XİN: “Davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır”

“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində edilən paylaşımda bildirilib. “Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, – XİN-dən qeyd olunub. Qeyd edək ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır" - Paşinyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır. Sozcu.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatla çıxış edərkən deyib. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik. Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman real olacaq ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan tanısın və əbədi olaraq bir-birinə ərazi iddiası irəli sürməyəcəyinə söz versin”, – deyə Paşinyan bildirib. O, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Praqa və Soçi görüşlərində razılaşdığını bildirib. “Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və Azərbaycanın da eyni addımı atmasını gözləyir”, – o deyib.

İrandan narkotik gətirən şəxslər SAXLANILDI

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar. Sozcu.az xəbər verir ki, tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram maruxuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib. İlkin sorğu zamanı Aydin Şirinov və Novruz Nəcəfov onlardan aşkar olunmuş narkotik vasitəni İran vətəndaşı “Vəli” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Özünü xəstə göstərərək döyüşdən yayınan erməni polkovnik HƏBS EDİLDİ

Ermənistanda yüksək rütbəli zabit həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq Komitəsindən məlumat verilib. Ermənistan ordusunun polkovniki müharibə zamanı özünü xəstə kimi göstərərək döyüşdən yayındığına görə, cinayət məsuliyyətinə cəlb edilib. 44 günlük müharibə zamanı özünü xəstə kimi göstərən polkovnik hərbi hissə komandirinin müavini olub. İstintaq Komitəsi bildirib ki, ibtidai istintaq zamanı tibb müəssisəsindən bölmə komandirinin müavininin ölkədə elan olunmuş hərbi vəziyyət şəraitində oktyabrın 10-dan noyabrın 3-dək özünü xəstə kimi göstərərək 23 gün xəstəxanada qalması barədə məlumat daxil olub. Ona ittiham elan edilib, məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

Laçının Baş Planının hazırlanmasına 250 min manat xərclənəcək

Ərazi Tikinti Planlaşdırma İdarəsi “Laçın şəhərinin Baş Planının hazırlanması üzrə layihə işlərinin satınalınması” tenderinə yekun vurub. Sozcu.az xəbər verir ki, Bakı Dövlət Layihə İnstitutu (VÖEN: 1700162811) qalib gəlib. Şirkətlə 250 min manat məbləğində satınalma müqaviləsi imzalanıb. Bakı Dövlət Layihə İnstitutu bundan əvvəl də Ərazi Tikinti Planlaşdırma İdarəsi ilə “İlkin məlumatların toplanılması, şəhərətrafı ərazinin (rayonun) planının, istinad planının və ərazinin kompleks qiymətləndirmə sxeminin, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis hazırlığı sxeminin, mühəndis kommunikasiya sistemləri sxemlərinin, nəqliyyat və sosial obyektlərin yerləşmə sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi və kompleks mühəndis-geodeziya işləri” tenderi üzrə 204 594 manatlıq müqavilə imzalayıb (27.05.2022).

Məhkəmə çoban Xanışın qızı ilə bağlı qərar verdi

Məşhur çoban Xanışın qızı Telli Şahıyeva cərimələnib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, aprelin 17-də Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçibəyovun sədrliyi onun barəsində başlanmış inzibati işə baxılıb. Hakim Telli Şahıyevanın 200 manat məbləğində cərimələnməsi barədə qərar çıxarıb. Telli Şahıyeva İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) ilə ittiham edilirdi. Bu maddədə fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq nəzərdə tutulur.

Prezident və birinci xanım Salyan Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Sozcu.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Qarabağda ermənilərin müvəqqəti yaşadığı ərazilər yenə işıqsız qaldı

Qarabağda ermənilərin müvəqqəti yaşadığı ərazilər güclü külək nəticəsində işıqsız qalıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediasına Qarabağdakı qondarma qurumdan məlumat verilib. Bildirilir ki, 110 kV-lik “Sərsəng” yarımstansiyasında güclü külək nəticəsində qəza baş verib. Baş vermiş qəzaların aradan qaldırılması ilə əlaqədar, aprelin 20-də bütün “Arsax” işıqsız qalacaq.

