası oğludur. Babəkə deyirdilər ki, denən erməniyə keçmisən. Denən vətən xainisən. Mübariz də sənin kimi vətən xaini olub. Babək Əliyev də zərərçəkəndir və məhkəmə zalında idi. Ayağa qalxaraq deyilənləri təsdiq etdi. Ancaq həm də dedi ki, zərərçəkən Yusif Əsədova görə işgəncəyə məruz qalıb. Yusif Əsədov belə cavab verib: - Orada hamı kimə görəsə işgəncəyə məruz qalıb, bir-birinin üzünə durub. Mən 18 ay həbsdə olmuşam. Məqsədim yalan danışmaq olsaydı, orada da deyərdim. Vəkil Əhməd Fərhadov Yusif Əsədova işgəncələrlə bağlı suallar verib. Əhməd Fərhadov vaxtilə Yusif Əsədovun vəkili olub, hazırda isə təqsirləndirilənlərdən birinin vəkilidir. O, Yusif Əsədova bəzi məsələlərdə yalan danışdığını deyəndə Yusif Əsədov belə cavab verib: “Siz o vaxt mənim vəkilim idiz, hər şeyi də yaxşı bilirsiz. İşgəncə izləri hələ də bədənimdə qalıb, açıb göstərə də bilərəm. Hakim üzünü vəkilə tutur: - Fərhadov, sizin hərəkətiniz etik deyil. Vaxtilə bu adamın vəkili olmusunuz, nəyə lazımdır ki, o vaxt müvəkkilinizlə bağlı olanları indi burda ona qarşı deyirsiniz? Hakim Yusif Əsədova sual etdi: - Siz kiminsə üzünə durmusunuz? Yusif Əsədov: - Allahverdiyev Elmarın üzünə durmuşam, ikimizə də işgəncə verilib, bir-birimizin üzünə durmuşuq, guya erməniyə getmişik. Hakim: - Tələbiniz, şikayətiniz var? Yusif Əsədov: - Bəli. Tələbim odur ki, bizə işgəncə verənlər burda - əli ilə şüşə qəfəsi göstərir - otursun, əməllərinə görə cavab versinlər. Sonra zərərçəkən Bəhruz Novruzovun nümayəndəsi olan anası Aygün Novruzova ayağa qalxaraq təqsirləndirilən şəxs Rüstəm Ələsgərova sual verib: - Oğlum sənin adını çəkir. Bilmək istəyirəm ki, sənə kim göstəriş vermişdi ki, oğluma işgəncə verəsən? Rüstəm Ələsgərov: - Sizin oğlunuzla məni 2018-ci ilin yanvarında üzləşdirdilər, məlum oldu ki, onun məndən şikayəti əsassızdır. Burada artıq yeddinci məhkəmə iclası keçirilir, hələ heç bir zərərçəkmiş deməyib ki, mən ona işgəncə vermişəm. İşgəncələrdən dünyasını dəyişmiş Elçin Quliyevin hüquqi varisi (anası) Validə Əhmədova: - Fərzəliyə də işgəncə vermisən. Rüstəm Ələsgərov: - Fərzəli burada ifadə verəndə də dedi ki, guya onu döymüşəm. Onu da ehtimalla dedi, dəqiqliklə demədi. Üzünü hakimə tutub deyir: - Ümumiyyətlə, mən işgəncə verilən binanın mühafizəsində olmuşam, içəri girməyə icazəm, səlahiyyətim olmayıb. Ancaq boynuma ölüm işləri qoyublar. Guya mən 5 gün ərzində 100 adama işgəncə vermişəm. Mən nəyəm bəyəm, Remboyam?.. Proses boyunca 115 nəfər zərərçəkmiş dindirilib. Məhkəmə iclası bundan sonra təxirə salınıb.musavat.com

Azərbaycanda 100 min nəfər imtahan verdi: Biri də 300 bal toplaya bilmədi

Martın 12-də keçirilmiş buraxılış imtahanınının nəticələri açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə abituriyentlər SMS bildiriş alıblar. İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 50823 nəfərdən 485 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 3 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 26-28 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin https://dim.gov.az/news/10763/ linki vasitəsilə tapşırıqların şərti və izahlarla tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.