"Əlaçı təqaüdü alan tələbələrin qiymətini kəsərək onları əlaçılıqdan salmaq universitetlərə sərf edir. Bu zaman onlar büdcəyə qənaət etmiş olurlar".
Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bəzi ali təhsil müəssisələrində semestr imtahanları zamanı əlaçı təqaüdü alan tələbələrin qiymətlərinin kəsildiyi haqda xəbərləri şərh edərkən bildirib.
O qeyd edib ki, universitet tələbələrə əlaçı təqaüdü verməyəndə həmin vəsait büdcədə qalır:
"Təbii ki, bu,universitetə sərf edir”.
Ekspert hesab edir ki, universitetlərdə təhsil alan tələbələrin müəyyən hissəsi öz hüquq və haqlarını tələb etməkdən çəkinirlər:
“Əgər doğurdan da imtahan sessiyası zamanı tələbənin biliyi düzgün qiymətləndirilməyibsə, müəllim haqsızlıq edib onun qiymətini kəsibsə, o, buna öz etirazını bildirməlidir. İlk olaraq məsələ ilə bağlı təhsil aldığı universitetin rektoruna müraciət etməlidir. Rektor tərəfindən tələbənin müraciətinə baxılmasa, birbaşa Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə üz tutulmalıdır. Agentlikdən də bir cavab çıxmasa, tələbə daha yuxarı qurumlara üz tutub sona kimi öz haqqını tələb etməli, məsələ ilə bağlı ədalətli qərarın verilməsinə nail olmalıdır. Tələbələr heç kimdəm, heç nədən çəkinməməlidir. Əgər tələbə gecə-gündüz əziyyət çəkib imtahanlara hazırlaşıb və imtahanda yüksək nəticə göstərdiyi halda ona aşağı qiymət yazılıbsa, o, mütləq bu ədalətsizliyə öz etirazını bildirməlidir. Heç bir müəllimin bilikli, savadlı, imtahanlarda yüksək nəticə göstərən tələbəyə məqsədli şəkildə aşağı qiymət yazmağa haqqı yoxdur”.