Zakir Həsənov Qazaxıstana getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Türkiyədən gələn tələbələr üçün quru sərhədləri AÇILDI

Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib. Sozcu.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

Krım planı: sürərli və heyrətamiz… - Budanov

Ukraynanın Krımı azad etmək planı tədricən həyata keçirilir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. “Yazının sonuna qədər hələ xeyli vaxt var. Hər şey qrafik üzrə gedir. Görək yaxın gələcəkdə hadisələr necə inkişaf edəcək. Ukraynanın əks-hücum əməliyyatı dəqiq plan və qrafikə uyğun gedir”, - Budanov bildirib. Budanov qeyd edib ki, baş verəcəklərin bütün təfərrüatını açıqlaya bilməz: “İndi bunu etsəm, planı ruslara açıqlamış olaram. Bu heyrətamiz və sürətli olacaq”.

Rusların elit qoşunları artıq məhv edilib

Rus işğalçı qoşunları Baxmut bölgəsinə ən çox təlim keçmiş bölmələri, xüsusi təyinatlıları və hava hücumu briqadalarını köçürməyə başlayıb. Ancaq ruslar artıq həqiqi döyüşə hazır və peşəkar bölmələri bərpa edə bilmirlər. Sozcu.az xəbər verir ki, ukraynalı hərbi ekspert Pyotr Çernik deyib. O bildirib ki, işğalçıların (ruslar) qondarma elit qoşunların hazırlanmasında böyük problemləri var. Çernikin sözlərinə görə, bacarıqlı və peşəkar hərbçi yetişdirmək üçün azı dörd ay vaxt lazımdır: "İşğalçı qüvvələrin təlim keçmiş kontingenti isə genişmiqyaslı müharibənin ilk aylarında məhv edilib".

Rusiyanın itkiləri 183 mini keçdi

Ukrayna müharibənin 419-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 183 130 hərbçi, 3661 ədəd tank, 7098 ədəd zirehli döyüş maşını, 2810 ədəd artilleriya sistemi, 538 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 285 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5676 ədəd avtomobil texnikası, 2353 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 330 xüsusi avadanlıq itirib.

İsrail Çinə də çağırış etdi: İrana təsir göstər...

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər şeyi edəcək. Sozcu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen çinli həmkarı Qin Qanq ilə telefon danışığı zamanı bildirib. O, Pekindən İranın nüvə proqramını dayandırması üçün təsir göstərməsini istəyib: "Mən bu gün Çinin xarici işlər naziri Qin Qanq ilə danışdım. Mən onu Yaxın Şərqin və dünyanın bir çox ölkələri üçün təhlükə yaradan nüvə proqramının irəliləyişini dayandırmaq üçün İrana təsir göstərməyə çağırdım. İsrail dövləti Tehrandakı terrorçu rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün istənilən yolla hərəkətə keçəcək".

Hindistan əhali sayına görə Çini KEÇDİ

Hindistan əhali sayına görə Çini keçib. Sozcu.az xəbər verir ki, bunu "World Population Review" təşkilatının məlumatları sübut edir. Bakı vaxtı ilə saat 22:14-də Hindistanın əhalisi 1 milyard 425 milyon 943 min 916 nəfər, Çinin əhalisi 1 milyard 425 milyon 743 min 834 nəfər olub. Saytda Hindistan üçün rəqəmlər daha sürətli dəyişir. Qeyd edək ki, 2022-ci ildə Çin dünyada əhali sayına görə birinci yerdə olub. Onun əhalisi 2022-ci ilin sonunda 1 milyard 425 milyon 887 min 337 nəfər, Hindistanda isə 1 milyard 417 milyon 173 min 173 nəfər olub.

