Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. O qeyd edib ki, Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb.
"Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir", - Zaxarova deyib.
Bu açıqlama Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Cəmiyyət Rusiyanın bölgədə sülhü təmin edəcəyinə inanmır.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev bildirib ki, Rusiya Cənubi Qafqazda sülh və inkişafın təmin edilməsində heç də maraqlı deyil:
“Mən Rusiyanın bölgədə sülhü təmin etməkdə maraqlı olduğuna qətiyyən inanmıram. Bizim bəxtimiz onda gətirməyib ki, belə axmaq qonşularımız var. Ta qədimdən erməniləri o bölgəyə gətirən elə ruslar özü olub və həmişə bizim aramızda gedən çəkişmələrin, gərginliklərin səbəbkarı da məhz Rusiyadır. Ruslar heç vaxt istəməz ki, biz sərhədlərimizi tam təmizləyək və sərhədimizi qoyaq. Onlar həmişə istəyiblər ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər daim gərgin qalsın, çünki bu, onlar üçün əlverişlidir. Rusun siyasəti budur, onlar həmişə münaqişə olmasının tərəfdarıdır. Mən siyasətçi deyiləm, aktyoram, lakin bunu başa düşmək üçün dərin siyasi biliyə gərək yoxdur, bir az müşahidə aparan hər kəs bunu görə bilər. Hadisələr onu göstərir ki, vəziyyət belədir. Necə olur ki, o vaxt Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli bəyanat imzalandı, amma 2 il keçib bu müqaviləyə əməl edən yoxdur? 100 gündən çoxdur bizim ekoaktivistlər Laçın-Xankəndi yolunda etiraz edirlər, soyuqda dayanıblar və öz gözləri ilə görürlər ki, ermənilər o yoldan mütəmadi silah daşıyırlar. Bu necə ola bilər?!”
Aktyor qeyd edib ki, Azərbaycan Rusiya sülhməramlılarından birmənalı olaraq tərəfsizlik gözləsə də bu, belə olmadı. Son iki ildə Rusiya sülhməramlıları gözləntiləri doğrultmadı:
“Onlar heç vaxt sülhməramlı olmayıblar. Gəldikləri gündən bəri harada sülh yaradıblar?! Heç yerdə! Adı sülhməramlıdır, amma gözlərinin qabağında silah daşınır. Ermənilərdən də pul alıb nə istəyirlərsə, o tərəfə ötürürlər. Yalandan maşınlara öz bayraqlarını asıb o yana, bu yana nə lazımdırsa, daşıyırlar. Bunlar hamısı göz qabağındadır. Bizimkilər də bunları öz gözləri ilə görür. Nə deyim, artıq bilmirəm. Allah bizi bu bəladan tezliklə qurtarsın”.