Rusiyada 5 azərbaycanlı həbs olundu - Zorla müharibəyə göndərilirlər

“May ayından Çeçenistana işləməyə gedən oğlum Rzayev Nihad Tafdıq oğlu, qayınlarım Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə hazırda həbs olunublar”. Sozcu.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Nihadın atası Tovuz rayon sakini Tapdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər. Saytın əməkdaşı hazırda Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmovla əlaqə saxlayıb. Müvəqqəti saxlanma məntəqəsində zorla sənəd imzaladıqlarını deyən Elxan Şirinov onlarla birgə saxlanılan azərbaycanlıların 5 nəfər olduğunu bildirib: “Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihat da onlarladır. Həmin azərbaycanlı 2 nəfəri isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər. Biz miqrant olaraq 3 nəfər burada qaldığımız müddətdə sənədlərimiz qaydasında olmadığına görə saxlanıldıq və həmin məntəqədə orduya qoşulmaq təklif edildi. Lakin imtina etdik, sonra bizi geri qaytardılar və boş sənədə imza atdırdılar. Bilik səviyyəmiz aşağı olduğu üçün həmin sənədə qol çəkdik. Sonra bizi hazırda olduğumuz hərbi hissəyə gətirdilər. Dedilər ki, qaçmaq istəsəniz, imtina etsəniz, sizi boş sahəyə aparıb güllələyəcəyik. Bizi zirzəmiyə salıb işgəncələr verirlər. Axı mən kimə görə, nəyə görə gedib Ukraynada döyüşməliyəm? Bizi Çeçenistanın nazirinin, nazir müavininin adı ilə hədələdilər”.

Noyabrda hansı günlərdə iş olmayacaq?

Azərbaycanda noyabrda baş tutacaq COP29 tədbirinə görə qeyri-iş günlərinin elan olunacağı ilə bağlı tez-tez xəbərlər yayılır. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rəsmi olaraq noyabr ayının 8-i və 9-u qeyri-iş günüdür. Belə ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən 11-i də qeyri iş günü hesab olunur. Beləliklə, ardıcıl 4 gün - cümə, şənbə, bazar, bazar ertəsi qeyri-iş günü olacaq. Qeyd edək ki, bəzi saytlarda noyabrın 12-si Konstitusiya Günü də qeyri-iş günü olacağı ilə bağlı məlumat yayılsa da, hələ ki, bununla əlaqədar rəsmi açıqlama yoxdur. Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Həmçinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək. Eyni zamanda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən dövlət orqanlarında da (qurumlarında) iş rejimi dəyişəcək. Belə ki, dövlət qurumlarına işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla) tapşırılıb.

DİQQƏT! Leysan yağacaq, temperaturu aşağı düşəcək

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək. kapital bank vakansiya Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nurbala Asif oğlu Bağırov odlu silahdan açılmış atəş nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. "Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib. vakansiyalar Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaqdır. ALLAH hərbçimizə rəhmət eləsin", - deyə məlumatda qeyd olunub.

Məhkəmə: Pulun 19,6 milyon manatını Sadıqova verib...

