Palata sədri sabah Milli Məclisdə hesabat verəcək

Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. Sozcu.az-ın məlumatına görə, komitənin iclasının gündəliyinə “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatı daxil edilib.  Qeyd edək ki, parlamentə sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.

Bu il qar ehtiyatı normadan az olub - Nazirlik

Qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqlarının yüksək dağlıq ərazilərdə apardığı qarölçmə işləri başa çatıb. Modern.az-ın məlumatına görə, Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub. Onun sözlərinə görə, qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı normadan və ötən il ilə müqayisədə az olub: "Aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir".

Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə, yəni aprelin 11-dən 12-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.  Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Əhaliyə dərmanlar pulsuz verilsin - TƏKLİF

Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi təklif edilib. Sozcu.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli çıxış edib. “Mümkünsə bütün əhaliyə, mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın. Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər. Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır”,- deyə deputat bildirib.//Modern.az

İndiyədək minadan təmizlənən ərazilərin həcmi AÇIQLANDI

“Bu günə kimi 75 min hektara qədər ərazi mina və partlamamış sursatlarının təmizlənib. Təmizləmə əməliyyatlar nəticəsində ümumilikdə 85 mindən çox mina və partlamamış sursat aşkar edilərək məhv olunub”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. Aprelin 11-də Ağdamda keçirilən ağacəkmə aksiyasından sonra jurnalistlərin suallarını cavablandıran agentlik sədri qeyd edib ki, Ağdam günü-gündən dirçəlir. O deyib ki, hazırda rayonda aparılan quruculuq işləri sürətlə davam etdirilir: Təbii ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da Ağdamda minatəmizləmənişləri davam etdirilir. Ümumilikdə iki il ərzində Ağdamda 18 min hektardan çox ərazi təmizlənəcək. V.Süleymanov söyləyib ki, aprelin 11-də Ağdam şəhərində ağacəkmə aksiyasının keçirildiyi ərazi də vaxtilə minalı olub.//Report

Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir - SİYAHI

Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya şikayəti üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Ali Məhkəmənin icraatında olan iş üzrə iclasın təxirə salınmasına səbəb eyni qərardan bir neçə gün əvvəl protest verilməsidir. Şikayət və protest eyni qərardan olduğu üçün onlara bir yerdə baxılacaq. Prosesin qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir. Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı prokuror protest, “8-ci kilometr bazarı”nın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov isə maraqlı şəxs qismində şikayət verib. KONKRET.az APA-ya istinadən xəbər verir ki, prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış əmlakların 13 milyon 342 min manatlıq hissəsinin yenidən müsadirə edilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun bazar dəyəri 26 milyon manata yaxın qiymətləndirilən 17 əmlakı müsadirədən azad olunub. Prokuror onlardan 11 əmlaka münasibətdə narazı qalıb. Həmin əmlakların 13 milyon 342 min manatlıq hissəsinin müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsində yeni baxışa təyin olunması istənilir. Müsadirəsi istənilən əmlaklar bunlardır: 1. Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi – Bazar dəyəri 86 min manat; 2. Xızı rayonu, Qızılqazma kəndində torpaq sahəsi – Bazar dəyəri 400 min manat; 3. Şamaxı rayonu, Nağaraxana kəndində torpaq sahəsi və üzərində tikilmiş əsas və yarımtikili – Bazar dəyəri 750 min manat; 4. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 60 min manat; 5. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 203 min manat; 6. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 59 min 500 manat; 7. Nəsimi rayonunda yerləşən 7 mərtəbəli yaşayış binası – Bazar dəyəri 4 milyon 500 min manat; 8. Nəsimi rayonunda yerləşən qarajlar – Bazar dəyəri 96 min manat; 9. Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən göllər və tikililər-Bazar dəyəri 640 min manat; 10. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən bir neçə tikili – Bazar dəyəri 4 milyon 310 min manat; 11. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsi – Bazar dəyəri 2 milyon 470 min manat. Prokuror Nizami rayonu, 8-ci kilometr bazarının 50 faizlik payı daxil olmaqla 7 əmlakın müsadirədən azad olunmasını qanuna uyğun hesab edib. Həmin əmlakların ümumi bazar dəyəri 12 milyon manat qiymətləndirilib. Bundan başqa, qərarın MTN polkovniki Səlim Məmmədovun yaxınlarına qaytarılmış əmlakın müsadirədən azad olunması hissəsinə dair ləğvi də istənilib. Nəsimi rayonunda yerləşən evin bazar dəyəri 161 min 500 manatdır. Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

"Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi" - Erməni deputat

“Məni Kornidzorda azərbaycanlılar əsir götürə bilərdi”. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Qarnik Danielyan deyib. “Azərbaycanlılar Teğ kəndində 400 hektara yaxın ərazini götürüblər. Biz hər gün onların “ərazi”lərimizə necə daxil olduqlarının şahidi oluruq. Biz çox mühüm çağırışlarla üz-üzəyik. Hakimiyyət cavab versin görək, azərbaycanlılar Zəngəzura girəndə bizim əsgərlər harada idi? Azərbaycanlılar hər gün irəliləyir, mövqe tutur, kök salır. Biz səlahiyyətli orqanlar tərəfindən heç bir adekvat addım görmürük. Günahkar cavab verməlidir. Sərhədlərimiz açıqdır. Hakimiyyət hər gün yalan danışır və insanları manipulyasiya edir. Səhər bir şey deyirlər, günorta başqa deyirlər”, – deyə o bildirib. Danielyan deyib ki, Zəngəzurun Kornidzor kəndində Azərbaycan hərbçilərinə əsir düşə bilərdi. “Gorusun Kornidzor kəndində məni azərbaycanlılar əsir götürə bilərdi. Çünki sərhədlər açıqdır. Azərbaycanlılar bir neçə yüz metr aralıda idilər. Kənd camaatı “yaxın getmə, tutacaqlar” deyə məni əsir düşməkdən xilas etdilər”, – deyə Danielyan qeyd edib.

Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinalına yenidən təyinat aldı

FIFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal oyununa təyinat alıb. Sozcu.az AFFA-nın saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ə.Ağayev aprelin 12-də Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK Athens qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq. Qeyd edək ki,  martın 1-də keçirilməli olan sözügedən görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt da oyuna təyinat almışdı.

Göygöldə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. Hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub. Qəzada xəsarət alanların olduğu bildirilir.

Teatrşünas-tənqidçi: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir"

"Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur". Sozcu.az xəbər verir ki, bunu teatrşünas Elçin Cəfərov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib. O bildirib ki, Azərbaycan teatrının yalnız dövlət vəsaitindən asılılığı onu geri salır: "Əlavə sponsorlar olmalıdır. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Amma bu çox vacib məsələdir. Onların rəqəmsal marketinqlə bağlı problemləri var. Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır". Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə deyib ki, aktyorun qarnı tox olmalıdır: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir".

Məhkəmə köşkün qarşısında həmkəndlisi döyən şəxsə elektron qolbaq taxdı

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azad Əliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. İttiahama görə, hadisə 13 fevral 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Digah qəsəbəsindəki dayanacaqda yerləşən köşkün qarşısında qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Azad Əliyev həmkəndlisi, zərərçəkmiş Elvin Qafarovla (soyadı şərti) söhbət edən zaman onun içdiyi energetik içkinin ödənişini etməsini istəyib. Lakin zərərçəkmiş onun dediyini etməyib. Bu zaman Azad Elvinin sifətinə bir neçə dəfə yumruqla qəsdən vuraraq ona bədən xəsarətləri yetirib. Daha sonra Elvin Qafarov hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşları tərəfindən saxlanılan Azad Əliyevin barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə Azad Əliyev  elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək. Qüvvədə olan qanuna əsasən isə müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Dəyişikliklə bu tələb yumşaldılır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Azərbaycanda daha bir məhdudiyyət qoyuldu

Azərbaycan bəzi şəhərlərdən quş ətinin idxalına məhdudiyyət qoyub. Bu barədə Sozcu.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentina Respublikasının Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstan Respublikasının Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarından, Argentina Respublikasının Kordova, Santa-Fe əyalətlərindən və Bolqarıstan Respublikasının Veliko-Tarnovo vilayətindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qarabağ erməniləri Azərbaycan nümayəndələri ilə görüşmək istəyir

Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan tərəfinə görüş keçirilməsi ilə bağlı təklif ünvanlayıblar. Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, Qarabağ erməniləri sözügedən təklifi Azərbaycan ərazilərində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti vasitəsilə ediblər. Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb./Qafqazinfo

"Atlantik okeanında qaydanı pozduğu üçün 600 avro cərimələnib"

Müğənni Günel Ələkbərova bir vaxtlar yayımlanan "Ekstrim" realiti-şousu ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, bu haqda sənətçi "Zaurla Günaydın"da danışıb. O bildirib ki, layihə üçün 1,5 milyon dollar xərclənib. Müğənni Nadir Qafarzadə isə "Yayımlandı və uğursuz oldu" sözlərini əlavə edib. Günel yarışma zamanı Namibiyada Qafarzadənin 600 avro cərimələndiyini açıqlayıb: "Atlantik okenanından gedib meduza yığıb gətirmişdi ki, yeyək. Bir də görürük ki, vedrə ilə gəlir. Axşam olanda okeanın suyu çəkilir, bu da yığıb hamısını. Dedilər, gəl bura və cərimələdilər". Qeyd edək ki, 2011-ci ildə çəkilən şou "Survivor" realiti-şousunun bənzəri idi. "Space TV"də efirə gedən layihədə Xalq artisti Aygün Kazımova, müğənnilər Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, Nurlan Əzizbəyli və başqaları yer almışdılar.

“Qara bazar”da erməni silahları: “Kalaşnikov” avtomatı neçəyədir?

“2020-ci ilin 44 günlük müharibəsindən sonra ola bilsin ki, müəyyən silahlar ölkə ərazisinə sızıb”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. O, son günlər intensiv xarakter alan qanunsuz silah satışlarından söz açıb. Öz növbəsində, Ü.Cəfərov bildirib: “O silahlar neçəyə satılır, kimlər satır, o haqda məlumatım yoxdur. Hər halda avtomat, ən azından, tapançadan qat-qat baha dəyəri olan və cinayətkarlar üçün rahat şəkildə istifadə oluna biləcək bir silahdır. Ona görə də hüquq-mühafizə orqanları bu məsələdə öz aktivliyini artırmalıdır. Ola bilsin ki, 44 günlük savaşda kimlərsə işğaldan azad olunmuş ərazilərdə ordumuz irəli getdiyi vaxt vəziyyətdən sui-istifadə edib düşmən silahlarını, yaxud orada nəzarətsiz qalmış hansısa silahları ələ keçirib”.  Onun fikrincə, bu gün maarifləndirmə işləri aparmaq lazımdır ki, o silahlar insanlar tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilsin. Polkovnikə görə, əgər bu, orduya aiddirsə, onda müvafiq silahlar ordunun saxlanc yerlərinə təhvil verilməlidir: “Əvvəlki illərdə belə bir praktika var idi ki, bəzi silahlar nömrəsiz olurdu, yəni üzərindəki nömrələr silinirdi. Bu silahlar da müxtəlif məqsədlər üçün istifadə olunurdu. Aydın məsələdir ki, cinayətkar bunu cinayət törətmək üçün istifadə edəcək. Əgər normal insandırsa, başa düşəcək ki, o silahlı saxlamaq olmaz və onu dövlətə təhvil verməlidir”.  Hərbi ekspert hesab edir ki, o silahlar üzərində çox ciddi nəzarət həyata keçirilməlidir: “Çünki o silahların gələcəkdə daha ağır nəticə törətməməsi üçün hüquq-mühafizə orqanları əllərindən gələni etməlidir. Zaman-zaman mətbuatdan eşitmişik ki, Bakıda, yaxud rayonlarda hansısa silah-sursat tapılıb. Lakin sonradan onların taleyi ilə bağlı məlumat əldə etmirik. Hətta əvvəlki illərdə nömrəsi silinən silahlar bir rayon polis idarəsindən başqa rayon polis idarəsinə ötürülürdü. Onlar da özləri üçün bir xal qazanırdılar ki, əldə olunan operativ məlumat əsasında filan yerdə avtomat silah axtarış zamanı müəyyən edilib və s. Sanki öz əlləri ilə qoyub, öz əlləri ilə götürürdülər. Bu da hesabat xarakterli, daha doğrusu, SSRİ-dən qalma formal bir xəstəlik idi”.  “Son illər elə bir şey yoxdur, amma artıq qəribə bir tendensiya da özünü büruzə verib. Bu gün artıq söhbət təkcə avtomatdan getmir. Hətta bəzi yerlərdə pulemyotların da satılmasına cəhd edənləri görmüşük. Hətta Daxili İşlərin Nazirliyinin məlumatlarında da pulemyotun şəklini və sursatını görmüşük. Bu, təhlükəsizlik məsələsidir və bununla bağlı hüquq-mühafizə orqanları lazımi addımları atmalıdır ki, gələcəkdə daha ağır faciələrlə baş-başa qalmayaq”, – tamamlayıb. Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra qənimət olaraq əldə edilən silahların bəziləri sıravi şəxslər tərəfindən ələ keçirilərək qara bazar yolu ilə satışa çıxarılıb. Hazırda isə qara bazarda “Kalaşnikov” avtomatının qiyməti 2,000-3,000 AZN arası dəyişməkdədir.

