Tramp təqsirli bilindi - 5 milyon dollar ödəməlidir

ABŞ məhkəməsi keçmiş Prezident Donald Trampı jurnalist Ceyn Kerrolla təcavüz etməyə cəhddə təqsirli bilib. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, habelə Trampın köşə yazarına böhtan atdığı da məlum olub. 2024-cü ildə yenidən prezident seçilmək istəyən Tramp zərərçəkmişə 2 milyon dollar, habelə böhtan və köşə yazarının nüfuzuna vurulan zərərə görə əlavə 3 milyon dollar təzminat ödəyəcək. Qeyd edək ki, C. Kerroll Trampın 1996-cı ildə Nyu-Yorkdakı “Bergdorf Goodman” adlı mağazanın soyunub-geyinmə otağında ona cinsi təcavüz etdiyini bildirib. Tramp isə “o qadın mənim tipim deyil” deyərək ittihamları rədd edib.

Bakıda toyda ər arvadına 8 bıçaq zərbəsi vurub

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb. Hadisə “Təbrik” restoranında qeydə alınıb. Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları araşdırma aparır (APA).

Keçmiş polis sevdiyi qıza görə özünü öldürdü

Ağdaş rayonunda keçmiş polis əməkdaşı intihar edib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış və bir müddət əvvəl səhhəti ilə bağlı daxili işlər orqanlarından xaric edilmiş 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək canına qəsd edib. İlkin ehtimala görə, o, sevdiyi qıza görə həyatına son qoyub. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Ceyhun Bayramov: Vaşinqton danışıqlarında biz bir addım irəli getdik

Vaşinqton danışıqlarında biz bir addım irəli getdik. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib. "ABŞ-da sülh müqaviləsi ətrafında danışıqlar aparılıb. Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Hələ 2021-ci ildə Prezident İlham Əliyev bunu ilk dəfə səsləndirib. Ötən ilin fevral ayında 5 baza prinsipini irəli sürüb və nəhayət 2022-ci ilin oktyabr ayında Cenevrədə ilk dəfə sülh müqaviləsi üzrə danışıqlara başlanıb. Həmin danışıqlarda Azərbaycanın yekun təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılıb. Daha sonra noyabr ayında Vaşinqtonda görüş keçirilib. Dekabrda Moskvada görüşün keçirilməsi planlaşdırılıb. Üçüncü görüşdən Ermənistan tərəfi imtina etmişdi, müxtəlif səbəblər gətirərək boykot etdi. Onlar Laçın yolu ətrafındakı məsələsini bəhanə etmişdilər. Beləliklə 6 aya yaxın elə görüşlər keçirilmədi", - XİN rəhbəri qeyd edib. Nazir bildirib ki, ABŞ vasitəçiliyi ilə Ermənistan yenidən danışıqlar masasına qayıtdı: "Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir”, - o deyib.

Birinci siniflərə şagird qəbulu başlayır

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.  Elm və Təhsil Nazirliyindən Sozcu.az-a bildirilib ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Belə ki, mayın 11-i saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.  Mayın 15-i saat 11:00-dan mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.  Qeyd edək ki, qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək. 

441-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 441-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 196 310 hərbçi, 3736 ədəd tank, 7275 ədəd zirehli döyüş maşını, 3039 ədəd artilleriya sistemi, 555 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 308 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5974 ədəd avtomobil texnikası, 2624 ədəd PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 389 xüsusi avadanlıq itirib.

BMT-dən İranla bağlı dəhşətli statistika

Mayın 9-da BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranda son beş ayda 209 nəfərin edam edildiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk açıqlama yayıb. Volkerin sözlərinə görə, 2023-cü ildə İranda hər həftə orta hesabla 10 nəfər edam edilir. “Bu statistika dəhşətlidir. İran edamları dayandırmalıdır”, -Türk bildirib.

Pentaqon təsdiq etdi: Ukrayna “Xəncər”i vurub!

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” hipersəs raketinin qarşısını alıb. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. “Ukraynanın “Patriot” müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” raketini vurduğunu təsdiq edə bilərəm”, - Rayder deyib. Qeyd edək ki, 5 mayda Ukrayna ilk dəfə “Xəncər” raketini vurub.

