Bakıda ruhi xəstə itkin düşüb

Bakıda ruhi xəstə kişi itkin düşüb. Sozcu.az xəbər verir ki, Novikov Yulian Denisoviç Pirallahı RPİ-nə ərizə ilə müraciət edərək onunla bir ünvanda yaşayan əmisi, ruhi əsəb xəstəsi, 1976-cı il təvəllüdlü Novikov Vladimir Lvoviçin mayın 15-də saat 06:00 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmadığını, itkin düşdüyünü bildirib. Faktla bağlı araşdırma aparılır.

Ukrayna ordusu ötən gecə Rusiyanın 20 “Shahed”ini məhv edib

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 20 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Sozcu.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib. Həmçinin Rusiya ordusunun “Merlin-VR” kəşfiyyat aparatı da vurulub. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bakıda quldurluq edən şəxs saxlanıldı

Nizami rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum şəxs Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib: "Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər".

Rusiya çevrilişə hazırlaşırdı, uğursuz oldu - Sandu

Moskva yaz aylarında Moldovada avropayönümlü hakimiyyəti devirib, rusmeyilli qüvvələri hakimiyyətə gətirmək istəyib. Sozcu.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu deyib. “Bu yaz hakimiyyəti devirmək planları var idi, lakin uğursuz oldu. Çünki bu barədə kifayət qədər informasiyaya malik idik. Əminəm ki, onlar yeni cəhdlər edəcək. Kremlin planları bəllidir: bu, Kişinyovda hakimiyyətin rusyönümlü qüvvələrə dəyişməsi və onlardan müharibədə Ukraynaya qarşı istifadə edilməsidir”, - deyə Sandu bildirib.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,58 dollara, yüngül neftin bir barreli isə 71,55 dollara təklif edilir.

451-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 451-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 202 430 hərbçi, 3781 ədəd tank, 7382 ədəd zirehli döyüş maşını, 3229 ədəd artilleriya sistemi, 564 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 325 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6103 ədəd avtomobil texnikası, 2801 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 423 xüsusi avadanlıq itirib.

Daha 2 “Aksunqur” Türkiyə ordusunun arsenalında

Daha 2 ədəd “Aksunqur” PUA-sı Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. Xeyirli olsun! Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir deyib. Qeyd edək ki, TUSAŞ tərəfindən bu günə qədər istehsal edilən “Aksunqur” PUA-sının sayı 10-a çatıb.

Torpaq sürüşməsi: 7 kəndi birləşdirən yol çökdü

Lənkəranda torpaq sürüşməsi olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, son günlər yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Dağlıq ərazidə yerləşən 7 kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun 4 yerində hərəkət zolağı sürüşməyə məruz qalıb. Yolun bir hissəsi yarım metrədək çökdüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaradıb. Yolun yuxarı hissəsindən torpaq qatının və qaya parçalarının sürüşməsi səbəbindən asfalt örtüyün bir hissəsi və qoruyucu baryerlər sıradan çıxıb. Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən 48 nömrəli yol istismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov bildirib ki, yolda baş verən problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görülür: "Lakin baş verən sürüşmələri tam aradan qaldırmaq onların imkanları xaricindədir. Bunun üçün də dövlət dəstəyi lazımdır ki, yolda bərkitmə işlər görülsün. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqalada Hallar Nazirliyindən mütəxəssislər bu işə cəlb olunub. Mütəxəssislərin iştirakı ilə sürüşmə yerlərinə baxış keçirilib, şəkillər çəkilib və layihə smeta sənədləri hazırlanıb". Qeyd edək ki, Hirkan - Daşdatük - Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.

Ukrayna üçün qırıcılar koalisiyası... - Yermak

Ukrayna üçün beynəlxalq qırıcılar koalisiyasının artıq formalaşdırılmasına başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. Yermakın sözlərinə görə, artıq bir sıra ölkələr ukraynalı pilotları yetişdirməyə, eləcə də yerli hərbi hava qüvvələrini Qərbin döyüş təyyarələri ilə təchiz etməyə hazır olduqlarını bəyan ediblər.