Başlıbel faciəsindən 30 il keçir

Bu gün – 18 apreldə Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamın növbəti ildönümüdür. Sozcu.az-ın məlumatına görə, hadisə 1993-cü il aprelin 18-də törədilib. Rəsmi məlumata görə, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkarlayıb, köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları həmin gün saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüblər. Hücum nəticəsində 14 nəfər - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9-u aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər. Cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. 1993-cü il aprelin 19-dan sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər. Faktlar Azərbaycan Baş Prokurorluğunun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Cinayət işinin istintaqı zamanı kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirildiyi sübuta yetirilib. Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi 44 günlük müharibədən sonra, ötən ilin aprelində ekshumasiya edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizləri əsasında aparılmış ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Dörd ay davam edən istintaqdan sonra ekshumasiya edilmiş cəsədlər əvvəlki yerinə qaytarılaraq orada dəfn edilib.

"Əsirlərimiz qaytarılmayana qədər Laçın-Şuşa yolu bağlanılmalıdır" - Hərbi ekspertdən AÇIQLAMA - VİDEO

Musavat.com bildirir ki, hərbi ekspert Ədalət Verdiyev "TV Müsavat"ın efiridə mühüm açıqlamalar verib. Ədalət Verdiyev bildirib ki, Ermənistan əsgərimizin əsir düşdüyü vaxta uyğun gələn cinayət hadisəsini əsir əsgərimizin üstünə yıxaraq məhkəmə qarşısına çaxarmaq istəyir. Buna görə də əsgərimizi geri alana qədər Laçın-Şuşa yolunu tamamən bağlamalıyıq. Ətraflı videoda:

Makron: Pensiya islahatı bu tarixdə qüvvəyə minəcək

Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatı payızda qüvvəyə minəcək. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron qeyd edib ki, islahat cəmiyyət tərəfindən “aydın şəkildə” qəbul edilməyib.

Aİ-nin Sudandakı səfiri iqamətgahında hücuma məruz qalıb

Avropa İttifaqının (Aİ) Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhülkəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell məlumat verib. “Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik binaların və şəxslərin təhlükəsizliyi Sudan hakimiyyətinin əsas öhdəliyidir”, - deyə o, “Twitter“ hesabında yazıb. Qeyd edək ki, Sudan ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında toqquşmalar zamanı 180-dən çox insan ölüb 1800-dən çoxu yaralanıb. Bundan əvvəl Sudan ordusu vətəndaşların təhlükəsiz təxliyəsi və lazımi yardımın çatdırılması üçün humanitar dəhlizlərin açılmasına razılıq verib. Eyni zamanda, humanitar dəhlizlərin açılması ilə bağlı razılıq əldə edildikdən sonra Sudanın paytaxtı Xartumda küçə döyüşləri şiddətlənib.

Amsterdama gedən təyyarənin şassisində meyit tapıldı

Kanadadan Amsterdam Şiphol hava limanına uçan təyyarənin eniş şassisində meyit tapılıb. Sozcu.az xəbər verir ki, təyyarənin Nigeriyanın Laqos şəhərində dayandıqdan sonra Şiphol Hava Limanına gəldiyi bildirilir. Həyatını itirən şəxsin təyyarənin eniş şassisində hansı ölkədə gizləndiyi hələlik məlum deyil. Xəbərdə qaçan şəxsin ölüm səbəbinin hipotermiya ola biləcəyi bildirilir.

Bakıda yol qəzası olub, ölən və xəsarət alanlar var

Bakının Sabunçu rayonunda ölümlə və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 20-25 yaşlarında gənc oğlan (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib. Qəza zamanı xəsarət alan digər iki nəfər - 1999-cu il təvəllüdlü Çobanov Nurlan Hətəmxan oğlu və həmyaşıdı Abbasov Ceyhun Səyyad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin təfərrüatı araşdırılır.report

Ermənistana azıb keçən iki əsgərimizə qarşı Qarabağda on min erməni əsgəri var...

