Aİ səfiri: "Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq"

"Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq". Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko tviterdə yazıb. "Dünən Tərtərdə baş vermiş mina partlayışı nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini böyük kədərlə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək”, - deyə o bildirib.

Mələkxanım Eyubovanın gəlininin vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib. Axşam.az xəbər verir ki, xanəndənin oğlu Cəfər Nəcəfov böyrək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilən həyat yoldaşında son durumu ilə bağlı sosial şəbəkədə paylaşım edib: "Vəziyyəti ilə maraqlanan, fiziki və ya mənəvi yanımda olduğunu hiss etdirən hər kəsə dərin təşəkkürümü bildirirəm. Məlum səbəbdən zənglərə, mesajlara cavab verə bilmirəm. Vəziyyəti stabildir. İnşallah, çətinliklər tezliklə geridə qalar. Anlayışınız üçün təşəkkür edirəm". Cəfər Nəcəfov "Hər şeyə hazır olun", "Xəstənin vəziyyəti ağırdır, həyati təhlükəsi var" ifadələrinin onun üçün eşidə biləcəyi ən ağır sözlər olduğunu da qeyd edib. Xatırladaq ki, xanəndənin gəlini Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Tərtərdəki mina partlayışının təfərrüatı...

Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub. ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb. Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal edilir. Hadisə nəticəsində zərərçəkmiş şəxslər "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir. Faktla bağlı cinayət işi başlanıb.

Maşın azyaşlı bacı və qardaşı vurdu

İmişli rayonunda azyaşlı qardaş və bacını avtomobil vurub. Sozcu.az xəbər verir ki, 2018-ci il təvəllüdlü İ.Məmmədov və bacısı, 2020-ci il təvəllüdlü E.Məmmədova yolu keçərkən avtomobil onları vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qəhrəmanmaraşda güclü zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksun rayonunda 4,7 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 6,89 km dərinliyində yaranıb. Tələfat və dağıntı qeydə alınmayıb.

Britaniya səfiri Tərtərdəki mina partlayışından yazdı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində 3 nəfərin tank əleyhinə minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib. Sozcu.az xəbər verir ki, səfir bu barədə Tvitter hesabında paylaşım edib. “Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına baş sağlığı verirəm”, - F.Auld yazıb.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 79,54 dollara, yüngül neftin bir barreli 76,78 dollara, "Azəri Layt" markalı Azərbaycan neftinin 1 barreli isə 83,80 dollara təklif edilir.

Rusiyanın itkiləri 190 MİNİ keçdi

Ukrayna müharibənin 430-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 190 040 hərbçi, 3697 ədəd tank, 7184 ədəd zirehli döyüş maşını, 2908 ədəd artilleriya sistemi, 543 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 294 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5836 ədəd avtomobil texnikası, 2471 ədəd PUA, 932 qanadlı raket, 18 gəmi/qayıq, 355 xüsusi avadanlıq itirib.

Gədəbəydə maşın aşdı, sürücü öldü

Gədəbəy rayon Düz Yurd kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Sezar Səfərov idarə etdiyi avtomobili aşırıb. O, qəza nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Ombudsmandan Tərtərdəki mina partlayışına görə çağırış

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtərdə baş vermiş mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması faktı ilə əlaqədar dünya ictimaiyyətinə çağırış edib. Sozcu.az çağırışın mətnini təqdim edir: “Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi mina terroru və azərbaycanlılara qarşı nifrət siyasəti günahsız insanların qətlə yetirilməsinə səbəb olmaqdadır. Dərin təəssüf hissi ilə bildirirəm ki, cari ilin 28 aprel tarixində Tərtər rayonunun Talış kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olmuşdur. Ermənistanın növbəti mina terrorunun qurbanına çevrilərək həlak olmuş soydaşlarımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm! Ermənistan 30 ilə yaxın bir dövr ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq insanların həyat və sağlamlığına zərər vermək məqsədilə yüz minlərlə mina basdırmışdır. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə 300-dək insan mina qurbanı olmuş, onlardan 54 nəfəri həyatlarını itirmişlər. Lakin bütün bunlara baxmayaraq Ermənistan nəinki ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir. Belə ki, son dövrlər baş vermiş mina hadisələrinin araşdırılması zamanı yolun hərəkət hissəsi ətrafında Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş tank və piyada əleyhinə minaların aşkarlanması Ermənistanın postmüharibə dövründə təxribatçılıq siyasətini davam etdirməsinin növbəti sübutudur. Dünya ictimaiyyətinin, əlaqədar beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana ciddi təsir göstərməməsi son dövrlərdə regionda bu kimi təxribat yönümlü, beynəlxalq humanitar hüquqa zidd hərəkətlərin intensiv xarakter almasına səbəb olmaqdadır. Dəfələrlə tələb edilməsinə baxmayaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də ölkəmizə təqdim edilməməsi nəticə etibarilə çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə gətirib çıxaran mina partlayışlarının baş verməsinə səbəb olur. Bununla əlaqədar bir daha dünya ictimaiyyətinə müraciət edərək, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan Ermənistanın mina terrorunun aradan qaldırılması məqsədilə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim edilməsinə dəstək verməyə və beynəlxalq humanitar hüququn tələblərini pozmaqda davam edən Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırıram".

