Qazaxlı Alikin oğluna hökm oxundu

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, F. Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, F. Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.

Tanınmış həkimlər məhkəməyə çağırılacaq

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə daha 7 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkən Tural Nəsmiyev vəsatət verərək cərrah-transplantoloq Mircəlal Kazıminin, Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərovanın, Talassemiya Mərkəzinin direktoru vəzifəsində çalışmış Valeh Hüseynovun məhkəməyə çağırılaraq dindirilməsini, bununla yanaşı, təqsirləndirilən şəxslər arasında olan danışıqlar, Vatsap tətbiqi üzərində olan mesajlaşmalar və danışıqların məhkəməyə təqdim olunmasını istəyib. Dövlət ittihamçısı, zərərçəkən şəxslər, müdafiə tərəfi və təqsirləndirilənlər buna etiraz etməyib. Hakim zərərçəkmişlərlərin ifadələrindən sonra adıçəkilən şəxslərin məhkəməyə çağırılacaqlarını bildirib. Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin 2022-ci aprel ayından- 2023-cü il fevral ayınadək olan müddətdə anten məlumatları, zəngləri, mesaj mətnlərinin məhkəməyə təqdim edilməsi barədə olan vəsatəti təmin edib. Prosesdə zərərçəkənlər ifadə verib. Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək. Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Zelenski prezident postundan yalnız bu şərtlərlə gedəcək - AÇIQLADI

Vladimir Zelenski Ukraynada müharibə başa çatdıqda və ölkənin təhlükəsizliyi üçün müvafiq təminatlar olduqda prezident postunu tərk etməyə hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, Zelenski bunu Almaniyanın ARD telekanalındakı tok-şouda deyib. “Ukraynada sülh naminə hər şeyə hazıram. Uzun və davamlı sülh üçün. Bir insan kimi, bir vətəndaş kimi, bir ata kimi... Mən heç nədən yapışmıram. Mən Ukraynanın prezidentiyəm, çünki insanların 73 faizi mənə səs verib və bu gün mən Ukrayna prezidentiyəm, çünki ölkəmdəki əksəriyyət məni dəstəkləyir”, – o, "sülh müqaviləsinin imzalanması tələbi “yalnız Zelenski olmadan” olarsa, vəzifəsini tərk etməyə hazırdımı" sualına cavabında deyib. Prezident qeyd edib ki, o, ölkəni müdafiə edən insanlar kimi Ukraynanın vətənpərvəridir. Və təbii ki, Rusiya ondan xilas olmaq istəyir. Bəlkə də müharibənin əvvəlində cəhd etdikləri kimi fiziki yox, siyasi cəhətdən. “Və bu olduqca başa düşüləndir. Mən Putin üçün çox əlverişsiz adamam”, - dövlət başçısı bildirib. O xatırladıb ki, Parisdə Normandiya dördlüyünün sammitində (2019-cu ilin dekabrında) Putinlə çox gənc və təcrübəsiz vaxtında tanış olub. “Biz uzun müddət danışdıq, razılaşdıq və hətta qışqırdıq. Danışıqlar 6 saat fasiləsiz keçdi. Aydındır ki, bu gün daha çox təcrübəm var və... mənim üçün heç də asan deyil. Ona görə də Rusiya məndən yaxa qurtarmaq istəyir”, - deyə Zelenski bildirib. Eyni zamanda o qeyd edib: “Sabah Ukrayna Aİ və NATO-ya daxil olarsa, Rusiya qoşunları geri çəkilsə və bizim təhlükəsizlik zəmanətimiz olsa, prezidentlik postu mənə daha lazım olmayacaq. Amma bunlar baş verənə qədər mən ölkəmi müdafiə edəcəm”. Zelenski avtoritar idarəçilik ittihamlarını rədd edib və deyib ki, o, “müharibə zamanı prezidentin etməli olduğu işi” edir. Dövlət başçısı özünü “ən liberal insanlardan biri” adlandırıb və ölkələrində müharibələr gedən zaman digər liderlərin atdığı addımları xatırladıb. “Kiminsə xoşuna gəlsə də, gəlməsə də, müharibə həmişə müəyyən azadlıqların məhdudlaşdırılmasını tələb edir”, - o deyib.