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər verib. Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov verdiyi bir neçə vəsatət təmin edilməyib. Vəkil deyib ki, Cəlal Kazımovun üzərinə həbs qoyulduğu bir əmlakı satılıb və əldə edilən 110 min manat pul dövlət hesabına köçürülüb. Vəkil bununla bağlı sənədin iş materiallarına əlavə edilməsini xahiş edib. Vəsatət qismən təmin edilib. Vüsal Əlizadənin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin çalışdığı “N” saylı hərbi hissədə təftişçilər tərəfindən yoxlama aparılarkən çatışmazlıqlar aşkar edildiyini bildirib. “Onlar Vüsaldan 179 min manat pul tələb ediblər. Vüsal da onlara 180 min manat pul verib. Mənimsəmə faktı ilə bağlı istintaq 2017-ci ildən aparılır, lakin ondan əvvəlki dövrlərin də pullarını təftişçilər həmin vaxt müvəkkilimdən tələb ediblər. Xahiş edirəm, müxtəlif epizodlar üzrə müvafiq olaraq 180 və 335 min manat pul Vüsal Əlizadənin üzərinə düşən məbləğdən çıxarılsın”, - vəkil bildirib. Məhkəmə hazırkı mərhələdə bu vəsatəti də təmin etməyib. Proses zamanı müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də məhkəməyə bir neçə vəsatət təqdim edib. Onun cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin nə yerdə olduğunu bilmək üçün istintaq orqanına sorğu göndərilməsi ilə bağlı vəsatəti təmin edilib. Həmçinin məhkəmə vəkilin daha bir vəsatətini təmin edib. O, həmin vəsatətdə bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfov cinayət işi üzrə hadisələrin mərkəzində olan şəxslərdəndir. “Rəfail Xələfov özündən kiçik vəzifəlilərə bir söz, böyüklərə isə başqa söz deyib. Ortada mübahisəli məsələlər, həmçinin yeni suallar var. Biz bununla bağlı əvvəl də vəsatət vermişdik, lakin məhkəmə onun təqsirləndirilən şəxs olduğunu əsas gətirərək, hüquqlarının olduğunu bildirimişdi. Bəs, buradakı təqsirləndirilənlərin hüquqları necə olsun? Burada təqsirləndirilən şəxs qismində əyləşən şəxslərlə onun arasında ziddiyyətli məsələlər var. Rəfail Xələfov yenidən prosesdə dindirilməlidir ki, həmin məsələlər üzə çıxsın. İş üzrə dindirilməsi zəruri olan şəxslərdən biri də Rövşən Əliyevdir ki, o da rəhmətə gedib. Xahiş edirəm məhkəmə Xələfovun dindirilməsini təmin etsin”, - vəkil deyib. Dövlət ittihamçısı da sözügedən şəxsə yeni suallar olduğu halda vəsatətin təmin olunmasına etirazının olmadığını bildirib. Vəsatət təmin edilib. Belə ki, növbəti prosesdə R.Xələfov yenidən dindiriləcək. Nizami Məmmədovun başqa bir vəkili qeyd edib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib. “O, deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib. Məlikməmməd Qurbanov bir ifadəsində pulu özünün çatdırdığını, digərində isə vasitəçi ilə göndərdiyini deyib. Bu inandırıcı deyil”, - müdafiəçi bildirib. Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin olunub. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

"Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının qarşısında acizdilər"- EKSPERT

"Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, mühüm islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir" Bu sözləri Moderator.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib. O, qeyd edib ki, valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası yoxdur:  "Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmayıb. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin inkişafında iştirakı, məktəbə kömək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur. Bu gün təhsil sahəsində mövcud olan əsas problemlərdən biri də dərs proqramının ağırlığı və ​ şagirdlərin həddən artıq ev tapşırığı ilə yüklənməsidir. Bu nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri mübahisə və müzakirə obyekti olaraq qalmaqdadır. Dərsliklərin, proqram materiallarının yüklü olmasını nəinki valideynlər, ekspertlər, hətta nazirlik rəsmiləri belə dilə gətirirlər. Son rəsmi açıqlamalarda bir çox fənlərin tədris planından çıxarılması məsələsi də gündəmə gəlib. Hətta iş o yerə çatıb ki, “Məktəblilərin daşıya bilmədiyi dərs yükü”, “Uşaqları öyrədən yox, yoran dərs yükü”,“Dərs yükü - duz yükü”, “Çantaları özündən ağır uşaqlar”, “Beyni inkişaf etdirmək, yoxsa başı doldurmaq?” kimi yazı başlıqları manşetlərə çıxarılıb. Əlbəttə ki, proqram çox yüklüdür. Şagirdlərin bilik səviyyəsinə uyğunsuzluq var. Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdilər. Bu məsələ uzun zamandır ki, deyilir, amma yüngüllləşdirilməsi, şagirdlərin bilik səviyyəsinə uyğunlaşdırılması istiqamətində praktik addım atılmır. Bu məsələyə ancaq açıqlamalar formasında şərh verilir. Heç də təsadüfi deyil ki, Elm və təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə imzaladığı əmrdə 2023-2024-cü tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi bir mənalı şəkildə qeyd edilib. Məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını nəinki valideynlər, psixoloqlar və təhsil mütəxəssisləri dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar: “Bəzi müəllimlərin uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri” fikri problemə kökündən yanlış mövqedən yanaşmadır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri 2-ci, 3-cü dərəcələri materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır. Biz hələ də “keyfiyyətli təhsil” adı ilə uşaqlarımızı ifrat dərəcədə yükləməklə, onları bir növ istismar etmiş oluruq”.  Bu sahədə radikal addımların atılmasını zəruri edən şərtlərdən biri də, kurikulumun tələbləridir. 2009-cu tədris ilindən ümumtəhsil məktəblərimiz yeni təhsil strategiyasına - kurikuluma keçid ediblər: Kurikulumun konsepsiyası ondan ibarətdir ki, buna qədər fakt yönümlü tədris həyata keçirən təhsil müəssisələri, artıq şəxsiyyət yönümlü tədris üzərində iş qururlar. Bir halda ki, qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır, deməli, bu baxımdan təhsilə baxışımız, yanaşma tərzimiz də dəyişməlidir. Bir də ki, kurikuluma əsasən, ​ ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir. Birinci sinfə isə ümumiyyətlə ev tapşırığı verilməməlidir. Şagirdlər dərsi dərsdə öyrənməli, qavramalı, tapşırıqları da sinifdə həll etməlidirlər. Aparılan tədqiqatlar da göstərir ki, ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən uzaqlaşdırır. Şagirdlərin dərs yükünün ağırlığı, onlara verilən ev tapşırıqlarının çoxluğu valideynləri də çox narahat edir. Valideynlər deyir ki, övladları dərsdən sonrakı vaxtlarının çox hissəsini ev tapşırıqlarının həllinə sərf edirlər. Nəticədə yorulur və ​ asudə vaxt keçirə bilməirlər. Dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər vəsaitlərin çoxluğu təhsilimizin əsas problemlərindən biridir. Bu gün bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək edə bilmirlər. Bir çox ekspert və mütəxəssislərin də dəfələrlə vurğuladığı kimi, dərs yükünün ağırlığı fiziki, zehni qüsurlarla yanaşı, həm də nevroz, görmə zəifliyi, qamət pozğunluğu və digər fəsadlara yol açır. Onların həyat tərzi elə qurulmalıdır ki, bu inkişafa heç nə mane olmasın. Uşağın üzərinə düşən istər fiziki, istərsə də zehni yük düşünülmüş halda və zəruri həddə normallaşdırılmalıdır. Ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Böyük Britaniyanın bəzi şəhərlərində şagirdlərin uşaqlarda dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğvi olunub. İngiltərənin başqa məktəblərində, həmçinin Almaniyada da bu təcrübədən yararlanırlar. Finlandiya təhsil sistemi dünyada öndə gedən təhsil sistemlərindən biridir. Finlandiyalı şagirdlər ev tapşırığı yükündən azaddırlar. Ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Fin təhsilinin tədrisi çox bəsitdir. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Şagirdlərə ev tapşırığı verilmir ona görə ki, finlilərə görə öyrənmənin yeri məktəbdir. Fikrimcə, Azərbaycanda da sözügedən xarici ölkələrin təcrübəsindən istifadə olunmalıdır".

”Aztelekom"un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğradı

Avqustun 15-dən internetin qiymətləri artırıldı, aidiyyəti qurumlar bundan sonra internetin sürətində, keyfiyyətində fərqliliyin olacağını bildirsələr də, tam əksini görürük. Bu barədə paytaxt sakinləri arasında narazılıq var. Qeyd edilir ki, həm internetin sürəti çox zəifdir. Üstəlik, axşam saatlarında ümumiyyətlə internetə daxil olmaq müşkülə çevrilir.  Qeyd edək ki, avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.  Bəs nəyə görə internetin keyfiyyətində və sürətində vəd olunan qədər fərq hiss olunmur?  Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz internetin qiymətinin bahalaşmasından sonrakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb: “Gözlənildiyi kimi ”Aztelekom" -un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görünür ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun “Aztelekom”-un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla  müqavilə bağlanmasını araşdırmayıb. Bir dəfə də olsun “Aztelekom”-da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur. Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə,  onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı? Təsəvvür etməzdim ki, tənzimləyici qurumlar provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər".  Ekspert əlavə edib ki, bölgələrdə internetdən imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb: “Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib. ”Şərikli internet"ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. İndi də Aztelekom bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. Aztelekom iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı  müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur. Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur.  Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq. Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb". Qeyd edək ki, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məlumatda bildirilmişdir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur. Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub. Müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla həmçinin süni qiymət artımı tətbiq etməklə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bir sıra görüşlər keçirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilib. Araşdırmanın başlandığı vaxtdan bir gün sonra “Aztelekom” və “Baktelekom” qiymətləri 18 manatdan 25 manatadək yüksəltdi. Hərçənd ki, bu açıqlamada da öz əksini tapırdı və əvvəlcədən bildirilmişdir. Lakin, digər hansı şirkətlər barədə araşdırmanın gedəcəyi müzakirə mövzusudur. Süni qiymət artımı edib, lazım olan internet sürətini verməyən şirkətlər hansılardır? Referans.az bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Açıqlamada sözügedən məsələ ilə bağlı araşdırmanın davam etdiyi, nəticələri barədə ictimaiyyətə məlumatın veriləcəyi bildirilib."Yeni Müsavat"

