MM şöbə müdiri: “Aliment öhdəliyi olan şəxslər sosial həssas qrup kimi tanınmalıdır”

“Aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır”. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, alimentlə bağlı problemlər də çox ciddidir: “Bilirik ki, aylıq gəlir olduqda uşaqların sayına görə müvafiq olaraq aliment gəlirin 1/4, 1/3 və ½ hissəsində təyin olunur. Bu alimentin mənbəyində tutulma imkanı da mövcuddur ki, bu sahədə problem olmur, eyni zamanda kifayət qədər ədalətlidir. Amma aylıq gəlir olmadıqda ya onu sübut etmək olmadıqda, bu halda aliment yaşayış minimumuna uyğun olaraq müəyyən olunur. Əgər üç uşaq varsa bu məbləğ kifayət qədər yüksək olur. Belə olan halda gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı bəzi hallarda müəyyən miqdar əməkhaqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. Hansı ki, işsiz şəxsin daha az ödəyə bilməsi reallığı da var”. Şöbə müdiri hesab edir ki, aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır: "Belə olduqda onlar nəinki alimenti ödəyər, həm də öz gələcək ailə planlarını da icra edə bilərlər”./Report

Elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edildi

Nazirlər Kabineti “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişiklik edib. Elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişikliklər edilib. Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib. Eyni zamanda, elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib. Yeni hallar aşağıdakılardır: - barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə; - barəsində həbs növündə qətimkan tədbiri seçildikdə; - nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.

Hakimi təhqir edən Kloppun cəzası məlum oldu

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cəzalandırılıb. Almaniyalı mütəxəssis İngiltərə Premyer Liqasında “Tottenhem”lə matçda (4:3) baş hakim Pol Tirni təhqir etdiyinə görə biri şərti olmaqla ikioyunluq diskvalifikasiya edilib. 55 yaşlı mütəxəssis 75 min funt sterlinq cərimə də ödəməli olacaq. Klopp cəza səbəbindən İngiltərə Premyer Liqasının 37-ci turunun “Aston Villa” ilə ev matçında texniki zonada ola bilməyəcək. Mənbə: BBC

Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, mərkəz tərəfindən özəl tibb müəssisələrində planlaşdırılmış və plandankənar yoxlamalar keçirilir. Bu ilin I rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 38 müəssisədə nöqsanlar aşkarlanıb. Digər 28 özəl müəssisədə isə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb, 11 müəssisədə isə heç bir nöqsan aşkarlanmayıb. Eyni zamanda, plandankənar yoxlamalar nəzərdə tutulmuş 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə 8 müəssisədə nöqsanlar aşkarlanıb. Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 52 protokol tərtib edilib və icraata göndərilib. Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir. İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir. İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir. Bundan əlavə, 67 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 55 müraciətə müsbət rəy verilib.

Xankəndidə çıxış bağlandı: Müharibəyə hazırlıq...

Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, erməni əhalisinin də Bakıya üz tutmasının qarşısını alan Qarabağdakı separatçı rejimin addımları yeni təxribat hücumlarına hazırlıq ehtimalını ön plana çıxarır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir. Birincisi, daxili siyasi qarşıdurma var: Babayanın qondarma “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyan da aktivləşib; İkincisi, müharibəyə hazırlıqdır: separatçıların bütün yolları bağlansa da, Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülər Rusiya sülhməramlılarının müşaiyəti ilə silah daşınması işinin davam etdiyi fikrini yaradır, o cümlədən, separatçı rejimin cinayətkarları əfv etməsi də onlardan canlı qüvvə kimi istifadə edilcəyi gözləntisini ortaya çıxarır. Lakin müharibə hazırlığından Araik Arutyunyandan daha çox, Samvel Babayan və Ruben Vardanyan danışır. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib. Hər iki şəxsin bu cür çıxışı siyasi mübarizədə önə çıxmaq istəyindən irəli gəlsə də, digər informasiyaları və baş verənləri nəzərə alanda ordumuza qarşı təxribat hazırlığının aparıldığı ehtimalını irəli sürmək mümkündür. Artıq “müdafiə komitəsi” adı ilə qondarma qurum yaratmaq çağırışları var, məqsəd Bakıya reinteqrasiya prosesinin qarşısını almaqdır. Lakin separatçılara “müdafiə olunduqlarını” göstərmək üçün hansısa hərbi toqquşma lazımdır, məhz bu şəraiti yaratmaq məqsədilə ordumuza qarşı təxribat hücumlarının ola biləcəyi istisna edilməməlidir. Bütün bunların fonunda dünən axşamdan Qarabağda sosial şəbəkələrin bloklanması da müharibəyə hazırlıq haqda şaiyələri gücləndirib. Erməni ekspert Artur Papyan bildirib ki, Qarabağda Feysbuk, İnstaqram və Vatsap qismən bloklanıb: “Bunu kimin və nə üçün blokladığı bilinmir. Ermənilər VPN proqramlarından istifadə etməyə çalışırlar”. Xankəndidə həm də, diqqətçəkən qeyri-müəyyən proseslər gedir.