Paşinyan milli təhlükəsizlik strategiyasını dəyişir - Komissiya yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün komissiyanın yaradılması haqqında fərman imzalayıb. Sozcu.az xəbər verir ki, komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək. Onun tərkibinə nazir müavinləri və təhlükəsizlik orqanlarının rəhbərləri, parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri də daxil olacaq. Milli təhlükəsizlik strategiyasındakı dəyişikliyi yanvarın 28-də Paşinyan bəyan edib. Xatırladaq ki, yeni milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib. Sənəddə ermənilərin öz ölkələrinin fəxri vətəndaşları, Üçüncü Ermənistan Respublikasını quran və qondarma “Artsaxı azad edən”  xalqın varisləri olduğu vurğulanır. Sənədə görə, Ermənistan “Artsax erməniləri”nin təhlükəsizliyinin və azadlığının təminatçısı kimi bütün dünyada ermənilərin maraqlarını təmsil edir. Gözlənilir ki, yeni milli təhlükəsizlik strategiyasında qondarma “Artsax”a aid bəndlər çıxarılacaq.

ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirdi

ABŞ döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə sınağın keçirildiyi BŞ Kosmik Qüvvələrinin “Vandenberq” bazasından məlumat yayılıb. “Döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketi sınaq çərçivəsində 19 fevral 2025-ci il saat 1:00-da (Bakı vaxtı ilə 13:26) buraxılıb”, - qeyd olunur. Vurğulanıb ki, sınaq buraxılışı Vaşinqtonun hər hansı dünya hadisələrinə reaksiyası deyil.

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

Fevralın 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Neftçala və Qobustanda şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək. Naxçıvan MR, Salyan, Hacıqabul, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Goranboy, Samux, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Kəlbəcər, Laçın, Zəngilan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvarda isə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda doğulanların sayı 39 min azalıb - Ekspert həyəcan təbili çaldı

Azərbaycanda doğum səviyyəsi son illərdə kəskin azalıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatına görə, 2024-cü ildə ölkədə cəmi 102 min 310 doğulan körpə qeydə alınıb. Halbuki, 2019-cu ildə bu göstərici 141 min 179 nəfər olub. Yəni, son 5 il ərzində doğum sayı 38 min 869 nəfər azalıb. Statistikaya nəzər saldıqd azalma tendensiyasının ardıcıl davam etdiyini görmək mümkündür. 2020-ci ildə 126 min 571, 2021-ci ildə 112 min 284, 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 körpə dünyaya gəlib. Mütəxəssislər hesab edirlər ki, bu azalma Azərbaycanda demoqrafik problemlərin yaranmasına səbəb ola bilər. Ekspertlərin fikrincə, doğum səviyyəsinin azalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, ailə planlaşdırması və sosial-iqtisadi çətinliklər gənc ailələrin az uşaq dünyaya gətirməsinə təsir edir. Bundan əlavə, şəhərləşmə və karyera hədəfləri də ailə qurmaq və uşaq sahibi olmaq qərarlarına təsir edən mühüm amillərdən biridir. Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev Modern.az-a açıqlamasında bildirib ki, təbii artımdakı ləngimənin səbəbi cəmiyyətdə, insanların düşüncəsində tranformasiya baş verməsidir. "Sovet dövrünə qədərki və sovet dövrü cəmiyyəti ilə bugünkü Azərbaycan cəmiyyətində çoxlu fərqlər var. Həmin dövrlərdə çoxuşaqlı ailələr trend idi. SSRİ dövründə demoqrafik təşviq siyasəti də həyata keçirilirdi. Hətta Qəhrəman ana adı yaradılmışdı. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən, insanlar xaricə getməyə başladıqdan sonra cəmiyyətdə düşüncə dəyişdi. Belə bir düşüncə formalaşdı ki, çox uşaq yerinə keyfiyyətli böyüdülən az uşaq olması daha yaxşıdır. Ona görə də çoxuşaqlı ailə trendi yavaş-yavaş arxa plana keçməyə başladı". Sosioloq qeyd edib ki, əhalinin təhsil səviyyəsi artdıqca çoxuşaqlı ailələrin sayı azalır: “İnsanlar artıq 1,2 ən yaxşı halda 3 uşağa üsünlük verirlər. Bu yaxınlarda parlamentdə çoxuşaqlı ailədə uşaq sayının 5-dən 3-ə endirilməsi bağlı yanaşma düzgündür. Belə olsa, güma edirəm ki, Azərbaycanda 3 uşaqlı ailələrin sayı arta bilər. Bu zaman təbii artımda da artım müşahidə edilə bilər. Son 22 ilin statistikasını təhlil edəndə görürük ki, təbii artımda ləngimə müşahidə olunur. Əhalinin artımı təqribən 26.44% artıb amma ahılların sayı 99.4% artıb. 2023-cü ildə əhalinin təbii artımı əvvəlki ilə nisbətən 15% aşağı düşüb. Bu əhalinin ailə planlaşmasında olan dəyişiklərlə bağlıdır. İnsanlar indi daha çox eqoist, bəncil həyat yaşayırlar. Onlar uşaq məsuliyyəti götürmək yeni özlərinin eqoist həyatını sürdürmək istəyirlər”. Müsahibimiz sonda qeyd edib ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan təbii artım baxımından irəlidədir. "Ancaq tədbirlər görülməsə, orta perspektivdə təbii artımda daha da ləngimə ola bilər. Təbii artımın aşağı düşməsi eyni zamanda orta perspektivdə əmək bazarına və səfərbərliyə də təsir edə bilər. Təbii artım aşağı düşərsə, mexaniki artımla əhali sayı arta bilər. Bu da yaxşı nəticə verməz, çünki Avropa mexaniki artım hesabına miqrant ekspansiyası ilə qarşılaşıb. Əgər demoqrafik siyasət dəstəklənməsə bənzər vəziyyət Azərbaycanda da ola bilər. Güman edirəm ki, bu tədbirlər görülərsə, doğum sayında artım olar, Azərbaycan əhalisinin qocalması probleminin qarşısının alınması alınar. Bildiyiniz kimi, yeni doğulanlar azaldıqca, qocaların sayı artır. Bu da əhalinin qocalmasına gətirib çıxarır. Məsələn ahılların sayı əhali içərisində 8%-dən yuxarıdırsa, bu qocalma sindromu ola bilər. Güman edirəm ki, Azərbaycanda bu sahədə tədbirlər sayəsində doğum sayı artacaq və əhalinin qocalmasının qarşısı alınacaq”.