İlham Əliyev və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfərə gedib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslər qarşılayıblar.

Şəhid anası tələbə oldu: “Heç kimin əlinə baxmaq istəmirəm”

Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva kollecə qəbul olub.  Bu barədə Yenisabah.az-a danışan M.Quliyeva vaxtilə Qazaxıstanda kollec bitirsə də, Azərbaycanda diplomunu istifadə edə bilmədiyi üçün yenidən ölkəmizdə diplom almaq niyətində olduğunu bildirib. O, bunu heç kimin əlinə baxmaq istəməməsi ilə əlaqələndirib:  “Mən kolleci vaxtilə Qazaxıstanda bitirmişəm. Ərəb dili tərcüməçisiyəm, daha sonra Almatıda universitetə daxil oldum. Amma vəziyyət elə gətirdi ki, övladımın atasını Qazaxıstandan deportasiya etdilər. Ona görə biz Azərbaycana qayıdıb gəldik və təhsilimi davam etdirə bilmədim. Bura gəldikdə Qazaxıstandakı diplomumu istifadə edə bilmədim.  Bu gün Azərbaycanda şəhid anaları üçün hər cür komfort yaradılıb, gedirsən, adına maaş olan bir kart yazıb verirlər, işləmirsən, yenə sənə güzəşt edirlər. Lakin mən bundan istifadə etmək istəmədim, icra başçısına iş üçün müraciət etdim, bildirdi ki, sənin diplomunu burada qəbul etmirik. Bu səbəbdən mən də yeni diplom almaq istədim. Halbuki icra hakimiyyətində çalışan 50 faiz diplomlulardan daha savadlıyam. Hələ ki, ixtisasımı seçməmişəm, işğaldan azad olunmuş bölgələrdə çalışmaq üçün aqrar sahəni seçmək istəyirdim, sadəcə, kimya və biologiya savadım güclü deyil. Bu imtahanda rus dili və Azərbaycan dili nəticələrim yüksəkdir, ora tarixi də əlavə etmək istəyirəm”.  Şəhid anası təhsilini hansı sahə üzrə davam etdirəcəyinə hələ ki, dəqiq qərar vermədiyini deyib:  “Təhsilimi əyani yoxsa qiyabi davam etdirəcəyimə hələ ki, qərar verməmişəm. Mən Aqrar Universiteti seçmək istəyirdim, çünki Gəncə bizə daha yaxındır, həm də gələcəkdə işğaldan azad olunmuş bölgələrdə bu sahəyə tələbat daha çox olacaq. Fikrimi dəqiqləşdirəndən sonra qərarımı verəcəyəm. Hələ ki, 2 ay vaxtım var, ola bilər ki, kimya və biologiya müəlliminin  yanına hazırlaşmaq üçün gedərəm”. 

Balıq ovuna qadağa qoyuldu - Sentyabrın 1-dək...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Sozcu.az-a bildirib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində qanunamüvafiq tədbirlər görülür. Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.

Yevlaxda 16 nəfər TUTULDU

Yevlax rayonunda aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarınıın rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat tədbirləri aprel ayı ərzində də qətiyyətlə davam etdirilib. Bu əməliyyatlar zamanı Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən 16 nəfər müəyyən edilərək istintaqa təhvil verilib, onlardan 8 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərdən heroin, metamfetamin və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Bu tədbirlər zamanı 3 kiloqrama yaxın sadalanan narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilib. Həmçinin saxlanılan şəxslərdən bir neçəsinin oğurluq əməlləri törətdiyi də müəyyən olunub. Oğurlanan əşyalar da aşkarlanaraq öz sahiblərinə geri qaytarılıb. Yevlax rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər polis əməkdaşları tərəfindən davam etdirilir.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda fəaliyyət göstərən taksi xidmətlərində bahalaşma müşahidə edilir.  Sozcu.az xəbər verir ki, taksi xidmətlərinin təxminən 30% bahalaşdığı bildirilir.  Qiymətlərin bahalaşmasına səbəb kimi şəhərin mərkəzində baş tutan “Formula 1” yarışı göstərilir. Əsas səbəbin yarışların keçirildiyi yolların bağlı olması və buna görə benzin sərfiyyatının artması ilə əlaqəli olduğu deyilir.  Qeyd edək ki, "Formula 1" yarışı aprelin 30-dək davam edəcək. 