Qobustanda qazi faciəvi şəkildə öldü

Ötən gün saat 03 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75,6-cı km-də 1993-cü il təvəllüdlü Mirdamət Mirkamıl oğlu Kamilov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən, yolu keçən piyada 2001-ci il təvəllüdlü Vüqar Pünhan oğlu Rüstəmovu vurub. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Vüqar Rüstəmov Vətən müharibəsi qazisidir.

Böyük uğur: Ukrayna Baxmutda irəliləyir

Ukrayna qoşunları mayın 18-də əks-hücum əməliyyatları zamanı Baxmutda taktiki təşəbbüsü ələ keçirərək əhəmiyyətli uğurlar əldə ediblər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Bildirilib ki, bu, Ukrayna qüvvələrinin yeni böyük əməliyyatının başlanğıcı yox, bir neçə gündür aparılan əks-hücumların davamıdır. Bir neçə rusiyalı hərbi jurnalistin iddiasına görə, Ukrayna qüvvələri İvanovskinin cənub və cənub-qərbində (Baxmutdan 6 km qərbdə), Kleşeyevkanın isə şimal-qərbində (Baxmutdan 6 km cənub-qərb) Rusiyanın müdafiə xətlərini yarıb. Rusiya qüvvələri Sakko və Vançettinin şimalındakı mövqelərdən (Baxmutdan 15 km şimalda) cənubundakı mövqelərə çəkilib, ancaq Ukrayna qoşunları hələ də kəndə daxil olmayıb.

Bağçalara sənəd qəbulu dayandırılır

Mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır. bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycandan İranın 17 şirkətinə məhdudiyyət

17 şirkətin İrandan Azərbaycana bibər və kivi idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Belə ki, AQTA tərəfindən İran İslam Respublikasından idxal olunan bibər və kivi məhsullarına fitosanitar baxış keçirilib. Baxış zamanı götürülən nümunələr Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan ekspertizanın nəticələrinə əsasən, İrandan bu ölkənin şirkətləri tərəfindən respublikamıza idxal olunan bibər məhsulunun 19 partiyasında karantin tətbiq edilən zərərli orqanizm - “Qonur qırışıqlıq virusu” aşkarlanıb. Həmin məhsul partiyasından 10-u “Rasol Soleymanpour”, 4-ü “Amanj Sahragard”, 2-si “Avoid Sarmayeh Asia Co”, 1-i “Bazargani Diba Mehr Daryan”, 1-i Farhad Tejarat Ramin” və 1-i “Sarah Jabaroti” şirkətinə aiddir. Bundan əlavə, İran şirkətləri tərəfindən respublikamıza gətirilən kivi məhsulunun 34 partiyasında karantin tətbiq olunan zərərli orqanizm - “Tut qalxanlı yastıcası” aşkarlanıb. Zərərverici aşkar edilən məhsul partiyalarından 6-sı “Sarah Jabaroti”, 5-i “Ramin Cheraghi”, 4-ü “Bahram Gostar Aras Shargh” 3-ü “Sayed Ali Akbar Abul Maali” və 3-ü “Avoid Sarmayeh Asia Co” şirkətinə aiddir. Digər 13 ixracatçı şirkətin hər birində isə 1 uyğunsuzluq halı müəyyən olunub AQTA bildirir ki, aşkarlanan hallarla əlaqədar Agentlik tərəfindən İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib: “Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir. Qeyd olunan şirkətlərlə yanaşı, Azərbaycan idxalçılarından “Dry Fruits” MMC, “Frukt İs” MMC, “Ballı Store N” MMC və “South potato” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən bibər məhsullarından götürülən nümunələrdə “Qonur qırışıqlıq virusu”, “Amotrade” MMC, “Narnumru” MMC, “Fadak-1974” MMC, “Freere Fructe” MMC, “Senergy Az” MMC və “South potato” MMC tərəfindən gətirilən kivi məhsulunda isə dəfələrlə “Tut qalxanlı yastıcası” aşkarlanıb. Qeyd olunan subyektlərin idxal etdiyi zərərli orqanizmlə sirayətlənmiş məhsullarla bağlı zəruri fitosanitar tədbirlər görülsə də, gətirilən növbəti məhsul partiyalarında zərərli orqanizmlərin sirayətlənməsi halları təkrarlanıb. Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən Agentlik tərəfindən İranın yuxarıda adları qeyd olunan 9, Azərbaycanın isə 8 şirkətinin bibər və kivi məhsullarını respublikamıza idxal etməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub”. AQTA bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş fitosanitar nəzarət tədbirlərini davam etdirir.

