Pentaqon təsdiq etdi: Ukrayna “Xəncər”i vurub!

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” hipersəs raketinin qarşısını alıb. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. “Ukraynanın “Patriot” müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” raketini vurduğunu təsdiq edə bilərəm”, - Rayder deyib. Qeyd edək ki, 5 mayda Ukrayna ilk dəfə “Xəncər” raketini vurub.

Sabunçuda binada partlayış olub, ölən və yaralananlar var

01:29 Bakı şəhərinin Sabunçu rayonunda binada partlayış olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində Orxan adlı şəxs ölüb, bir neçə nəfər isə yaralanıb. *** Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində İvan Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış nəticəsində ölən və yaralananların kimliyi bəlli olub. Məlumata görə, Rüstəmli Orxan Aslan oğlu hadisə nəticəsində həlak olub. 1984-cü il təvəllüdlü Nuriyeva Gülnarə Şahmar qızı və 2010-cu il təvəllüdlü Ağayev K.İ. müxtəlif dərəcəli xəsarətlər alıb.

Ukrayna hərbçiləri Baxmutda 3 km² ərazini işğaldan azad ediblər

Ukrayna hərbçiləri şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərində 3 km² ərazini işğaldan azad ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Azov” alayının qurucusu Andriy Biletski teleqramda bildirib. Biletski Baxmut yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının 6-cı və 8-ci rotalarının darmadağınını təsdiqləyib. O həmçinin qeyd edib ki, “Vaqner” özəl hərbi şirkətinin 3-cü hücum dəstəsi cəbhənin yarılmasının qarşısını alarkən xeyli itki verib.

"Sülhməramlılar"dan Azərbaycana qarşı TƏXRİBATÇI ADDIM - Xocalıda parad təşkil etdilər - Fotolar

Sülhməramlılar Xocalı hava limanında parad təşkil ediblər. Sozcu.az xəbər verir ki, Rusiya sülhməramlılarının komandanı Lentsov Xocalıda Qələbə günü münasibətilə parad təşkil edib. Lentsovun yanında uydurma “Dağlıq Qarabağın rus icması”nın rəhbəri Aleksandr Bordov dayanıb. O, Xocalı faciəsinin ildönümündə Maslenitsa bayramını xüsusi qeyd etmişdi. Rusiya sülhməramlıları Azərbaycanla münasibətləri korlamaq üçün hər şey edirlər.konkret)

Ohanyan SƏRSƏMLƏDİ: "Şuşanı "azad etmək" olar"

“Şuşanı “azad etmək” olar”.  Sozcu.az xəbər verir ki, bunu Yerablurda jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. “Biz Yerabulurdayıq. Biz indi burada tamam başqa vəziyyətdəyik və kədərlə bu bayramı qeyd edirik. Çünki 2020-ci il müharibəsindən sonra Şuşa getdi, Hadrut getdi, Qarabağın bir hissəsi getdi. Bu gün bizim üçün məsuliyyət günü olmalıdır. Ən mühüm məqsədlərimizdən biri Ermənistanın ərazisinin tam bərpası, azərbaycanlıları ərazilərimizdən çıxarmaq olmalıdır. Qarabağın öz müqəddəratını təyin etməsi ideyasını nəzərə alaraq, işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməliyik. Ancaq bundan əvvəl atılmalı olan bir sıra addımlar var. Birincisi, xalq bu ağır psixoloji vəziyyətdən çıxarılmalı, xalq ayılmalıdır”, – deyə Ohanyan sərsəmləyib.

