"Azərbaycanda hələ də yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir. Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki davam etməkdədir”.
Sozcu.az-ın xəbərinə görə, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
O xatırladıb ki, Ailə Məcəlləsinə əsasən, nikah nikah yaşına çatmış kişi ilə qadının könüllü ittifaqıdır: “Lakin qeyd edilən prinsipə zidd olaraq və dövlətimizin erkən nikahla mübarizə sahəsində apardığı siyasətə baxmayaraq, ölkəmizdə hələ də, yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir. Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki davam etməkdədir. Erkən nikahlar sağlamlığın qorunması, təhsil, əmək və şəxsi toxunulmazlıq hüquqları kimi insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq hüquq cəmiyyətində, erkən nikahın hətta, köləliyin bir forması kimi tanınması tələb olunur. Qeyd edilən problemin effektiv şəkildə qarşısının alınması üçün vətəndaşların müəyyən təbəqəsinin hüquqi düşüncəsi dəyişməli və bunun üçün hüquqi maarifləndirmə işləri gücləndirilməlidir”.