NATO Baş katibi Türkiyəyə gəlir

İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün yaxın günlərdə Türkiyəyə səfər edəcəm. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Stoltenberq səfərin dəqiq tarixi ilə bağlı məlumat verməyib.

Qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı dəyişiklik

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi iyunun 5-dən 20-dək aparılacaq. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 nömrəli Qərarına uyğun olaraq 26 iyun-2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub. Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

"İran Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə hazırdır" - Voskanyan

“İran Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə hazırdır”. Sozcu.az xəbər verri ki, bunu erməni iranşünas Vardan Voskanyan jurnalistlərə deyib. O bildirib ki, iranlılar çox vaxt anlaşılan görünən məntiqə uyğun hərəkət etmirlər. “Bu mənada bizim regionda birlik dövləti var. Ermənistan və İranın maraqlarının böyük ölçüdə üst-üstə düşdüyü göz qabağındadır. Söhbət həm Ermənistanın, həm də iranlıların açıq şəkildə danışmadığı Qarabağın təhlükəsizliyindən gedir. İranlı ekspertlərlə təmaslara əsaslanaraq əminliklə deyə bilərəm ki, İran tərəfi məncə, buna hazırdır. İran Qarabağ probleminin ermənilərin xeyrinə həllini dəstəkləyir. Ona görə də hesab edirəm ki, bu münasibətlərdə İranın müsbət irəliləyişindən istifadə etməmək düzgün olmaz”, – deyə Voskanyan sərsəmləyib.

"Rusiya təşəbbüsü itirir və hərbi məqsədlərinə nail ola bilmir" - Britaniya kəşfiyyatı...

"Düşmən əkshücuma mane olmağı və Ukraynanın təkmilləşdirilmiş HHM sistemini məhv etməyi bacarmayıb..." "Mayın 30-a keçən gecə işğalçıların Ukraynaya buraxdığı 31 drondan 29-u məhv edilib..." Bu ay rusiyalı işğalçılar güclü hücumlara əl atıb, lakin düşmənə Ukraynanın əkshücumuna mane olmağa kömək etməyib, döyüş meydanında təşəbbüs isə daha çox itirilib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni məlumatında deyilir. Britaniyalı kəşfiyyatçılar qeyd edir ki, rusiyalı işğalçılar son ay ərzində hər şeydən öncə öz hərbi hədəflərinə irəliləmək əvəzinə, Ukraynanın hərəkətlərinə reaksiya verməyə məcbur olub. "2023-cü ilin may ayı ərzində Rusiya gecələr pilotsuz uçuş aparatları və qanadlı raketlərlə Ukraynanın dərinliklərinə birtərəfli zərbələr endirib. Ukraynanın təkmilləşdirilmiş hava hücumundan müdafiə sisteminin neytrallaşdırılması və Ukraynanın əkshücum qüvvərinin məhv edilməsi üzrə öz ehtimal edilən məqsədlərində Rusiya az uğur əldə edib", - məlumatda deyilir. Nazirlik qeyd edir ki, Rusiyanın qərbində partizanların hücumuna reaksiya verilməsi üçün işğalçılar öz təhlükəsiz qüvvələrini yenidən dislokasiya etməyə məcbur olub. Həmçinin qüvvələri Baxmut ətrafında cəbhə xəttində boşluqları doldurmaq əvəzinə, Ukrayna əkshücumunun güman edildiyi yerə cəmləşdirməyə cəhd edilir. "Operativ planda rusiyalı komandirlər, ehtimal ki, ehtiyat qüvvələrini yaratmağa və onları Ukraynanın, önların fikrincə, əkshücumu baş tutacaq yerdə yerləşdirməyə cəhd edir", - kəşfiyyatçılar qeyd edir. Ukraynaya gecə hücumları-nələri bilmək lazımdır May ayı ərzində rusiyalı işğalçılar Ukrayna ərazisinə güclü zərbələr endirilməsi praktikasına dönüb. Demək olar ki, hər gün düşmən Ukrayna şəhərlərinə müxtəlif tip raketlər və İran istehsalı olan onlarla kamikadze-dronlarla hücumlar edib. Düşmənin 17 güclü hücumları zamanı işğalçılar Kiyevi hədəfə alıb. Sonuncu, mayın 30-a keçən gecə hücum zamanı Ukraynaya 31 dron buraxılıb, Ukraynanın HHM sistemi onlardan 29-nu məhv edib. Kiyevdə Rusiya dronu qalıqlarının düşməsi nəticəsində Qoloseyevsk rayonunda evin yuxarı mərtəbələrində yerləşən mənzillər dağılıb. Hücum zamanı bir nəfər həlak olub, 11 nəfər zərər çəkib.