"Bu gün rus insanına nə lazımdır? Araq və çörək... "

“Çünki bu cür paradlar ideoloji xətt üçün önəmlidir. İdeoloji xətt isə heç dəyişməyib. Keçmişdə - 100 il öncə, 150 il öncə nə olubsa, yenə də odur...” Bu gün – Ukraynanı işğal etməsi sayəsində 1 ildən çoxdur hərbi-siyasi bataqlıqda çabalamasına rəğmən Rusiyadakı Putin rejiminin Moskvada hərbi parad keçirməsi sual doğurur: növbəti illərdə də Kremlə, o cümlədən ayrıca Putinə belə parad keçirmək nəsib olacaqmı?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “Rusiya dövləti hər zaman parad keçirəcək. Məsələ burasındadır ki, faşizm üzərində qələbədən artıq 80 ilə yaxın vaxt – 78 il keçir.Və Rusiyada bunu hələ də bayram edirlər. Halbuki, dünyada artıq bu şey unudulub gedib, insanlar, ölkələr daha çox gələcəyə baxır. Rusiya cəmiyyətini isə zorla məcbur edirlər ki, keçmişdə qalsın. Çünki onu idarə edənlərin marağında deyil ki, Rusiya irəli getsin, müasir texnoloji dünyaya qovuşsun və onun bir parçası olsun. O halda idarəetmə sistemi də, hüquq sistemi də, siyasi sistem də, yəni hər şey dəyişməlidir. Və o halda imperiya ambisiyalarını reallaşdırmaq üçün tamamilə fərqli meyarlar lazım olacaq: iqtisadi güc, elmi güc, texnoloji güc... Bu şeylərin isə yaxın zamanda olması mümkün deyil. Ona görə ki, məhz Putinin həmin çekist komandasının son 20-25 ildə yürütdüyü siyasət Rusiyanı o imkanlardan məhrum edib. İndi Rusiya təxminən XIX əsrin çarlarının dövrünü xatırladır. Bu gün rus insanına nə lazımdır? Araq və çörək... Kreml, Putin hökuməti həmin siyasəti yürüdür. Amma orada bir detal da var: “böyük Rusiya”, “qalib Rusiya”... Və təbii ki, bunların ayrılmaz atributları olan hərbi qələbə... Hamımız yaxşı bilirik ki, həmin qələbə də əsasən Sovet İttifaqının hesabına əldə olunub... Lakin orada başqa ölkələr də iştirak edib. Və yalnız Rusiyanın deyil, bütün keçmiş sovet xalqlarının canı-qanı hesabına baş tutub. Ancaq Rusiya onu yalnız özününkü hesab  edərək  bu gün də simvol kimi yararlanmaqda davam edir. Ona görə də Putin oldu-olmadı, belə paradlar hər zaman keçiriləcək Rusiyada... O Rusiyadakı belə paradlar ideoloji xətt üçün önəmlidir. İdeoloji xətt isə heç dəyişməyib. Keçmişdə - 100 il öncə, 150 il öncə nə olubsa, yenə də odur” -deyə analitik vurğulayıb.

Məktəbdən qayıdan yeddi yaşlı qızın bütün bədəni yandı: Ailə artıq su almağa belə pul tapmır - FOTO

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb. Bu barədə onun anası Şəfa Abdullayeva məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay qoymaq istəyib: “Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdiriblər. 23 apreldən reanimasiyada yatır. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Bu günə qədər onun müalicəsini aparmaq üçün borc almadığımız qapı qalmayıb. Artıq heç yerdən pul tapa bilmirik. Su almaq üçün belə, maddi durumumuz yoxdur. Qızımın sağalması üçün 3 000 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”. Əlaqə nömrəsi: 077-310-54-57 (anası Abdullayeva Şəfa). (oxu.az)

Türkiyədəki seçkilərlə əlaqədar xarici nümayəndəliklərdə səsvermə bu gün başa çatır

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xaricdə səs verən seçicilərin sayı 1 milyon 751 min 365 nəfər olub. Xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatır. Gömrükdə isə 14 may saat 17.00-a qədər davam edəcək. Ali Seçki Qurumundan (YSK) əldə edilən məlumata görə, bu il xaricdə 3 milyon 416 min 98 türk seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Aprelin 27-də başlayan səsvermə prosesi 67 ölkədə yekunlaşıb. Səslər YSK-nın müəyyən etdiyi üsullarla təhlükəsizlik vəziyyətdə diplomatik kuryerlər vasitəsilə Türkiyəyə aparılacaq.