Sabunçuda binada partlayış olub, ölən və yaralananlar var

01:29 Bakı şəhərinin Sabunçu rayonunda binada partlayış olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində Orxan adlı şəxs ölüb, bir neçə nəfər isə yaralanıb. *** Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində İvan Anaşkin küçəsində məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada partlayış nəticəsində ölən və yaralananların kimliyi bəlli olub. Məlumata görə, Rüstəmli Orxan Aslan oğlu hadisə nəticəsində həlak olub. 1984-cü il təvəllüdlü Nuriyeva Gülnarə Şahmar qızı və 2010-cu il təvəllüdlü Ağayev K.İ. müxtəlif dərəcəli xəsarətlər alıb.

Ukrayna hərbçiləri Baxmutda 3 km² ərazini işğaldan azad ediblər

Ukrayna hərbçiləri şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərində 3 km² ərazini işğaldan azad ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Azov” alayının qurucusu Andriy Biletski teleqramda bildirib. Biletski Baxmut yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının 6-cı və 8-ci rotalarının darmadağınını təsdiqləyib. O həmçinin qeyd edib ki, “Vaqner” özəl hərbi şirkətinin 3-cü hücum dəstəsi cəbhənin yarılmasının qarşısını alarkən xeyli itki verib.

"Sülhməramlılar"dan Azərbaycana qarşı TƏXRİBATÇI ADDIM - Xocalıda parad təşkil etdilər - Fotolar

Sülhməramlılar Xocalı hava limanında parad təşkil ediblər. Sozcu.az xəbər verir ki, Rusiya sülhməramlılarının komandanı Lentsov Xocalıda Qələbə günü münasibətilə parad təşkil edib. Lentsovun yanında uydurma “Dağlıq Qarabağın rus icması”nın rəhbəri Aleksandr Bordov dayanıb. O, Xocalı faciəsinin ildönümündə Maslenitsa bayramını xüsusi qeyd etmişdi. Rusiya sülhməramlıları Azərbaycanla münasibətləri korlamaq üçün hər şey edirlər.konkret)

Ohanyan SƏRSƏMLƏDİ: "Şuşanı "azad etmək" olar"

“Şuşanı “azad etmək” olar”.  Sozcu.az xəbər verir ki, bunu Yerablurda jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. “Biz Yerabulurdayıq. Biz indi burada tamam başqa vəziyyətdəyik və kədərlə bu bayramı qeyd edirik. Çünki 2020-ci il müharibəsindən sonra Şuşa getdi, Hadrut getdi, Qarabağın bir hissəsi getdi. Bu gün bizim üçün məsuliyyət günü olmalıdır. Ən mühüm məqsədlərimizdən biri Ermənistanın ərazisinin tam bərpası, azərbaycanlıları ərazilərimizdən çıxarmaq olmalıdır. Qarabağın öz müqəddəratını təyin etməsi ideyasını nəzərə alaraq, işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməliyik. Ancaq bundan əvvəl atılmalı olan bir sıra addımlar var. Birincisi, xalq bu ağır psixoloji vəziyyətdən çıxarılmalı, xalq ayılmalıdır”, – deyə Ohanyan sərsəmləyib.

"Bu gün rus insanına nə lazımdır? Araq və çörək... "

“Çünki bu cür paradlar ideoloji xətt üçün önəmlidir. İdeoloji xətt isə heç dəyişməyib. Keçmişdə - 100 il öncə, 150 il öncə nə olubsa, yenə də odur...” Bu gün – Ukraynanı işğal etməsi sayəsində 1 ildən çoxdur hərbi-siyasi bataqlıqda çabalamasına rəğmən Rusiyadakı Putin rejiminin Moskvada hərbi parad keçirməsi sual doğurur: növbəti illərdə də Kremlə, o cümlədən ayrıca Putinə belə parad keçirmək nəsib olacaqmı?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib: “Rusiya dövləti hər zaman parad keçirəcək. Məsələ burasındadır ki, faşizm üzərində qələbədən artıq 80 ilə yaxın vaxt – 78 il keçir.Və Rusiyada bunu hələ də bayram edirlər. Halbuki, dünyada artıq bu şey unudulub gedib, insanlar, ölkələr daha çox gələcəyə baxır. Rusiya cəmiyyətini isə zorla məcbur edirlər ki, keçmişdə qalsın. Çünki onu idarə edənlərin marağında deyil ki, Rusiya irəli getsin, müasir texnoloji dünyaya qovuşsun və onun bir parçası olsun. O halda idarəetmə sistemi də, hüquq sistemi də, siyasi sistem də, yəni hər şey dəyişməlidir. Və o halda imperiya ambisiyalarını reallaşdırmaq üçün tamamilə fərqli meyarlar lazım olacaq: iqtisadi güc, elmi güc, texnoloji güc... Bu şeylərin isə yaxın zamanda olması mümkün deyil. Ona görə ki, məhz Putinin həmin çekist komandasının son 20-25 ildə yürütdüyü siyasət Rusiyanı o imkanlardan məhrum edib. İndi Rusiya təxminən XIX əsrin çarlarının dövrünü xatırladır. Bu gün rus insanına nə lazımdır? Araq və çörək... Kreml, Putin hökuməti həmin siyasəti yürüdür. Amma orada bir detal da var: “böyük Rusiya”, “qalib Rusiya”... Və təbii ki, bunların ayrılmaz atributları olan hərbi qələbə... Hamımız yaxşı bilirik ki, həmin qələbə də əsasən Sovet İttifaqının hesabına əldə olunub... Lakin orada başqa ölkələr də iştirak edib. Və yalnız Rusiyanın deyil, bütün keçmiş sovet xalqlarının canı-qanı hesabına baş tutub. Ancaq Rusiya onu yalnız özününkü hesab  edərək  bu gün də simvol kimi yararlanmaqda davam edir. Ona görə də Putin oldu-olmadı, belə paradlar hər zaman keçiriləcək Rusiyada... O Rusiyadakı belə paradlar ideoloji xətt üçün önəmlidir. İdeoloji xətt isə heç dəyişməyib. Keçmişdə - 100 il öncə, 150 il öncə nə olubsa, yenə də odur” -deyə analitik vurğulayıb.

