Su ilə arıqlamağın ən asan üsulu

Su bədəndən toksinləri çıxarır, maddələr mübadiləsini və bağırsaqların fəaliyyətini aktivləşdirir. Bütün bunlar yağ yandırma prosesini başladır. Adi içməli suyun müntəzəm və düzgün istifadəsi arıqlamağa kömək edəcək. Bu qənaətə yapon alimləri gəlib. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yuxudan oyandıqdan sonra qəhvə və ya çay əvəzinə otaq temperaturunda bir stəkan su içmək lazımdır. Maye qəbul etdikdən dərhal sonra dişlərinizi fırçalamalı, 45 dəqiqədən sonra səhər yeməyini yeməlisiniz. Alimlər deyirlər ki, su içmək aclıq hissini azaldır. Səhər yeməyindən sonra iki saat ərzində heç nə yeməmək tövsiyə olunur. Ac qarına su bədəndən bir gecədə yığılan toksinləri çıxarır, maddələr mübadiləsini və bağırsaqların fəaliyyətini aktivləşdirir, mədə yanmasının da qarşısını alır. Beləliklə, səhərlər bir stəkan sudan müntəzəm istifadə və gün ərzində balanslı bir pəhriz ilə artıq çəki tədricən yox olacaq. Bir ay ərzində, elm adamlarının fikrincə, qan şəkəri və qan təzyiqi normallaşa bilər.

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 87,01 dollara, yüngül neftin bir barreli isə 82,98 dollara təklif edilir.

Ağamirzə Kərimin səhhətindən danışdı

Meyxanaçı Kərim Novruzovun (Ağakərim) səhhətində heç bir irəliləyiş yoxdur. Bu barədə Pravda.az-a açıqlamasında meyxanaçının sənət dostu Ağamirzə Məmmədov məlumat verib. “Kərimin səhhəti necə var, elədir. Heç nə... Uzanıb qalıb. Nə dura bilir, nə otura... Çox çətinliklə danışır. Heç bəzən sözlərini başa düşmək olmur. Evdədir hələ. Axrıncı dəfə on-on beş gün bundan əvvəl görmüşəm. Maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bütün xəstələrə kömək olsun...”, - o bildirib. Xatırlatma: Kərim Novruzovun 2017-ci ildə beyninə qan sızıb. 2021-ci ildə ikinci dəfə insult keçirib və həmin vaxtdan yataq xəstəliyinə məhkum olub, hərəkət qabiliyyətini itirib. Meyxanaçı həmçinin yüksək qan təzyiqi və şəkər xəstəliyindən də əziyyət çəkir.

Bu dəfə Ərzurumda zəlzələ oldu

Türkiyənin Ərzurum vilayətində yenidən zəlzələ qeydə alınıb.  Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.  Bildirilib ki, vilayətin Aziziye rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.  Ocağı yerin 16.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib. 

Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb - Rəsmi

Prokurorluq məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı məlumat yayıb.  Baş Prokurorluqdan Sozcu.az-a bildirilib ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.  Hazırda iş üzrə ibtidai istintaq davam edir.  Qeyd edək ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluqda təqsirli bilinərək, bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb. 

“Mən Rusiyanın bölgədə sülhü təmin etməkdə maraqlı olduğuna qətiyyən inanmıram"