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb. Hadisə mayın 8-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Rusiya Federasiyası vətəndaşı İsmayılov Firudin Əlibala oğlu saat 17 radələrində müalicə aldığı “Ağciyər Xəstəlikləri” İnstitutundan çıxıb naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna SQ-nin Baş Qərargahı: "Rusiyanın itkiləri 195 min nəfəri keçib"

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 195 620 hərbçisi məhv edilib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı yayıb. Bildirilib ki, son sutka ərzində 650 Rusiya hərbçisi zərərsizləşdirilib. Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 7234 tank, 7 258 zirehli maşın, 2 618 operativ-taktiki PUA, 3 031 artilleriya sistemi, 307 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 969 avtomobil və tanker, 955 qanadlı raket, 18 gəmi və kater, 388 xüsusi texnikadan ibarətdir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ermənistan TŞ: XİN rəhbərlərinin Moskva görüşü ABŞ-dakı danışıqların davamı olacaq

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskva görüşü ABŞ-dakı danışıqların davamı olacaq. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında bildirilib.

London Kiyevə uzaqmənzilli raketlər göndərəcək

Böyük Britaniya Kiyevə uzaqmənzilli raketlər göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Nəşr Britaniya rəsmisinə istinadən yazır ki, hələlik yekun qərar yoxdur: "Amma ehtimal var ki, Böyük Britaniyanın Ukraynaya vermək istədiyi texnika “Storm Shadow” havadan buraxılan qanadlı raketlərdir". Qeyd olunur ki, Ukrayna uzun müddətdir ki, Qərb ölkələrindən daha uzun mənzilli raketlər istəyir və belə silahların müharibənin gedişatını dəyişdirə biləcəyini, Ukrayna qüvvələrinə Krımın dərinliklərində yerləşən Rusiya komandanlıq mərkəzlərini, təchizat xətlərini, sursat və yanacaq anbarlarını vurmağa imkan verdiyini iddia edir.

Neft bahalaşdı

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,55 dollara, yüngül neftin bir barreli isə 72,74 dollara təklif edilir.

Bakı və İrəvan bəzi razılıq əldə edib, lakin... - Qriqoryan

Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib, lakin fundamental məsələlərdə deyil. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. "Danışıqlarda məlum prinsip var - hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Bu danışıqlara da belə yanaşmaq lazımdır. Bir daha qeyd etmək lazımdır ki, danışıqlar gedir", - Qriqoryan bildirib. O xatırladıb ki, Brüsseldə, ondan sonra Kişinyovda sammitin keçirilməsi planlaşdırılır: "Paşinyan və Əliyev görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaq. Gəlin, yanaşmaların maksimum yaxınlaşması istiqamətini işləyək və irəli gedək. Gələcək sazişin dəqiq harada imzalanacağı - Moskvada, yoxsa Qərbdə, hələ ki, qərar verilməyib. Bu, irəliləyiş əldə oluna bilən yerdə ediləcək".

Messi bir ildə iki “Laureus” qazanan ilk futbolçu oldu

Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub. Sozcu.az xəbər verir ki, 36 yaşlı hücumçu “Laureus World Sports Awards” tərəfindən dünyada 2023-cü ilin idmançısı adına layiq görülüb. Fransanın PSJ klubunun üzvünün kapitanı olduğu Argentina millisi isə ilin ən yaxşı komandası seçilib. Buna qədər heç bir futbolçu bir il ərzində hər iki kateqoriyada ən yaxşı seçilməmişdi. Qeyd edək ki, “Laureus” idmançılara il ərzində qazandıqları nailiyyətlərə görə təqdim olunur. Bu mükafat 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.

Güllü paltar geyinmək ayıbdır, yoxsa xalqın malını talamaq?