Trampın nümayəndəsi Kiyevdə

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Kiyevdə onu ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb. Kelloq qeyd edib ki, səfər zamanı o, Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcək, sonra isə danışıqların məzmununu ABŞ prezidenti Donald Trampa çatdıracaq. Keyt Kelloqun Ukrayna prezidenti Volodimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və müdafiə naziri Rustem Umerovla görüşü gözlənilir.

Roma Papası ölüm ayağındadır

Roma Papası ölüm ayağındadır. Sozcu.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. Nəşr qeyd edir ki, 88 yaşlı pontifikin vəziyyəti getdikcə ağırlaşır. Fransisin şiddətli ağrıları var və o, bu dəfə sağ qala bilməyəcəyinə əmin olduğunu bildirib.

Göyçədə erməni hərbi hissəsində yanğın baş verdi

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yeməkxanasında yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Bildirilib ki, yanğının baş vermə şəraiti, eləcə də dəymiş maddi ziyanın həcmi müəyyənləşdirilir. Erməni mediası isə yeməkxananın bərbad vəziyyətdə olduğunu, yanğının qarşısını almağın mümkünsüzlüyünü yazıb və qeyd edilib ki, yanğın tikilini külə çevirib.

Putin cinayətkardır, ona inanmaq olmaz - Uiker

Ukrayna ilə bağlı danışıqlarda Rusiya liderinə etibar etmək olmaz. Sozcu.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından olan senator Rocer Uiker CNN-in Konqresdəki müxbiri Manu Racuya açıqlamasında deyib. “Putin edam olunmasa belə, ömrünün sonuna qədər həbsdə qalmalı olan hərbi cinayətkardır. Vladimir Putin beynəlxalq hüququn bütün normalarını pozub. O, mühakimə olunmalı və həbs edilməlidir”, - Uiker bildirib. Qeyd edək ki, Rocer Uiker ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədridir.