450-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 450-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 201 760 hərbçi, 3777 ədəd tank, 7377 ədəd zirehli döyüş maşını, 3210 ədəd artilleriya sistemi, 564 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 319 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6083 ədəd avtomobil texnikası, 2769 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 418 xüsusi avadanlıq itirib.

Yazıçı Sərvinaz Əhmədi həbs edildi

Yazıçı, tərcüməçi və uşaq hüquqları müdafiəçisi Sərvinaz Əhmədi həbs cəzasına məhkum edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran Yazıçılar Birliyi bəyanat yayıb. Bəyanatda yazıçının həyat yoldaşı, işçi hərəkatı fəalı və jurnalist Kamyar Fəkurun da saxlanıldığı, barəsində cinayət işi açıldığı qeyd edilib. Xanım yazıçı “hökumətə qarşı təbliğat" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün fəaliyyət” ittihamlarına görə 3 il 3 ay həbs cəzasına məhkum edilib. Yazıçılar Birliyi İran hökumətinin Sərvinaz Əhmədi və başqa yazıçılara qarşı repressiyalarını pisləyib, bunu Tehran hökumətinin repressiya maşınının daha da qəddarlaşmasının nümunəsi adlandırıb. Qeyd edək ki, İran xanım yazarların həbsinə görə dünyada liderdir.

Kılıçdaroğlu: Türkiyə gəncliyi ilə yenidən tarix yazmağa hazırlaşır

Millət İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Twitter hesabında 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı mesajını paylaşıb. “Ulu Öndərimiz Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Türkiyə daxili və xarici pisliklərə qarşı gəncləri ilə bir tarix yazmağa hazırlaşır. Ümidimizi və Atatürkün gənclərə verdiyi tarixi borcumuzu yaşadaraq, qətiyyətlə addımlayacağıq. 19 Mayınız mübarək!”  Sozcu.az

Ukrayna SQ Baş Qərargahı: Rusiyaya məxsus silah anbarları və texnika məhv edilib

Bu gün Ukrayna hərbçiləri Rusiyanın cəmləşdiyi ərazilərə hücum edərək, sursat anbarlarını və texnikanı, xüsusən artilleriya, zenit-raket kompleksi və elektron döyüş stansiyalarını məhv edib. Hərbi aviasiya Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində altı zərbə endirib. Bundan başqa, bu günlər ərzində Ukrayna Silahlı Qüvvələri 21 qanadlı raketi və müxtəlif tipli 7 kəşfiyyat aparatını məhv edib.

Ukrayna Rusiya ərazisini atəşə tutdu: ölənlər var

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinin Şebekino dairəsinin Aşağı Berezovo kəndini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. O bildirib ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qubernator sakinlərin tarlada işləyərkən atəşə məruz qaldığını əlavə edib.

Kiyev səmasında iki "Xəncər" vuruldu

Ötən gecə Kiyev səmasında Rusiyaya məxsus daha iki "Xəncər" raketləri vurulub. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç çıxış edib.

