Türkiyədə İYİ Partiyanın keçmiş sədri Meral Akşenerin prezident Rəcəb Tayyib Ərdoğanla görüşü məsələsi gündəmdə qalmağa davam edir.
Sozcu.az xəbər verir ki, görüşlə bağlı Akşener və jurnalist İsmail Saymaz arasında qalmaqal yaşanıb.
Xəbər verdiyimiz kimi, Saymazın məlumatına görə, Akşener paytaxt Ankara şəhərində ofis kirayələyib. O bildirib ki, siyasətçi Ankaranın Çankaya rayonunda Türkiyə Böyük Millət Məclisinə çox yaxın məsafədə yerləşən binanın (Cinnah prospekti 57) ikinci mərtəbəsində ofis tutub. Jurnalist artıq daşınma işlərinin başladığını diqqətə çatdırıb.
Bundan sonra Akşener rəsmi X səhifəsində paylaşım edərək yayılan məlumatları təkzib edib və Saymazın jurnalist fəaliyyətini tənqid edib.
Akşenerin ittihamına cavab verən jurnalist İsmail Saymaz onu jurnalistliyindənsə öz siyasi keçmişini sorğulamağa dəvət edib.
Akşener-Ərdoğan görüşünün detalları ictimaiyyətə açıqlanmadığı üçün müxtəlif iddialar mətbuatda özünə yer edib. Məsələn, Saymazın sözlərinə görə, Ərdoğan "bir iş adamının işini Ali Məhkəmədə həll etmək" üçün Ərdoğanla görüşüb.
Akşener bu məlumatı da təkzib edib. Saymazın cavabı gecikməyib. O qeyd edib ki, Akşenerin Ərdoğanla nə danışdığını araşdırarkən ona İYİ Partiyadan olan millət vəkili zəng edib. İki dövr millət vəkili olan bu şəxsin son qurultaya qədər Akşenerə yaxın olduğunu bildirən Saymaz belə davam edib:
“Mənə dedi ki, hansısa iş adamının işi ilə bağlı Ali Məhkəmədə vəsatət qaldırıb və bu səbəbdən iclas keçirilib. Bunu izah etdikdən sonra o, “Heyf bizim zəhmətimizə” dedi.
İkinci məsələ isə belədir: Onun Cinnah prospektində, Parlamentin yaxınlığında ofis tutduğu bildirilir. Daha çoxu var idi, mən yazmadım. Meral Akşenerin evindən əşyalar ora daşınır. Bu məlumatı mən irəli sürdüm, amma Hande Fırat məndən üç gün əvvəl demişdi. Yeri gəlmişkən, mən üçüncü mənbədən təsdiqlədim və həmin şəxs İYİ Partiyanın rəhbərliyindən idi. Bundan sonra "Sözcü" televiziyasının əməkdaşları binaya getdilər. Görüntülər var.
Meral xanımın prezidentlə görüşü barədə onlarla iddia irəli sürülüb. Oğlunun Parisə səfir göndərilməsi iddiası bundan yüngüldürmü? Yoxsa onun vitse-prezident olacağı iddiası mənim dediyimdən zəif məsələdir? Cavab vermir. Jurnalistliyimi şübhə altına almaq əvəzinə, öz siyasi keçmişini şübhə altına almalıdır”.
Hələlik Meral Akşener İsmail Saymazın bu dediklərinə münasibət bildirməyib.