"ABŞ müttəfiqlərinin Ukraynaya F-16 qırıcıları verməsinə mane olmayacaq".
Bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, Cozef Bayden administrasiyası son həftələrdə avropalı müttəfiqlərinə ABŞ-ın Ukraynaya F-16 döyüş təyyarələri ixracına icazə verəcəyinə dair siqnal verib. Məlumata görə, müttəfiqlər məsələ ilə bağlı qərar verərsə, Ağ ev Ukraynaya həmin qırıcıların tədarükünü təsdiqləməyə hazırdır.
CNN qeyd edib ki, administrasiya rəsmiləri müttəfiqlərdən F-16-ların ixracı ilə bağlı müraciət almadıqlarını da bildiriblər.
Məlumata əsasən, adətən, üçüncü tərəflərə bu cür göndərişləri təsdiqləmək üçün sənədləşmə işləri ilə ABŞ Dövlət Departamenti məşğul olur. Qeyd edək ki, bir müddət əvvəl “Politico” başqa ölkələrin Ukraynaya F-16 qırıcıları verməsinə Pentaqonun etiraz etmədiyini söyləmişdi.
Vurğulanıb ki, F-16-ları və ya başqa hərbi texnikanı, sistemi ABŞ-dan almış ölkələr onu üçüncü tərəfə tədarük etməzdən əvvəl Vaşinqtondan icazə almalıdır. Bu döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi məsələsinin bu ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitində müzakirə olunacağı da gözlənilir