Bizdə güllü paltar geyinmək ayıb sayılır, amma rüşvət almaq, xalqın malını talamaq yox.  Hamı bilir ki, pula pul deməyən nazirlərin, icra başçılarının, onların böyüklərinin varidati dövlətdən və xalqdan oğurlanmış pullar hesabınadır.  Hamı bilir ki, cah-cəlal içində üzən prokurorun, hakimin, polis rəisinin var-dövləti hansısa cinayətə göz yumulması müqabilində alınan rüşvət hesabınadır.  Bilir, amma demək olar ki, heç kim onları açıq qınamır. Əksinə, əksəriyyət onlarla salam kəsməyi, yaxın olmağı özlərinə şərəf sayırlar...  Birisi var, adını müxalifətçi qoyub, özü tanıdığım ən zəngin adamardan biridir, çünki əli iqtidarın cibindədir. O da güllü paltar geyinməyi qınayıb. Biri ona demir, ay filankəs, sən indiyə qədər azı 3 dəfə mənsub olduğun düşərgəni, dostlarını satmısan ee, indi "kişilikdən", "dəyərlərdən" dərs keçəcəksən?  Güllü paltar geyinmək niyə ayıbdır? Onlar kimə ziyan vurub? Qadınlar geyinəndə niyə ayıb olmur? Güllərdən xoşunuz gəlir, evinizi, bağınızı güllərlə bəzəyirsiz, fonunda şəkil çəkdirirsiz. Paltarda gül şəkli olanda nə olur?  Deyə bilərsən ki, zövgsüzdür, yaraşmır, amma illah da səhnəyə çıxan artisti geyiminə görə mənəvi terrora məruz qoymaq - güllü paltar geyinməkdən qat-qat daha pis əməldir.   Əjdadlarımız xələt geyiniblər. Ondan da əvvəl kişilərin libası qadınların indiki donu kimi olub. Orta əsrlərdə kişilərin sırğa taxması Azərbaycanda da adi hal olub... İndi onları qabağımıza qoyub danlamalıyıq?  Güllü paltar geyinməyin dəyərlərə heç bir aidiyyatı yoxdur, bu, stereotip məsələsidir. Stereotiplər cəmiyyətin problemidir. İnsanlar mənasız hisslərin əsiri olmamalıdır. Kimlərsə şəxsi nümunəsi ilə və cəmiyyətin hədəfinə gələrək bu stereotipləri məhv edirsə, onlara təşəkkür etmək lazımdır. Mustafa Hacıbəyli, jurnalist 

Podolyak: "Krım azad edildikdən sonra muxtariyyət statusu ləğv ediləcək”

“Krım azad edildikdən sonra muxtariyyət statusu böyük ehtimalla ləğv ediləcək”. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak bildirib. “Krım azad edildikdən sonra onun muxtariyyət statusu böyük ehtimalla ləğv ediləcək”, – o deyib. Onun fikrincə, unitar dövlət daxilində muxtariyyətlərin mövcudluğu separatçı əhval-ruhiyyə üçün zəmindir. “Aydındır ki, muxtariyyət aldıqdan sonra şüuraltı olaraq özünüzü digər bölgələrdən daha yaxşı hesab edirsiniz. Unitar dövlət üçün muxtariyyət təhlükəlidir və  regional səviyyədə münaqişəyə aparan yoldur”, – Podolyak qeyd edib.

"Rusiyanın geri döndərmək istədiyi şəri də birlikdə darmadağın edəcəyik..."