Şəkidə faciə: Usta hündürlükdən yıxılaraq öldü

Şəkidə qonşunun evini təmir edən kişi bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Baş Göynük kəndində baş verib. Kənd sakini 1973-cü il təvəllüdlü Nəzər Orucov qonşusunun evinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. socar vakansiya Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan N. Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. N. Orucov xəstəxanada ölüb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Universitetlər tələbələri belə aldadır - VACİB MƏLUMAT

“Yeni tədris ili başlayanda gündəmə gələn məsələlərdən biri də əksər universitetlərdə bir çox ixtisaslar üzrə təhsil haqqının yüksək olmasıdır. Biz ixtisas seçimində abituriyentlərə dəstək verərkən hər ixtisasın ödənişli əsasları üçün tələb olunan təhsil haqqını dilə gətirəndə bir çox abituriyentlər və onların valideynləri öz istəklərinin əksinə hərəkət etməyə məcbur oldular. Çünki, həqiqətən də, bəzi ixtisaslara tələb olunan illik təhsil haqqı ailənin sosial rifahının tam əksinədir",  Bu fikirləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Elmin Nuri ali məktəblərdə illik təhsil haqqının həddən artıq yüksək olması ilə bağlı sualları cavablandırarkən bildirib. Qeyd edib ki,Azərbaycanda fəaliyyət göstərən bir çox universitetlərdə, əsasən də, özəl ali təhsil ocaqlarında tələb olunan illik təhsil haqqı əhalinin ümumi gəliri və sosial durumu ilə nisbətdə ziddiyyət təşkil edir:  “Təəssüflər olsun ki, bu həmahəngliyin qorunması mümkün olmadı. Yalnız bir neçə universitet buna əməl etməyə çalışır. Artıq həmin universitetlər də bir neçə ildir ki, cuzi də olsa, illik təhsil haqqını artırmağa çalışırlar. Bu artımlar düşünüldüyü qədər cuzi olmur. Elə universitet var ki, birdən-birə bütün ixtisaslar üzrə illik təhsil haqqını 300 manat artırıb, digəri isə 100 manat. Eləsi də var, müəyyən ixtisasların illik ödənişini artırır. Təbii ki, məbləğləri olduğu kimi saxlayan ali təhsil ocaqları da var. Ancaq burada azalmadan heç bir söhbət gedə bilməz. Bu reallığa nəzər salanda çox gülünc olar.  kapital bank vakansiya Bir sıra rəsmi və qeyri-rəsmi görüşlər daxilində universitet rəhbərləri ilə qarşılaşmalarımız olur. Bu zaman isə onların ən çox şikayətləndiyi məqam illik təhsil haqlarının aşağı məbləğdə olmasıdır. Baxın, bir tərəfdə bahalıqdan şikayətlənən valideynlər, digərində məbləğin az olmasından gileylənən rəhbərlik… Onları müəyyən mənada başa düşmək olar. Çünki bizdə universitet başqa prizmadan gəlir əldə edğ bilmir. Universitetlərimizin elm-marketinq, elm-biznes, elm-istehsalat əlaqəsi sıfırdır, gəlir qazanmaq faizi yox dərəcəsindədir. Bu səbəbdən xərc adı ilə bütün məbləği illik təhsil haqqı vasitəsi ilə tələbəyə yükləyirlər. Nəticədə tələblər artdıqca, sözü gedən məbləğ də artır. Biz bu il də təhsil haqlarında müəyyən dərəcədə artımların şahidi olduq. Şübhəsiz ki, həmin tendensiya növbəti illərdə də davam edəcək”.  Ekspert təhsil haqqının artırılmasına səbəb olan nüanslara belə aydınlıq gətirib:  “İllik təhsil haqqının artmasında iki amil əsas rol oynayır. Birincisi ixtisas üçün tələb olunan xərclərdir. Tutaq ki, tibb ixtisasında təhsil almaq üçün müəyyən avadanlıqlar lazımdır və bu da bir sıra xərc tələb edir. Çünki tibbdə oxumaq filologiyada oxumaq deyil. Bu, praktiki və kliniki səriştə tələb edən bir məsələdir. Avadanlıqlara xərclənən vəsait artdıqca, tələbə üçün müəyyən olunan təhsil haqqı da bahalaşır. Hüquq ixtisasında isə prestij və tələb-təklif məsələsi təhsil haqqının artımına səbəb olur. Xarici ölkələrdə, elə Türkiyənin özündə də illik təhsil haqqı tibb ixtisası üçün elə də az məbləğ deyil. Həmin ölkədə də tibb və onun kimi prestijli ixtisaslar digərlərindən iki, bəlkə də üç dəfə çoxdur. İnformasiya texnologiyaları kimi ixtisaslarda da  qiymət artımına normal yanaşmaq olar. Çünki həmin ixtisasda təhsil almaq üçün müəyyən laborator şərait və bir sıra texniki avadanlıqlar lazımdır. Yəni, yalnız kitabın ümidinə qalan təhsil deyil. Amma humanitar və ictimai - sosial sahələrdəki ixtisaslar var ki, orada təhsil haqqının artırılmasını mən qəti başa düşmürəm. Məsələn, tutaq ki, ötən illəri filologiya ixtisası üçün 1500 manat təhsil haqqı tələb edilirdisə, bu il nə dəyişdi ki, həmin məbləğ 1700 manat oldu? Bir az real olmaq lazımdır. Bu səbəbdən vəziyyət çox qarışıqdır. Biz haqlı olaraq artan təhsil haqqını bir sıra ixtisaslarda səbəbsiz yerə artırılan təhsil haqqı ilə səhv salırıq”. 