Zelenski: Açıq şəkildə bildiririk ki, Ukraynanın iştirakı olmayan danışıqları qəbul etməyəcəyik

Ukraynaya konkret təhlükəsizlik təminatları lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN Türk-ə müsahibəsində bildirib. “Müzakirə masasında Putin əgər müharibəyə dönmək istərsə, onu dayandıracaq insanlar olmalıdır. Bizə sözlə deyil, real və konkret təhlükəsizlik təminatlarını verə bilənlər olmalıdır. Belə bir dialoqa biz hazırıq. Diplomatiyanın nə olduğunu bilirik. Əlbəttə, Putinlə danışmağı o qədər də xoşlamıram. Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Hər şey tərəfdaşlar arasında açıq bir kommunikasiya ilə olmalıdır. Biz şahmat oynaya bilmərik. Çünki şahmatda hər bir addımınız bəzən onlarla, bəzən yüzlərlə, bəzən isə minlərlə insanın ölümünə səbəb olur”, - Zelenski vurğulayıb. Ukrayna Prezidenti ABŞ-nin Rusiya ilə ikitərəfli əlaqələrinə də münasibət bildirib: “Mən bunu bəyənsəm də, bəyənməsəm də, bu, onların ikitərəfli əməkdaşlığıdır və ABŞ-nin öz qərarıdır. Yoxsa, əlbəttə, onların Putini siyasi izolyasiyadan çıxardıqlarını müşahidə edirik, amma yenə deyirəm ki, bu onların qərarıdır. Ancaq nə vaxt ki, “Bizim müharibənin başa çatmasına dair planlarımız bunlardır” deyildiyində, bu, bizdə suallar yaradır. Biz müzakirə masasının harasındayıq? Müharibə Ukraynada gedir. Putin ukraynalıları öldürür, amerikalıları, ya da avropalıları yox. Elə buna görə də biz açıq şəkildə bildiririk ki, siz nə istəsəniz müzakirə edə bilərsiniz, amma bizsiz Ukraynanı müzakirə etsəniz, qəbul etməyəcəyik. Məncə, bu, olduqca ədalətlidir”. Müharibəni bitirmək üçün həm Ukraynanın, həm də Rusiyanın danışıqlar masası arxasında olmasına diqqət çəkən Zelenski danışıqlarda təkcə Avropa İttifaqının deyil, Avropa qitəsinin də təmsil olunmasının vacibliyini bildirib.

Sərxoş sürücülərin ucbatından ölənlərin sayı açıqlandı

Ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19 hadisə baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Sabah Bakıda və rayonlarda qar yağacaq - HAVA PROQNOZU

Fevralın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhərdən bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Şəhid anası vəfat etdi - Foto

Şəhid Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib. Sozcu.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Qeyd edək ki, kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində yerli əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşüb. İnsanların sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarı yaxınlığında döyüşən zaman şəhid olub.Oxu.az)

Şəmkirdə 4 azyaşlı uşaq anası əsassız olaraq öz işindən azad edilib

Şəmkir Regional Qaz İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 8-ci dərəcəli texniki işcisi, 1982-ci il təvəllüdlü, Şəmkir şəhər sakini Mirzəyeva Sona Qurban qızı əsassız olaraq öz işindən azad edilib. 2006-ci ildən bu vəzifədə çalışan Sona Mirzəyeva öz işində illərdi qüsursuz çalışıb və çalışdığı idarədə uzun illərdi hörmət qazanıb. İdarə rəhbərliyi ani və əsassız olaraq illərdi qüsursuz çalışan Sona Mirzəyevanı işindən azad edib. O bildirir ki, işindən azad olunması qanunvericiliyin tələblərinə və Əmək məcələsinə ziddir. İşdən azad olunma ilə bağlı verilmiş izah İdarə rəhbərliyinin özbaşnalığıdır. O bildirir ki, mən hər zaman öz işimdə məsuliyyətli olmuşam və orada çalışan hər bir kəsdən soruşa bilərlər ki, mən öz işimdə nə qədər məsuliyyətli və düzgün çalışmışam. Sona Mirzəyeva işinə bərpa olunmasını və pozulmuş əmək hüquqlarının təmin olunmasını tələb edir.  Sözcü.az

ABŞ-dan Rusiya ilə danışıqlardan sonra ilk açıqlama

Rusiya və ABŞ ikitərəfli təmasları davam etdirmək üçün Moskva və Vaşinqtondakı səfirliklərindəki diplomatik personalın əvvəlki sayını bərpa etmək barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra deyib. “Bu əlaqələri davam etdirə bilmək üçün normal fəaliyyət göstərə bilən diplomatik nümayəndəliklərin fəal işləməsinə ehtiyacımız olacaq”, - o bildirib.