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. O qeyd edib ki, Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb.  "Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir", - Zaxarova deyib.  Bu açıqlama Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Cəmiyyət Rusiyanın bölgədə sülhü təmin edəcəyinə inanmır.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev bildirib ki, Rusiya Cənubi Qafqazda sülh və inkişafın təmin edilməsində heç də maraqlı deyil:  “Mən Rusiyanın bölgədə sülhü təmin etməkdə maraqlı olduğuna qətiyyən inanmıram. Bizim bəxtimiz onda gətirməyib ki, belə axmaq qonşularımız var. Ta qədimdən erməniləri o bölgəyə gətirən elə ruslar özü olub və həmişə bizim aramızda gedən çəkişmələrin, gərginliklərin səbəbkarı da məhz Rusiyadır. Ruslar heç vaxt istəməz ki, biz sərhədlərimizi tam təmizləyək və sərhədimizi qoyaq. Onlar həmişə istəyiblər ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər daim gərgin qalsın, çünki bu, onlar üçün əlverişlidir. Rusun siyasəti budur, onlar həmişə münaqişə olmasının tərəfdarıdır. Mən siyasətçi deyiləm, aktyoram, lakin bunu başa düşmək üçün dərin siyasi biliyə gərək yoxdur, bir az müşahidə aparan hər kəs bunu görə bilər. Hadisələr onu göstərir ki, vəziyyət belədir. Necə olur ki, o vaxt Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə  üçtərəfli bəyanat imzalandı, amma 2 il keçib bu müqaviləyə əməl edən yoxdur? 100 gündən çoxdur bizim ekoaktivistlər Laçın-Xankəndi yolunda etiraz edirlər, soyuqda dayanıblar və öz gözləri ilə görürlər ki, ermənilər o yoldan mütəmadi silah daşıyırlar. Bu necə ola bilər?!”  Aktyor qeyd edib ki, Azərbaycan  Rusiya sülhməramlılarından birmənalı olaraq tərəfsizlik gözləsə də bu, belə olmadı. Son iki ildə Rusiya sülhməramlıları gözləntiləri doğrultmadı: “Onlar heç vaxt sülhməramlı olmayıblar. Gəldikləri gündən bəri harada sülh yaradıblar?! Heç yerdə! Adı sülhməramlıdır, amma gözlərinin qabağında silah daşınır. Ermənilərdən də pul alıb nə istəyirlərsə, o tərəfə ötürürlər. Yalandan maşınlara öz bayraqlarını asıb o yana, bu yana nə lazımdırsa, daşıyırlar. Bunlar hamısı göz qabağındadır. Bizimkilər də bunları öz gözləri ilə görür. Nə deyim, artıq bilmirəm. Allah bizi bu bəladan tezliklə qurtarsın”.

Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı

Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.  Sozcu.az xəbər verir ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.  Görüşdə bildirilib ki, müəssisənin rəhbərliyində dəyişiklik edilib və bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.  Son vaxtlar uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.  Qeyd edək ki, bu yaxınlarda 3 nömrəli Uşaq evində lentə alınan görüntülər ciddi rezonans doğurmuşdu. 

Paşinyan Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazır olduqlarını açıqlayıb

“Avropa İttifaqının 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağın vacibliyinə dair bəyanatını əhəmiyyətli hesab edirik”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Ermənistanın baş naziri, həmçinin əlavə edib ki, ölkəsi Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazırdır. Eyni zamanda, Paşinyan bəyan edib ki, Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa, o cümlədən Praqa və Soçidə əldə olunmuş razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırdır. Mənbə: Aysor.am

Mirzoyan: “Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi yeni eskalasiya ehtimalını azaldacaq”

“Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəz edilməsi məsələnin tam şəkildə həllinə imkan verəcək və yeni eskalasiya ehtimalını azaldacaq”. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyadan olan həmkarı ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda bəzi ərazilərdə artıq sərhədçilər xidmət edirlər. “Və təcrübə göstərir ki, ordu hissələrinin yerləşdiyi bölmələrlə müqayisədə bu ərazilərdə toqquşmaların baş vermə ehtimalı daha azdır”, - deyə o vurğulayıb. Mənbə: “Sputnik” Ermənistan “Telegram”

İrəvan Azərbaycan və Ermənistan ekspertlərinin Ankarada görüşmək təklifini qəbul etməyib