İlham Əliyev Moldovada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib. Sozcu.az xəbər verir ki, Kişinyov şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıblar.

Kəlbəcərin bu kəndində hayklar əkilməmiş torpaq qoymayıb...

“Kənddə yeni doğuşlar artıb və oğlan uşaqları üstünlük təşkil edir...” Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiya  "sülhməramlı" hərbi kontingentinin müvəqqəti(!) nəzarətində və separatçı-terrorçu rejimin faktiki işğalında qalan Həsənriz kəndində bu il “yazlıq tərəvəzlərin misli görünməmiş səpini aparılıb”. Sozcu.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu barədə “Aterk” adlandırılmış kəndin  qanunsuz  “icma rəhbəri” Vardan Qriqoryan danışıb. “Həyətyanı  və təsərrüfat sahələrində geniş miqyasda kartof və pomidor, lobya, kələm, badımcan, qarğıdalı yetişdirilir. Kənd camaatı blokadanın yaratdığı problem və çətinliklərə rəğmən ümidini üzməyib, əksinə, torpaqla daha fəal işləməyə başlayıb, günün çox hissəsini tarlalarda, bağlarda keçirib. Hazırda icmada əkilməmiş torpaqlar, demək olar ki, yoxdur”, - deyə V.Qriqoryan bildirib. “Sakinlərimiz iradəli insanlardır. Yalnız ümid etmək olar ki, Artsaxda layiqli sülhün bərqərar olmasını çox gözləməyəcəyik” -deyən erməni məmur, kənddə yeni doğuşlar artdığını və oğlan uşaqlarının üstünlük təşkil etdiyini sevinclə qeyd edib...moderator

Rayonda su qiymətinə olan kartof Bakıda od qiymətinə: “O məmurlar bilmir ki...”