Məktəbdən qayıdan yeddi yaşlı qızın bütün bədəni yandı: Ailə artıq su almağa belə pul tapmır - FOTO

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb. Bu barədə onun anası Şəfa Abdullayeva məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay qoymaq istəyib: “Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdiriblər. 23 apreldən reanimasiyada yatır. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Bu günə qədər onun müalicəsini aparmaq üçün borc almadığımız qapı qalmayıb. Artıq heç yerdən pul tapa bilmirik. Su almaq üçün belə, maddi durumumuz yoxdur. Qızımın sağalması üçün 3 000 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”. Əlaqə nömrəsi: 077-310-54-57 (anası Abdullayeva Şəfa). (oxu.az)

Türkiyədəki seçkilərlə əlaqədar xarici nümayəndəliklərdə səsvermə bu gün başa çatır

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xaricdə səs verən seçicilərin sayı 1 milyon 751 min 365 nəfər olub. Xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatır. Gömrükdə isə 14 may saat 17.00-a qədər davam edəcək. Ali Seçki Qurumundan (YSK) əldə edilən məlumata görə, bu il xaricdə 3 milyon 416 min 98 türk seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Aprelin 27-də başlayan səsvermə prosesi 67 ölkədə yekunlaşıb. Səslər YSK-nın müəyyən etdiyi üsullarla təhlükəsizlik vəziyyətdə diplomatik kuryerlər vasitəsilə Türkiyəyə aparılacaq.

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb. Hadisə mayın 8-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Rusiya Federasiyası vətəndaşı İsmayılov Firudin Əlibala oğlu saat 17 radələrində müalicə aldığı “Ağciyər Xəstəlikləri” İnstitutundan çıxıb naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna SQ-nin Baş Qərargahı: "Rusiyanın itkiləri 195 min nəfəri keçib"

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 195 620 hərbçisi məhv edilib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı yayıb. Bildirilib ki, son sutka ərzində 650 Rusiya hərbçisi zərərsizləşdirilib. Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 7234 tank, 7 258 zirehli maşın, 2 618 operativ-taktiki PUA, 3 031 artilleriya sistemi, 307 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 969 avtomobil və tanker, 955 qanadlı raket, 18 gəmi və kater, 388 xüsusi texnikadan ibarətdir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ermənistan TŞ: XİN rəhbərlərinin Moskva görüşü ABŞ-dakı danışıqların davamı olacaq

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskva görüşü ABŞ-dakı danışıqların davamı olacaq. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında bildirilib.

London Kiyevə uzaqmənzilli raketlər göndərəcək

Böyük Britaniya Kiyevə uzaqmənzilli raketlər göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Nəşr Britaniya rəsmisinə istinadən yazır ki, hələlik yekun qərar yoxdur: "Amma ehtimal var ki, Böyük Britaniyanın Ukraynaya vermək istədiyi texnika “Storm Shadow” havadan buraxılan qanadlı raketlərdir". Qeyd olunur ki, Ukrayna uzun müddətdir ki, Qərb ölkələrindən daha uzun mənzilli raketlər istəyir və belə silahların müharibənin gedişatını dəyişdirə biləcəyini, Ukrayna qüvvələrinə Krımın dərinliklərində yerləşən Rusiya komandanlıq mərkəzlərini, təchizat xətlərini, sursat və yanacaq anbarlarını vurmağa imkan verdiyini iddia edir.