412-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 412-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 179 320 hərbçi, 3644 ədəd tank, 7038 ədəd zirehli döyüş maşını, 2765 ədəd artilleriya sistemi, 535 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 282 hava hücumundan müdafiə sistemi, 307 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5620 ədəd avtomobil texnikası, 2332 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 316 xüsusi avadanlıq itirib.

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 2-3.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.2. həmin Qanunun 2-3.3-cü maddəsinin ikinci cümləsində və 2-3.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; 1.3. həmin Qanunun 2-2.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. üç ay müddətində: 2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.1.2. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 2-3.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.1.3. həmin Qanunun 2-3.6-cı maddəsinə uyğun olaraq, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydasını və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin. 2.2. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 529) aşağıdakı dəyişikliklər edilsin: 3.1. adına, preambulaya və 2.1-ci bəndə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin; 3.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin: “2.1-1. həmin Qanunun 2-3.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.1-2. həmin Qanunun 2-3.3-cü maddəsinin ikinci cümləsində və 2-3.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;”; 3.3. 2.2-ci bəndə “Qanunun” sözündən sonra “2-2.3-cü maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin. 4. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12 (I kitab), maddə 2303; 2020, № 3, maddə 248) adına, preambulasına və 1.1-ci bəndinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı və 48.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 48.1-2-ci maddəsinin ikinci cümləsində və 48.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin həmin Qanunun 48.1-1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir; 1.4. həmin Qanunun 1.0.8-1-ci maddəsində, 48.1-3-cü maddəsinin birinci cümləsində və 48.1-4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Qanunun 48.1-1-ci və 48.1-4.1-ci maddələrində “orqan (qurum)” dedikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına münasibətdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur; 1.6. həmin Qanunun 48.1-4.2-ci, 48.1-5-ci və 48.1-6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8, maddə 1408; 2020, № 5, maddə 544; 2021, № 1, maddə 17, № 6 (I kitab), maddə 593; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2047 nömrəli və 30 mart tarixli 2076 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.0.8-1-ci,” sözləri əlavə olunsun və həmin bənddə “və 59-cu maddəsində” sözləri “, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı, 48.2-ci və 59-cu maddələrində” sözləri ilə əvəz edilsin; 3.2. 2.1-1-ci bənddən “48.2-ci maddəsində,” sözləri çıxarılsın; 3.3. aşağıdakı məzmunda 2.1-2-ci, 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin: “2.1-2. həmin Qanunun 48.1-2-ci maddəsinin ikinci cümləsində və 48.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”; “2.3-1. həmin Qanunun 1.0.8-1-ci maddəsində, 48.1-3-cü maddəsinin birinci cümləsində və 48.1-4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 2.3-2. həmin Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin həmin Qanunun 48.1-1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”; 3.4. 2.2-ci bənddən “48.1-ci,” sözləri çıxarılsın; 3.5. 2.3-cü bənddə “beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blankları verildiyi hallarda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin; 3.6. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7-ci və 2.8-ci bəndlər əlavə edilsin: “2.7. həmin Qanunun 48.1-1-ci və 48.1-4.1-ci maddələrində “orqan (qurum)” dedikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına münasibətdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur; 2.8. həmin Qanunun 48.1-4.2-ci, 48.1-5-ci və 48.1-6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.”.

