"Bu gün rus insanına nə lazımdır? Araq və çörək... "

“Çünki bu cür paradlar ideoloji xətt üçün önəmlidir. İdeoloji xətt isə heç dəyişməyib. Keçmişdə - 100 il öncə, 150 il öncə nə olubsa, yenə də odur...”

Bu gün – Ukraynanı işğal etməsi sayəsində 1 ildən çoxdur hərbi-siyasi bataqlıqda çabalamasına rəğmən Rusiyadakı Putin rejiminin Moskvada hərbi parad keçirməsi sual doğurur: növbəti illərdə də Kremlə, o cümlədən ayrıca Putinə belə parad keçirmək nəsib olacaqmı?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:

“Rusiya dövləti hər zaman parad keçirəcək. Məsələ burasındadır ki, faşizm üzərində qələbədən artıq 80 ilə yaxın vaxt – 78 il keçir.Və Rusiyada bunu hələ də bayram edirlər. Halbuki, dünyada artıq bu şey unudulub gedib, insanlar, ölkələr daha çox gələcəyə baxır. Rusiya cəmiyyətini isə zorla məcbur edirlər ki, keçmişdə qalsın. Çünki onu idarə edənlərin marağında deyil ki, Rusiya irəli getsin, müasir texnoloji dünyaya qovuşsun və onun bir parçası olsun. O halda idarəetmə sistemi də, hüquq sistemi də, siyasi sistem də, yəni hər şey dəyişməlidir. Və o halda imperiya ambisiyalarını reallaşdırmaq üçün tamamilə fərqli meyarlar lazım olacaq: iqtisadi güc, elmi güc, texnoloji güc... Bu şeylərin isə yaxın zamanda olması mümkün deyil. Ona görə ki, məhz Putinin həmin çekist komandasının son 20-25 ildə yürütdüyü siyasət Rusiyanı o imkanlardan məhrum edib. İndi Rusiya təxminən XIX əsrin çarlarının dövrünü xatırladır. Bu gün rus insanına nə lazımdır? Araq və çörək... Kreml, Putin hökuməti həmin siyasəti yürüdür. Amma orada bir detal da var: “böyük Rusiya”, “qalib Rusiya”... Və təbii ki, bunların ayrılmaz atributları olan hərbi qələbə... Hamımız yaxşı bilirik ki, həmin qələbə də əsasən Sovet İttifaqının hesabına əldə olunub... Lakin orada başqa ölkələr də iştirak edib. Və yalnız Rusiyanın deyil, bütün keçmiş sovet xalqlarının canı-qanı hesabına baş tutub. Ancaq Rusiya onu yalnız özününkü hesab  edərək  bu gün də simvol kimi yararlanmaqda davam edir. Ona görə də Putin oldu-olmadı, belə paradlar hər zaman keçiriləcək Rusiyada... O Rusiyadakı belə paradlar ideoloji xətt üçün önəmlidir. İdeoloji xətt isə heç dəyişməyib. Keçmişdə - 100 il öncə, 150 il öncə nə olubsa, yenə də odur” -deyə analitik vurğulayıb.

Share on Facebook