Zelenski Yaponiyada səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də Yaponiyaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında məlumat yayıb. “Yaponiya. G7. Ukraynanın tərəfdaşları və dostları ilə mühüm görüşlər. Bizim qələbəmiz üçün təhlükəsiz və artan əməkdaşlıq. Bu gün dünya daha yaxın olacaq”, - Zelenski qeyd edib. Xatırladaq ki, bu gün Zelenskinin G7 sammitində iştirak edəcəyi gözlənilir.

Azərbaycanla mühüm məsələlərdə razılığa gəldik

Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib. O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. Toplantı Brüssel görüşünün nəticələrini qiymətləndirmək məqsədi ilə keçirilib. Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.

Kılıçdaroğlu: Bu dəfə daha inamlı, daha qərarlıyıq

Millət İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Twitter hesabından "Vətən borcu" qeydi ilə sabah xaricdə səs verəcək seçicilərə müraciət edib. Sozcu.az həmin müraciəti təqdim edir:

Banklardakı əmanətlərə hansı təhlükə var? – “Heç 30 faizi də sığortalanmayıb”

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib. Bankın ümumi depozitlərin həcmi 108 milyon 566 min manat təşkil edib. Sığortalanmış əmanətlərin həcmi isə 38.5 milyon manat olduğuna görə geriyə qalan 70 milyon manat vəsaitin aqibəti hələ ki, bəlli deyil. Bu isə insanları narahat edən məqamdır. Bəs görəsən, bu digər banklarda olan əmanətçilərin öz pullarını geri çəkməsinə səbəb ola bilərmi?   Mövzu ilə bağlı Yenisabah.az-a danışan İqtisadçı ekspert Nazim Bəydəmirli bildirib ki, mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq sahiblərinə geri qaytarılacaq: “Əmanətlərin sığortalanması qaydası mövcuddur və sığorta olunmayan əmanətlərin qaytarılması Mərkəzi Bank tərəfindən həmin kommersiya bankına kənar idarəçi təyin olunur, onlar gələcəkdə həmin borcların qaytarılması ilə bağlı aktivləri (bu bankın daşınmaz əmlakı, yaxud digər aktivlər ola bilər) sataraq, yaxud kredit verərək ödənilməlidir. Bu məsələ belə tənzimlənir, əlavə tənzimlənmə metodu yoxdur. Bankın öhdəliyi var, vətəndaşlardan əmanətlər cəlb edir, bu əmanətlərin sığortalanmasını təmin etməli idi, ancaq bildiyiniz kimi qaydalarda müəyyən məbləğdən yuxarısı sığortalanmır. Faiz dəhlizi də elə qoyulub ki, bu, bəzən insanları şirnikləndirir”. Ekspert vətəndaşları bundan sonra daha ehtiyatlı olmağa səsləyib: “Bu vətəndaşlarımıza xəbərdarlıqdır ki, onlar böyük faizlər müqabilində vəsaitlərini banklara qoymasınlar. Azərbaycanda təəssüf ki, belə hadisələr tez-tez baş verir və hökumət nümayəndələri, Mərkəzi Bankın nümayəndələri camaatı sakitləşdirsə də, pozitiv mesajlar versə də, məlum olur ki,  banklarda olan əmanətlərin heç 30 faizi sığortalanmayıb. Bu "Royalbank"da da, “NBC Bank”,  “Ata Bank”, “Standart Bank”da da belə idi. Bütün banklarda vəziyyət məhz bu cür idi”.