“Meyvə-tərəvəzin bölgələrdəki qiymətinin ucuz olması monopoliya deyil, əksinə, bu, sadəcə olaraq, idarəçilikdəki səriştəsizlikdir. Çox ciddi idarəçilik problemi var”. Bu sözləri Yenisabah.az-a açıqlamasında fermer, kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov deyib. O, bölgələrdə meyvə-tərəvəz qiymətlərinin paytaxt Bakıya nisbətən daha ucuz satılmasından söz açıb. Xatırladaq ki, ötəngünkü yazımızda bölgələrdə meyvə və tərəvəz məhsullarının maya dəyərindən daha ucuz olması ilə bağlı məlumat vermişdik. Belə ki, Göyçayda göycə alçasının kilosu 50 qəpik olsa da, Bakıda bu qiymət 4-5 manat aralığında dəyişir. O cümlədən, Cəlilabadda kartofun 1 kiloqramı 20, xiyarın bir kiloqramı isə 10 qəpiyə müştərilərə təklif olunur. Xaçmaza gəldikdə, pomidorun 1 kiloqramı 40-50 qəpiyə, gilas isə 1 manata satılır. Öz növbəsində, Ş. Nəcəfov xatırladıb: “Yadınızdadırsa, Azərbaycanda “Meyvəli MMC” yaradıldı və guya kəndlinin məhsulunu alıb satacaqdılar və s. Dövlət buna böyük pullar ayırmışdı ki, bu pullar da yeyildi. Onsuz da Azərbaycanda büdcədən pul ayrılanda bu, oliqarx məmurların savaş meydanına çevrilir ki, o pulu basıb yesinlər. Qısası bu, çox ciddi bir səriştəsizlikdir. Kənd Təsərrüfatı nazirliyi hər zaman kənd təsərrüfatı məhsullarının ucuz satışı üzrə yarmarkalar təşkil edirdi. Amma Azərbaycanda hələ bir dəfə də olsun kənd təsərrüfatı məhsullarının maya dəyəri dövlət tərəfindən çıxarılmayıb ki, bu məhsul fermerə neçəyə başa gəlir? Hətta bunun üzərində tenderlər olmalıdır ki, maya dəyərini də bilək. Sual edirəm, Cəlilabadın kartofunun, Qubanın almasının, yaxud mal və qoyun ətinin maya dəyəri neçəyədir? Bu gün Hindistan ətinin qiymətinə 5-6 manata tenderlər edirlər, amma yerli məhsul batıb gedir”. Mütəxəssisə görə, bu gün müvafiq sahədə heç nə doğru deyil: “Dövlət, ilk növbədə, yerli fermerdən yararlanmalı və o məhsulları ondan alaraq, ona uyğun da tenderlərin keçirilməsi təmin olmalıdır. Fermeri bazarda görsəniz, bilin ki, o, ziyan edir. Çünki normalda biri istehsal etməli, o birisi marketinqini həyata keçirməli, digəri isə satmalıdır. Yəni bunun bir dəyər zənciri formalaşmalıdır ki, Azərbaycanda həmin dəyər zənciri yoxdur. Fikrimcə, yeni kadrların təyinatı da başqa bir dərddir. Haradansa tutub gətiriblər, göydən nazirliyə paraşütlə düşüb sanki. Ümumiyyətlə, o sahəni bilmir, kadr bazasını tanımır. Ona görə də problem budur, monopoliya deyil”. Müsahibimiz iddia edib ki, bu gün bir çox şeylər maya dəyərindən aşağı satılır, bunun xarici bazarlara çıxışı təmin olunmur, fermerə ciddi dəstək verilmir: “Bu gün o sistem yaradılmır, amma A-dan Z-ə dəyər zənciri formalaşmalıdır. Həmişə deyilir, lakin kimsə bunu etmir. Bu gün hər şey çox bahadır, amma yerlərdə maya dəyərindən aşağı satılır. Bu yaxınlarda kənd təsərrüfatı naziri təyin olundu. Görün, bir dəfə də olsun o, kollektivlə görüşübmü, ayrı-ayrı strukturlarla müzakirələr açıbmı? Hazırda ölkədə su və satış problemi var. Amma praktiki nəticə yoxdur, çünki bu sahədə olanlar yad adamlardır, heç bilmirlər ki, harada başlamaq və kimlərlə görüşmək lazımdır. Kənd təsərrüfatında da ciddi mütəxəssislər var ki, onlara görüşüb nələrisə müzakirə etmək, problemi yerində lazımi adamlardan eşitmək, habelə fermerlərlə dialoq qurmaq lazımdır. Bunların da heç biri olmur deyə get-gedə kəndlər də boşalır, kəndli yazda əkinçi, qışda dilənçi olur. Yəni hər dəfə bir amma çıxır ki, kənd insanı uğur qazanmasın. Axı bu insan həyata bir dəfə gəlib və bunun həyatı eksperiment deyil ki, bunların həyatı ilə təcrübə aparasınız?” “Bir neçə il bundan qabaq faraş kartofun gömrükdən buraxılmasını əngəlləmişdilər. Bunlar başa düşmürlər ki, faraş kartof sahədən çıxıb bazara gələnə qədər qaralır və o, saxlanmalı mal deyil. Adını qoymuşdular ki, qiymət bahadır və payızlıq kartof anbarlarda yığılır. Çünki ağlı başında olan hökumət faraş kartofun ildırımsürətli bazarlara çıxışı təmin etməlidir ki, bu məhsul sahibkarın əlində qalmasın. Yadınızdadırsa, gömrük faraş kartofun Rusiyaya çıxışını qapatmışdı. Amma başa düşmürlər ki, faraş kartof yaşıl dəhlizlə keçməlidir, bu qaralır, saxlamaq olmaz. İndi hansısa məmur guya öz ağlında ölkə daxilində bolluq yaratmışdı və demişdi ki, faraş kartofun çıxmasını qadağan etmişdi. Bax, belə problemlər və səriştəsizliklər ölkəni geri salır”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Şamaxıda 5 uşaq anası döyüldü

Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Camal şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.  Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 27-də baş verib.  Camal sərxoş vəziyyətdə yaşadıqları evdə aralarında ailə mübahisəsi zəminində yaranmış münaqişə zamanı arvadının baş və bel nahiyələrindən yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib.  Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.  Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  O bildirib ki, Könül onun arvadıdır, həmin şəxslə əvvəllər münasibəti yaxşı olub, aralarında ədavət, dava-dalaş olmayıb:  “Könül ilə 2007-ci il avqust ayında ailə həyatı qurmuşam. Həmin nigahdan 5 övladım var”.  Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 27-də dostunun ad günündə spirtli ikçi qəbul edib:  “Evə daxil olan zaman otaqda arvadımdan içmək üçün çay gətirməsini dedim. Arvadım çay gətirmək üçün getdi. Çayı gətirən zaman dişinin ağrıdığını, niyə bu qədər içirsən dedi. Könülə niyə deyinirsən deyərək əsəbləşdim. Aramızda mübahisə yarandı. Mən şisə içkili olduğum üçün özümü saxlaya bilmədim. Arvadımın baş nahiyyəsinə bir dəfə, kürək nahiyyəsinə isə bir neçə dəfə yumruqla vurdum. Bundan sonra evdə olan atam bizim səs-küyümüzə otağa daxil oladu və bizi sakitləşdirdi. Həmin hadisədən sonra arvadımıa aramızda heç bir hadisə olmasada, fevralın 28-də arvadım atasının evinə getdi. Uşaqların ikisini arvadım aparsa da, üçü mənimlə birlikdə qaldı”. Təqsirləndirilən deyib ki, həmin hadisə zamanı arvadına başqa heç bir qanunsuz hərəkət etməyib. Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb.  Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Camalın barəsində olan cinayət təqibinə xitam verilib.  O, cinayət məsuluiyyətindən azad edilib. 

Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır - Deputat

“Ölkəmizdə maliyyə sahəsində problemlər var. Şəffaflığın olmadığı göz önündədir. Daxil olan informasiyalar göstərir ki, ölkədə maliyyə şəffaflılığı ilə bağlı çox iş görülməlidir. Hesablama Palatasının təqdim etdiyi hesabatları qənaətbəxş hesab etməklə işimizi bitmiş sayırıq”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. O, çıxışı zamanı tənqidi fikirlər səsləndirib: “Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır. Sosial müdafiəyə ayrılan pulların xərclənmədiyini görürük. Milli Məclisdə “Büdcə və büdcəyə nəzarət” komitəsi yaradılmalıdır. Bundan əlavə Milli Məclisin bu komitəsi ciddi büdcə pozuntularını izləməli, qanun pozuntuları zamanı hesab sormalıdır. Milli Məclis təkcə dövlətdən qanun layihələri gözləməli deyil. Hətta biz görürük ki, bəzi dövlət orqanları hələ də hesablarını verməyiblər. Bu nə özbaşınalıqdır? Bundan başqa bəzi qurumlar var ki, maliyyəni hələ də öz hesabında saxlayır. Xidmət haqqının çox olduğu AZAL-a niyə subsidiyalar verilməlidir ki, bu qədər vəsaiti yenidən öz hesablarında saxlasınlar”,- deyə deputat bildirib.

Fəhlə iş yerində nərdivandan yıxılıb ÖLDÜ

Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb. Bu barədə Sozcu.az-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Güneyli rəssamın İstanbulda sərgisi keçiriləcək

İyunun 9-dan 24-ə kimi İstanbulda güney azərbaycanlı rəssam Reyhan Cabbarinin 35 əsərindən ibarət rəsm sərgisi keçiriləcək. Bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, Reyhan Cabbari karyerasını təkmilləşdirmək üçün 2015-ci ildə İstanbula gəlib. Hazırda o, rəssamlıqlaş məşğul olur, həmçinin fotoqrafiya, memarlıq və dizayn kimi sənət sahələrində çalışır.

İyun ayının havası: Dəhşətli istilər gəlir - 40 dərəcə

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 21-35 mm). Xankəndi, Şuşa, Goranboy,Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun18-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 74-130 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 74-130 mm). Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 46-63 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 18-179 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarınd havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxınolacağı ehtimalı var (norma 12-49 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 29-47 mm).