AB Putinə cavab verdi: Hədə heç nəyi dəyişməyəcək...

Rusiya ərazisinə Qərbin uzaqmənzilli raketlərindən istifadə ediləcəyi təqdirdə, Vladimir Putinin NATO və Avropa ölkələrini müharibəyə sürükləyəcəyi ilə bağlı hədələməsi AB-nin Ukraynaya dəstəyindəki mövqeyini dəyişməyəcək. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib. “Putin mütəmadi olaraq çoxlu yalan şərhlər verir. Fakt budur ki, o, Ukraynaya qarşı müharibəyə başlayıb. Təbii ki, Ukrayna xalqına qarşı bu qanunsuz təcavüzü davam etdirdikcə onun dediyi heç bir şey bizim mövqeyimizi dəyişməyəcək. AB Ukraynaya hərbi daxil olmaqla dəstəyi davam etdirəcək”, - Stano bildirib.

Metronun bu stansiyası təmirə bağlanır

Bakı metrosunun “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. “Müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmir işlərinin başlanılması gözlənilir. Bu barədə əlavə məlumatlar veriləcək. Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki əsas olmaqla baş verəcək dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq”, - deyə B.Məmmədov əlavə edib.

Zelenski ilə Bayden bu tarixdə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Co Bayden arasında bu ay görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib. "Bu ay Prezident Baydenlə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını - bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün Ukraynaya kifayət qədər güc verəcək bir-biri ilə əlaqəli həllər sistemi təqdim edəcəyəm", - Zelenski vurğulayıb. Qeyd edək ki, ötən gün Ağ Ev iki lider arasında görüşü təsdiqləməmişdi.

Məktəb direktorları buna görə işdən çıxarılıblar

64 nəfər məktəb direktorunun yeni tədris ilində müqaviləsi uzadılmayıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində nəzarət tədbirləri davam etdirilir. Belə ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb. Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