Türkiyənin ilk milli peykinin buraxılması təxirə düşdü

Türkiyənin ilk milli müşahidə peyki İMECE-nin orbitə buraxılması təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Sözügedən məsələ ilə bağlı peykin orbitə buraxılması əməliyyatını həyata keçirəcək SpeysX şirkətinin rəsmi Tvitter səhifəsində açıqlama paylaşılıb. Səbəb kimi isə hava şəraiti göstərilib. Türkiyə Elm və Texnoloji Tədqiqat Qurumu (TÜBİTAK) öz açıqlamasında bu gün peyki orbitə daşıyacaq “Falkon 9” raketinin buraxılmasının mümkün olmayacağını qeyd edib.

Eyni dərman bir aptekdə 10, digərində 120 manatadır

Ölkəmizdə dərmanların satış qaydaları, keyfiyyəti və bu sahədə olan idarəçiliklə bağlı xeyli şok vəziyyət yaradan hallar var. Əgər belə olmasaydı, insanlar “filan aptek yaxşıdır” deyə, xüsusi olaraq həmin apteklər şəbəkəsini axtarmazdı. Vətəndaş eşitdiyinə, gördüyünə, təcrübəsinə, özü və qohumlarının rastlaşdığı faktlara əsaslanır. Bizim apteklərdə satılan dərman vasitələri çox baha olmaqla bərabər, bir sıra hallarda həm də çox keyfiyyətsizdir. Sozcu.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, dərmanları qəbul edirsən, amma nəticəsi yoxdur: “Bu səbəbdən də vətəndaşlar daha yaxşı apteklər axtarışındadır. Alman apteklər şəbəkəsi var, Böyük Britanıya dərmanları var və s. Qiymətlər də orada adi apteklərdən 5-10 dəfə daha bahadır. Soruşanda deyirlər ki, bunlar alman, ingilis keyfiyyətidir, ona görə. Bu nə deməkdir? Bu o deməkdir ki, biz hamımız belə olduğunu qəbul edirik. Əgər belədrisə, o zaman niyə vətəndaş aldadılır, onların cibinə girilir? Necə olur ki, eyni tərkibli və eyni adlı dərman bir aptekdə 10 manata, o birisində isə 120 manata satılır? Mən alman, ingilis apteklərinin olmasının əleyhinə deyiləm və açığı onlara etirazım-filan da yoxdur. Mən vətəndaşların aldadılmasına qarşıyam. Kimsə üzərində alman dilində yazılmış dərman almaq istəyirsə, yolu açıq olsun”. Deputat kolbasa məhsullarında olan neqativ hallara da toxunub: “Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi məlumat yaydı ki, “halal” əmtəə nişanı adı altında kolbasa məhsulları istehsal edən şirkətlərin kolbasalarının bəzisində ətdən əsər-əlamət yoxdur. O şirkətlərin də adları hamımıza məlumdur. Bu nə biabırçılıqdır törədirlər? Ölkə dərəbəylikdirmi, yoxsa özbaşınalıqdır? Ət adı altında bəs onlar nəyi satırlar? Belə də zülm, günah, imansızlıq olarmı? İnsanlar “halal” deyib kolbasa alır və məlum olur ki, o nəinki halaldır, heç tərkibi nədir, məlum deyil. Bu həm də pis əməldir, hərdən adamın ayda-ildə bir dəfə ürəyi istəyir ki, kolbasa, sosis yesin. Daha onlara yaxın düşmək olarmı? Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik. Mən özüm də bu barədə ayrıca bir araşdırma aparıram. Çünki bu cür saxtakarlıqlar və imansızlıqlar ölkəmizin adına ləkə gətirir və bizə düşmən ölkələr bunu bizim dövlətimizə qarşı istifadə edir. Kim ki, məşğul olduğu sahədə dövlət adına ləkə və utanc gətirir, mütləq cəzasının da olacağını görməlidir”.

Dərman qiymətləri ilə bağlı layihədən xəbər yoxdur

Bizdə belə bir məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq, həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir. Sozcu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarının dediklərinə cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır: “Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.