Evini sığortalamayan cərimə olunmayacaq

“Evini sığortalamayan cərimə olunmayacaq. Guya 1 iyundan tətbiq ediləcək cərimənin heç mexanizmi də yoxdur”. Sozcu.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib. “Bunu hələ 2020-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyəti demişdi. Çünki icbari sığorta edilməməsi üzrə cərimə mexanizmi yoxdur. Prezident də o zaman bu sahədə maarifləndirmə işlərinin aparılmasını tapşırmışdı. 3,5 il ərzində sığorta bazarına nəzarət edən Mərkəzi Bank heç bir iş aparmayıb bu sahədə! Əslində, suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir. Asan qazanc yeri axtarırlar. Mərkəzi Bank da susaraq onlara dəstək verir. Bununla guya sığorta bazarında canlamanın baş verdiyini göstərmək istəyir. 2019-cu ilin sonunda sığorta bazarına nəzarət səlahiyyəti Elman Rüstəmova keçən kimi bu oyun başlandı. İndi də Mərkəzi Bankın yeni rəhbərliyi eyni ssenari üzrə hərəkət edir. Bütün bunları mən hələ 2019-cu ilin dekabr ayında demişəm. Hətta 2019-cu il üzrə sığorta şirkətlərinə “İlin xox gələnləri” adını vermişdim. Heç nə dəyişməyib. Bəli, qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Etməyənə cərimə də nəzərdə tutulub. Amma onun mexanizmi yoxdur. Yəni bu “ölü” qanundur. Həm də ədalətsizdir. Çünki bu sığorta könüllü olmalıdır.  Özü də Azərbaycanda yalnız kommersiya sığorta modeli deyil, həm də müştərək sığorta modeli (bu modelə görə sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda, indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq. Çünki onlar əsasən yalnız öz qazancını düşünür və sığorta hadisələri baş verdikdə ödənişdən yayınırlar. Xüsusən iri, inhisarçı meyllilər. Yeri gəlmişkən, daşınmaz əmlakın icbari sığortası real olaraq işə düşsə, sığorta sektorunda inhisarlaşma güclənəcək. Bu yağlı tikəni qamarlayacaqlar. Çünki bu sığorta növü müftə gəlir yeridir. Ölkədə il ərzində evlərdə nə qədər hadisə baş verir ki? Çox az! Avtomobil deyil ki, daim yolda olduğu üçün hadisə baş versin! Deməli, ödənişlər sığortaçıların xalis gəliri olacaq. Odur ki, bu oyunun qiyməti doğrudan da çox böyükdür. Amma hələlik istəklərinə nail ola bilməyiblər. Odur ki, hazırda narahatlığa əsas yoxdur... Bu sığortanı etmədiyinə görə gələcəkdə cərimələnmiş və mənə müraciət etmiş ilk şəxsin məhkəmədə işini pulsuz aparacağam. Ən azı ona görə ki, dövlət “ölü” qanun əsasında vətəndaşını cərimələməməlidir. O qanun kiminsə üçün varsa belə, bizim üçün ölüb!” – Ə.Həsənov qeyd edib.

Qəhvə içməyin ziyanı və xeyri

Günün müxtəlif saatında qəhvə içmək hər birimiz üçün adət halını alıb. Ən çox da səhərlər günə qəhvə ilə başlayırıq. Son vaxtlar isə çoxları şəkərsiz, sürtgəzdən keçirilən qəhvədən istifadə edir. Bəs görəsən, bu qəhvə orqanizmə xeyirdir, yoxsa ziyan? Sozcu.az Axşam.az-a istinadən qəhvənin orqanizmə təsirini təqdim edir: Norveçli araşdırmaçılar 20-79 yaş arası insanlar arasında sənədlər toplayıb və 20 il müşahidə aparıb. Onların əksəriyyəti kağız sürtgəcdən keçirilmiş və ya süzülmüş digər qəhvələr içiblər. Filtirdən keçirilən qəhvə içmək insanlar arasında ölüm riskini 15 faiz azaldır. Gündə 3-4 fincan içmək isə ziyandır. Araşdırmaçılar filtirdən keçirilən qəhvə içənlərlə adi qəhvə içənlərin də sağlamlığının fərqləndiyini bildiriblər. Filtirlənməmiş qəhvə orqanizmdə xolestronu çoxaldır. Ürək üçün ziyanlıdır. Filtirlənmiş qəhvə isə ağız, qaraciyər və prostat vəzi xərçəngi riskini azaldır. Onu səhər yeməyindən və nahardan sonra içmək uyğundur. Axşam qəhvə içmək düzgün deyil.