Qaxda iki azyaşlı dərmandan zəhərlənib

Qaxda iki azyaşlı dərmandan zəhərlənib. Sozcu.az-ın məlumatına görə, mayın 17-i axşam saatlarında rayonun Qum kənd sakini 2020-ci il təvəllüdlü Zaira Məmmədova və Fıstıqlı kənd sakini 2020-ci il təvəllüdlü Melisa Məmmədli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar. Müayinə zamanı yaxın qohum olan hər iki azyaşlının nəzarətsiz qalaraq sakitləşdirici dərman içərək zəhərlənmələri məlum olub. Zaira Məmmədova və Melisa Məmmədliyə xəstəxanada lazımi tibbi yardım göstərilib. Azyaşlıların vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.apa

Kollegiya sədri: "Azərbaycanda hələ də yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir”

"Azərbaycanda hələ də yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir. Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki davam etməkdədir”. Sozcu.az-ın xəbərinə görə, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib. O xatırladıb ki, Ailə Məcəlləsinə əsasən, nikah nikah yaşına çatmış kişi ilə qadının könüllü ittifaqıdır: “Lakin qeyd edilən prinsipə zidd olaraq və dövlətimizin erkən nikahla mübarizə sahəsində apardığı siyasətə baxmayaraq, ölkəmizdə hələ də, yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir. Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki davam etməkdədir. Erkən nikahlar sağlamlığın qorunması, təhsil, əmək və şəxsi toxunulmazlıq hüquqları kimi insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq hüquq cəmiyyətində, erkən nikahın hətta, köləliyin bir forması kimi tanınması tələb olunur. Qeyd edilən problemin effektiv şəkildə qarşısının alınması üçün vətəndaşların müəyyən təbəqəsinin hüquqi düşüncəsi dəyişməli və bunun üçün hüquqi maarifləndirmə işləri gücləndirilməlidir”.

Qeyri-pedaqoji ixtisaslara sahib şəxslər MİQ-də iştirak edə bilərlər

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Belə ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaqlar. Xatırladaq ki, ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sözügedən qaydanın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən elan ediləcək.

İrəvanda atışmada vəzifəli şəxs yaralandı

İrəvanda atışma zamanı paytaxtın Davitaşen inzibati rayonunun rəhbərinin müavini yaralanıb. Hadisə mayın 19-da səhər saatlarında baş verib. Bildirilir ki, Maştots rayon polis şöbəsinə evlərdən birinin yaxınlığında atəş açıldığı barədə məlumat daxil olub. Polisin əməliyyat qrupu hadisə yerinə gedib. Ərazidə avtomat silahların gilizləri aşkar edilib. Atışma nəticəsində bir nəfər xəstəxanaya çatdırılıb, onun Davitaşen rəhbərinin müavini Koryun Arakelyan olduğu üzə çıxıb. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır. Mənbə: Shamshyan.com

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ödəniləcək məbləği nağdsız qəbul edə biləcəklər

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ödəniləcək məbləği nağdsız qəbul edə biləcəklər. Sozcu.az xəbər verir ki, bununla bağlı “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib. “Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib. Bununla da, hüquqi şəxs yaradıb-yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub. "Özəl tibb fəaliyyəti haqqında” qanun layihəsi də, qeyd olunan “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.

Zelenski G7-də şəxsən iştirak edəcək - Blumberq

Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyada keçiriləcək G7 sammitində şəxsən iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Qeyd edək ki, sammit 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində keçiriləcək.

Türkiyə hərbi gəmiləri Kipr limanlarına girəcək

Türkiyə hərbi gəmiləri 19 May Atatürkü anma, Gənclik və İdman bayramı ilə bağlı keçirilən tədbirlər çərçivəsində Şimali Kipr Türk Respublikasının limanlarına gələcək. Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin “İmbat” və “Bozcaada” gəmiləri mayın 19-da ada sakinlərinin üzünə açıq olacaq.

Ukrayna MN: “Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”

“Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”. Sozcu.az “İnsayder”ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov deyib. O bildirib ki, Rusiyanın Ukraynadakı agentlik şəbəkəsi hələ də qalır, lakin onların imkanları tükənib və artıq mif olub. K.Budanovun sözlərinə görə, Rusiya ordusu hücum imkanlarını itirib: “İndi onlar müdafiə olunurlar”. Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, nüvə müharibəsi nəzəri cəhətdən mümkündür, amma praktik baxımdan belə imkan yoxdur: “Çünki bu ssenari Rusiyanın strateji məğlubiyyəti ilə başa çatacaq”.