Şəhid abidəsinə hörmətsizlik

Xəbər verdiyimiz kimi, Lerik rayonunun Monidigah kəndində Birinci Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb. Bu əməlinə törədən şəxsə inzibati həbs cəzası verilib. Ancaq cəmiyyətdə həmin cəzaya narazı olanlar var. Bəzi adamlar iddia edirlər ki, belə insanlara qarşı ictimai qınaq olunmalı, görənlər salam verməməli, nə yasına, nə toyuna gedilməlidir.  Məsələyə münasibət bildirən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, bu hadisədə bütün səbəblər araşdırılmalıdır:  “Əvvəla, bu hadisənin motivləri araşdırılmalıdır ki, bu adam ağıldan kəmdir, yaxud haçansa bu ailə ilə, insanla düşmənçiliyi olub? Bütün bunlar araşdırılmalıdır. Həm də belə başa düşdüm ki, artıq inzibati cəza verilibsə, səbəblər araşdırılaraq, cəza təyin olunub. Təbii ki, hər hadisəyə görə Cinayət Məcəlləcisini dəyişmək mümkün deyil.O ki qaldı el qınağına, əlbəttə, bu olmalıdır. Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə, salamı kəsə, yaxud onu heç dirdirməyə bilərlər. Ancaq iinzibati cəzaya etiraz etmək yersizdir. Bir daha qeyd edim ki, məhkəmə o işi ətraflı araşdırıb və belə bir qərara gəlib”.  B.Vəziroğlu qeyd edib ki, bizim cəmiyyətin özünəməxsus cəzalandırma formaları var:  “El qınağı da öz yerində, onu heç kəs qadağan edə bilməz. Bura Azərbaycandır. Bizim cəmiyyətin də özünə görə hökmü, cəzalandırma metodu var. Salam vermək istəməyənlər, yaxud yasına, toyuna getməməyi təklif edənlər də özünə görə haqlıdır. Çünki deyirik ki, şəhid məzarı, şəhid ruhu müqəddəsdir və ona yalnız baş əymək, ehtiram göstərmək lazımdır. Bunun müqabilində belə bir hərəkət təbii ki, el qınağına tuş gəlməlidir”. 

Həmədandanlı şair həbs edilib

Güney Azərbaycanın Həmədan şəhərində yaşayan şair, yazıçı və ictimai fəal Əli Cahaniyan həbs olunub. Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, sentyabrın 9-da təhlükəsizlik məmurları şairin evinə hücum edib, onu və həyat yoldaşı Firiştə Surini özləri ilə aparıblar. Bir neçə saatdan sonra yazıçının xanımı sərbəst buraxılsa da, özü Həmədan şəhərinin təhlükəsizlik təcridxanasına salınıb. Azərbaycanlı şairin evində axtarış aparılıb, ona məxsus şəxsi əşyalar, komputer, mobil telefon və b. müsadirə olunub. Əli Cahaniyanın həbsi sosial mediada hakimiyyəti sərt tənqid edən video paylaşdıqdan sonra baş verib. Şair, İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qısasını alacağı barədəki bəyanatlarını tənqid edib: "Həsən Nəsrullahlar, İsmayıl Haniyələr iranlı gənclərin saçının bir tükünə dəyməzlər, xalqın dərdi HƏMAS, Hizbullah, Livan, Qəzza, hicab və ərbəin mərasimləri deyil. Edamların sayını artırmaqla xalqı qorxudub susdura bilməyəcəksiniz. Siz İsmayıl Haniyənin qısasını almaq istəyirsiz, biz isə öldürdüyünüz gənclərimizin qısasını sizdən alacayıq". Qeyd edək ki, azərbaycanlı şair bundan əvvəl də tənqidi yazıları və çıxşlarına görə, dəfələrlətəzyiqlərə məruz qalıb və həbs olunub. O, 2023-cü ilin aprel ayında Əli Xaməneini tənqid etdiyinə görə təhlükəsizlik məmurları tərəfindən oğurlanmış, döyülmüş və bir neçə gündən sonra huşsuz vəziyyətdə şəhər ətrafına atılmışdı.

Coni ilə bağlı ittihamlara cavab

Xəbər verdiyimiz kimi, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin üzvləri Rusiya Baş Prokurorluğundan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) xaricdən maliyyələşməsini yoxlamağı tələb ediblər. Sozcu.az xəbər verir ki, qurum maliyyələşmənin təsdiqləndiyi halda Baş Prokurorluqdan ifaçını xarici agent kimi tanınmasını istəyib. Məsələ ilə bağlı Coninin nümayəndələri “Super”ə açıqlama veriblər. Bildirilib ki, sənətçinin Avropa turnesinin təşkilatçısı Rusiya şou-biznesində tanınan və hər il Rusiyadan olan ulduzların iştirakı ilə 100-dən çox tədbir təşkil edən konsert təşkilatçısı İqor Valyanskidir. Konsertlərin təşkilində köməklik göstərən yüzlərlə başqa adamın adı sənətçiyə məlum deyil. İfaçının nümayəndələri qeyd edib ki, məlumat təsdiqlənərsə, insidenti həll etməyə hazırdırlar: "Əgər təşkilatçı tərəfdaşlarımızın dürüstlüyünə və hərəkətlərinə dair hər hansı şübhəmiz varsa, biz həmin tərəfdaşı təşkilatçılıq prosesindən kənarlaşdırmaq üçün tədbirlər görəcəyik. Kütləvi informasiya vasitələrində yayılan məlumat təsdiqini taparsa, tur tərəfimizdən birtərəfli qaydada ləğv ediləcək".

