İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilən Tural Səfər oğlu Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, toplanan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mikayıl Məmmədzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 27-nə təyin edilib.
Qeyd edək ki, Tural Haqverdiyev ötən il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilən, İranda gizlənən Tohid Alim oğlu İbrahimbəyli, Rövşən Elçin oğlu Əsədov, Orxan Kəmran oğlu Məmmədov, Elşad Elçin oğlu Hacıyev (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.
Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən, əsasən, əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilərək, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza atmaqla müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb.
Cinayət işi üzrə əvvəllər məhkum edilmiş İskəndər Hani oğlu Hüseynov, Tural Səfər oğlu Haqverdiyev, Eltun Əli oğlu Şükürov və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.