“Azdrama”da vəzifə davası: Nazir onlardan hansını seçəcək?

Akademik Milli Dram Teatrına direktor təyinatının yubanması müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub. Mərhum Xalq artisti Azər Paşa Nemətovun dünyasını dəyişməsindən sonra ölkənin ən qədim teatr məbədinə kimin rəhbərlik edəcəyi maraq doğurur.  Yenisabah.az xatırladır ki, iddialılar sırasında üç tanınmış mədəniyyət adamının - Xalq artistləri Nurəddin Mehdixanlı, Bəsti Cəfərova və tanınmış rejissor Mehriban Ələkbərzadənin adı hallanır.  İddialılardan biri - sevilən aktrisa Bəsti Cəfərova hər hansı vəzifədə gözünün olmadığını deyib. Xalq artisti bildirib ki, Azdramaya rəhbərlik etməyi düşünmür, onu ancaq sənəti maraqlandırır.  Adı Akademik Milli Dram Teatrının direktoru postuna namizədlər sırasında hallanan, hətta bəzi çevrələrdə ən şanslı namizəd kimi xarakterizə edilən  tanınmış və təcrübəli aktyor Nurəddin Mehdixanlı isə məsələyə fərqli münasibət bildirib. Xalq artisti sözügedən vəzifə ilə bağlı hər hansı iddiasının olub-olmadığına dair suala birmənalı cavab verməyib. O, "Azdrama"ya yeni direktor təyin edilərkən kollektivlə məsləhətləşməyin vacib olduğunu bildirib. Adı namizədlər sırasında hallanan digər iddialı - tanınmış rejissor, Əməkdar Mədəniyyət Xadimi Mehriban Ələkbərzadə ilə bağlı durum isə bir qədər fərqlidir. Məlumatlara görə, xanım Ələkbərzadə "Azdraman”ın sükanı arxasına keçməyə həvəslidir. Onun ölkənin ən qədim sənət ocağına rəhbərlik etməsi üçün bütün imkanlarını səfərbər etməsi barədə məlumatlar da var. Bəzi tanınmış sənət adamlarının bu təyinatın gerçəkləşməsi üçün M.Ələkbərzadəyə lobbiçilik etdiyi bildirilir.  “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Akademik Milli Dram Teatrının kollektivi bu təyinata soyuq yanaşır. Onlar “özgənin”, yəni Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş rejissor vəzifəsində çalışan M.Ələkbərzadənin Azdramaya rəhbərlik etməsini istəmirlər. Hətta yeni direktorla bağlı təyinatın bu səbəbdən yubandığını iddia edənlər də var.  Mədəniyyət Nazirliyinin məsul şəxslərindən biri saytımıza bildirib ki, "Azdrama”nın yeni direktoru adı mətbuatda hallanan namizədlər arasından seçilməməsi tamamilə mümkündür. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı Mədəniyyət naziri Adil Kərimli verəcək.  Mənbə təyinatın yubanmasını milli mentalitetimizdən irəli gələn bəzi amillərlə əlaqələndirib:  “Məlum olduğu kimi, Azər Paşa Nemətov bu il aprel ayının 9-da dünyasını dəyişib. Nazir onun 40 mərasimi başa çatana kimi yerinə yeni şəxsin təyin olunmasını düzgün hesab etməyib. "Azdrama"nın yeni direktorunun kim olacağı ilə bağlı qərar may ayının 20-dən sonra veriləcək”. 

Azərbaycanda ŞOK OLAY! - Şagirdlərin şantaj etdiyi müəllim...

Azərbaycanda gənc müəllim şagirdi tərəfindən şantaj olunub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə Siyəzən rayonunda qeydə alınıb. Rayon 1 saylı orta məktəbin müəllimi 22 yaşlı F.F (ad şərtidir) polisə müraciət edərək həmin məktəbin 11-ci sinif şagirdi İ.H tərəfindən şantaj olunduğunu bildirib. Qadın müəllimə şikayətində şagirdinin onu şəkillərini yayacağı ilə hədələyərək pulunu aldığını qeyd edib. Müəllimə həmçinin polisə bildirib ki, həmin məktəbin daha iki şagirdi də onu narahat edib.   Müəllim şagirdlərin ona qarşı etdiyi bu tərbiyəsizlikdən sarsıntı keçirərək intihara cəhd edib. Belə ki, o, intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib, ailə üzvlərinin müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb. Baş vermiş hadisə ilə bağlı Siyəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Adı çəkilən şagirdlər saxlanılaraq onların ifadələri alınıb. Lakin onlar məktəbli olduğu üçün sərbəst buraxılıblar.  Faktla bağlı araşdırılma aparılır. 