"Bavariya" Musiala ilə danışıqlara başladı

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala Münhen klubu ilə yeni müqavilə bağlaya bilər.  Sozcu.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib. Bildirilib ki, tərəflər bununla bağlı danışıqlara  başlayıblar. Klub rəhbərliyinin 21 yaşlı almaniyalının oyunçunun 2025-ci ilin yayına kimi maaşında və bonuslarının məbləğində artım olacağı yeni müqavilə bağlamaq istədiyi vurğulanıb. Musialanın hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

“Iphone 16” Azərbaycandaqiyməti bu qədər olacaq

"Iphone 16" seriyası Azərbaycanda 3000 manatdan başlayan qiymətlərlə satışa çıxarılacaq. Sozcu.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, "Iphone 16" (sadə) 3200 AZN, "Iphone 16 Plus" 3700 AZN, "Iphone 16 Pro" 4000 AZN, "Iphone 16 Pro Max" 4700 AZN, "Iphone 16 Pro Max"ın 1 TB yaddaşlısının isə 6000 AZN-ə satılması planlaşdırılır. Qeyd edək ki, "Iphone 16" seriyası sentyabrın 20-də satışa çıxarılacaq.

Qayınatasını öldürüb, qayınanasını isə yaralayan kürəkən saxlanıldı

1 nəfəri qəsdən öldürməkdə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Şamaxı rayon prokurorluğu məlumat yayıb. Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Bakı metrosunun havasızlıq PROBLEMİ – İctimai nəqliyyat, yoxsa hamam otağı?

