Dünən - bazar günü, martın 17-də Rusiya Federasiyasında Kreml rejiminə qarşı döyüşən Rusiya Könüllülər Korpusu(RKK) və "Sibir batalyonu"nun döyüşçüləri Rusiyanın Belqorod vilayətinin Qrayvoronski rayonunun Kozinka kəndinin azad edildiyini bəyan ediblər.
Sozcu.az “TSN” kanalına istinadla xəbər verir ki, bu barədə "Sibir batalyonu"nun telegram-kanalında məlumat paylaşılıb.
"Rusiya Federasiyası ərazisində könüllü qüvvələrin məhdud xüsusi əməliyyatı davam edir. Rusiya Federasiyasının Kozinka kəndində “Sibir batalyonu”nun və RKK-nın bayraqları qaldırılıb", - deyə rus könüllülər foto dərc edərək bildiriblər.
Qeyd edilir ki, həmin gün səhər saatlarında Sibir batalyonunun döyüşçüləri İçkeriya Çeçenistan Respublikasının könüllüləri ilə birlikdə Belqorod vilayətinin Qorki yaşayış məntəqəsinə daxil olduqlarını və yerli administrasiyanın binalarını ələ keçirdiklərini elan ediblər. Könüllülər öz bəyanatlarını təsdiqləmək üçün əllərində “Qorki kənd qəsəbəsinin administrasiyası” yazılmış lövhə və ayaqlarının altında üçrəngli Rusiya bayrağı olan olan foto-şəkil dərc ediblər...
O da xatırladılır ki, “Rusiyanın Azadlığı” legionunun bölmələri, Rusiya Könüllülər Korpusu və “Sibir batalyonu” martın 12-də səhər saatlarında Ukrayna-Rusiya sərhədini keçərək Rusiyanın Belqorod və Kursk vilayətlərinin ərazisinə daxil olublar. Onların azadlıq reydi davam edir...
Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryovun sözlərinə görə, Putin rejiminə qarşı döyüşmək üçün Rusiya Federasiyası ərazisinə qayıdan rusiyalı könüllülər azad edilmiş rayonlarda alternativ hökumət elan etmək niyyətindədirlər...