Kılıçdaroğlu Oğanla GÖRÜŞƏCƏK

Türkiyədə seçkilərin ilk turunda "ATA İttifaqı"nın prezidentliyə namizədi olmuş Sinan Oğanla "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu arasında görüşəcəklər. Sozcu.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, görüş sabah baş tutacaq. Məlumata görə, əsas müzakirə mövzusu prezident seçkilərinin ikinci turunda Oğanın kimi dəstəkləyəcəyi olacaq. Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb. Oğan bu gün "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu ilə də eyni müzakirə üçün 3 saatlıq görüşüb. Bundan əvvəl Oğanın 2-ci turda kimi dəstəkləyəcəyi barədə qərarını 19 mayda açıqlayacağı barədə məlumat yayılmışdı.

SPİKER: Ukrayna qalib gələcək

Ukraynada tezliklə daha çox NASAMS sistemi olacaq. Sozcu.az "Ukrinform"a istinadən xəbər verir ki, bu u Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk deyib. O, Norveçə səfəri çərçivəsində bu ölkədə yerləşən hərbi müəssisəyə baş çəkib. "Bu gün "Kongsberg Defence & Aerospace" şirkətinin prezidenti Eirik Li və "Storting" şirkətinin prezidenti Məsud Qaraxani ilə birlikdə Ukrayna Silahlı Qüvvələri üçün zenit sistemlərinin tədarükünün artırılması haqqında danışdıq. Ukrayna Rusiyanın başlatdığı müharibədə qalib gəlməlidir. Ukrayna qalib gələcək. Norveç bizim yanımızdadır” , - Ali Radanın sədri bildirib.

ABŞ Yaponiyanı nüvə silahı ilə qoruyacaq - Bayden söz verdi

ABŞ prezidenti Co Bayden Hiroşima şəhərində Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. ABŞ tərəfinin açıqlamada deyilir ki, Bayden və Kişida müdafiə sahəsində əməkdaşlığı gücləndirmək yollarını müzakirə ediblər. Yaponiya XİN-in məlumatına görə, Bayden ikitərəfli Təhlükəsizlik Müqaviləsinə uyğun olaraq Yaponiyanı nüvə imkanları da daxil olmaqla, bütün vasitələrlə müdafiə edəcəyinə söz verib. Qeyd edək ki, Bayden 2023-cü il mayın 19-dan 21-dək Xirosimada keçiriləcək G7-nin 49-cu sammitində iştirak etmək üçün üçün Yaponiyada səfərdədir.

"İstəyirsiniz buraları cəhənnəmə çevirin, biz buna hazırıq, amma tez gəlin..." - Mustafa Cəmilov