Vətəndaşların bir çoxunun  tıxaca düşməmək üçün daha çox istifadə etdiyi ictimai nəqliyyat növü məhz metrodur. Onlar metro vasitəsilə gedəcəkləri yerə daha tez çatmaq istəyirlər. Ancaq günümüzdə metrodakı sıxlıq, xüsusilə, köhnə tipli, kondisionersiz qatarların çoxluğu sərnişinlərin işini çətinləşdirir, hətta hamam otağını xatırladan qatarlarda halı pisləşənlərin sayını artırır. Havalar nisbətən sərinləşsə də, qatarlardakı isti hava daha düzünü desək, havasızlıq saunadan fərqlənmir. Pik saatlardakı sıxlığı da üstünə gəlsək, metrodan, konkret desək, qatardan çıxan sərnişinlərin sanki duş qəbul edib, hamam otağından çıxdığının şahidi olursan.  Maraqlıdır XXI əsrdə və inkişaf etmiş müasir dövrdə metro platformalarında və ya qatarlarda niyə lazımi sərinləmə tədbirləri görülmür? Köhnə tipli qatararlara kondisioner quraşdırmaq mümkün deyilsə, xətdən çıxarılıb, yeniləri ilə niyə əvəzlənmir? Gediş haqqı artırıldığı halda sərnişinlərə niyə yetərli xidmət göstərilmir?  Bizim.Media-ya məsələ barədə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov suallarımıza belə cavab verib:  “Köhnə tipli qatarlara kondisioner quraşdırılması texniki cəhətdən mümkün deyil. Bununla bağlı istehsalçı müəssisənin də rəyi var. Belə  prosesin mümkün olması üçün qatar sökülməli, yenidən lahiyələndirilərək yığılmalıdır. Bu, faktiki olaraq yeni qatar yığmaq deməkdir. Çünki  bu zaman soyuducu quraşdırılmalı, hava və soyuducu xətlərinin müvafiq kanalı olmalı, elektrik sistemi yenidən qurulmalıdır”. Müsahibimiz  “Bakı Metropoliteni”ində 3 xətt istiqamətində hərəkət edən 61 qatardan yalnız 23-nün yeni tipli qatarlar olduğunu açıqlayıb:  “Bunların 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si isə Dərnəgül-Həzi Aslanov istiqamətində yaşıl-qırmızı xətlər üzrə olmaqla hərəkət edir.  Köhnə qatarlar istismar müddətini bitirdikdən sonra xəttdən çıxarılır, yeni tipli qatarlarla əvəz edilir.  3 illik müqaviləyə əsasən ümumi 13 yeni qatar alınacaq, bunlardan 7-si bu il Bakıya gətirilərək xəttə buraxılacaq. Nəticədə, xətdə yeni tipli qatarların sayı daha çox olacaq”.  Bəxtiyar Məmədov onu da vurğulayıb ki, sərnişinlər daha çox yeni qatarlara minməyə üstünlük verir və yeni qatarların sayı da buna imkan verir. O əlavə edib ki sentyabrın 16-sı tədris ilinin başlanmasıyla metropolitenin  hərəkət qrafikində dəyişiklik olacaq.  Maraqlıdır, 23 təzə qatarın hər biri gün ərzində xəttdə buraxılır? Qurum rəsmisi bu məsələyə də aydınlıq gətirib: “23 təzə qatarın hər biri gün ərzində xəttə buraxılır. Düzdür, 12-20 saat ərzində xətt üzərində olan qatara qət etdiyi məsafədən asılı olaraq baxış, qulluq, texniki xidmət növləri var və qatar müəyyən məsafədən sonra bu proseslərdən keçir. Bu hallar istisna olmaqla, təzə qatarlar gün ərzində dövri olaraq xətt üzərində olur. Çünki bunlar elektronika ilə təchiz olunub.  Qatar nə qədər çox işləsə,  onun daxilindəki sistemin tarazlı, normal işləməsi mümkündür. Hətta, pandemiya dövründə problemlərimizdən biri də bu idi ki, sərnişinlərin metroya girişinə məhdudiyyət qoyulduğu üçün qatarların boş qalıb işləməməsi idi. Çünki elektron sistemi rütubətli yerdə çox qalarsa, bu onun sisteminin sıradan çıxmasına səbəb ola bilər. Gətirilən yeni 7 qatar da sınaq işləri başa çatdıqdan sonra da dövri olaraq xəttə buraxılacaq”,- deyə müsahibimiz cavablayıb.  Bəxtiyar Məmmədovun fikrincə, yeni tipli qatarların sayı nə qədər çox olsa, narazılıqlar o qədər az olacaq: “2018-ci ildə sərnişinlər arasında aparılan sorğuda onların 100%-i də qatarların kondisioner sisteminin olmamasından narazı idi. Amma ötən ilin və bu ilin əvvəlində aparılan sorğuda narazı olanların sayı 50%-dən aşağıdır.  Səbəbi isə yeni qatarların sayının artırılmasıdır və bu da davamlı prosesdir, sadəcə hamısını eyni anda yeniləmək qeyri-mümkündür.

Rusiyanın Ukraynadakı itkiləri 630 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1220 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 631 420 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 48 zirehli döyüş maşını, 52 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Saatlıda DƏHŞƏT! Ata 2 yaşlı oğlunu avtomobillə vuraraq ÖLDÜRDÜ

Saatlıda avtomobil iki yaşlı uşağı vurub. Elşən Əskərov "VAZ 21 06" markalı avtomobili arxa-arxa idarə edərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun üzərindən keçib. Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.Report

Narinin anası və qardaşı HƏBS OLUNDU

Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı 8 nəfər barəsində həbs qərarı verilib. Bu barədə “Milliyet” məlumat yayıb. Bildirilib ki, həbs edilənlər arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, hadisə ilə bağlı həbs edilən əmisi Sami Güranın işçisi Mehmet Selim Atasoy var. kapital bank vakansiya Qeyd olunub ki, Diyarbakır Ədliyyəsində 25 saatlıq sorğu-sualın ardından şübhəlilər cəzaçəkmə müəssisəsinə göndərilib. Məlumata görə, anası və qardaşı “Qəsdən adam öldürmədə iştirak” maddəsi ilə həbs edilib. Qeyd edək ki, Narinin cinayəti ilə bağlı 24 şübhəli saxlanılmışdı. Xatırladaq ki, azyaşlının qətli ilə bağlı istintaq çərçivəsində saxlanılan atası Arif Güran sərbəst buraxılıb. (Qafqazinfo)

Bakıda 2 rəfiqəni avtomobil vurdu

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Məmmədlin Jalə Fərman qızı və eyni yaşda olan onun rəfiqəsi Nuriyeva Diana Vuqar qızını vurub.  Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onlara bədənin və baş nahiyələrində çoxsaylı əziklər diaqnozları qoyulub.  vakansiyalar Faktla bağlı araşdırma aparılır.//Report