Qohumunun evini soydu, daha sonra yandırdı

Şəmkirdə oğurluq etdiyi evdə yanğın törədən şəxs saxlanılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qohumunun evindən 9 600 manat pul oğurladıqdan sonra evdə yanğın törətməkdə şübhəli bilinən 23 yaşlı E.Sadıqov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

"Avropa İttifaqı Ukraynaya 700 milyard avroluq yardım paketi təqdim edəcək" - Annalena Berbok

"Ukraynada sülh yalnız güc yolu ilə gələcək..." Avropa İttifaqı Ukrayna üçün hərbi texnika alınmasına yönəlmiş 700 milyard avro məbləğində yardım paketi hazırlayır. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok "Berliner Zeitung" nəşrinə bəyan edib. "Biz daha əvvəllər belə miqyasda olmayan böyük bir paketi işə salacağıq", - Berbok Münhen görüşü çərçivəsində bəyan edib. Milyardlarla avro dəyərində yeni yardım paketi COVID-19 pandemiyası zamanı tətbiq olunan birgə borclanma mexanizmi vasitəsilə maliyyələşdirilə bilər. "Avro və ya pandemiya böhranı zamanı olduğu kimi, indi Avropada təhlükəsizliyi təmin etmək üçün maliyyə paketi mövcuddur. Bu, yaxın gələcəkdə baş verəcək", - diplomat izah edib. O, vurğulayıb ki, Ukraynada sülh yalnız güc yolu ilə mümkün olacaq: "Bu məqsədlə Ukrayna üçün sərt və uzunmüddətli təhlükəsizlik zəmanətləri, güclü NATO bloku və Ukraynanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqlarda irəliləyiş lazımdır", - nazir vurğulayıb.  "Biz, avropalılar və almanlar olaraq hərbi, humanitar və maliyyə dəstəyi göstərərək Ukraynanın yanındayıq. Rusiya işğalı başlayandan bəri biz, avropalılar, ümumilikdə Ukraynaya 134 milyard avrodan çox yardım etmişik, təkcə Almaniya isə təxminən 44 milyard avro ayırıb", - Berbok qeyd edib. Xatırladaq ki, Almaniyada fevralın 23-də seçkilər keçiriləcək. Seçkilərdə ən çox dəstəyi- 29 faizi Xristian Demokratlar və Xristian Sosial İttifaqı alyansı toplaya bilər. Alyansa Fridrix Mers rəhbərlik edir. İkinci yerdə 21 faizlə ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası qərarlaşıb. Üçlüyə 16 faizlə Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası tamamlayır. Yaşıllar Partiyası isə 16%-lə dördüncü sıradadır. Ukraynaya yardım – son xəbərlər Bundan öncə prezident Vladimir Zelenski bildirib ki, ABŞ-ın dəstəyi olmadan Ukraynanın müharibə şəraitində sağ qalma şansı azdır. "Yəqin ki, bu, çox çətin olacaq. Və əlbəttə ki, hər çətin vəziyyətdə bir şans var. Ancaq ABŞ-ın dəstəyi olmadan sağ qalmaq üçün çox az şansımız olacaq", - o, vurğulayıb.

Rusiya və Ukrayna güzəştə getməlidir - Rubio

Ukraynadakı münaqişənin həlli üçün bütün tərəflər güzəştə getməlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Ərdoğandan Zelenski ilə görüşdən sonra açıqlama...

Mən Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib. "Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq", - Ərdoğan bildirib.

Bakıda ana və 2 övladını maşın vurdu

Piyada keçidləri piyadalar üçün təhlükəsiz yol keçidini təmin etməli olsa da, bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən bu yerlər bəzən faciə məkanına çevrilir. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Qeyd olunub ki, ötən gün paytaxtın Mətbuat prospektində piyada zolağına daxil olan ana və iki övladının vurulması ilə nəticələnən hadisə bir daha onu deməyə əsas verir ki, hələ də yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan sürücülər var: "Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, piyadalara qarşı son dərəcə diqətli olmağa çağırır. Hər bir sürücü bilməlidir ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər. Daha məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi əməl etmək və piyadalara hörmət etmək hər bir sürücünün borcudur! Unutmayaq ki, qaydalara əməl etmək təkcə qanuni öhdəlik deyil, həm də insanlıq borcudur".

Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM

Azərbaycanda 2025-ci il üçün kişilərin və qadınların pensiya yaşının artacağı bəlli olub. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən başlayaraq hər il qadınların pensiya yaşı 6 ay artırılır. Bu proses 2027-ci ilə qədər davam edəcək. Beləliklə, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində kişilərin pensiya yaşı dəyişməz qalaraq 65, qadınların pensiya yaşı isə 6 ay artırılaraq 64 olacaq. Bu prosesin 2027-ci ildə yekunlaşacağını və nəticədə həm kişilərin, həm də qadınların pensiya yaşının 65-ə bərabərləşəcəyini bildirilir. İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, kişilərlə qadınların pensiya yaşının eyniləşdirilməsi qanunvericiliyə uyğun addımdır və burada hər hansı qanun pozuntusu yoxdur. Lakin pensiya yaşının artırılmasını qeyri-humanist hesab edir: “Kişilərlə qadınların pensiya yaşının eyni olması normaldır. Ancaq bu rəqəm 65 yox, 60-62 yaş olmalıdır. Çünki Azərbaycanda orta ömür müddəti 74-75 ildir. İnsanlar bu şərtlərlə çox qısa müddət pensiya ala bilirlər. Avropada pensiya yaşı 65-dir, amma orada insanların gözlənilən ömür uzunluğu 82-83 ildir. Azərbaycanda isə bu rəqəm xeyli aşağıdır. Əgər pensiya yaşı fərqli təyin ediləcəksə, bu, kişilər üçün daha aşağı olmalıdır, çünki onların orta ömür müddəti qadınlardan azdır.” İqtisadçı həmçinin vurğulayıb ki, əvvəlki pensiya yaşı - 62-63 yaş - daha ideal idi və onun süni şəkildə artırılması vətəndaşların sosial rifahına mənfi təsir göstərəcək. Qeyd edək ki, kişilərin pensiya yaşı artıq 65-ə çatdığı üçün onlarda artım dayanıb. Qadınlar üçün isə hər il 6 aylıq artım 2027-ci ilə qədər davam edəcək və o zaman onların da pensiya yaşı 65-ə çatacaq.

Bakıda şaxta olacaq, qar yağacaq - Bu tarixlərdə

Bakıda hava şəraiti kəskin dəyişəcək. Sozcu.az xəbər verir ki, sinoptiklərin proqnozuna görə, qarşıdakı günlərdə temperatur enəcək və paytaxtda qar yağacağı gözlənilir. Şaxtalı hava və yağıntılar şəhər sakinlərini çətin vəziyyətə sala bilər. Mütəxəssislər vətəndaşlara ehtiyatlı olmağı və hava şəraitinə uyğun hazırlıqlı davranmağı tövsiyə edirlər. Paytaxtda hava şəraitinin dəyişkən olacağı proqnozlaşdırılır. Son məlumatlara əsasən, yaxın günlərdə Bakıda yağıntılı və soyuq hava şəraiti hökm sürəcək. Məşhur "Live Weather" hava proqnozlarını təqdim edən platformanın məlumatında qeyd olunur ki, Bakıda bu günlərdə qar yağacaq: 20 fevral – gün ərzində az yağış və qar qarışıq yağış gözlənilir, temperatur 2°C, gecə isə -2°C, yüngül qar yağacaq. 21 fevral – Küləkli hava və yüngül qar müşahidə ediləcək, gündüz -1°C, gecə -2°C. 22 fevral – Qar yağacaq, temperatur gündüz 0°C, gecə -1°C. 23 fevral – Gün ərzində qar yağacaq, temperatur 0°C, gecə isə buludlu və -2°C. 24 fevral – Yüngül qar yağıntıları davam edəcək, gündüz -1°C, gecə isə -3°C. 25 fevral – Buludlu hava gözlənilir, temperatur 2°C, gecə -1°C. Mütəxəssislər hava şəraitinin dəyişkən olacağını bildirir və sakinlərə isti geyinməyi, açıq havada ehtiyatlı olmağı tövsiyə edirlər.