Ermənistan dövləti pis hava şəraitində ərazisinə keçən iki əsgərimizə cinayət işi açıb, silah gətirməkdə, qanunsuz sərhədi keçməkdə ittiham edir. Nə etməliyik sualı ilə bir sıra təkliflər irəli sürülür və əsgərlərimiz üzərində hüquqi prosesin başa çatmasını və perspektivdə məhkum olunan erməni diversantlardan ikisi ilə dəyişilməsi daha çox müzakirə olunur. Bizim əsgərlər əlverişsiz hava şəraitinə görə qarşı tərəfə keçib. Ermənistan Respublikasının vətəndaşları olan 10 min silahlı hərbiçi isə hazırda Azərbaycanın Qarabağ bölgəsindədir. Bu məsələyə iki tərəfdən-hərbi və siyasi baxımdan yanaşmaq lazımdır. Hərbi baxımdan Azərbaycan xüsusi təyinatlılarının, xüsusi xidmət orqanının xüsusi təyinatlı dəstəsinin üzərinə əməliyyat keçirməklə on minlik silahlı qüvvələr içərisindən bir neçəsini əsir götürmək və qarşı tərəfə adekvat olaraq – Azərbaycan Respublikasının ərazisinə qanunsuz keçmək və silah gətirmək ittihamını irəli sürmək lazımdır. Siyasi baxımdan isə təcili Laçın yolunda çoxdan müzakirə olunan sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılmasını Rusiya Federasiyası qarşısında şərt kimi qoymaq və ən qısa müddətdə, məsələn 3 gün, yaratmaq lazımdır. Necə ola bilir ki, iki əsgərin hava şəraiti ilə əlaqədar Ermənistan ərazisinə keçməsi cinayət, on min hərbiçinin silahlı olaraq Azərbaycana girməsi qanunauyğun sayılsın? Və sabah on minlik Ermənistan vətəndaşı olan hərbiçilər Azərbaycan ərazisin tərk edəndə əlində silah olarsa həbs ediləcəyi, yalnız tərksilah olarlarsa tutulmadan ölkəmizi tərk edə biləcəkləri şərt olaraq elan edilməlidir.  Moderator.az-ın Analitik Qrupu

QƏHRƏMANIN ANIM GÜNÜ - 30

18 aprel Azərbaycan Milli Qəhramanı, Ahıska türkü İsgəndər Aznaurovun şəhidlik məqamına ucalmasının 30-cu ili tamam olur. İsgəndər bəy 1993-cü ilin 18 aprel tarixində Gədəbəyin strateji əhəmiyyətə malik Keçəldağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Böyük sevgi, sayğı və hörmətlə xatırlayır, yaddaşımızda yaşadırıq! Ceyhun Nəbi

"O, qışqırırdı, 5-6 yaşı vardı, mən onu başından güllələdim..." - Keçmiş "vaqnerçi"