Yaxında Ukraynanın gücünü görəcəksiniz – Senator

Ukraynanın əks-hücum planı təsirlidir. Sozcu.az xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrehem deyib. “Ukrayna əks-hücumu başlayanda rusları pis oyanmalar gözləyəcək. Yaxın günlərdə siz ukraynalıların böyük güc nümayişini görəcəksiniz”, - Qrehem bildirib. Senator hücum planı və detallarla bağlı danışmayıb.

İsrail İranla 8 cəbhədə MÜHARİBƏYƏ HAZIRLAŞIR

İsrail İranla 8 cəbhədə müharibəyə hazırlaşır. Sozcu.az xəbər verir ki, dünən İsrail Prezidentinin Bakıya gəlişi ilə eyni vaxtda İsrail ordusu İran və onun təsiri altında olan formal dövlətlərlə müharibəyə hazırlaşmaq üçün iki həftəlik irimiqyaslı təlimlərə başlayıb. Eyni zamanda 8 cəbhədə hərbi əməliyyatlar kontekstində müdafiə və hücum əməliyyatlarının işlənməsi planlaşdırılır. Birbaşa İran və onun havadarlıq etdiyi terror qruplarına qarşı İraq, Livan, Suriya, Yəmən, İordan çayının qərb sahilində, Qəzza zolağında, həm də Qırmızı dənizdə hücum əməliyyatları hazırlanır. Hərbi Hava Qüvvələrinin əməliyyatlarına xüsusi diqqət yetiriləcək. Bundan əlavə, “Hizbullah” hərbi-siyasi təşkilatının (Valla, Maariv) Radvan komandosunun xüsusi təyinatlıları tərəfindən Livandan İsrail ərazisinə müdaxilə ediləcəyi təqdirdə tədbirlər hazırlanacaq. Radvan mayın 21-də sərhədi yarmaq və İsrail yaşayış məntəqələrini ələ keçirmək üçün təlimlər keçirib və iki gün sonra Livanın cənubundakı qalalarını sərhədə yaxınlaşdırmaq əmri alıb.

İnsanlar 2040-cı ildə Marsa gedə biləcək

2040-cı ilə qədər bəşəriyyət Marsa çata biləcək. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri  ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson “El Mundo” qəzetinə müsahibəsində deyib. “2040-cı ilə cəmi 17 il qalıb. Aya çatmaq üçün üç-dörd gün lazımdır, lakin Mars daha uzaqdadır”, – deyə Nelson bildirib. O qeyd edib ki, Yerdən qırmızı planetə getmək təxminən səkkiz il çəkəcək. Astronavtlar geri qayıtmaq üçün Marsda tam iki il qalmalı olacaqlar.

Hollivud ulduzu Conni Depp AĞIR ZƏDƏLƏNDİ

Amerikalı kinoulduz Conni Depp ağır zədə alıb. Sozcu.az xarici mediaya istinadla xəbər verir ki, Hollivud ulduzu Conni Depp “Kann” Film Festivalında xəsarət alıb. Hollivud aktyorunun topuğu sınıb, ona görə də indi onun müalicəsi lazımdır. Bu səbəbdən ulduzun “The Hollywood Vampires” qrupu ilə qarşıdakı konsertləri təxirə salınır. “Biz kədərlə xəbər veririk ki, “Hollivud Vampirləri” bu həftə ABŞ-a üç tur tarixini dəyişdirəcək. Conni son çıxışında ayaq topuğundan ağır zədə alıb. Həkimi ona səyahət etməməyi tövsiyə edib. O, hadisələrin bu gediaşatından məyus olub. Lakin “Vampirlər”in dörd üzvünün də Avropa turunda ən yaxşı şəkildə çıxış edə bilməsi üçün istirahət etməyi səbirsizliklə gözləyir”, – “The Hollywood Vampires” qrupunun məlumatında deyilir. Xatırladaq ki, Conni Depp “Kann” Film Festivalında səs-küy yaradıb. Aktyor “Janna Dübarri” tarixi filminin qala gecəsinə çıxıb. Dramda məşhur Fransa kralı XV Lüdovik rolunu oynayıb. Bu, Ember Herddən qalmaqallı boşandıqdan sonra Depp üçün ilk səhnədir. Səhnə başa çatdıqdan sonra tamaşaçılar onu yeddi dəqiqə sürəkli alqışlayıblar.