Yaponiya Rusiyadan adaları tələb edir

Kuril adalarının cənub hissəsi ölkənin suverenliyinə tabe olan və hazırda Rusiyanın qanunsuz işğalı altında qalan Yaponiya əraziləridir. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu ərazilərə sahiblik mövzusu Yaponiya ilə Rusiya arasında mövcud münasibətlərdə ən ciddi məsələlərdən biridir. Adaların cənub hissəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı müntəzəm olaraq Moskvaya etirazlarımızı bildiririk”, - məlumatda deyilir.

"Az-Granata” MMC -də özbaşınalıqlar baş alıb gedir: İnsanların çörəyi ilə oynayırlar

Ağsu rayonunda yerləşən “Az-Granata” MMC -də işlədikləri əlavə iş saatları üçün ödəniş tələb edən işçilər işdən qovulurlar.  Sozcu.az xəbər verir ki,bu barədə Ağsu rayon sakini Furuz Xudiyev məlumat verib. Firuz Xudiyev bildirib ki, onun "Az-Granata” MMC -də çalışan iki övladı qanunsuz şəkildə işdən çıxarılıblar.  Firuz Xuduyev bildirib ki,  Az-Granata” MMC -də işçilərlə müqavilənin müddəti 1 aylıq bağlanır və onlara aid olmayan işləri görməyə məcbur edilirlər: "Az-Granata” MMC -də təzyiqlərlə üzləşən Cavidan və Kənan Xuduyevlər mənim övladlarımdır. Hər iki övladım Az-Granata” MMC -də şirə və şərab emalı zavodunda işləyirdilər. Kiçik övladım Kənan mühafizə xidmətində çalışırdı. İşlədiyi müddətdə əlavə iş saatlarına görə ödəniş tələb etdiyi üçün işdən çıxarılıb.  Az-Granata” MMC - də işçilərlə müqavilə 1 aylıq bağlanır.  Müqavilə bağlanan işçilərlə qanun çərçivəsində rəftar etmirlər və  iş saatından əlavə işlər gördürürlər.".  İş saatından əlavə gördürülən işlər  üçün ödəniş tələb edən işçilərə qarş özbaşınalıqların günü-gündən artdığını qeyd edən Firuz Xuduyev bildirib ki, bu qanunsuzluqların başında “AzGranata”nın baş icraçı direktoru Ceyhun Bəxtiyarlı və şirkətin alkoqollu içkilər üzrə istehsalat müdiri Yusif Ləzgiyev dayanır: Bütün qanunsuzluqları həyata keçirən hazırda zavoda rəhbərlik edən iki həmyerlilər - Ceyhun Bəxtiyarlı və və Yusif Ləzgiyev çütlüyüdür. İnanıram ki, "Az-Granata” MMC -də baş verən özbaşınalıqlara münasibət bildiriləcək.  Qanuni haqqını tələb etdiyi üçün işdən çıxarılan Kənan Xuduyev,  şirkətdə çalışan işçilərin istismar edildiyini bildirərək qeyd edir ki, Yusif Ləzgiyev onlarla intiriqa aparıb:  "Yusif Ləzgiyev qardaşım Kənana: "Sənin də axırın qardaşın kimi olacaq"-  deyərək,  dəfələrlə təhdid edib.  Şirkətdə çalışan işçilər elə bir vəziyyətə salınıblar ki,  "rəhbrəliyin kefi istədiyi zaman " işlərini itirmək qorxusundan səslərini çıxara bilmirlər". Kənan Xuduyev də, şirkətdə baş verənlərə son qoyulmasını tələb edir.  Xatırladaq ki,  “Az - Granata  MMC  meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir.  Şirkətin SOCAR-ın sabiq vitse-prezidenti Mikayı İsmayılova məxsus olduğu deyilən "Modern Group of Companies" MMC-nin tərkibində olduğu bildirilsə də, məlumata görə  Az-Granata”, “Veyseloğlu MMC”yə satılıb. P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq. Elşən Əlisoy 

ABŞ-ın Suriyadakı bazasına raket atıldı

ABŞ-ın Suriyanın şimal-şərqindəki hərbi bazası raket atəşinə tutulub. Sozcu.az  xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti bildirib. "Suriyanın Konoko dəstək məntəqəsində koalisiya qüvvələrinə uğursuz raket buraxılışı həyata keçirilib. Atəşin açıldığı yerdə daha bir raket tapılıb. Nəticədə xəsarət alan olmayıb, koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib", - deyə qeyd olunub.