"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yarandığı ilk gündən etibarən Ermənistanla Azərbaycan arasında sülhün təşviq olunması üçün qətiyyətli nümayiş etdirib. Hələ 44 günlük müharibədən əvvəl BMTM müxtəlif kanallar vasitəsilə erməni həmkarlarına sülh mesajını çatdırmağa çalışıb, onları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə işləməyə dəvət edib". Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib. Qeyd olunub ki,Azərbaycan hökumətinin illərlə apardığı təşəbbüslərə bənzər və paralel şəkildə BMTM göstərdiyi səylər Ermənistan tərəfinin "Track 1.5" diplomatiyasında iştirakdan imtina etməsi səbəbindən uğursuzluqla nəticələnib. Diplomatik səylərin uğursuz olmasından sonra Azərbaycan hökuməti işğal olunmuş əraziləri hərbi yollarla azad etməli olub və 44 günlük müharibədə mühüm qələbə qazanıb. BMTM sülh gündəliyinə sadiqdir və münaqişənin həlli nəticəsində yaranmış imkanları yüksək qiymətləndirir. Mərkəz Ermənistan və Azərbaycan arasında sülh səylərinə töhfə vermək məqsədi ilə Ermənistanın "Orbeli" Mərkəzi kimi həmkar təşkilatlarla təmaslar qurmaq və "Track 1.5" diplomatiyasının mümkün alətlərindən və potensialından istifadə etmək cəhdlərini davam etdirib. Bu məqsədlə, BMTM ortaq beynəlxalq tərəfdaşlardan gələn vasitəçilik təkliflərini yüksək qiymətləndirir və bundan yararlanmağa çalışır. "Lakin təəssüf ki, erməni həmkarlar dəfələrlə beynəlxalq tərəfdaşların təklif etdiyi görüş imkanlarından imtina ediblər. Məsələn, 2022-ci ilin avqust və noyabr aylarında Cenevrədə və həmin il noyabrın ortalarında Moskvada erməni tərəfi görüş üçün əvvəlcədən razılaşdırılmış tarixə bir neçə gün qalmış iştirakdan imtina edib. Erməni tərəfi bu ilin aprelində Ankarada görüşmək üçün edilən son cəhdi də tədbirdən bir neçə gün əvvəl rədd edib. Bu cür məsuliyyətsiz münasibətlə Ermənistan hökuməti və beyin mərkəzləri ortaq beynəlxalq tərəfdaşlarımızın bütün səylərini və resurslarını heçə sayıb və iki ölkə arasında dialoqa ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan hökuməti davamlı sülhün əldə olunması prosesini ləngitmək və paralel istiqamətlərdəki səyləri pozmaq məqsədilə ermənilərin qurbana çevrilməsi iddiaları, təhlükəsizlik təhdidləri və ya "blokada" kimi müxtəlif mövzulardan istifadə edir. BMTM erməni həmkarlarının bu yanaşmasını sülh səyləri üçün çox zərərli hesab edir və təəssüflə bildirir ki, Ermənistan tərəfi ardıcıl və substantiv təmaslardan yayınır, bu tərəflər arasında gərginliyi artırır və ümumilikdə iki cəmiyyət arasında sülh və barışığa mane olur", - mərkəzdən bildirilib.

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapıldı

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - deyə hərbi qurumdan bildirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Rusların başkəsmə videosu... - Çexiya

Ukraynalı əsgərin başının kəsilməsini əks etdirən vəhşi videonun həqiqiliyi təsdiq olunarsa, rus əsgərləri İŞİD-lə eyni sırada olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel Çexiya Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra mediaya açıqlamasında deyib.

AFFA Byazi barədə qərar qəbul etdi

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub. İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb. İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, işləri ilə əlaqədar Gürcüstanın paytaxtı Tiflisdən Bakıya gələ bilməyib. Qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov qeyd edib ki, yekun qərara əsasən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq: "İtaliyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub". Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

İranda kütləvi aksiyaya çağırış edildi

İran Tələbə Birlikləri vətəndaşlara rejimin orta çağdan qalma qanunlarına qarşı çıxmaları üçün aprelin 15-nə təyin edilən aksiyalara qoşulmaları ilə bağlı çağırış edib. Sozcu.az xəbər verir ki, bəyanatda Tehran rejimində repressiyaların davam etdiyi və buna etiraz edilməsi gərəkdiyi bildirilib. Qeyd edilir ki, etiraz aksiyalarının səngiməsindən sonra rejimin qadınlara qarşı məhdudiyyətləri artırılıb. Onlar hicab bəhanəsi ilə universitetlərə, ictimai nəqliyyata və iaşə obyektlərinə buraxılmır. İranda həbsxanalarda saxlanılan bir neçə tanınmış siyasi fəal və hüquq müdafiəçisi də çağırışlara qoşulub və əhalini etiraz aksiyalarına səsləyib. Xatırladaq ki, çağırışa İran rəsmilərinin və polis qüvvələri komandiri Əhmədrza Radanın məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər barədə xəbərdarlığı səbəb olub.

Bakıda qətl: arvadını gözəllik salonunda öldürdü

Bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məluat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub. Araşdırma aparılır.

Prezident Bosniya və Herseqovina lideri ilə görüşdü

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, əvvəlcə rəsmi foto çəkdirilib.

Xüsusi əməliyyat: Yəməni ələ keçirildi

ABŞ silahlı qüvvələrinin Suriyanın şərqində İŞİD terrorçularına qarşı əməliyyatı nəticəsində İŞİD-in rəhbər şəxslərindən hesab edilən Xuzeyfə Yəməni və onun iki müavini ələ keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir. Yəməninin bir sıra hücumların hazırlanmasında iştirak etdiyi bildirilir.

Zelenski ABŞ Senatının nümayəndə heyətini qəbul edib

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Senatının Demokrat və Respublikaçı partiyaların təmsilçilərinin iştirak etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Ukrayna liderinin özü məlumat verib. Onun sözlərinə görə, görüş iştirakçıları Amerika yardımının gələcək istiqamətlərini və bu prosesdə Konqresin rolunu ətraflı müzakirə ediblər. “Biz ümumi dəyərlər - azadlıq və demokratiya uğrunda mübarizə aparırıq. Qələbəmiz Avropada və bütün dünyada vəziyyətin inkişafı üçün həlledici olacaqdır. Ukraynaya səfər etdiyiniz üçün təşəkkür edirik. Bu, dövlətimizə və bütün Ukrayna xalqına dəstəyin vacib siqnalıdır”, - deyə Zelenski bildirib.

Kiyevdə həqiqətən ABŞ hərbçiləri var, ancaq...

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynada amerikalı hərbçilərin fəaliyyət göstərməsi barədə iddialara münasibət bildirib. Sozcu.az xəbər verir ki, o, Kiyevdəki ABŞ səfirliyində az sayda amerikalı hərbçinin olduğunu açıqlayıb. "Fox" kanalına müsahibəsində Kirbi deyib ki, bu hərbçilər Ukraynaya gətirilən və buradan aparılan avadanlıqları izləməyə kömək edirlər. ABŞ rəsmisi hərbçilərin döyüşdə iştirak etmədiyini vurğulayıb. Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin internetə sızan gizli sənədlərində Ukraynada 14 amerikalı hərbçinin olması barədə məlumatlar yer alıb.

Bu ölkə Rusiyanın müharibə maşınına güc verir - ABŞ

ABŞ Macarıstan hakimiyyətinin Rusiya ilə daha yaxın münasibətlər qurmaq istəyindən narahatdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman deyib. "Biz narahatıq ki, Macarıstan liderləri onların qəddar təcavüzünə baxmayaraq, Rusiya ilə daha da sıx əlaqələrə can atırlar. Rusiya ilə sıx iqtisadi əməkdaşlıq onların müharibə maşınına güc verir və transatlantik alyansın təhlükəsizliyini təhdid edir", - diplomat vurğulayıb.

ABŞ Rusiyanın bu şirkətlərini də siyahıya saldı

ABŞ-ın Rusiyanın bəzi şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib. Qara siyahıya Rusiya baş nazirinin müavini Marat Xusnullin, “Yunarmiya” Ümumrusiya hərbi-vətənpərvərlik ictimai hərəkatı, “Meqafon”, şirkəti də daxil edilib. “Metalloinvest” və “Patriot” özəl hərbi şirkətinə qarşı da sanksiyalar tətbiq edilib. Sanksiya siyahısına həmçinin Rusiyanın nüvə sənayesinin bir neçə müəssisəsi, o cümlədən “Start” İstehsalat Birliyi, Kovrov Mexanika Zavodu, “Toçmaş” İstehsalat Birliyi, “NİKİMT-Atomstroy” ASC də düşüb.

Mingəçevirin yarısı işıqsız qaldı

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, Mingəçevir şəhər Xaldan şosesinin giriş istiqamətində, Günəşli, Bağlar və digər yaşayış massivlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Şəhər sakinləri bildirib ki, artıq bir saatdan çoxdur ki, elektrik enerjisinin verilməsi dayandırılıb. Qeyd olunub ki, həmin ərazilərə elektrik enerjisi ötürən xətdə qəza baş verib. Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Bu ölkə Putini həbs etməyə hazır olduğunu açıqladı

Vyana Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra etməyə və Rusiya lideri Vladimir Putin Avstriyaya səfər edəcəyi halda onu həbs etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Avstriyanın Avropa Birliyi və Konstitusiya üzrə naziri Karolina Edtstadler BCM-in Putin haqda orderini şərh edərkən deyib. “Avstriya beynəlxalq və cinayət hüququ üzrə öhdəliklərinə əməl edəcək. Mən bir vaxtlar cinayət işləri üzrə hakim olmuşam və BCM tərəfindən bu beynəlxalq orderin verilməsi o deməkdir ki, o (Vladimir Putin) Avstriya torpağına qədəm qoyarsa, həbs olunmalıdır”, - o bildirib. Qeyd edək ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Rusların PUA-sı, sursat anbarı vuruldu

Ukrayna qoşunları gün ərzində rusların şəxsi heyəti və hərbi texnikası olan ərazilərə altı hava zərbəsi endiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. "Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində 6 zərbə endirib. Həmçinin düşmənin "Orlan-10" tipli PUA-sı da vurulub", - məlumatda deyilir. Həmçinin qeyd edilir ki, raket və artilleriya bölmələri canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, düşmənin sursat anbarını, həmçinin bir RLS-ni vurub.