Tərtərdə avtomobil ağaca çırpılıb, ölənlər var

Tərtərdə avtomobil ağaca çırpılıb, ölənlər var. Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Daha sonra maşın ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri - 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İrandan 50 kiloqram narkotik vasitə gətirən daha bir nəfər saxlanılıb

Polis əməkdaşları İrandan qaçaqmalçılıq yolu ilə göndərilən külli mqidarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısını alıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram pixotrop naddə metamfetamin aşkar edilərək götürülüb. Namiq Məmmədov narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Hadı” adı tanışının vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən paytaxt ərazisində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyat zamanı İranda yaşayan və milli genefondumuzun məhv edilməsi üçün narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərməyə çalışan narkotacirlərin daxildəki dayaqlarına daha bir zərbə endirilib.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində səpələnmişlərdə yer ala bilər

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində səpələnmişlərdə yer ala bilər. Bunun üçün Ağdam klubu ilk növbədə özü həmin raunda qədər irəliləməli və daha yüksək reytinqə malik 2 komandanın büdrəməsinə ümid etməlidir. Turnirə I təsnifat mərhələsindən başlayacaq Azərbaycan çempionu mübarizəni davam etdirəcəyi təqdirdə, ilk üç raundda səpələnmişlərdə qərarlaşacaq. Əgər favoritlərin hamısı sona qədər irəliləsə, o zaman Qurban Qurbanovun kollektivi pley-offun püşkatmasında səpələnməmişlərdə yer alacaq. Belədə Azərbaycan komandasının potensial rəqibləri “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Yanq Boyz” (İsveçrə) və “Qalatasaray” (Türkiyə) olacaq. Bu klublardan yalnız “Yanq Boyz” ÇL-ə məhz pley-offdan başlayacaq. “Dinamo”, “Kopenhagen”, “Qalatasaray”, həmçinin, “Qarabağ”dan daha çox reytinq xalına malik olan Macarıstan təmsilçisi “Ferentsvaroş”un uğurlu çıxışı Azərbaycan klubunun işinə yaramayacaq. Adıçəkilən klublardan ikisinin əvvəlki mərhələlərdə büdrəməsi “Qarabağ”ın qrup öncəsi son raundda səpələnmişlərə düşməsi üçün yetərli olacaq. Bu komandalardan “Ferentsvaroş” I, digərləri isə II təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, Çempionlar Liqasında pley-offun püşkatması avqustun 7-də olacaq. Bu mərhələnin oyunları isə avqustun 22-23-də və 29-30-da keçiriləcək.

Prezident Blinkenin köməkçisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib. Sozcu.az xəbər verir ki, Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd etdi. Qonaq Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd etdi. Azərbaycan Prezidenti bu xüsusda ABŞ hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğuladı. Görüşdə Azərbaycanın bölgənin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizdə bərpaolunan enerji sektorunun inkişafı istiqamətində sürətlə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıldı. Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulandı, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunuldu.

Ukrayna Rusiyanın neft zavodlarına hücum etdi

Ukraynaya məxsus dronlar Krasnodar diyarındakı neft emalı zavodlarına hücumlar edib. Sozcu.az xəbər verir ki, İlski neft emalı zavodu səhər saatlarında dron hücumuna məruz qalıb. PUA-nın çırpılması nəticəsində partlayış baş verib. Patlayış nəticəsində xəsarət alan olmayıb və zavodun ərazisində yanğın baş verməyib. Afipsk nefat emalı zavodu da PUA hücumuna məruz qalıb. Zavoddakı qurğuların birində yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Biləsuvarda 3 kəndin sakinləri təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a FHN-dən məlumat verilib. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub. FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər. Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.