30 il əvvəl törədilən cinayət üzrə məhkəmə BAŞLAYIR

Xəbər verildiyi kimi 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Prokurorluq və Daxili işlər orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun qeyd edilən tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan 2 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

CNN: "ABŞ Ukraynaya F-16 qırıcılarının verilməsinə mane olmayacaq"

"ABŞ müttəfiqlərinin Ukraynaya F-16 qırıcıları verməsinə mane olmayacaq". Bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, Cozef Bayden administrasiyası son həftələrdə avropalı müttəfiqlərinə ABŞ-ın Ukraynaya F-16 döyüş təyyarələri ixracına icazə verəcəyinə dair siqnal verib. Məlumata görə, müttəfiqlər məsələ ilə bağlı qərar verərsə, Ağ ev Ukraynaya həmin qırıcıların tədarükünü təsdiqləməyə hazırdır. CNN qeyd edib ki, administrasiya rəsmiləri müttəfiqlərdən F-16-ların ixracı ilə bağlı müraciət almadıqlarını da bildiriblər. Məlumata əsasən, adətən, üçüncü tərəflərə bu cür göndərişləri təsdiqləmək üçün sənədləşmə işləri ilə ABŞ Dövlət Departamenti məşğul olur. Qeyd edək ki, bir müddət əvvəl “Politico” başqa ölkələrin Ukraynaya F-16 qırıcıları verməsinə Pentaqonun etiraz etmədiyini söyləmişdi. Vurğulanıb ki, F-16-ları və ya başqa hərbi texnikanı, sistemi ABŞ-dan almış ölkələr onu üçüncü tərəfə tədarük etməzdən əvvəl Vaşinqtondan icazə almalıdır. Bu döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi məsələsinin bu ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitində müzakirə olunacağı da gözlənilir

Sevgidə yaşın nə fərqi var ki?

Sevgi münasibətlərindəki yaş fərqi hər zaman müzakirə yaradıb. İstər qadın kişidən böyük olsun, istərsə də kişi qadından. Bunun bir fərqi olmur. Sozcu.az olay-a istinadən xəbər verir ki, hər zaman bu məsələ mübahisəyə səbəb ola bilir.  "Cougar life"ın yazarı, psixoloq Sarah Hillin fikrincə, bu münasibətlərin çox vaxt su-istifadə hallarına yol verdiyi düşünülür. Yəni yaşlı tərəf gənc sevgilisini cinsi münasibətlərinə görə, digər tərəfin isə yaşlı olanı maddi durumu üçün istifadə etdiyi qənaətinə gəlinir. Bu ümumi düşüncənin əksinə çox ekspert yaş fərqinin münasibətlərdə su-istifadə edici hallara yol vermədiyini düşünür. Onların fikrincə, bu nüans iki nəfər arasındakı bağı digərlərindən fərqləndirmir. Məsələ burasındadır ki, bu münasibətlər güc balansını pozur. Yəni Hillin dediyi kimi, bəzən bu münasibətlərdə sui-istifadə hallarını görsək də, hər zaman belə olmur. Əslində isə araşdırmalar bu tipli münasibətlərin çoxunda yaş fərqinin araya girmədiyini, tərəflər arasında təbii bir bağ yarandığını irəli sürür.  Yenə Hillin fikrincə, yaş fərqi olan "flört"lərin riski var. Yəni bu münasibətlərin problem yaratmayacağına zəmanət vermək olmaz. Bəzi ekspertlər yaş fərqinin münasibətlərdə problem təşkil etdiyini üzə çıxaran araşdırmalar edir. ABŞ-ın məşhur universitetlərindən birində edilən tədqiqatlara görə evli cütlüklər arasındakı yaş fərqi boşanma ehtimalını artırır. Aralarında 20 yaş fərqi olan cütlüklərin 95 faizi, 10 yaş fərqi olanların 39 faizi, 5 yaş fərqli olanların isə 18 faizi boşanır. Aralarında 1 yaş fərqi olan cütlüklərin isə yalnız 3 faizi evliliklərini bitirir. İki illik evliliklərin 43 faizi, 10 illiklərin və daha çox olanların isə 94 faizində boşanma halları müşahidə olunur.