"O, qışqırırdı, 5-6 yaşı vardı, mən onu başından güllələdim..." "Uşaqlara yazığım gəlir, çox uşaq öldürmüşəm, mənim əllərim qana batıb..." Keçmiş "vaqnerçi" Priqojinin əmrlərini necə icra etdiyini etiraf edib... "Vaqner qrupu" özəl hərbi şirkəti bölməsinin sabiq komandiri, Saratov vilayəti 13 saylı islah koloniyasının sabiq məhkumu, Putin tərəfindən 23.08.22-ci il tarixdə əfv edilən 42 yaşlı Əzəmət Uldarov şirkətin rəhbəri Yevgeni Priqojinin əmri ilə dinc ukraynalıları necə qətlə yetirdiyi barədə danışıb.  Sozcu.az xəbər verir ki, keçmiş "vaqnerçi" ilə müsahibə hüquq müdafiəçisi Vladimir Oseçkin tərəfindən "YouTube" kanalında "Gulagu.net" təşkilatının rəsmi kanalında dərc edilib. "Bu əlimlə mən uşaqları öldürmüşəm. Əmr edilmişdi. Biz Baxmut və Soledar şəhərlərinə daxil olmuşduq, bizə hər şeyi təmizləyib məhv etmək əmri verilmişdi. Biz, 150 nəfər "vaqnerçi" yol gedirdik, qarşımıza çıxan qadınlar, kişilər, uşaqlar, təqaüdçü kişi və qadınların hamısını öldürürdük. Sən anlayırsanmı biz bu əllərimizlə nələr etmişik?.. O, qışqırırdı, körpə uşaq idi, 5-6 yaşı vardı. Mən onu başından güllələdim", - Uldarov qorxunc açıqlamalarını bölüşür.  Onun xatırladıqları epizodlardan biri Baxmutda 9 mərtəbəli binanın zirzəmisində yüzlərlə ukraynalının qətli olub. Bu, cəmisi bir ay öncə baş verib.  "Mən zirzəmiyə girəndə orada uşaqlar vardı. Mənə heç kimi buraxmamaq əmri verilmişdi. Mən əmri icra etdim və heç kimi buraxmadım. Təxminən 300-400 nəfərin 40 nəfəri uşaq idi. Mənim başqa çıxış yolum yox idi, mən başqa cür hərəkət edə bilməzdim. Hamısını məhv etmək əmri almışdım. Bu, 9 mərtəbəli böyük bir bina idi. Binanın zirzəmisi, 1-ci və 2-ci mərtəbəsi minalanmışdı. Mən əmri icra etdim və hamını cəhənnəmə göndərdim", - "vaqnerçi " danışıb.  O, vurğulayıb ki, muzdlulardan heç kim Priqojinin əmrinə tabe olmamağa cəsarət etməzdi. Konkret qərar verilmişdi, Proqojin əmr edib ki, heç bir terrorçu razılaşmaya gedilməyəcək. Bu, Priqojinin sözləri idi: "Hamını öldürmək, heç kimi əsr götürməmək". Bunu bizə Priqojin video vasitəsilə demişdi: "Heç kimi əsir götürməyin, hamını məhv edin". "Uşaqlar əzab çəkib, uşaqlara yazığım gəlir. Çox uşaq həlak olub. Mən bunu gizlətmirəm, mənim əllərim qana batıb", - keçmiş "vaqnerçi" etiraf edib  O, həmçinin ukraynalı hərbçiləri yüksək qiymətləndirərək onları "ləyaqətli döyüşçü" adlandırıb.  "Onlar öz dövləti uğrunda, öz ideyası uğrunda döyüşür. Mən onları pisləmirəm. Onlar ləyaqətli rəqiblərdir", - Uldarov deyib. Dərc edilən videoda həmçinin Rusiyanın Voronej vilayətindən 1 saylı islah koloniyasından keçmiş məhkum, Putin tərəfindən 02.09.22-ci il tarixdə əfv edilmiş və "Vaqner qrupu"na cəlb edilmiş Aleksey Saviçevin etirafları da əks olunub.  Oseçkin deyib ki, Uldarov və Saviçev hazırda Rusiyadadır.  "Onlar 100 faiz Ukrayna Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi və s. hər hansı təsirində deyil. Onlar bir həftə ərzində video və audiosorğuların gedişində müfəssəl və ardıcıl olaraq ifadə verib və "Gulagu.net"-in təsisçisi Vladimir Oseçkinə ürək dağlayan məlumatlar verib. "Gulagu.net"-in təsisçisi Vladimir Oseçkinə ürək dağlayan ifadə və məlumatlar verib. Bu sırada 20-dən çox ukraynalı uşaq və yeniyetmələrin güllələnməsi, 50-dən artıq yaralı əsirlərin və yüzlərlə müharibəni tərk edib ukraynalıların qətlindən imtina edənlərin olduğu çalanın partladılması, yaşayış evlərində olanların, o cümlədən uşaqların qətlləri var.  Bütün bu ifadələr və sübutlar Priqojin və onun əlaltıları barəsində onlarla qəddar qətllər, hərbi cinayətlər və insanlığa qarşı cinayət faktları üzrə cinayət təqibinin təşkili üçün birbaşa əsaslardır", - "Gulagu.net" vurğulayıb.