"Biz heç vaxt Ukrayna xalqının nasizm üzərində qələbəyə verdiyi töhfəni unutmayacağıq..." Ukraynada 8 May Qələbə Günü, 9 May Avropa Günü kimi qeyd ediləcək Ukrayna prezidenti Vladimir Zelenski 8 mayı Ukraynada 1939-1945-ci illərdə ikinci dünya savaşında nasizm üzərində Qələbə və xatirə günü kimi qeyd edilməsini təklif edib. Eyni zamanda o, ölkədə 9 mayı nasizmi məhv etmiş avropalıların birliyi bayramı-Avropa Günü kimi bayram edilməsi barədə fərman imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb. "Mayın 8-də Ukrayna və azad dünya bəşər tarixində altı dəhşətli 1939-1945-ci illəri xatırlayır...Bu illər milyonlarla insan həyatına, o cümlədən 8 milyon ukraynalının həyatına son qoyub. Bu illər işğal və vəhşiliklər, qanlı döyüşlər, bombardmanlar, blokadalar və kütləvi edamlar, Xolokost illəri olub. Bunlar nasizmin dünyaya, bizim torpağımıza gətirdiyi cinayətlər, pisliklərdir", - Zelenski deyib. O, qeyd edib ki, Ukraynaya "ideoloji qarışığı olmayan təmiz tarix" geriyə dönür. "Məhz mayın 8-də dünyanın əksəriyyət xalqları nasizm üzərində qələbənin böyüklüyünü xatırlayır. Dünya həyatı qoruyan hər kəs qarşısında baş əyir. O kəslər ki, azad edilmiş ərazilərdə nasist bayraqlarını rədd edib və həbs düşərgələrinin qapılarını açıb, xalqlara azadlıq bəxş edib və nasist şərini pisləyib.  Məhz mayın 8-də vermaxtın qeyd-şərtsiz təslim olması barədə akt qüvvəyə minib. Məhz mayın 8-də dünya müharibənin həyatlarına son qoyduğu insanların hər birinin xatirəsini yad edir", - Ukrayna prezidenti qeyd edib. O, məlumat verib ki, mayın 8-nin 1939-1945-ci illər ikinci dünya savaşında Qələbə və xatirə Günü kimi qeyd edilməsi barədə Ali Radaya qanun layihəsi təqdim edib. "Biz heç vaxt Ukrayna xalqının nasizm üzərində qələbəyə verdiyi tövhəni unutmayacağıq. Biz birlikdə şəri məhv etmişik, indi də ümumi qələbəni qazanan dövlətlər və xalqlarla birlikdə analoji şəri məhv edirik. O dövlət və xalqlarla ki, müharibənin dəhşətli illərini xatırlayaraq, "Təkrar edə bilərik" demir, "Daha heç vaxt" bəyan edir, öz qəhrəmanlarının xatirəsinə xəyanət etmir və ümumi dəyərlərimiz-insan həyatı və azadlığı, bərabərlik və ləyaqət, ksenofobiya və antisemitizm, irqi-ayrıseçkilik və dözümsüzlük, nufrət ideologiyası olmayan dəyərlərin gücünü qoruyub saxlayır. Biz o zaman da, indi də heç kimin daha heç vaxt başqa xalqları istila etməməsi və başqa ölkələri məhv etməməsi naminə mübarizə aparırıq. Və müasir Rusiyanın geri döndərdiyi o köhnə şər də nasizm kimi darmadağın ediləcək", - Zelenski əmin edib. O, məlumat verib ki, hər il mayın 9-u Ukraynada "nasizmi məhv edən və raşizm üzərində qələbə qazanacaq" bütün avropalıların tarixi birliyinin qeyd edilməsi barədə fərman imzalayıb. "Bu, təcavüzün bütün doqquz ili və tammiqyaslı hərbi müdaxilənin 440 günündə ukraynalılara dəstək verən Avropa Günü olacaq. Bu, müttəfiqimiz Avropanın Günü olacaq", - Ukrayna prezidenti qeyd edib. "Keçmişi xatırlayırıq, bu gün döyüşürük və qələbəyədək dayanan deyilik. İkinci dünya savaşında həlak olanların xatirəsi əbədi yaşayacaq!  Nasizmə qarşı vuruşan və ona qalib gələn hər kəsə eşq olsun! Ukrayna uğrunda çarpışan hər kəsə eşq olsun! Ukraynaya eşq olsun!" - Zelenski bəyan deyib.

“Pomidorun qiyməti 80 qəpik olmalıdır...” - Bahalaşmanı kim yaradır?

