"Son zamanlar insanlar "TikTok"dan gəlir əldə etmək üçün asan yollar fikirləşirlər. artıq zəhmət çəkib işləmək istəmirlər. Asan qazanc mənbəyi əldə etmək üçün övladlarını belə öz niyyətlərinə alət etməkdən çəkinmirlər".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki, bu kimi halları əvvəllər gənclərdə görürdük, indi isə cəmiyyətin az qala bütün yaş qruplarını əhatə edir:
"Bu yolla həyatlarına davam etmək istəyirlər. Ətrafında bu cür insanları görənlərin meyili daha da artır. "TikTok" fenomenləri, blogerlərin hər biri bu işə minimum məbləğlə başlayıblar, indi isə maksimum gəlir əldə etmək səviyyəsindədilər. Bu yola necə davam ediblər, hansı mərhələlərdən keçiblərsə, hər biri gözümüzün qabağındadır. Özlərini rəzil edən, yerdən-yerə vuranlar da olub. Mümkün olan bütün rəzillikləri edərək gəlir əldə etmək iqtidarında olan insanlardır. Təəssüf ki, ətrafdan baxanlar onların rəzilliyini görmür, təkcə qazanclarını görür. Ona görə də meyillər artır. Məncə, cəzalar çox yumşaqdır. Xüsusilə Uşaqlara qarşı sosial şəbəkələrdə edilən nalayiq davranışların cəzası sərtləşdirilməlidir. Vətəndaş bilməlidir ki, uşağın məsuliyyəti tək valideyndə deyil. Uşağa nəzarəti dövlət də həyata keçirir. Təhlükəsizliyinə birbaşa dövlət cavabdir”.