“2020-ci ilin 44 günlük müharibəsindən sonra ola bilsin ki, müəyyən silahlar ölkə ərazisinə sızıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, son günlər intensiv xarakter alan qanunsuz silah satışlarından söz açıb.
Öz növbəsində, Ü.Cəfərov bildirib:
“O silahlar neçəyə satılır, kimlər satır, o haqda məlumatım yoxdur. Hər halda avtomat, ən azından, tapançadan qat-qat baha dəyəri olan və cinayətkarlar üçün rahat şəkildə istifadə oluna biləcək bir silahdır. Ona görə də hüquq-mühafizə orqanları bu məsələdə öz aktivliyini artırmalıdır. Ola bilsin ki, 44 günlük savaşda kimlərsə işğaldan azad olunmuş ərazilərdə ordumuz irəli getdiyi vaxt vəziyyətdən sui-istifadə edib düşmən silahlarını, yaxud orada nəzarətsiz qalmış hansısa silahları ələ keçirib”.
Onun fikrincə, bu gün maarifləndirmə işləri aparmaq lazımdır ki, o silahlar insanlar tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilsin. Polkovnikə görə, əgər bu, orduya aiddirsə, onda müvafiq silahlar ordunun saxlanc yerlərinə təhvil verilməlidir:
“Əvvəlki illərdə belə bir praktika var idi ki, bəzi silahlar nömrəsiz olurdu, yəni üzərindəki nömrələr silinirdi. Bu silahlar da müxtəlif məqsədlər üçün istifadə olunurdu. Aydın məsələdir ki, cinayətkar bunu cinayət törətmək üçün istifadə edəcək. Əgər normal insandırsa, başa düşəcək ki, o silahlı saxlamaq olmaz və onu dövlətə təhvil verməlidir”.
Hərbi ekspert hesab edir ki, o silahlar üzərində çox ciddi nəzarət həyata keçirilməlidir:
“Çünki o silahların gələcəkdə daha ağır nəticə törətməməsi üçün hüquq-mühafizə orqanları əllərindən gələni etməlidir. Zaman-zaman mətbuatdan eşitmişik ki, Bakıda, yaxud rayonlarda hansısa silah-sursat tapılıb. Lakin sonradan onların taleyi ilə bağlı məlumat əldə etmirik. Hətta əvvəlki illərdə nömrəsi silinən silahlar bir rayon polis idarəsindən başqa rayon polis idarəsinə ötürülürdü. Onlar da özləri üçün bir xal qazanırdılar ki, əldə olunan operativ məlumat əsasında filan yerdə avtomat silah axtarış zamanı müəyyən edilib və s. Sanki öz əlləri ilə qoyub, öz əlləri ilə götürürdülər. Bu da hesabat xarakterli, daha doğrusu, SSRİ-dən qalma formal bir xəstəlik idi”.
“Son illər elə bir şey yoxdur, amma artıq qəribə bir tendensiya da özünü büruzə verib. Bu gün artıq söhbət təkcə avtomatdan getmir. Hətta bəzi yerlərdə pulemyotların da satılmasına cəhd edənləri görmüşük. Hətta Daxili İşlərin Nazirliyinin məlumatlarında da pulemyotun şəklini və sursatını görmüşük. Bu, təhlükəsizlik məsələsidir və bununla bağlı hüquq-mühafizə orqanları lazımi addımları atmalıdır ki, gələcəkdə daha ağır faciələrlə baş-başa qalmayaq”, – tamamlayıb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra qənimət olaraq əldə edilən silahların bəziləri sıravi şəxslər tərəfindən ələ keçirilərək qara bazar yolu ilə satışa çıxarılıb.
Hazırda isə qara bazarda “Kalaşnikov” avtomatının qiyməti 2,000-3,000 AZN arası dəyişməkdədir.