“Hazırda mövsüm məhsulları alça, çiyələk, xiyar, pomidordur. Yalnız alça, təzə kartof, soğan mövsüm məhsullarıdır. Lakin mövsüm məhsullarında müəyyən qədər ucuzlaşma gedir. Amma kənd təsərrüfatı məhsullarının kütləvi şəkildə yetişməyə başlamasına hələ 1 aydan çox vaxt var”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli deyib. O, mövsüm məhsulllarındakı ucuzlaşmanın bu il müşahidə olunmamasının səbəblərindən söz açıb: “Məsələn, xiyar çöl şəraitində mayın sonunda yetişə bilər. Yaxud digər meyvələr - ərik, gilas, albalı və s. açıq şəkildə kütləvi şəraitdə yetişir. O zaman ucuzlaşma müşahidə olunacaq. Yəni mövsüm məhsulları kütləvi şəkildə bazara çıxdıqca, onların qiyməti ucuzlaşacaq. Amma bu ucuzlaşma heç də keçənilki formada olmayacaq. Biz bazara diqqət yetirsək, görərik ki, heç nə keçənilki qiymətlər kimi deyil. Yəni qiymətlər hazırda keçən ilə nisbətən 2 dəfə bahadır. Elə məhsullar var ki, 50%, eləsi də var ki, 100% bahalaşıb”.  İqtisadçıya görə, bazardakı məhsul nomenklaturasının qiymətləri ötən ilə nisbətən bahalaşdığına görə, bu il kənd təsərrüfatı məhsulları keçənilki səviyyəyə qədər ucuzlaşmayacaq: “Məsələn, ötən il qarpızın kilosunu 30 qəpiyə alırdıqsa, bu il bu qiymətin olacağına inanmıram, hətta ən azı 50-60 qəpiyə alacağıq. Yəni bütün qiymətlər bahalaşıb deyə, kənd təsərrüfatı məhsullarının ötən ilə nisbətən bahalaşması təbii haldır.  Lakin mövsüm məhsullarının kütləvi yetişməsinə hələ var. Ona görə də hazırda hələ ki ciddi bir ucuzlaşma müşahidə etmirik. İstixanalar da ötən illərə nisbətən indi daha çox inhisarlaşıb. Onun üçün də istixana məhsulları nə qədər bol olsa da, bir əldə cəmləşib deyə qiymət diktə edir”.  “Məsələn, 1 həftə bundan əvvəl bazarda pomidorun qiyməti 5 manata qədər bahalaşmışdı. Həmin vaxt öyrəndim ki, Rusiyanın şəhərlərində Azərbaycan pomidoru 2 manatdır. Yəni biz Azərbaycan pomidorunu Sankt-Peterburqda 2 manata sata biliriksə, Azərbaycanda bunu 80 qəpik-1 manata sata bilərik. Sadəcə daxildəki istixanalar inhisarlaşdığına görə bazara qiymət diktə edir”, - o, yekunlaşdırıb.

Ruslar Baxmutda 100 min itki verib - Şok

Rusların sursat çatışmazlığı yoxdur. Düşmən təkcə Baxmut və Liman-Kupyansk istiqamətində sutka ərzində 25 min mərmi atır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qoşun qrupunun spikeri Sergey Çerevatıy deyib. Onun sözlərinə görə, rus ordusunun 9 ay ərzində Baxmut istiqamətində 20 min hərbçisi öldürülüb: “Söhbət 100 min itkidən gedir, onun da 20 mini ölüdür. Fikrimcə, dəqiq yoxlanılma aparılsa, itkilərin sayı daha da artacaq”.

Əsir hərbçimizə hökm oxundu

Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. Sozcu.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub. Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Tanınmış həkimi öldürən şəxs həbs edildi

Abşeronda arvadını qətlə yetirməkdə təqsirləndirilən Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Türkan Gündüzün öldürülməsinə dair Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Muhammet Gündüz barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkan Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Xatırladaq ki, qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub, əri isə biznesmendir.

“Bu gün ölkəmizdə dilənçiliyin forması yaxşılaşıb"

“Bu gün ölkəmizdə dilənçiliyin forması dəyişib, yəni formanın özü bir qədər yaxşılaşıb”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. O deyib ki, əvvəl dilənçilər insana yaxınlaşıb pul istəyirdilərsə, indi əllərində salfet tutub 10 qəpiyə satırlar. “Həmin məbləğə sənə salfet təqdim edir və qarşılığında pulunu istəyir. Bu, bir qədər dilənçiliyin fərqli yanaşmasıdır. Başqa bir növ isə maşın sürərkən müxtəlif istiqamətlərdən uşaqlar anidən hücuma keçirlər və şüşələri təmizləməyə başlayırlar və s. Bu da təhlükəsizlik baxımından müəyyən problemlər yaradır”. (report.az)