“Kərimə”çilər Azərbaycana təhvil veriləcək? – İran nə etmək istəyir?

Molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” (Hüseynçilər-red.) qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində saxlanılıblar. Bu barədə hökumətə yaxınlığı ilə bilinən “Azariha” xəbər saytı məlumat yayıb. Məlumatda deyilir ki, qrupun rəhbərləri 5 gün öncə Qum şəhərində həbs ediliblər. Sozcu.az Azpolitika.info-ya istinadən xəbər verir ki, uzun müddətdir rahat şəkildə ölkəmiz əleyhinə təbliğat aparan bu şəxslərin birdən-birə həbs edilməsi İran mediasında da təəccüblə qarşılanıb. İddialara görə, İran Azərbaycanla münasibətləri normallaşdırmaq, gərginliyi azaltmaq üçün “Hüseyniyyun” qruplaşmasının liderlərini yaxın vaxtlarda Azərbaycana ekstradisiya etməyi düşünür. Qeyd edək ki, İranın dəstəklədiyi “Hüseyniyyun” son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb. Bu qruplaşma ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı təxribatçı mövqe sərgiləyən təşkilat kimi tanınır. Orxan Məmmədov və Tohid İbrahimbəyliyə gəlincə, hər iki şəxs barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar. Orxan Məmmədov mütəmadi şəkildə sosial şəbəkələrdə dini kəlamlarla, siyasi analizlərlə vətəndaşları dövlətə qarşı çıxmağa, ixtişaşlar yaratmağa səsləyir. Qumda dini təhsil alıb və bir neçə il öncə daimi yaşayış yeri kimi İranı seçib. Tez-tez Rusiyaya səfərlər edən O. Məmmədov Rusiyada yaşayan azərbaycanlı gənclər arasında “İslam inqilabı” ideyalarını yaymaqla məşğul olan dəstənin nümayəndələrindəndir. Tohid İbrahimbəyliyə gəlincə, o, 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq “Hüseyniyyun” terror təşkilatını yaradıb. “Youtube” sosial şəbəkəsində radikal çıxışlar edən bu şəxs də illər öncə İranın Qum şəhərinə köçüb. Onu da qeyd edək ki, Azərbaycan tərəfi daha öncə bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etmişdi.

Ağdam Kollecindəki korrupsiya faktları məhkəməyə göndərildi

Ağdam Musiqi Kollecindəki korrupsiya faktları barədə cinayət işi məhkəməyə göndərilib.  Bu barədə Sozcu.az-a Baş Prokrorluqdan məlumat verilib. Ağdam Musiqi Kollecinin sabiq direktoru Rafail Musayevin külli miqdarda rüşvət alması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaq zamanı Rafail Musayevin qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illər ərzində kollecdə müəllimlərin işlə təmin edilməsi, onlara əlavə dərs saatlarının verilməsi, habelə tələbələrin imtahanlardan məqbul qiymət alması müqabilində ümumilikdə 45 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Rafail Musayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Vahid Əhmədovla bağlı QƏRAR VERİLDİ

Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda deputat Vahid Əhmədova töhmət verilib. Qeyd: Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib. Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin. Xatırlatma: Biir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib.

Kütləvi zəhərlənmə: 20 rus hərbçisi öldü

Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərində rus hərbçilər arasında kütləvi zəhərlənmə baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, aprelin 24-də Melitopoldakı rus ordusunun bölmələrinin birində baş verən zəhərlənmə nəticəsində 20 rus hərbçisi ölüb.

“Bu əxlaqsız, alçaq adamları...” - Şəhid anası onları bağışlayacaqmı?

Mingəçevirdə şəhid anasına qarşı oğurluq hadisəsi qeydə alınıb. Belə ki, Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gedib.  Övladlarının məzarını təmizləyərkən dəsmal yumaq üçün uzaqlaşan ana çantasını məzarların yanında qoyub. Bu zaman onun çantasından telefon və pul qabı oğurlanıb.  Bəs görəsən, şəhid anasından oğurluq edənləri bağışlamaq olarmı?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq  Aydın Xan Əbilov bildirib ki, bu cür insanları bağışlamaq olmaz. Onlar sərt ictimai qınağa məruz qalmalıdırlar: “İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz qələbədən sonra şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız o qədər xalqın gözündə yüksəlib ki, belə hadisələrin baş verməsi ikiqat ürəkağrıdıcıdır. Şəhidlər bizim milli-mənəvi dəyərimizdir, şəhidlərin ailələrinə əl uzadan, onlara qarşı kobudluq edən, haqlarını yeyən şəxslər bizdən deyillər, bu istər məmur olsun, istərsə sadə vətəndaş. Onlar sərt ictimai qınağa, eyni zamanda inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ki, digərlərinə də dərs olsun. Bu nə deməkdir?! Bir ana iki şəhid verir, gedib övladlarının qəbrini təmizləməklə təskinlik tapmağa çalışır, hansısa əxlasız, alçaq da gəlib onun pulunu oğurlayır. Bundan dəhşətli hal ola bilərmi?”  Onun sözlərinə görə, həmin şəxslər qanunun sərt üzünü mütləq görməlidir ki, bu, başqalarına da dərs olsun:  “Biz şəhidlərimizə başımızın tacı deyirik, onların ruhu qarşısında baş əyirik, bu hadisəni törədənlər bilməlidir ki, bu gün olmasa da sabah törətdikləri əməl burunlarından qan olaraq axacaq. Onlar şəhid anasından oğurladıqları pulla necə çörək ala biləcəklər? Dükandan çörək oğurlayan insana bunu bağışlamaq olar, başqasının evinə girib nəyisə götürəni belə bağışlamaq olar, amma şəhid anasına qarşı atılan bu addımı heç cür bağışlamaq olmaz! Bu insanlar ciddi şəkildə həm xalqın qınağına məruz qalmalıdılar, həm də məhkəmənin sərt üzünü görməlidirlər. Onlar cəza çəkdikləri həbsxanada da qınağa məruz qalmalıdırlar, onlar həbsxanada ən axırıncı adam kimi küncdə saxlanılmalıdırlar, onlara hörmət qoyulmamalıdır.  Şəhid anası həm də imamlarımızın, peyğəmbərlərimizin anası deməkdir. Şəhidin bir damla qanı hara düşdüsə, ora çiçəklənir, Vətən olur. Şəhidin bir ahı günahkarları yandıra bilər. Biz şəhidlərin qanı hesabına bu gün alnı açıq, üzü ağ, qəddi düz gəzirik. Bu adamları bağışlamaq olmaz! Hətta şəhid anası onları bağışlasa belə olmaz. Mən əminəm ki, şəhid anası onları bağışlayacaq. İki oğul itirmiş bir ana bir telefon, bir az da pula görə kiminsə tutulmasına razı olmaz, amma cəmiyyət və rəsmi dairələr belə adamları bağışlamamalıdır”. 

Siyasilərin “İstanbul derbisi”: Ərdoğan və Kılıçdaroğlu eyni gündə...

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıq davam edir. Marafonda iştirak edən bütün siyasi qüvvələr qalib gəlmək üçün var gücləri ilə çalışırlar.  Sozcu.az xatırladır ki, əsas rəqabət 2 siyasi qüvvə - “Cümhur İttifaqı” və “Millət İttifaqı” arasında gedir. Həm iqtidar, həm də müxalifət qələbəni təmin etmək üçün ölkə ərazisində təbliğat aparır, izdihamlı mitinqlər keçirirlər.  Tərəflərin Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirəcəyi mitinq isə eyni günə təsadüf edir. Həmin gün həm hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, həm də onun əsas rəqibi sayılan, ana müxalifət lideri Kemal Kılıçdaroğlu istanbulluların qarşısına çıxacaq. Siyasi çevrələrdə bunu “İstanbul derbisi” kimi qiymətləndirənlər də var. Türkiyəli analitiklər eyni gündə gerçəkləşəcək bu görüşlərdəki iştirakçı sayının seçkinin nəticələrinə təsirsiz ötüşməyəcəyini düşünürlər. 

Yaxın vaxtlarda Bakı ilə danışıqlar gözlənilir - Qriqoryan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında danışıqlar gözlənilir.  Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.  O bildirib ki, yaxın vaxtlarda nümayəndələr sülh sazişi üzrə danışıqları davam etdirmək üçün görüşəcəklər:  “Yaxın zamanlarda danışıqlar gözlənilir. Biz hazırladığımız sülh müqaviləsinin layihəsini Azərbaycana göndərməmişik”.