Neft bahalaşdı

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,55 dollara, yüngül neftin bir barreli isə 72,74 dollara təklif edilir.

Bakı və İrəvan bəzi razılıq əldə edib, lakin... - Qriqoryan

Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə edib, lakin fundamental məsələlərdə deyil. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. "Danışıqlarda məlum prinsip var - hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır. Bu danışıqlara da belə yanaşmaq lazımdır. Bir daha qeyd etmək lazımdır ki, danışıqlar gedir", - Qriqoryan bildirib. O xatırladıb ki, Brüsseldə, ondan sonra Kişinyovda sammitin keçirilməsi planlaşdırılır: "Paşinyan və Əliyev görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaq. Gəlin, yanaşmaların maksimum yaxınlaşması istiqamətini işləyək və irəli gedək. Gələcək sazişin dəqiq harada imzalanacağı - Moskvada, yoxsa Qərbdə, hələ ki, qərar verilməyib. Bu, irəliləyiş əldə oluna bilən yerdə ediləcək".

Messi bir ildə iki “Laureus” qazanan ilk futbolçu oldu

Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub. Sozcu.az xəbər verir ki, 36 yaşlı hücumçu “Laureus World Sports Awards” tərəfindən dünyada 2023-cü ilin idmançısı adına layiq görülüb. Fransanın PSJ klubunun üzvünün kapitanı olduğu Argentina millisi isə ilin ən yaxşı komandası seçilib. Buna qədər heç bir futbolçu bir il ərzində hər iki kateqoriyada ən yaxşı seçilməmişdi. Qeyd edək ki, “Laureus” idmançılara il ərzində qazandıqları nailiyyətlərə görə təqdim olunur. Bu mükafat 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.

Güllü paltar geyinmək ayıbdır, yoxsa xalqın malını talamaq?

Bizdə güllü paltar geyinmək ayıb sayılır, amma rüşvət almaq, xalqın malını talamaq yox.  Hamı bilir ki, pula pul deməyən nazirlərin, icra başçılarının, onların böyüklərinin varidati dövlətdən və xalqdan oğurlanmış pullar hesabınadır.  Hamı bilir ki, cah-cəlal içində üzən prokurorun, hakimin, polis rəisinin var-dövləti hansısa cinayətə göz yumulması müqabilində alınan rüşvət hesabınadır.  Bilir, amma demək olar ki, heç kim onları açıq qınamır. Əksinə, əksəriyyət onlarla salam kəsməyi, yaxın olmağı özlərinə şərəf sayırlar...  Birisi var, adını müxalifətçi qoyub, özü tanıdığım ən zəngin adamardan biridir, çünki əli iqtidarın cibindədir. O da güllü paltar geyinməyi qınayıb. Biri ona demir, ay filankəs, sən indiyə qədər azı 3 dəfə mənsub olduğun düşərgəni, dostlarını satmısan ee, indi "kişilikdən", "dəyərlərdən" dərs keçəcəksən?  Güllü paltar geyinmək niyə ayıbdır? Onlar kimə ziyan vurub? Qadınlar geyinəndə niyə ayıb olmur? Güllərdən xoşunuz gəlir, evinizi, bağınızı güllərlə bəzəyirsiz, fonunda şəkil çəkdirirsiz. Paltarda gül şəkli olanda nə olur?  Deyə bilərsən ki, zövgsüzdür, yaraşmır, amma illah da səhnəyə çıxan artisti geyiminə görə mənəvi terrora məruz qoymaq - güllü paltar geyinməkdən qat-qat daha pis əməldir.   Əjdadlarımız xələt geyiniblər. Ondan da əvvəl kişilərin libası qadınların indiki donu kimi olub. Orta əsrlərdə kişilərin sırğa taxması Azərbaycanda da adi hal olub... İndi onları qabağımıza qoyub danlamalıyıq?  Güllü paltar geyinməyin dəyərlərə heç bir aidiyyatı yoxdur, bu, stereotip məsələsidir. Stereotiplər cəmiyyətin problemidir. İnsanlar mənasız hisslərin əsiri olmamalıdır. Kimlərsə şəxsi nümunəsi ilə və cəmiyyətin hədəfinə gələrək bu stereotipləri məhv edirsə, onlara təşəkkür etmək lazımdır. Mustafa Hacıbəyli, jurnalist