"Krımı işğaldan azad etmədən Krım-tatar xalqının gələcəyi yoxdur..." "Krım azad ediləndən sonra tam demilitarizasiya edilməyəcək, orada Ukraynanın güclü hərbi-dəniz bazası olmalıdır..." Krımın Ukraynayönümlü sakinləri yarımadanın güc yolu ilə işğaldan azad edilməsinə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Krım-tatar xalqının lideri Mustafa Cəmilov "Ukrinform" nəşrinə müsahibəsində bəyan edib. O, vurğulayıb ki, Rusiyanın özü Krımla bağlı danışıqlar üçün bütün yolları bağlayıb. "Və bu gün hərbi yoldan başqa yol qalmır. Mənə Krımdan həmvətənlər zəng edib işlərin nə yerdə olduğunu, hansı perspektivin olacağını  soruşanda, mən deyirəm ki, böyük ehtimalla, Krım güc yolu ilə azad ediləcək. Deyirəm ki, biz o cümlədən Krımdakı hərbi bazalara zərbələr endirəcəyik. Əlbəttə, mən şüurlu insanlarla danışıram, onlar isə cavab verir: "İstəyirsiniz buraları cəhənnəmə çevirin, biz buna hazırıq, amma tez gəlin". Bax, Krım tatarlarının bu məsələyə münasibəti belədir", - Cəmilov deyib. "Krım azad ediləndən sonra tam demilitarizasiya edilməyəcək..." "Krımı işğaldan azad etmədən Krım-tatar xalqının gələcəyi yoxdur. Hərçənd, işğaldan azad edilməsi ağrı, ölüm və dağıntılarla müşayiət ediləcək, bizim vətəndaşlarımız işğal olunmuş ərazilərdə bütün səylərini qoşunlarımıza kömək etməyə yönəltməlidir. İşğaldan azad edildikdən sonra isə Krımın problemləri böyük intizamla, ağılla həll edilməli, orada millətlərarası toqquşmalara yol verilməməlidir", - Cəmilov deyib. O, qeyd edib ki, yarımadada qısa zamanda normal həyatı təmin etmək lazım gələcək. "Və bir də belə qonşumuz olduğu halda Krımın tam demilitarizasiyasından danışmaq, çətin ki, mümkün olsun, orada Ukraynanın güclü hərbi-dəniz bazası olmalıdır. Mən əminəm ki, biz NATO-nun üzvü olacağıq. Biz mütləq böyük Avropa ailəsində-Avropa İttifaqında olacağıq. Bizim hüquqlarımıza Avropa normalarına uyğun olaraq zəmanət veriləcək. Krım-tatar xalqının mövcud olması və inkişafına böyük ümidlər var", - Cəmilov deyib. Kontekst: Rusiya Krımı Ukrayna hərbi hissələrini bloklayandan və 16 mart 2014-cü ildə qanunsuz referendumdan sonra işğal edib. Yarımadanın Rusiya Federasiyasına "birləşdirilməsi" Ukrayna və əksəriyyət ölkələr tərəfindən tanınmır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanın qitə hissəsinə, o cümlədən Krıma tammiqyaslı hərbi müdaxilə edib. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, 2014-cü ildən Ukraynanın zəbt edilmiş bütün ərazilərinin, o cümlədən Krımın azad edilməsini qarşısına məqsəd qoyub. Ukrayna prezidenti Vladimir Zelenski yarımadanın qeyri-hərbi yolla azad edilməsini istisna etməyib. "Kimsə Krımın qeyri-hərbi yolla işğaldan azad etmək üsulunu təklif etməyə hazırdırsa, mən yalnız bunun tərəfdarı olaram", - o, 2022-ci ilin noyabrında deyib. Dekabr ayında Ukrayna Hərbi Kəşfiyyatının rəisi Kirill Budanov bəyan edib ki, Krım həm hərbi, həm də diplomatik yolla geri qaytarılacaq. "Bizim bölmələr oraya əllərində silah daxil olacaq", - Budanov deyib. 2023-cü ilin fevralında Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiyası məsələləri üzrə naziri İrina Vereşşuk məlumat verib ki, Ukrayna Krımın idarə edilməsi üzrə kadrların hazırlığına başlayıb. Mart ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, Krımın hərbi yolla azad edilməsinin alternativi yoxdur.

Ermənilərin yaydığı məlumat yalandır! - MN

Mayın 18-i guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin minaatanlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bunu qəti surətdə təkzib edirik. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib.

Sertifikasiya dərs bölgüsünə təsir edəcək? - AÇIQLAMA

"Müəllimlərin sertifikasiyasının dərs bölgüsünə hər hansısa bir təsiri gözlənilmir". Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. "Əvvəlki qiymətləndirmə nəticələri onsuz da var, dərs bölgüsü ona uyğun aparılır", - deyə o bildirib.

Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO

Birinci siniflərə qeydiyyatın başlamasından bir həftə keçməsinə baxmayaraq, bəzi valideynlər hələ də buna nail ola bilmirlər. Qarşıdakı aylarda uşaqlarını 1-cı sinfə göndərəcək valideynlər indidən problemlə üzləşiblər. Onlar bildirirlər ki, yaşadıqları yerə yaxın ərazidə övladlarını məktəbə qoya bilmirlər. Məsələyə Elm və Təhsil Nazirliyi münasibət bildirib. Nazirlikdən qeyd olunub ki, bu hal müvəqqətidir və yalnız sıxlıq olan məktəblərdə bu qayda tətbiq olunur. Prioritetlər üzrə qəbuldan sonra digər uşaqlara da şərait yaradılacaq. Qeyd edək ki, bu problemlə daha çox yaşadığı yerdə qeydiyyatda olmayan, övladları həmin məktəblərdə oxumayan ailələr üzləşiblər. Bəs bu problemin yaşanmaması üçün nə edilə bilər? Ekspert Elşən Qafarov təklif edir ki, elektron sistem daha öncədən və daim açıq olmalıdır. Onun sözlərinə görə, belə olarsa, neqativ halların qarşısını vaxtında almaq mümkün olar. Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in videomaterialda:

Bölgələrdə yaxın 3 gündə hava necə olacaq?

Yaxın günlərdə - mayın 19-u və 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Sozcu.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, may ayının 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimal-şərq küləyi əsəcəyi ehtimal olunur: "Bölgələrdə isə yaxın üç gündə - mayın 19-u, 20-si və 21-də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır".