Zaqatalada maşın qadın piyadanı vurub öldürdü

Zaqatalada piyadanı avtomobil vururaraq öldürüb. Sozcu.az xəbər verir ki, Zaqatala rayonunun Muxax kəndi ərazisində avtomobil yolu keçən piyada, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.

Bu Avropa ölkəsi də Fələstinlə bağlı qərarını elan etdi

Portuqaliya Fələstinin suverenliyini tanıya bilər. Sozcu.az xəbər verir ki, bu barədə Portuqaliya Baş naziri Luis Monteneqronun Ofisi məlumat yayıb. Bildirilib k, Portuqaliya sentyabr ayında BMT-nin iclasında Fələstin dövlətini tanıyacaq. Qeyd edək ki, daha öncə Fransa, Böyük Britaniya, Kanada və bir neçə ölkə rəsmi olaraq Fələstini tanıyacaqlarını bəyan ediblər. Ötən gün də Portuqaliya daxil olmaqla, 15 ölkə Fələstini tanımaq üçün digər dövlətlərə çağırış ediblər.

Çayda qəfildən suda batan şəxsin meyiti tapıldı

16:33 İsmayıllıda 26 yaşlı şəxs çayda batıb. Sozcu.az xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Faiq Qurban oğlu Qurbanov çayda çimmək istəyərkən qəfildən suda batıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir. *** İsmayıllıda çayda batan şəxsin meyiti tapılıb. Faiq Qurbanovun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Kiyevdə matəm elan olundu

Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Mer bildirib ki, sabah şəhərdə bayraqlar endiriləcək, əyləncə tədbirləri ləğv olunacaq. Qeyd edək ki, Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər həlak olub, 135-i isə yaralanıb.

100 balı keçə bilməyənlərin xaricdə oxumasına İCAZƏ VERİLMƏMƏLİDİR

Azərbaycanda son illər qəbul imtahanlarında orta və zəif nəticə göstərən abituriyentlərin xaricdə, xüsusilə Türkiyədə təhsil almağa üz tutması tendensiyası müşahidə olunur. Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev Modern.az-a açıqlamasında bildirib ki, bu meyl bəzən valideynlərin övladlarını yanlış istiqamətə yönləndirməsi, bəzən isə təhsil sistemində mövcud boşluqlarla bağlıdır. Ekspertin sözlərinə görə, attestatla xarici universitetlərə qəbul qanunidır və bir çox inkişaf etmiş ölkələrdə bu mexanizmə icazə verilir: “Beynəlxalq olimpiada nəticələri, IELTS, TOEFL kimi imtahan nəticələri ilə yanaşı, bəzi universitetlər yalnız attestat əsasında da tələbə qəbul edir. Azərbaycanda da xarici vətəndaşlar yerli universitetlərə, o cümlədən prestijli ali məktəblərə attestatla qəbul ola bilir. Bu normal praktikadır”. Lakin ekspert qeyd edir ki, bəzi valideynlər zəif nəticə göstərən abituriyentləri xaricə, əsasən Türkiyə universitetlərinə göndərməklə onların gələcəyinə fayda vermək əvəzinə, ciddi maliyyə və vaxt itkisinə səbəb olurlar. “Azərbaycanda buraxılış və qəbul imtahanlarında 30-40 bal toplayan şagirdin Türkiyədə universitet təhsili alacağına inanmaq çətindir. Belə abituriyentlərin çoxu ali təhsili ya başa vura bilmir, ya da 4 illik təhsili 7-8 ilə uzadır. Onların 40-50 faiz, bəlkə də daha çoxu diplom ala bilmir. Bəziləri isə ümumiyyətlə dərsə getmədən orada çalışır və sadəcə hərbi xidmətdən möhlət almaq üçün sənəd təqdim edir”. R. Nurəliyev hesab edir ki, bu problemə qarşı məhdudiyyət tətbiq olunmalı və buraxılış imtahanında 100 balı keçə bilməyən şagirdlərin xaricdə təhsil alması üçün hüquqi mexanizm nəzərdən keçirilməlidir: “Əgər şagird 11 il oxuyub heç 100 bal da toplamayıbsa, həmin şəxsin xaricdə ali təhsil alaraq Azərbaycana qayıtdıqdan sonra ölkəyə nə faydası ola bilər? Bütün resurslarını sərf edən valideyn sonda nə diplom, nə də nəticə əldə edir. Halbuki, bu gəncləri peşə təhsilinə yönləndirmək daha məqsədəuyğundur”. Ramin Nurəliyev qeyd edir ki, hazırda peşə təhsilinin 70 faiz plan yerləri dövlət sifarişi ilə maliyyələşdirilir, bu isə ailələrin əlavə xərcsiz gəncləri praktik ixtisaslara yönəltməsi üçün geniş imkan yaradır. “Valideynlər anlamalıdır ki, 4 il oxuyub sonda nəticə əldə etməyən övladın yerinə peşə təhsili alıb subbakalavr dərəcəsi qazanan bir gənc həm vaxtını, həm də resurslarını səmərəli istifadə etmiş olur. Üstəlik bu ixtisaslar gələcəkdə universitetə qəbul üçün də yol açır”. Ekspert sonda vurğulayıb ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə alınan diplomların tanınmasında yalnız qəbul forması ilə maraqlanmır, tələbənin həmin ölkədə real şəkildə təhsil alıb-almamasını da yoxlayır: “TKTA təqdim edilən diplomlara əsasən universitetin hüquqi statusunu və tələbənin orada tədrisin azı 50 faizində iştirakını yoxlayır. Yəni sadəcə sənədlə Türkiyəyə getmək və sonra illərlə təhsildən uzaq qalmaq nəticə etibarilə nə diplom verir, nə də gələcək”.

“Google”da Zəngəzur dəhlizi açıldı - FOTO

“Google Maps” xəritə tətbiqetməsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat yolları ilə bağlı dəyişiklik edilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, tətbiqdə Mehri üzərindən keçən yol açıq görünür. Tətbiqdə göstərilən yol Zəngəzur dəhlizinin marşrutuna uyğun gəlir.

Müəllimlər etiraza qalxdı - Həmkarlar İttifaqından kütləvi narazılıq

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər sahələrdə çalışan əməkdaşların maaşlarından müəyyən məbləğdə vəsait tutur. Lakin bir çoxları bildirir ki, bu qurumdan heç bir dəstək və ya xidmət almırlar. Bir çox müəllim AHİK-ə üzvlükdən imtina etmək və maaşlarından tutulan vəsaitin dayandırılması üçün ərizə ilə müraciət etməyə hazırlaşır. Onların fikrincə, həmkarlar ittifaqı yalnız formal üzvlük və məcburi tutulmalar üzərində qurulub. Həmin vəsaitlərin hansı istiqamətlərdə xərcləndiyinə dair isə şəffaflıq yoxdur. Bu narazılıq nəticəsində müəllimlər üzvlükdən çıxmağa qərar veriblər. Maraqlıdır, həmkarlar ittifaqına üzvlük məcburidir, yoxsa könüllü? Üzvlər ərizə yazaraq bu qurumdan çıxa bilərmi? Toplanan vəsaitin xərclənməsi ilə bağlı AHİK-in açıqlama vermək öhdəliyi varmı? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, həmkarlar ittifaqlarına üzvlük tamamilə könüllüdür: "Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında və "Həmkarlar İttifaqları haqqında" Qanunda da açıq şəkildə təsbit olunub. Lakin təəssüf ki, təcrübədə vəziyyət fərqlidir. Dövlət idarə və müəssisələrində, eləcə də ali təhsil ocaqlarında işçilər və tələbələr faktiki olaraq məcburi şəkildə bu ittifaqlara üzv edilir. Onların əksəriyyəti bu barədə heç bir ərizə yazmayıb. Amma buna baxmayaraq, hər ay əməkhaqqılarından və ya təqaüdlərindən müəyyən məbləğ tutulur. Bu, açıq şəkildə qanunsuzluqdur". Əkrəm Həsənov qeyd etdi ki, bu kimi hallarda vətəndaşlar məhkəməyə müraciət edərək onlardan qanunsuz tutulan vəsaitin geri qaytarılmasını tələb edə bilərlər: "Onlar haqlı olaraq soruşa bilərlər: “Ərizəm olmadan hansı əsasla pulumdan tutulma etmisiniz?" Hüquqşünasın sözlərinə görə, həmkarlar ittifaqları yalnız üzvlərinə deyil, ümumilikdə cəmiyyətə qarşı da şəffaf fəaliyyət göstərməyə borcludur: "Bu qurumlar genişmiqyaslı ictimai birliklərdir və qeyri-hökumət təşkilatı statusuna malikdirlər. Topladıqları vəsaitlərin necə xərcləndiyi barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verməlidirlər. Təəssüf ki, illərdir bu şəffaflıq təmin olunmur. Bu səbəbdən də, təşkilatdan fayda görməyən şəxslər sadə bir ərizə ilə üzvlükdən imtina edə bilərlər".

Vətən müharibəsi iştirakçısı Rusiyada öldü - FOTO

Azərbaycanlı gənc Rusiyada bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az “Unikal”a istinadən xəbər verir ki, Salyan rayon sakini 26 yaşlı Rəşad İslamov gölə tullanarkən boynu sınıb və hadisə yerində həyatını itirib. Mərhum Vətən müharibəsi iştirakçısı olub. Sosial şəbəkələrdə bildirilib ki, R.İslamov Bakıda aşpaz kimi çalışırmış. O, Rusiyaya işləməyə gedibmiş.

Avqustun havası AÇIQLANDI

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür. Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib. "Avqustun 3-cü ongünlüyü isə keçid dövrünə yaxın olduğu üçün dəyişkən hava kütlələri üstünlük təşkil edəcək. Meridianal proseslər, şimaldan daxil olan hava kütlələri üstünlük təşkil edərsə, yağıntı müşahidə olunacaq. Bu zaman dağlıq və dağ ətəyi zonalarda sel hadisələri və daşqın nəticəsində çaylarda suyun səviyyəsi arta bilər”, - o qeyd edib.

Yurdumuzda yer tapa bilmədik: Qarabağ kimə qismət oldu?

Qarabağ işğaldan azad edildi. Xalq elə başa düşdü ki, Qarabağ artıq bizimdir. 30 il həsrətini çəkəndən sonra, rahat şəkildə gedib orda  - həsrət qaldıqları ev-eşiklırində yaşayıb, hərə bir işin qulpundan yapışaraq ömrünü sürəcək. Amma çox təəssüf ki, arzu edilən kimi olmadı. Qarabağ ermənidən azad edilib, talançı oliqarxların , arxasında böyük vəzifəli məmurlar duran imkanlı şəxslərin girovuna çevrildi. Qədim tarixə malik olan kəndlərimiz "birləşdirmək" adı altında tarixdən silinir, yerində toyuq fermaları və digər obyektlər tikilir. Gözəl mənzərəsi olan diyarlarımız zəbt olunub. Qarabağın - o cümlədən Kəlbəcərin gözəl güşələrinə əl qoyulub. Yağşıdan sonra çıxan göbələk kimi, kimliyi məlum olmayan adamlar, o torpaqlarda hansı yollarlasa restoranlar, hotellər tikir, həmin torpaqların sakinləri isə  yurd-yuvalarına hələ də portalla gedirlər. 10 - larla Kəlbəcər sakini İqtisadi İnkişaf Nazirliyinə, Prezidentin nümayəndəliyinə iaşə obyektləri və digər biznes sahələri ilə bağlı layihələr veriblər. Hətta, bir çox Kəlbəcər sakini layihələrində dövlətdən heçbir maddi yardım istəmədiklərini, qurmaq istədikləri işləri özlərinin maddi  vəsaitləri hesabına edəcəklərini göstərsələr də, nümayəndəlikdən onlara şirin nağıllar danışıb, başdan edirlər. Gah bildirirlər ki, çay kənarında obyekt olmaz, gah deyirlər yol kənarında olmaz, gah da bəhanə edirlər ki, şəhərdə mümkün deyil. Amma,  necə olursa, bir də görürsən,  "olmaz" dedikləri yerlərdə artıq obyektlər tikilməyə başlayıb. Tikənlər necə etdilər, "olmazı" " necə "olar" etdilər, maraqlıdır. Biz kiçik bir iş qura bilmədiyimiz torpaqlarda gəlib obyekt açanlar bizdən artqıdırlar bəyəm?... İşladan azad edilən torpaqların sakinləri öz torpaqlarında çarəsiz bir duruma düşüblər. Bilmirlər, sevinsinlər, yoxsa ağlasınlar. Tam əminliklə deyirəm: Qarabağda çox böyük söz-söhbətlər düşəcək. Bu günə qədər torpaqlarımız düşmən işğalında idi. İnsanlar düşünürdülər ki, erməni lobbisi güclüdür, erməninin arxasında rus dayanıb, hələki gücümüz çatmır. Yaxşı, torpaqlarımız Azərbaycan əsgərinin qanı bahasına azad edildi. Maraqlıdır,  bizi öz torpağımızda  aşağı səviyyəli insan kimi görən, bizləri ucuz qul əməyi kimi nəzərdə tutan işğalçı oliqarxların arxasında hansı lobbi dayanıb?  Bizlər nədən öz torpaqlarımızda kiminsə əlinin altında qul olmalıyıq? Cavab versinlər görək, Kəlbəcərə hələ də arıya, mal-qaraya minnətçi düşüb, heyvan - qaranın hesabına portal götürüb yurd-yuvasına gedən kəlbəcərli, özünə kiçik bir toyuq hini də tikə bilmədiyi halda, Tərtər çayının kənarında tikilən restoranlar necə tikildi?  Bəlkə elə layihələr var ki, bizim ona savadımız çatmır?... Bildiyim bircə budur ki, bu işğalın bədəli çox ağır olacaq. Elşən Əlisoy, "Sozcu.az" saytının rəhbəri

Hava bu insanlar üçün əlverişsiz olacaq - Xəbərdarlıq

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bu şəxslərə verilən dərmanlarla bağlı dəyişiklik

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Dəyişikliyə əsasən, “Fabhalta/Fabhalta” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.

Rusiyada daha bir güclü zəlzələ baş verdi

Rusiyanın Kamçatka yarımadasında yenidən güclü zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb. Yeraltı təkan 6,5 bal gücündə qeydə alınıb. Zəlzələnin yenidən ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib. Qeyd edək ki, bu gün Kamçatkada 8,7 bal gücündə də zəlzələ olub.

Böyük Britaniyada təyyarə reysləri dayandırıldı

Böyük Britaniyada hava nəqliyyatında ciddi texniki nasazlıq yaşanır. Sozcu.az xəbər verir ki, Londonun Hitrou, Qatvik və London Siti hava limanlarında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. Milli Hava Hərəkəti Xidməti (NATS) bildirib ki, təhlükəsizliyi təmin etmək məqsədilə Londonun hava nəzarət zonasında uçuşların sayı məhdudlaşdırılıb. Nasazlığın NATS-ın Svanvikdə yerləşən hava nəzarət mərkəzindəki texniki problemdən qaynaqlandığı qeyd olunub. Londonun Qatvik hava limanından verilən açıqlamada bildirilir ki, hazırda hava limanından heç bir təyyarə havaya qalxmır və problem aradan qaldırılanadək bütün uçuşlar dayandırılıb. Gələn reyslər isə davam edir. Sərnişinlərə öz hava yolları ilə əlaqə saxlayaraq reys statusunu yoxlamaları tövsiyə olunur. Oxşar vəziyyət Şotlandiyanın Edinburq hava limanında da müşahidə olunur. Burada da bütün uçuşlar dayandırılıb və əlavə məlumat üçün gözlənilir. Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı məlum deyil. NATS və hava limanları problemi aradan qaldırmaq üçün birgə çalışdıqlarını bildiriblər.

Rusiya DİN: Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib. Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib. O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır. Qeyd edək ki, iyulun 17-də Rusiya KİV-də Şahin Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur. Xatırladaq ki, Şahın Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı. Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb. Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb. O, hazırda həbsdədir.apa)

Üzərlik bu ölkələrdə narkotik hesab olunurmuş - SİYAHI

Üzərliklə sərhədi keçmək istəyənlər artır – bəzi ölkələrdə cinayət məsuliyyəti tətbiq olunur. Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması hallarının artdığı müşahidə olunur. Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb. Nazirlik bu bitkinin bir sıra ölkələrdə narkotik və psixotrop tərkibli maddə kimi qiymətləndirildiyini xatırladıb Modern.az bu barədə araşdırma aparıb. Üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan edilmiş maddələr siyahısına daxildir. - Fransa - 2005-ci ildən üzərlik və onun tərkib maddələrinin satışı və saxlanması tamamilə qadağan edilib. - Kanada - Bitkinin tərkibindəki alkaloidlər “Schedule III” maddələr siyahısına daxildir, bu səbəbdən satış və daşıma cinayət məsuliyyəti daşıyır. - Avstraliya - Harmalin və harin alkaloidləri yalnız elmi araşdırma məqsədilə istifadə oluna bilər. - ABŞ-ın bəzi ştatları - Luiziana ştatında üzərlik və toxumları qadağandır, Arizona, Nevada, OreQon kimi ştatlarda isə bitki "invaziv alaq" kimi qeydə alınıb və məhdudiyyətlər tətbiq olunur. - Finlandiya - Tibbi məqsədlə istifadə üçün həkim resepti tələb olunur. - Rusiya – 2024-cü ilin əvvəlində "Peganum harmala" rəsmi olaraq psixotrop tərkibli bitkilər siyahısına salınıb və dövlət nəzarətinə götürülüb. Bəzi ölkələrdə gömrük və sərhəd xidməti tərəfindən üzərlik toxumu və qurudulmuş formaları ilə səyahət edən şəxslərin saxlanıldığı barədə məlumatlar yayılıb. Səlahiyyətli qurumlar bu bitkinin bəzi hallarda psixotrop təsirli maddə kimi istifadə olunduğunu əsas gətirərək, hüquqi tədbirlərə əl atırlar. Hərçənd ki, üzərlik bir çox Şərq ölkələrində ənənəvi təmizləyici və qoruyucu vasitə kimi tanınır, Qərb ölkələrində bu bitkiyə münasibət daha sərtdir. Xüsusilə də onun tərkibindəki bəzi maddələri halusinogen qarışıqlarda istifadə olunması hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

187 dəfə şikayət etdi, baxılmadı - Özü cərimələndi

Bakıda 187 dəfə müxtəlif dövlət orqanlarına şikayət edən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1970-ci ildə Bakı şəhərində doğulmuş A.T. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi tərtib edilən protokola məhkəmədə baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qeyri-etik ifadələr işlədib. O, izahatında bildirib ki, 2020-ci ildə anası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Modul Tipli Hospitalında vəfat edib. Həmin gün xəstəxanada anasının pulu və qızıl dişləri oğurlanıb. Həmin şəxs ümumilikdə 187 dəfə müxtəlif dövlət orqanlarına şikayətlər edib. Bundan başqa, Sabunçu rayonunda yaşayan şəxsin həyətinə daş boşaldıb, 7 ay zəng etməsinə baxmayaraq, pulunu ala bilməyib. Həmçinin yanından keçən avtomobilin cəriməsi səhvən ona yazılıb, 5 il müdətində şikayət etməsinə baxmayaraq, baxılmayıb. A.T. bildirib ki, I Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, əsəbləşərək qeyri-etik ifadələr işlətdiyini və əməlindən peşman olduğunu bildirib. Məhkəmənin qərarı ilə A.T İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib.

Bu ölkələrin diplomları Azərbaycanda tanınmadı

Xaricdə təhsil almış daha 46 nəfərin diplomu tanınmayıb. Bu barədə Sozcu.az -a TKTA-dan məlumat verilib. Bildiirlib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 16 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 dövlət nümunəli olmayan diplom, 5 təhsilalma forması, 4 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq (kredit sayı), 3 akkreditə olunmamış ali təhsil müəssisəsi (təhsil dövrünün bir hissəsinə münasibətdə), 3 kollec diplomu ilə bakalavriat uyğunsuzluğu, 2 ekvivalenti olmayan ixtisas, 2 akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 əhəmiyyətli fərq (kredit sayı), 1 ixtisas uyğunsuzluğu, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür. Ölkələr üzrə Türkiyə Respublikasından 155, Rusiya Federasiyasından 152, Ukraynadan 144, Belarus Respublikasından 27, Birləşmiş Krallıqdan 27, Gürcüstandan 23, Polşa Respublikasından 9, Amerika Birləşmiş Ştatlarından 8, İtaliya Respublikasından 6, Almaniya Federativ Respublikasından 5, Çin Xalq Respublikası, İran İslam Respublikası, Macarıstan, Qazaxıstan və Qırğız respublikalarının hər birindən 4, İsveç Krallığı və Litva Respublikasından 3, Avstriya Respublikası, Belçika Krallığı, Əlcəzair Xalq Demokratik Respublikası, Fransa Respublikası, Norveç Krallığı, Səudiyyə Ərəbistan Krallığı, Yaponiya və Latviya respublikalarının hər birindən 2, həmçinin Estoniya, Hindistan, İndoneziya, İraq Respublikası, İsveçrə Konfederasiyası, Mozambik Respublikası, Niderland Krallığı, Nigeriya Federativ Respublikası, Portuqaliya Respublikası, Qambiya Respublikası, Rumıniya, Somali Federativ Respublikası, Şri-Lanka Demokratik Sosialist Respublikası, Sudan və Tacikistan respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 139, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 31, biznesin idarə edilməsi üzrə 28, menecment üzrə 26, tibb üzrə 26 müraciət qeydə alınıb.

İyulun son günü: 41 dərəcə isti!

Azərbaycanda iyulun 31-də havanı günəşli keçəcəyi, 41 dərəcə isti olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Paşinyan növbədənkənar seçkilərə GEDƏ BİLƏR

Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə gedə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, ötən ilin sonuna qədər hakim komandanın üzvü olan Ovik Ağazaryan hakimiyyətin yaxın çevrəsində gedən müzakirələrdən xəbərdardır, hələ də onların bəziləri ilə ünsiyyətini davam etdirir. “Ağazaryanın fikrincə, Ermənistanın xarici siyasətində elə inkişaflar var ki, növbədənkənar seçkilər Paşinyana xeyir edə bilər", - məqalədə bildirilir. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının keçmiş üzvü deyib ki, hazırda onun hakimiyyətini saxlamaq və planlarını həyata keçirmək üçün daha böyük fürsəti var: "Təkcə baş verən hadisələr deyil, hakimiyyətin növbədənkənar seçkilərə getmək maraqlarından irəli gələn başqa səbəblər də var”. Qeyd edək ki, erkən seçkilər olmasa, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək.

“Təbriz-Bakı-Təbriz” aviareysi bərpa olundu

“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub. Sozcu.az IRNA-ya istinadən xəbər verir ki, Təbrizin hava limanında bununla bağlı mərasim keçirilib. Tədbirdə Şərqi Azərbaycan əyalətinin qubernatoru və əyalətin rəhbər şəxsləri iştirak edib.

Bağça müdiri həbs olundu

Rüşvət almaqda ittiham olunan Ağdam rayonu Dördyol qəsəbə-2 uşaq bağçasının müdiri Kəmalə Quliyevaya hökm oxunub. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) maddəsi ilə təqsirləndirilən Kəmalə Quliyeva Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib. Hakim Dadaş İmanovun çıxardığı hökmə əsasən, Kəmalə Quliyevaya 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Kəmalə Quliyeva 2024-cü ildə başqa bir cinayət işinə görə Xətai Rayon Məhkəməsinin hökmü 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu cəza 11 ay 28 gün (1 günə 2 gün hesabı ilə) azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki cəza ilə qismən toplanılıb. Beləliklə, Kəmalə Quliyevaya qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay azadlıqdan məhrumetmə cəza təyin edilib. İş materiallarından məlum olur ki, Kəmalə Quliyeva Dilguşə İmanova adlı rəfiqəsi ondan həyat yoldaşını uşaq bağçasına işə götürməsini istəyib. Kəmalə Quliyeva isə onu ocaqçı vəzifəsinə düzəldə biləcəyini deyib. Bunun müqbailində isə Dilguşə İmanovadan 2300 manat pul alıb.

Bu imtahanların nəticələri açıqlandı

Musiqi sənəti istiqamətinə aid Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahanın nəticəsi elan olunub. Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda 1064 nəfər iştirak edib. “Harmoniya və solfecio”, “Musiqi nəzəriyyəsi və solfecio” fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunub. Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır. İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə balları burada təqdim olunub. İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 30 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Qeyd edək ki, 27 iyul 2025-ci il tarixində DİM ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə imtahan keçirib. İmtahanlar Bakı, Gəncə, Naxçıvan şəhərlərində təşkil edilib.

Həbsdə olan baş redaktorun cəzası azaldıldı

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsaəsn Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb. Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.