Prokurorluq məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan Sozcu.az-a bildirilib ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.
Qeyd edək ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluqda təqsirli bilinərək, bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb.